Məhkəmə qərarları › İş №2-1(103)-476/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-476/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-476/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra sənədi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7013/2020 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərinin tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X3 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X3 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X3 kreditor borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X1 üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7013/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsi vasitəsilə verilən xx.xx.2020-ci il tarixli şikayət, ərizə, vəsatətlər və əlavə olunan sənədlərlə birlikdə mahiyyəti üzrə iddia ərizəsinin baxılması və qərardadın ləğv edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini, AR İM-nin 528.1-ci maddəsini nəzərə almağı (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) və Vidadi Mahmudovu 2500 manat cərimə etməyi, E.Q.Abbasovu (fiziki şəxs) 1000 manat cərimə etməyi və 1 ay müddətinə həbs etməyi, inzibati işdə Mülki Prosessual Məcəlləni tətbiq edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə E.Q.Abbasovdan pul vəsaitinin alınmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən poçt vasitəsilə E.Q.Abbasovun inzibati iş üzrə cəlb edilməsi, işin inzibati icraatında AR MPM tətbiqi və AR MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmənin xüsusi qərardadının qəbul edilməsi haqqında sənədləri, ərizə və vəsatətləri təqdim etmişdir, xeyli əmlak zərərinin vurulması ilə, İddiaçı1 sağlamlığına ağır zərərin vurulması ilə, Rusiya Federasiyası vətəndaşı V.İddiaçı2 imzalarının saxtalaşdırılması ilə, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla üç daşınmaz əmlak obyektləri üzrə dələduzluqla yeni hallar üzrə müvafiq sübutlar verilmişdi, burada cinayətin təşkilatçısı və əlbiri E.Q.Abbasov olmuşdur. Həmçinin, E.Q.Abbasovla məhkəmə icraçısı Vidadi Mahmudovun arasında bilavasitə əlaqə və sözləşmə göz qabağındadır, hansı ki, bu günə qədər heç bir hərəkət etmir və öz vəzifə borclarını yerinə yetirmir, E.Q.Abbasovla faktiki razılaşma yolu ilə məhkəmə tapşırığının yerinə yetirilməsindən qəsdən yayınır, qanunsuz olaraq həvalə edilən işi Nizami Rayon Məhkəməsinə göndərmək istəyir. E.Q cinayətkar niyyətləri faktları haqqında, o cümlədən törətdiyi cinayət haqqında prokuror X4 ərizə yazmışdır, hansı ki İddiaçı1 qarşı qəsdən törədilmiş cinayət tərkibini gizlədərək hərəkət etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019- 002 nömrəli, xx.xx.2019-ci il tarixli “X2 2000 (iki min) manat məbləğində pul vəsaiti və 291 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcu tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, X2 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi, X3 üzərinə Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi, 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd rəngli divan, 1 (bır) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (ədəd) boz rəngli “Supermax” markalı televizor, 1 (bir) ədəd boz rəngli “LG” markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması” barədə icra sənədi üzrə icraata başlanılmışdır. İşdən göründüyü kimi iddia tələbi – “Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 13846/2019-002 nömrəli, xx.xx.2019-ci il tarixli icra sənədi ilə əlaqədar icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi və borclu X3 inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatların müvafiq orqanlara göndərilməsi vəzifələrinin icra məmuru X1 üzərinə qoyulmasından ibarətdir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi «İcra haqqında» AR Qanununun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında ayrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2015-ci il tarixli və xx xxxxxxx 2017-ci il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7013/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar