Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4744/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «ortofotonun və ekspert rəyinin təqdim edilməsi» tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «ortofotonun və ekspert rəyinin təqdim edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2- 1(112)-14931/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində yerləşən 67 və 66 saylı bağ sahələrinin ortofoto planlarını ekspertiza materialı kimi Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-1693/2025) təqdim etməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətlərin pozulması səbəbindən, cavabdehlərin Bakı Apellyasiya Məhkəməsi 2(103)- 1693/2025 saylı işin kağız daşıyıcısı üzərində olan variantını və həmin iş üzrə 15 aprel 2025-ci il tarixli qərardada əsasən hazırlanmalı olan ekspertiza rəyini dərhal məhkəməyə təhvil verməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyun 2025-ci il tarixində göstərilən cavabdehlərə (poçt izləmə trekləri: SS967090594AZ və SS967090603AZ) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivi 67 və 66 saylı bağ sahələrinin ortofotoplanlarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2019-cu il tarixli, №448 saylı Qərarı ilə təsdiq edilmiş qaydaya əsasən) ekspertiza materialları kimi Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-1693/2025) təqdim olunmasını xahiş etmişdir. Lakin müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq cavabsız buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsi 15 aprel 2025-ci il tarixli qərardadı ilə (İş № 2(103)-1693/2025) göstərilən bağ sahələri üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Ekspertiza predmeti əsasən 67 saylı bağ sahəsi olsa da, məhkəmənin qərardadı ilə 66 saylı bağ sahəsi də ekspertiza predmetinə daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsinin tələblərinə baxmayaraq, cavabdehlər məhkəmənin tapşırıqlarını yerinə yetirməmişlər. Belə ki, 2025-ci ilin aprel ayından yalnız 24 iyul 2025-ci il tarixində sahələrə vizual baxış keçirilmiş, lakin ekspertiza rəyi hazırlanmayaraq fəaliyyət dayandırılmışdır. Bundan əlavə, cavabdehlər məhkəmə işinin kağız daşıyıcısı üzərində olan variantını Bakı Apellyasiya Məhkəməsindən alaraq geri qaytarmamışlar. Bu səbəbdən məhkəmə prosessual fəaliyyəti davam etdirə bilmir. Oxşar hərəkətlər cavabdehlər tərəfindən daha əvvəl Xəzər Rayon Məhkəməsinin (İş № 2(003)- 113/2024) və Suraxanı Rayon Məhkəməsinin (İş № e-2(010)-187/2025) ekspertiza qərardadlarının icrasında da müşahidə olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-1(112)-14931/2025 nömrəli (sədrlik edən hakim T.R.Məlikov) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)- 14931/2025 saylı qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə geri göndərilməsi, alternativ olaraq, Apellyasiya Məhkəməsi iddianın mümkün sayılması və mahiyyəti üzrə araşdırılması barədə yeni qərar qəbul etməsi, ekspertizanın aparılmasında NK-nın 448 saylı qərarına uyğun Ortofotoplan məlumatlarından istifadə edilməsinin təmin olunması barədə məhkəmə tərəfindən göstəriş verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2 və 97.1-ci maddələrinə əsasən, işdə iştirak edən şəxs (o cümbdən iddiaçı) ekspertə suallar vermək, əlavə sübutlar və tədqiqatlar tələb etmək, ekspert rəyinin aydınlaşdırılması üçün vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizanın aparılması zamanı ona bu hüquqdan istifadə etmək imkanı yaradılmamış, həmçinin 24 iyun 2025-ci il tarixində keçirilən baxış zamanı o, ekspertizanın aparılmasından kənarlaşdırılmışdır. Bu hal məhkəmə prosesində bərabər hüquqluluq (silahların bərabərliyi) prinsipini pozur və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təmin olunmuş ədalətli məhkəmə araşdırması hüququnun məhdudlaşdırılması deməkdir. Məhkəmə bu pozuntunu nəzərə almadan, İddianı ‘"mümkün sayılmaması” ilə rədd etməklə prosessual araşdırmanı vaxtından əvvəl dayandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2019-cu il tarixli, 448 saylı Qərarı ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının Siyahısı və Təsnifatı" sənədinə əsasən, ortofotoplan dövlət və publik qurumların, o cümlədən məhkəmə ekspertizası orqanlarının torpaq, kadastr və mühəndis-texniki tədqiqatlarında istifadə etməli olduğu rəsmi məkan məlumatı hesab olunur. Bu qərar inzibati orqan olub-olmamasından asılı olmayaraq normativ inzibati akt xarakteri daşıyır və bütün dövlət və publik hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malikdir. Belə olan halda, Məhkəmə Ekspertizası Mərkəzi və Əmlak Məsələləri Dövlət Xidməti aparılan ekspertiza zamanı məhz NK-nın 448 saylı qərarına uyğun ortofotoplan məlumatlarından istifadə etməyə borcludur. Bu tələb yerinə yetirilmədiyi üçün ekspertiza qeyri-tam və etibarsız sayılmalıdır. Məhkəmənin bu prosessual və texniki pozuntuları araşdırmadan iddianı ‘‘mümkün sayılmaması” ilə rədd etməsi, məhkəmə araşdırmasının məqsədinə — hüquqların müdafiəsinə ziddir. Hazırkı iddianın məqsədi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1693/2025 saylı işində ekspertizanın aparılmasını təmin etmək və həmin iş üzrə məhkəmə fəaliyyətinin bərpasına şərait yaratmaqdır. Bu, birbaşa onun mülki hüquqlarının və ədalətli məhkəmə icraatı hüququnun müdafiəsi ilə bağlıdır. Odur ki, İnzibati Prosessual Məcəllənin 35.1-cİ maddəsinə əsasən, iddia mümkün hesab edilməli idi, çünki inzibati və ya publik orqanların hərəkətsizliyi onun hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-14931/2025 saylı qərardadının ləğv edilməsi, işin mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə geri göndərilməsi, alternativ olaraq, Apellyasiya Məhkəməsi iddianın mümkün sayılması və mahiyyəti üzrə araşdırılması barədə yeni qərar qəbul etməsi, ekspertizanın aparılmasında NK-nın 448 saylı qərarına uyğun ortofotoplan məlumatlarından istifadə edilməsinin təmin olunması barədə məhkəmə tərəfindən göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi səbəbləri barədə heç bir məlumat verməmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.1.1-2.1.8-ci sıra saylarında Ədliyyə Nazirliyinin tabe qurumları arasında Mərkəz nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, Mərkəzin nümayəndəsinin iştirakı olmadan işə məhkəmə tərəfindən baxılması xahiş olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. 101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir.https://e-qanun.az/framework/46945 101.2. Ekspertizanın aparılmasını bu Məcəllənin 101.1-ci maddəsində göstərilən müddətlərdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə məhkəməyə dərhal məlumat verilir. Bu halda tədqiqatların mürəkkəblik dərəcəsi nəzərə alınmaqla ekspertizanın aparılması müddəti məhkəmə ilə yazılı formada razılaşdırılır. 101.8. Bu Məcəllənin 101.1-ci və 101.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət etmədikdə məhkəmə ekspertizası idarəsi məhkəmə tərəfindən yüz manat məbləğində cərimə edilə bilər. 205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1693/2025 saylı mülki işində ekspertizanın aparılmasını təmin etmək və həmin iş üzrə məhkəmə fəaliyyətinin bərpasına şərait yaratmağa nail olmaqdan ibarətdir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2 və 97.1-ci maddələrinə əsasən, işdə iştirak edən şəxs (o cümbdən iddiaçı) ekspertə suallar vermək, əlavə sübutlar və tədqiqatlar tələb etmək, ekspert rəyinin aydınlaşdırılması üçün vəsatət qaldırmaq hüququna malikdir. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizanın aparılması zamanı ona bu hüquqdan istifadə etmək imkanı yaradılmamış, həmçinin 24 iyun 2025-ci il tarixində keçirilən baxış zamanı o, ekspertizanın aparılmasından kənarlaşdırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İddiaçının apellyasiya şikayətindən də aydın şəkildə görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1693/2025 saylı iş üzrə ekspertizanın qanuna uyğun şəkildə keçirilməsinə, müvafiq rəyin və həmin rəyin verilməsinə əsas olan sənədlərin məhkəməyə təqdim edilməsinə nail olmağa çalışır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı tərəf olduğu mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materialları xx.xx.2025-ci il tarixdə Mərkəzə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilməsi və Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin təqdim edilməsi barədə məhkəməyə vəsatət verilmişdir. xx.xx.2025-ci il tarixdə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq ölçmə işləri aparılmış, lakin mübahisəli evə daxil olmaq üçün şərait yaradılmadığından daxili baxış mümkün olmamışdır. Həmçinin, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyi təqdim edilməmişdir. Bu səbəblərdən ekspert qarşısında qoyulmuş suallara cavab verilməsi mümkün olmamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır. Bundan əlavə qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.1.1-2.1.8-ci sıra saylarında Ədliyyə Nazirliyinin tabe qurumları arasında Mərkəz nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən, Mərkəzin nümayəndəsinin iştirakı olmadan işə məhkəmə tərəfindən baxılması xahiş olunur. Qeyd olunamalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-polulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Nəzərə almaq lazımdır ki, ekspert rəyi ekspertiza tədqiqatını özündə əks etdirən sənəddir. Başqa sözlə, həmin ekpert rəyi prosessual qanunvericiliyə əsasn sübut növlərindən biri hesab olunur. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı hazırkı hüquqi marağına uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında vəsatət verməklə arzuladığı məqsədə çata bilər. Başqa sözlə desək, hazırkı tələb inzibati məhkəmə icraatının predmeti deyildir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-1(112)-14931/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, e-2-1(112)-14931/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-4744/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4744/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver