Məhkəmə qərarları › İş №2-1(103)-4741/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4741/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4741/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılması və iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şiərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Daha sonra həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bir sıra prosessual hərəkətlər dildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadından kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının məcburi icra edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli etiraz məktubunda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “onun əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ayların sayıla bölünərək ödən İməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı, 08 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək DSMF Bınəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üzrə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Mərkəzi Filial tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu zaman Mərkəzi Filial tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Bununla bağlı Mərkəzi Filialın "əmək pensiyasının yenidən hesablanması haqqında" 3-17- 1/3-3-277/2C24 saylı, 10.01,2024-cü il və 3-17-1/3-3-680/2024 saylı, xx.xx.2024-cu il tarixli qərarları və müvafiq sənədlər təqdim edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablandığı və məbləğinin artırıldığı bildirilmişdir. İddiaçı izahatında həqiqətən də cavabdeh tərəfindən ona 2016-cı ildə pensiyasının yenidən hesablanması ilə bağlı qəbul edilmiş qərarın ləğv olunması altsistemdən çıxarışda da öz əksini tapdığından bununla razılaşmış və tələbləri cavabdeh qurum tərəfindən təmin olunduğu üçün iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildimişdir. Sözügedən xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 411/2024 nömrəli qərarında əksini tapmış, sözügedən qərarla iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlardan aydın olur ki, tərəflər arasında mübahisə olmadığından (iddiaçı özü də bunu qəbul etmişdir) məhkəmə artıq iş üzrə icraata xitam vermişdir. Başqa sözlə, iddiaçının icrasını tələb etdiyi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-773/2023 nömrəli qərarı öz hüquqi qüvvəsini itirmiş, yəni İddiaçı hal-hazırda icrasını tələb etdiyi qərar artıq mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yenidən aparılmış hesablamaların düzgünlüyünə iddiaçıda əsaslandırılmış şübhələr yaranmışdır. Bakı Apellyasiya Məhkəməsində bildirilmişdir ki, əgər cavabdeh söz verdiyi öhdəliklərin yerinə yetirməkdən yayınarsa, ya da yenidən hesablanmış pensiyaya əlavənin və əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın məbləğinin hesablanması ilə bağlı narazılığı olsa, bu işə Bakı İnzibati Məhkəməsində yeni iddia əsasında baxılmalıdır. Yeni hesablamaların düzgün olub-olmamasını aydınlaşdırmaq üçün cavabdehin məhkəmədən sonra iddiaçıya heç bir imkan vermədiyinə görə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin tövsiyəsinə uyğun olaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və pensiyanın yenidən hesablanması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı 08 may 2023-cü il tarixli qərarının tam şəkildə icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin (hakim S.Salahova) 2- 1(112)-9937/2024 nömrəli, 02 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim P.Hüseynov) 2-1(103)-1763/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərardadında müəyyən etdi ki, “birinci instansiyası məhkəməsi iddiaçının hüquqi marağının nədən ibarət olmasını müəyyən etmədən və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etmədən, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində təmin edilməməlidir.” Lakin Bakı İnzibati Məhkəməsində (hakim B.Cəlalov) heç bir araşdırma aparılmadı və məhkəmə iclas zalında “sonraki prosessual hərəkətlər” formal aparılaraq, beş dəqiqəyə başa çatdı və 2-1(112)- 11720/2025 saylı 07 avqust 2025-cü il tarixli qərardadı ilə iddiası yenə də mümkün sayılmadı. Bu qərardadla bağlı iddiaçı tərəfindən artıq apellyasiya şikayəti verilib və 2- 1(103)-4033/2025 saylı iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim E.Əliyev) icraatındadır. Bakı İnzibati Məhkəməsi 2-1(112)-11720/2025 saylı 07 avqust 2025-cü il tarixli qərardadında "iddiaçıya izah edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün ayrıca iddia verməklə deyil, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(103)-411/2024 saylı qərardadına izah verilməsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsi və ya həmin qərardadın məcburi icra edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir". Bakı İnzibati Məhkəməsinin izahına uyğun olaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı məcburi icra edilməsi üçün həmin məhkəməyə xx.xx.2025-ci il tarixdə yazılı ərizə ilə müraciət etmişdir. Ərizəylə bağlı xx.xx.2023-ci il tarixdə keçirilmiş məhkəmə iclası (hakim S.Quliyev) açıq göstərdi ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11720/2025 saylı 07 avqust 2025-cü il tarixli qərardadında iddiaçıya verilən izahlar heç də iddiaçının hüquqi marağına deyilmiş və məqsəd iddiaçını səhv istiqamətə yönləndirməkdir. Məhkəmə iclasında iddiaçınin mövqeyi və sənədlərlə təsdiqlənən hər bir dəlil-sübutları qəti şəkildə rədd olunduğu halda, cavabdeh tərəfinin mövqeyi və ancaq söz olaraq hər bir sözü vacib sübutlar kimi qəbul olunurdu. Məhkəmə tərəfindən məhkəmə iştirakçılarına qarşı belə açıq-aşkar fərqli münasibəti məhkəmənin yekun qərarına da təsir etdi. Məhkəmə hesab etdi ki, cavabdeh iddiaçının bütün iddia tələblərini təmin edib, iddiaçının heç bir etirazı olmayıb və işə xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti verilmədiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın məcburi icra olunması ilə bağlı iddiaçının ərizəsi təmin olunmasın. Nəzərə alınmadı ki, Bakı Apellyasiya Məhkəməsində xx.xx.2024-ci il tarixdə bu işə o şərtlə xitam verilib ki, cavabdeh iddiaçının iddia tələblərini tam şəkildə təmin etsin. Əks təqdirdə bu işə yeni iddia əsasında Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Nəticədə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 saylı 08 may 2023-cü il tarixli qərarında nəzərdə tutulmuş “əvvəlki dövr üzrə üzrə (pensiya təyin olunan xx.xx.2014-cü il tarixdən) ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi icra olunmayıb və xx.xx.2014-cü il tarixə kimi əlavə işdən Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri ümumi (əsas və əlavə işinin) pensiya kapitalına daxil edilməyib və havada qalıb. Bu da öz növbəsində, ümumi pensiya kapitalının məbləği səhv hesablandığına görə pensiya təyin olunanda ilkin pensiya məbləği səhv hesablanıb və bu səhv sonrakı dövr üzrə pensiya məbləğlərinə də mənfi təsir edib. Buna görə də, ilkin (sıfırdan) pensiya məbləği müəyyənləşmədən, sonrakı yenidən aparılmış hesablamalar düzgün sayıla bilməz. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş qərarın icra olunmamasına görə tədbirlərin görülməsi barədə ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.3-cü maddəsinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Həmin Məcəllənin 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməsi üçün heç bir hüquqi əsasın mövcud olmaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-277/2024 saylı, xx.xx.2024-cü il və 3-17-1/3-3-680/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlar qəbul olunmuş, iddiaçıya xx.xx.2016-cı il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilmiş, bu barədə təqdim etdiyi Pensiya təyinatı alt Sistemində müvafiq qeyd də aparılmış, xx.xx.2020-ci il tarixdən (iddiaçının müraciətindən) iddiaçının pensiyasının yenidən hesablanaraq geriyə 3 il müddət üzrə verilməli olması barədə qərarlar qəbul olunmuşdur. Sözügedən qərarlar və müvafiq sənədlər iş materiallarına əlavə olunmuşdur. Cavabdehin nümayəndəsi isə artıq mübahisənin mövcud olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarlarla razılaşmış və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-411/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə mübahisənin aradan qalxması əsası ilə icraata xitam verilmişdir. Belə olan halda həmin iş üzrə birinci instansiya məhkəməsinin icrası tələb olunan qərarı mövcud deyildir. Həmçinin, həmin qərardaddan da İddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Beləliklə, göstərilənlərə əsasən sözügedən qərardad qanuni qüvvəsini aldığından hazırki ərizənin təmin edilməsi üçün zərurətin mövcud olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən verilmiş qərarın icra olunmamasına görə tədbirlərin görülməsi barədə ərizənin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-778/2023 nömrəli 23 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar