Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-476/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinədair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 60 yaşının tamam olması nəzərə alınaraq həmin vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 fevral 2006-cı il tarixdən 18 iyul 2014-cü il tarixədək yeraltı, gecə vaxtlarında xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol fəhləsi peşəsində, 18 iyul 2014-cü il tarixdən isə hal hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Hər iki peşə üzrə iş saatları 23:30-dan saat 05:30-a kimi davam edir. Yalnız gecə vaxtlarında, xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə birlikdə cavabdehə müraciət etmiş, idarənin 7 oktyabr 2020-ci il tarixli, **********6 saylı cavabı ilə xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısına daxil edilmədiyinə istinad edərək buna hüququnun olmasına baxmayaq ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olması cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdən də artıq, 14 il 08 ay işləməsi haqqında "xxxx" QSC-nin 14 avqust 2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına baxmayaraq cavabdehin imtina etməsi qeyri qanunidir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olması cavabdehə təqdim edilmiş əmək kitabçası və "xxxx" QSC-nin 15 may 2020-ci il tarixli arayışı ilə tam təsdiq olunur. "xxxx" QSC-nin 14 avqust 2020-ci il tarixli arayışına əsasən 1 fevral 2006-cı il tarixdən 18 iyul 2014-cü il tarixinədək Cəmiyyətin Yol xidmətində yol fəhləsi (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində, 18 iyul 2014-cü il tarixdən Cəmiyyətin Yol xidmətində yol montyoru (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində-20% zərərli iş şəraiti, iş saat 23:30-dan 05:30-a kimi) peşəsində işləməsi, yol montyoru-yol fəhləsi hesab edildiyi və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 20%, gecə saatına görə 40% əlavənin ödənildiyi qeyd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci ildən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-735/2022 saylı 11 fevral 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1172/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2-1(103)-735/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" QSC-nin Yol Xidmətində xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, xx.xx.2014-cü il tarixindən bu günədək işlədiyi yol montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahısının “Metropolitenlər” bölməsində nəzərdə tutulmuş peşələr ilə üst-üstə düşmür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5 bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr:” nəzərdə tutulmaqla yanaşı, həmin “fəhlələr”ə məhz hansı peşə, iş və vəzifələri aid etdiyini dəqiq göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçının icra etdiyi işin, peşənin və ya vəzifənin həmin siyahıda göstərilən məhz hansı peşə, iş və ya vəzifəyə uyğun olduğunu müəyyən etməli idi. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. İşin hallarının araşdırılması prinsipinə uyğun olaraq, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2006-cı il tarixdən "xxxx"ndə yol fəhləsi (iş gecə tuneldə, xüsusi zərərli iş şəraitində), xx.xx.2014-cü il tarixdən həmin yerdə yol montyoru peşəsində işləmiş və hal-hazıradək işləyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metropolitenlər bölməsinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: -metropoliten müəssisələrinin briqadirləri; -drezinaların sürücüləri; -hidroqaldırıcıların maşinistləri; -zurnif aqreqatlarının maşinistləri; -daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; -geodeziyamarkşeyder işləri ilə məşğul olan mühəndislər; -dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətin nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); -bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); qabarittədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 20 noyabr 2006-cı il tarixli ******* nömrəli əmək kitabçanızda "xxxx" QSC-nin Yol xidmətində xx.xx.2006-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində yol fəhləsi, xx.xx.2014-cü il tarixindən bugünədək yol montyoru işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün əsas şərt iddiaçının 25 il sosial sığorta stajına malik olması, bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2020-ci il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 aprel 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 69227,14 manat təşkil etmişdir (1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23342,77 manat, 2006-cı ildən sonrakı dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 45884,37 manat olmaqla). Eyni zamanda, adıçəkilən şəxsin xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınan cəmi pensiya kapitalı 71268,23 manat təşkil etmişdir (1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22073,13 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 49195,07 manat olmaqla). İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: "xxxx" QSC-nin A/267 nömrəli xx.xx.2021-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı, ondan ötrü ki, o, həqiqətən, Bakı Metropoliteninin Yol xidmətində xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək yol fəhləsi peşəsində çalışmış (yalnız gecə, 20% xüsusi zərərli əmək şəraiti), xx.xx.2014-cü il tarixindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yol montyoru peşəsində (yalnız gecə, 20% xüsusi zərərli iş şəraiti) işləyir. İddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 15 il 08 ay 06 gün (on beş il səkkiz ay altı gün) (xx.xx.2021 -ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bölməsinin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr bəndinə aiddir. Qeyd: Yol montyoru yol fəhləsi hesab edilir. Gecə saatlarına görə yol fəhləsinin əmək haqqına 40% (qırx), xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% (iyirmi) əlavə ödəniş hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.” Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya "xxxx" QSC-nin 28 dekabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Yol xidmətinin işçisi İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək yol fəhləsi peşəsində çalışmışdır (Yalnız gecə işi (iş saatı 23:30-dan 05:30-dək), 20% xüsusi zərərli əmək şəraiti). xx.xx.2014-cü il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Yol xidmətində yol montyoru (yalnız gecə işi (iş saatı 23:30dan 05:30-dək), 20% zərərli iş şəraiti) peşəsində işləyir. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşə üzrə əmək stajı 16 il 10 ay 26 gün (xx.xx.2022-ci il tarixinə) təşkil edir və AR NK-nın 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir ki, bu da xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 23000000 XXVlll Nəqliyyat bölməsinin ********* 2.Metropolitenlər bəndinin 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr kodu altında göstərilmişdir. Qeyd hissəsində göstərilmişdir ki, yol montyoru-yol fəhləsi hesab edilir. Gecə saatlarına görə(30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30dan 05:30-dək) yol montyorunun əmək haqqına 40%, xüsusi zərərli iş şəraitində işlədiyinə görə 20% əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas məzuniyyətinə əlavə 6 təqvim günü verilir. Yol montyoru peşəsinin əsas vəzifə və funksiyası metropoitenin istismarında olan yollarda aparılan cari və əsaslı təmir işlərinin (epür(fiqur proyeksiyalarının düz səth üzərində çertyoju) üzrə şpalların və əksqaçıcıların yerləşdirilməsi, relslərdə dəyişiklərin açılması və relslərin kəsilməsi, şpalların təmir edilməsi) yerinə yetirilməsi, yolun üst quruluşu elementlərinin yülənməsi və boşaldılmasında ibarətdir. AR NK-nın 2007-ci il 23 yanvar 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlər bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraiti bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Odur ki, güzəştli şərtlərləəmək pensiyası hüququ qazanan, lakin sözügedn siyahıda peşə və ya vəzifələrinin adı qeyd olunmayan metropoliten əməkdaşları öz hüquqlarını sübut və bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar. Bu səbəbdən "xxxx" QSC Sədrinin müvafiq məktubu ilə Cəmiyyət üzrə AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sında əks olunması zəruri olan bütün peşə və vəzifələrin adları cədvəl formasında AR ƏƏSMN-ə təqdim edilmişdir. Bundan əlavə AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sına daxil edilməsi üçün peşə və vəzifələrin siyahısı, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəlləri də təqdim olunmuşdur. Lakin bu günədək heç bir nəticə əldə edilməmişdir. Qeyd edək ki, “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 21.Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bəndinin yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr sətrində yer alan cümlənin sonunda yazı səhvi vardır. Belə ki, cümlənin sonunda iki nöqtə durğu işarəsi olmamalıdır. Çünki sətrdə yazılanlar ondan aşağıdakı sətrlərdə yazılanları ümumiləşdirmir, əksinə məlumatın bitdiyini göstərir. Göründüyü kimi yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr sətrinin altında mütəxəssis adları da yer almışdır ki, bu da uyğunsuzluq təşkil edir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş məktuba əlavə olunmuş cədvəldə fəhlə və mütəxəssis kateqoriyalara aid olan peşə və vəzifələr müvafiq olaraq a və b yarımbəndlər altında göstərilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “21. Nəqliyyat” bölməsində “21.5. Metropolitenlər” yarımbölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan 60 yaşının tamamlandığı günə, yəni xx.xx.2020-ci il il tarixə güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2130/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-476/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-476/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver