Məhkəmə qərarları › İş №2-1(103)-475/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-475/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-475/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli 331 saylı sərəncamına əsasən ona verilmiş Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq çıxarış, eləcə də plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM-in 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı Sərəncamına əsasən X2 razılığı nəzərə alınaraq, RİHB-nın 1474 A saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi üçün X7 ayrılmış Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Sözügedən sərəncamla birlikdə iddiçıya müvafiq torpaq sahəsinin cizgisi də verilmişdir. Göstərilən vaxtdan da həmin torpaq sahəsi iddiaçının və ailəsinin sahiblik və istifadəsindədir. Tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli, 331 saylı Sərəncamına əsasən ona verilmiş Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq çxarış və texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müraciətimə cavab verilməməsi, bununla da müraciətinin təmin edilməməsi təmamilə əsassızdır və bu onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021- ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Təqdim edilən Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 331 nömrəli sərəncamında istinad olunan xx.xx.1995-ci il tarixli, 1474A saylı sərəncam əsasında X2 adına torpağın mülkiyyətə verilməsinə dair JN-1137D nömrəli şəhadətnamə verilmişdir. Həmçinin, yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Sərəncamda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, iki torpaq sahəsi ümumi hasar daxilində olmaqla, ara sərhədləri yoxdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1471A saylı sərəncamı ilə ona, X9 və qeyrilərinə fərdi yaşayış evi tikmək üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyətinin 05 mart 1997-ci il tarixli 331 nömrəli sərəncamından da göründüyü kimi, həmin sərəncam Səbail rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1471A saylı sərəncamına dəyişiklik edilməsi, yəni X7 ayrılmış 600 kv.m torpaq sahəsinin İddiaçı adına ayrılması və sənədləşdirilməsi barədədir. Belə olan halda, məhkəmənin 05 mart 1997-ci il tarixli 331 nömrəli sərəncamın iddiaçıya torpaq sahəsinin ayrılması məzmununda olmaması barədə qeyd etdiyi fikirlər tamamilə əsassız və absurd olduğu aydın olur. Həmçinin, birinci instansiya məhkəməsinin “istinad olunan ilkin sərəncam əsasında 600 kv.m torpaq sahəsinə dair xx.xx.2003-cü il tarixdə yerləşmə cizgisi tərtib edilməsi, sərəncam və sərəncamın tərkib hissəsi olan cizgi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsi” barədə qeyd etdiyi dəlillər də iddia tələbinin təmin edilməsi üçün maneə olmamalıdır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004- cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verlmiş torpaq sahəsi ilə ona verilmiş yerləşmə cizgisindəki (hansıki bilavasitə onun faktiki sahiblik və istifadəmdədir) torpaq sahəsinin ayrı-ayrı torpaq sahələri olduğu, eləcə də tamamilə fərqli ünvanlarda yerləşdiyi müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi əsassız olaraq işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməyərək, mülkiyyət hüququnun pozulmasına səbəb olan olan qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Həmin maddənin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Birinci instansiya məhkəməsi sadalanan qanunvericilik normalarının tələblərinə istinad edərək, iddia tələbimi təmin etməli olduğu halda, bunu etməmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Hazırkı apelyasiya şikayətində toxunduğu pozuntular Bakı İnizbati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır…» Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1474 ”a” saylı sərəncamından görünür ki, Badamdar qəsəbəsində, 600 (altı yüz) kv.m olmaqla fərdi ev tikintisi üçün - X3, X4, X11, X8, X15, X5, X7 torpaq sahələri ayrılmışdır. Eyni zamanda, Filialın həmin məktubu ilə təqdim olunmuş Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.1997-ci il tarixli 331 nömrəli 331 saylı sərəncamından görünür ki, icra hakimiyyəti tərəfindən ikinci bir sərəncam verilmişdir ki, 1474 “a” saylı 18 may 1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün X7 ayrılmış torpaq sahəsi İddiaçı adına sənədləşdirilsin. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdehə qarşı iddia tələbində Səbail rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1997-ci il tarixli 331 saylı sərəncamına əsasən ona verilmiş Badamdar qəsəbəsinin 2-ci yaşayış massivindəki 168 nömrəli 600 kv.m sahədən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona müvafiq çıxarış, eləcə də plan və ölçünün verilməsini tələb etmişdir. Lakin iddiaçının sözügedən iddia tələbinin, iş materiallarına əsasən İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, «iddiaçı (nümayəndəsi) tərəfindən göstərilən faktiki torpaq sahəsi daş hasarla və tikilinin çöl divarı ilə sərhədlənib, daş hasarla daxildən bölünüb. Qonşu sahələr yol və dalan ilə əhatə olunub. Torpaq sahəsi iki ədəd 2 mərt. mansardlı, bir ədəd 1 mərt. yaşayış evi və köməkçi tikili vardır. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim olunmayıb. Torpaq sahəsi 1260 kv.mdir, faktiki göstərilən sahənin yerləşməsinə dair koordinatları üst-üstə düşmə halı və digər suallarla bağlı baxılması üçün akta əlavə olundu.». Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən təqdim olunmuş arxiv sənədləriə əsasən aşağıdakı faktlar müəyyən olunur: -Səbail rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli 1474a saylı sərəncamı əsasında Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisi xx.xx.2003-cü il tarixdə tərtib edilərək RİHB-nın təsərrüfat şöbəsinin müdiri, RİH-nin memarı, RİH-nin Badamdar qəsəbə nümayəndəsi tərəfindən imzlanaraq icra hakimiyyəti və qəsəbə nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş; -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7 Səbail rayon İcra Hakimiyyəti Başçısının 18 may 1995-ci il tarixli 1474a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi onun mülkiyyəti kimi qeydə alınmışdır. - xx.xx.2004-cü il tarixdə X1, X12 və X13 ilə alıcı X14 arasında notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, o cümlədən, satıcı (hazırkı iddiaçı) X13 qeyd edilən JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məxsus Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahələrini alıcı X6 mülkiyyətinə vermişdir. -İşə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışdan isə göürünür ki, alıcı X14 tərəfindən həmin torpaq sahəsi onun adına mülkiyyət hüququ ilə reyestrdə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, tədqiq olunan sənədlərdən göründüyü kimi, eləcə də birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, iddia edilən, Səbail Rayon İcra Hakimiyyətinin 18 may 1995-ci il tarixli 1474a nömrəli sərəncamı ilə ayrılan 0,06 ha ölçüdə torpaq sahəsi JN11375D nömrəli xx.xx.2004-cü il “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında mülkiyyət hüququ ilə X7 məxsus olmuş, daha sonra, 06 aprel 2004-cü il tarixdə notariat orqanında təsdiq edilmiş, 401/135 nömrəli (i.v.82) alqı-satqı müqaviləsi ilə digər vətəndaşın ( X6) adına reyestrdə qeydə alınmışdır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ərizəsi ilə bağlı, Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 331 nömrəli sərəncamına istinad olunan müraciəti ilə bağlı cavabında ona bildirmişdir ki, onun göstərdiyi torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında yerləşmə və konfiqurasiyasında ciddi uyğunsuzluq mövcuddur. Əslində, iddiaçı hazırkı apellyasiya şikayətində də etiraf edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN 11375D, KOD 00400016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən S.İsayevaya ayrılmış torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi fərqli ünvanlarda yerləşən ayrı-ayrı torpaq sahələridir. Halbuki, Səbail İHB-nın 05 mart 1997-ci il tarixli 331 saylı sərəncamı əsasında, əvvəlki 18 may 1995-ci il tarixli 1471A saylı sərəncamla S.İsayevaya ayrılan 0,6 topaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Lakin qeyd olunanlardan göründüyü kimi, həmin torpaq sahəsini ilkin sərəncam əsasındaca elə S.İsayevanın özü tərəfindən öz adına özəlləşdirilmişdir. Başqa sözlə, sonrakı sərəncamla hazırkı iddiaçıya ayrıca torpaq sahəsi ayrılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası konkret halda, Səbail İHB-nın 05 mart 1997ci il tarixli, 331 saylı sərəncamında nəzərdə tutulan obyektin (torpaq sahəsinin) 18 may 1995-ci il tarixli 1474a nömrəli ilkin sərəncamın ünvançısı S.İsayeva tərəfindən öz adına rəsmiləşdirilməsi ilə iddiaçının istinad etdiyi sonrakı sərəncamı obyektsiz qoymuşdur. Odur ki, onun adına qəbul edilmiş 05 mart 1997-ci il tarixli 331 saylı sərəncam iddiaçının qeyd etdiyi başqa yerdə yerləşən fərqli bir torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qeyd olunan sərəncamla ayrılan mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilməsindən imtina olunması əsaslıdır. Başqa sözlə, iddiaçı tərəfindən müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olması kimi qiymətləndirilməsi istisna olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, cavabdeh orqan qeydiyyatdan imtina etməklə, əslində qanunla üzərinə düşən öhdəliyinə uyğun hərəkət etmişdir. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarını pozması kimi qəbul oluna bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar