Məhkəmə qərarları › İş №2-1(103)-4743/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4743/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4743/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “təqaüdün ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7023/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2006-cı il təvəllüdlü X6 qulluğa görə təqaüdün 2024-cü ilin aprel ayından ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il təvəllüdlü övladı X8 anadangəlmə “spastik tetrapleqiya, spastik tetraparez, ağırlaşma r26.3 immobilik (hərəkətsizlik), əsas diaqnoz G80.0 kvadroplegiq spostik serebral iflic” xəstəliyindən əziyyət çəkdiyi üçün müddətsiz 1-ci dərəcəli əlildir. xx.xx.2024- cü il tarixində iddiaçının övladının 18 yaşı tamam olduğu üçün “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi dayandırılmışdır. X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2024-cü il tarixdən təqaüd ödənilməyə başalnılmışdır. Lakin həmin tarixədək 6 ay müddət üçün təqaüd ödənilməmişdir və iddiaçının bununla bağlı müraciətləri nəticəsiz qalmışdır.

3. Cavabdehin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, qanunvericiliyin təhlilindən və işin araşdırılmış hallarından göründüyü kimi şəxs üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müraciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Hazırkı işdə də, iddiaçının orqanizmin funksiyalarının pozulmasına görə əlilliyii müəyyən edilmiş şəxsə qəyyum təyin olunması Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə qərara alındığından əvvəlki dövr üzrə iddiaçıya təqaüdün ödənilməsi qanunvericiliyin tələbinə ziddir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7023/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki işdə X5 18 yaşı tamam olduqdan sonra onun vəziyyətində hər hansı dəyişiklik olmamış, o, əvvəllər olduğu kimi qulluğa ehtiyacı olan şəxs olmuşdur və həmin qulluq ona valideynləri tərəfindən göstərilmişdir. Hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X5 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun qəyyum təyin edilməsi barədə qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı Vəliyev X4 Sadiq Həbib oğlunun ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır.

6. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7023/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

12. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”:

1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.

14. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 1-ci dərəcəli əlilliyi müəyyən edilmiş və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2006-cı il təvəllüdlü X6 qulluğa görə təqaüdün 2024-cü ilin aprel ayından ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.

24. İşin faktiki hallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış sosial müavinət və təqaüd haqqında arayışa əsasən X5 anası X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə 100 manat məbləğində “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir.

25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3565/2024 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

26. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının “X5 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 410 №-li sərəncamı ilə İddiaçı övladı xx.xx.2006cı il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir.

27. Cavabdeh orqan müvafiq qaydaların 2.2.3-cü maddəsinə istinad edərək (Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətini əsas kimi nəzərə alaraq) X6 qulluğa görə prezident təqaüdünü xx.xx.2024-cü il tarixdən təyin etmişdir. Belə ki, cavabdeh orqan mövqeyini əsaslandırmaq üçün bildirir ki, İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 410 №-li Sərəncamı ilə xx.xx.2006-cı il təvəllüdlü X8 üzərində qəyyum təyin edilmişdir.

28. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019- cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır.

30. Müvafiq Qaydanın 2.2-ci maddəsində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin həqiqətən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir.

31. Hazırki iş üzrə mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasının 2.2.3-cü bəndi deyil, 2.2.1-ci bəndi tətbiq edilməlidir.

32. Hazırkı iddia tələbi üzrə müəyyən edilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X6 müddətsiz birinci dərəcə əlillik təyin edilmiş və ona qulluğa görə onun anasına “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. X5 18 yaşı tamam olduqda qeyd olunan təqaüdün ödənişi dayandırılmışdır. X2 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən və xx.xx.2024-cü il tarixdə qəyyumu olaraq atası İddiaçı təyin edildikdən sonra, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi İddiaçı prezident təqaüdü təyin edilmişdir.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki işdə X5 18 yaşı tamam olduqdan sonra onun vəziyyətində hər hansı dəyişiklik olmamış, o, əvvəllər olduğu kimi qulluğa ehtiyacı olan şəxs olmuşdur və həmin qulluq ona valideynləri tərəfindən göstərilmişdir. Hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X5 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Məhkəmə hesab edir ki, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun qəyyum təyin edilməsi barədə qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı Vəliyev X4 Sadiq Həbib oğlunun ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 qulluğa görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək olan müddət üçün təqaüdün ödənilməsindən cavabdehin imtinası əsassızdır.

34. Müvafiq qaydalarda nəzərdə tutulan prezident təqaüdü mahiyyətcə eyni vəziyyətdə olan (əlilliyi olan şəxsə qulluq edən) şəxslərə tətbiq edilir, təqaüdün formasını fərqləndirən tək meyar əlilliyi müəyyən edilmiş şəxsin yaşıdır (18 yaşına çatıb-çatmaması: 1)Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və ya 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər).

35. Həmçinin, Kollegiya qeyd edir ki, həmin Qayda “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir.

36. Qaydaların 2.2.3-cü bəndinə əsasən “məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti”nin təqdim edilməsi tələbi şəxsə təqaüdün məhz qəyyumluq və himayəçilik orqanının qərarının qəbul edildiyi tarixdən təyin edilməli olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, təqaüdü almaq hüququ məhz orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi nəzərdə tutulur.

37. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında da öz əksini tapmışdır.

38. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan övladı X6 qulluğa görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2024-cü il tarixdən hesablanmaqla ödənilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7023/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7023/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar