Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-475/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi ohdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi ohdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İQ-36/1 saylı 12 fevral 2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 13 noyabr 2020-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. 13 noyabr 2019-cu il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Vəsatət ***-**** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı qızı bir neçə il əvvəl evdən qaçaraq müsəlman oğlanla ailə həyatı qurduğundan, onun sonradan dinini dəyişərək islamı qəbul etdiyini, qızının ərini xristian dininə dəvət etdiyini və hər ikisinin xaç suyuna salındığını söyləmişdir. Bildirmişdir ki, kürəkəninin qohumları və digər müsəlmanlar bu barədə xəbər tutduqdan sonra qızının ailəsinə öz evində sığınacaq verdiyi üçün kürəkəninin qohumları tərəfindən təhdid edilmiş, buna görə də Pakistana qayıtmaq istəmir. 12 fevral 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidməti İQ-36/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (12 fevral 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin kürəkəni dinini dəyişdiyinə görə özünün də onun qohumları tərəfindən təqib edilməsi riskidir. Dövlət Miqrasiya Xidməti ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. Ərizəçinin xristian olması, kürəkəninin islam dinini xristian dininə dəyişdiyi üçün özünün və onun qohumları tərəfindən təqib edilməsi qiymətləndirilir. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Bundan əlavə AR Dövlət Miqrasiya Xidməti «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 45-ci maddələrinin pozuntusuna yol vermişdir. Belə ki, Xidmət ərizəçinin izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim edilmədiyi halda, izahatları mötəbərlik prezumsiyasına uyğun qiymətləndirməmişdir. Bununla da, həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol vermişdir. Bundan əlavə, ərizəçinin izahatları həmin Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməmiş və araşdırılmamışdır. Eləcə də, Dövlət Miqrasiya Xidməti ərizəçinin müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmişdir. Bununla da, sözügedən Qanunun 10 və 26-cı maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Həmçinin, Xidmət ərizəçiyə lazımi hüquqi məsləhətləri verməmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı yazılı akt olmasına baxmayaraq, həmin Qanunun 61-ci maddəsinə uyğun şəkildə əsaslandırılmamışdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və bildirmişdir ki, iddiaçı 12 fevral 2020ci il tarixli qərardan inzibati şikayət vermiş, onun şikayəti AR Dövlət Miqrasiya Xidmətinin 30 mart 2020-ci il tarixli 99 saylı qərarı ilə rədd edilmişdir. Ərizədə iddianın dəyişdirilərək “cavabdehin 12 fevral 2020-ci il tarixli İQ-36/1 saylı və 30 mart 2020-ci il tarixli 99 saylı qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qismən qəbul edilməsi, iddia tələbinin “cavabdehin 12 fevral 2020-ci il tarixli İQ-36/1 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçıya qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək qaçqın statusunun verilməsi” kimi göstərilməsi, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Pakistan Respublikasının vətəndaşı olan 29 aprel 1969-cu il tarixdə doğulmuş hazırkı İddiaçı qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (qızının müsəlman oğlanla ailə qurduğunu, bununla bağlı olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 12 fevral 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçının qərardan verdiyi inzibati şikayət də təmin olunmamışdır. İddiaçı hazırda cavabdehin imtina barədə 12 fevral 2020-ci il tarixli həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də İddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İddiaçı “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 12 fevral 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Pakistan İslam Respublikasının vətəndaşıdır. 13 noyabr 2019-cu ildə o, qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, dini inanca görə təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Cavabdehin imtinasının əsası isə ondan ibarətdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçının və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. “Qaçqın” statusu əldə etmək üçün müraciət etmiş şəxsin bu barədə vəsatətinin təmin oluna bilməsi üçün adıçəkilən Qanunun 1-ci maddəsində göstərilən və “Qaçqın” anlayışını xarakterizə edən tələblərə cavab verməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. İş materiallarında olan müsahibə, ərizə-anketdən aydın görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi kürəkəninin dinini dəyişməsi səbəbindən özünün də Pakistanda təhlükəyə məruz qaldığını bildirsə də, söylədiklərindən onun şəxsən hər hansı ciddi təhdid və təzyiqə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçının qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu halları təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu o deməkdir ki, İddiaçı ona “Qaçqın” statusunun verilməməsinin qanuna zidd olduğunu və ya qanunun tələblərinə cavab verməyən hərəkət (hərəkətsizlik) olduğunu məhkəmə qarşısında sübut etmək vəzifəsini daşıyır. Eyni zamanda, İPM-in 14.3-cü maddəsi tələb edir ki, iddiaçı hansı əsasların, faktiki şərtlərin ona “Qaçqın” statusu verilməsi barədə qərarın qəbulunun zəruri etdiyini göstərsin. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən və iddiaçıya qaçqın statusu verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş faktiki əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün yetərli olmadığını nəzərə alaraq, hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-475/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-475/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver