Məhkəmə qərarları › İş №2-1(103)-4755/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4755/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4755/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, X7 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “2-ci qrup əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Mərkəzi Xəstəxanasının forma 27-də göstərilən xəstəliklərinə görə İİ qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci ilə qədər 722(896) saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuş, İ Qarabağ müharibəsində iştirak edərək xx.xx.1992-ci il tarixdə yaralanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 569 №-li xx.xx.2016-ci il tarixində verilmiş forma 27-də göstərilən digər diaqnozlar ididaçıya təyin edilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının forma 27-də göstərilən digər diaqnozlar ona təyin edilmişdir. O, özünü həmin tarixdən narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müalicələr alsa da, sonra yenidən ağrıları başlamışdır. İddiaçı ona ikinci dərəcəli əlillik təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı əlillik dərəcəsi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatına dair ekspert rəyində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1540 saylı ekspert rəyində iddiaçıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)” müəyyən edilməsi bildirilmişdir. İddia tələbinin ikinci dərəcə əlilliyin təyin edilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, şəxsə konkret əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üçün onun sağlamlıq imkanlarının hansı faizdə pozulmasının müəyyən edilməsi zəruridir. Lakin, məhkəmənin istinad edə biləcəyi yeganə sübut olan ekspert rəyində iddiaçının sağlamlıq imkanlarının hansı dərəcədə pozulması, ümumiyyətlə iddiaçıdan aşkar edilmiş xəstəliyinin “Əlilliyin müəyyən edilməsi Meyarları”nda nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmaması öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya təyin edilməli olan əlillik dərəcəsi (sağlamlığın pozulma dərəcəsi) məhkəmə qərarı ilə müəyyən edilə bilməz Cavabdeh inzibati orqan iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdimetdiyi sənədlər və məhkəməpsixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07- Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Bakı 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasının 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və xx.xx.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırki iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “İnzibati İcraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın yoxlanılan hissədə mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixli yaralıların qeydiyyatı kitabında iddiaçının xx.xx.1992-ci il tarixdə yaralanması barədə məlumat aşkar edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, iddiaçıya qoyulan diaqnozda qeyd edilmişdir: “odlu silahla yaralanmadan sonra sağ qasıq sümüyünün yuxarı kənarı ilə strukturu qeyri-həmcinsdir, qalınlaşıb, sağ bud-çanaq oynağının yaxınlaşdırıcı kəskin kontrakturası, neyropatik ağrılar, əzələ atrofiyası, daimi ağrılar və funksiyanın pozulması, sol mil sümüyünün aşağı 1/3-nin bitişmiş sınığı, dirsək sümüyünün çıxıntısının bitişməmiş sınığı, əlin əzələ atrofiyası, daimi ağrı sindromu ilə” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan müəyyən edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, ona “Başbeynin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə (MMSE-24).Yüngül koqnitiv pozuntu” diaqnozu qoyulmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatr Komissiyasının 3709 nömrəli, xx.xx.2024-cü il tarixli rəyində iddiaçıya “Üzvi (İ Qrabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının 990 nömrəli, xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Tərtər Rayon Mərkəzi xəstəxanasında müyinə müalicə olunduğu yaralanma zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Sağ budun qəlpə yarası. Kontuziya hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - İddiaçı tərəfindən iddia ərizəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlar əlavə edilmişdir. - Bakı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli göndərişə əsasən həmin tarixdə iddiaçı müayinə edilmiş, “keçirilmiş qapalı kəllə beyin travması” diaqnozu qoyulmuş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən ona əlillik təyin edilməsindən imtina edilmişdir. - Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişə əsasən xx.xx.2023-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnozun öz təsdiqini tapmaması səbəbindən “diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul edilmişdir. - Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli göndərişə əsasən xx.xx.2024-cü il tarixdə iddiaçı müayinə edilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən “diaqnoz əlillik əlamətləri təyin etmir” barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-9559/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Diaqnoz: Baş-beyinin üzvi xəstəliyi (travma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə (MMSE- 24). Yüngül koqnitiv pozuntu” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi (psixiatrik) ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası” publik hüquqi şəxsi tərəfindən məhkəməyə 3316 nömrəli xx.xx.2025-ci il tarixli məktubu ilə xx.xx.2025-ci il tarixli 1540 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyinə əsasən iddiaçıda hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Qərardadda qoyulmuş digər suallar ekspert tərəfindən səlahiyyətlərinə aid olmaması əsası ilə cavablandırılmamışdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, ekspert rəyində diaqnozun İİ Qarabağ müharibəsi zamanı alınması qeyd edilsə də, iş materiallarından aydın olur ki, şəxs İ Qarabağ müharibəsində iştirak edərək xəsarət almış və bunun nəticəsində şəhadətələndirilmişdir. Sözügedən hal, yəni “İİ Qarabağ müharibəsi” ifadəsi texniki yalnışlıq kimi qəbul edilir. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrıayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. İnzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbində ona 2-ci dərəcə əlilliyin təyin edilməsini qoymuş və məhkəmə qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddianın təmin edilməyən, yəni əlilliyin dərəcəsinə aid hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Belə ki, hazırki işə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti həddində baxılır. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırki mübahisə üzrə mövcud tibbi sənədlər və ekspert rəyindən aydın olur ki, şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 kodu F07.0 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 30 faiz pozuntusu müəyyən edilməlidir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, məhz 2-ci dərəcə əlilliyin təyini hissəsində iddia rədd edilsə də, eyni zamanda həmin hissədə iddiaçının şikayəti olmasa da, qeyd edilən diaqnozla əlilliyin təyini üçün orqanizmin pozulma faizinin müəyyən edilməsi mütləqdir. İş materiallarına əlavə edilmiş tibb sənədlərindən, ekspert rəyinin motivləşdirici hissəsindən və eyni zamanda Forma 88 (tibbi göndərişin) status localis hissəsindən aydın olur ki, şəxsdə ən azı orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması halı mövcuddur. Belə ki, xx.xx.2024-cü il tarixli göndərişin status localis hissəsində göstərilmişdir ki, A.R-nın ərazi bütövlüyü uğrunda 1-ci Qarabağ müharibəsində “sağ budun qəlpə yarası. Kontuziya” xəsarətini almışdır. Şikayəti: Baş ağrısından, əsəbilikdən, huşsuzluqdan, hövsələsizlikdən, yuxunun və yaddaşın pozulmasındandır. Psixi satus: Bələdliyi saxlanılıb. Zahirən narahatdır, gərgin görünür. Deyilənləri anlamır. Ünsiyyətə həvəssiz qoşulur. Verilən suallara əsəbi, qısa, istəksiz cavablar verir. Yaddaş və qavraması geridir. Konfliktə, təkliyə meyillidir. Bir yerdə qərar tutmur. İntelekti aşağıdır. Əhval-ruhiyyə fonu dəyişkəndir. Emosional labildr. Maraqları məhduddur. Tənqidi münasibəti formaldır. Yaddaşı tam zəifləmişdir. Yuxusu səthidir. Tənqidi formaldır. Mütəmadi olaraq amitriptilin, fenozepam, haloperidol və sair dərmanlar qəbul edir. Həmçinin, xx.xx.2025-ci il tarixli 1540 saylı ekspert rəyinin motivləşdirici hissəsində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və halhazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə İ Qarabağ döyüşlərində iştirak etməsi, döyüş zonasında 1992-ci ildə Hadrut istiqamətində minamyot partlaması nəticəsində kontuziya alması, həmçinin aşağı ətraflarından qəlpə yarası almış, aldığı xəsarətlərlə əlaqədar əvvəl Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında, sonradan isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicədə olması, deməsinə görə son on ildə psixi vəziyyətində dəyişikliklər meydana gəlməsi, onda yaranmış əsəbiliyin, yaddaşda zəifləmənin və yuxu pozuntularının get-gedə artması baş verdiyi üçün və həmçinin son illər əl və ayaqlarında əsmə halları biruzə verdiyinə görə Bakı şəhəri 2 saylı X1 stasionar müalicələrdə olması, sonuncu dəfə “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunması və onda “Şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi il F07.0” diaqnozunun müəyyən edilməsi, təkrarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi il F07.0” diaqnozunun müəyyən edilməsi, hazırki müayinə zamanı son on ildə onda əsəbiliyin yaranması, yaddaşda zəifləmənin və yuxu pozuntularının getgedə artması, son illər əl və ayaqlarında əsmə halları biruzə verməsi, yoxlanılan şəxslə aparılan söhbət gedişatında hazırda ona təyin edilmiş müalicələri qəbul etməsi, lakin sağlamlığında nəzərə çarpan yaxşılaşmanın olmadığını bildirərək fiziki və psixi tükənməsi, tez-tez səbəbsiz həyəcanlanması, əsəbləşməsi, ətraflarında əsmələrin yaranması, həyata marağının enməsi, yaddaşının pozulduğunu ağlamsınaraq və zarıyaraq bildirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, onda əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə enməsinin biruzə verməsi və s. sübut edir. Qeyd edilənlərdən əlavə iddiaçının müxtəlif vaxtlarda müayinə sənədlərindən də aydın olur ki, onda olan xəstəlik Meyarların ən azı 7.6.2.1-ci bəndinə uyğun gəlir. Bununla belə, hər iki qiymətləndirmə halında, yəni Meyarların 7.6.2.1 və 7.6.2.2-ci bəndi üzrə əlilliyin təyinatı 2 il müddətinə həyata keçirilir. Həmçinin o da qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi). Cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, iddiaçı barəsində sonuncu göndəriş üzrə (xx.xx.2024-cü il tarixli) sonuncu imtina xx.xx.2024-cü il tarixdə imzalandığından, əlilliyin təyinat tarixi sonuncu imtina tarixi nəzərə alınmaqla həyata keçirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş və hazırda da qüvvədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 990 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən qeyd edir ki, şəxs sağ budun qəlpə yarası ilə yanaşı kontuziya da almışdır və şəxs bu diaqnozla “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir. Həmçinin həm ekspert rəyindən, həm də iş materiallarına əlavə edilmiş tibb sənədlərindən aydın görünür ki, şəxsdə hazırda mövcud olan diaqnoz İ Qarabağ müharibəsi zamanı alınmış travmanın nəticəsidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək iddiaçının hüquqi marağının nəyə yönəldiyi bir daha dəqiqləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsində ona Bakı 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60% pozulmasının 2 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Yekunda, hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olduğundan, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı “Bakı 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasının 2 il müddətinə təyin edilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6332/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı “Bakı 2 nömrəli X4 tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş tibbi göndəriş üzrə əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60% aralığında pozulmasının 2 il müddətinə təyin edilməsi ” sözləri əlavə edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar