Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-476/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, (üçüncü şəxs X2) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-8288/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına görə ona düşəsi kompensasiyanın, yəni 17800 manat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı dəfələrlə cavabdehə yaşadığı və qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiyanın verilməsini xahiş etsə də, cavabdeh ödəməkdən imtina edir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı, eyni zamanda həmin evdə yaşamadığı səbəbindən, beləliklə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən alınmanın təsirinə məruz qalan şəxs hesab edilmədiyi üçün həmin ünvan üzrə iddiaçıya kompensasiya vəsaiti ayrılmamışdır. Üçüncü şəxs həmin evdə daimi qeydiyyatada olmaqla uzun müddət ərzində yaşamışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas sahəsi 13,64 kv.m və köməkçi sahəsi 12,38 kv.metr müəyyən edilmişdir. MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 manatla birlikdə ümumi 40030 manat məbləğində qiymətləndirilmişdir. 40030 manat məbləğində kompensasiya üçüncü şəxsə ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-396/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1475/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1712/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1192/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qərardadı ilə X2 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-8288/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-8288/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işin hallarından müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 8 saylı yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməklə, özbaşına tikili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 533 saylı, 30 dekabr 2016-cı il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində yaşayış və qeyriyaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması qərara alınmışdır. Mübahisəli fərdi yaşayış evi ilə bağlı 8.07.2016-cı il tarixdə X1 (bundan sonra – üçüncü şəxs) Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, üçüncü şəxs daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2016-cı il tarixdə 61 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 256 olan Forma № 2 Arayışa əsasən, yaşayış evindən dövlət proqramı çərçivəsində köçürmə ilə əlaqədar aldığı 40030 manat məbləğində kompensasiyaya görə cavabdehin xeyrinə imtina etmişdir. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 61 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 61 nömrəli arayışına əsasən İddiaçı (bundan sonra – iddiaçı), X6, oğlu X10, bacısı X3, dayısının arvadı X2, dayısının oğlu X9, dayısının qızı X7 yaşadıqları ev söküntü zonasına düşdüyü üçün sökülmüş, qeydiyyatdan çıxarılmışlar. İddiaçı mübahisəli yaşayış evinin sökülməsinə görə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və Maliyyə Nazirliyinin rəhbər şəxslərinin nəzarəti ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Mübahisəli fərdi yaşayış evinin hüquq müəyyənedici sənədi olmamışdır, eyni zamanda dövlət ehtiyacları üçün satın alınması ilə bağlı üçüncü şəxs ilə İcra Hakimiyyəti arasında razılıq əldə olunmuş, yaşayış sahəsinin alınmasına dair notarial qaydada alğı-satqı müqaviləsi imzalanmış və müvafiq kompensasiya ödənilməklə köçürülmüşdür. Yaşayış sahələrinin satın alınması ilə bağlı notariat kontorunda alğı-satqı müqaviləsi imzalanarkən qanunvericiliyə uyğun olaraq həmin mənzildə qeydiyyatda olanların müəyyən edilməsi, razılığının alınması və sənədlərin toplanması notariat kontorlarının notariuslarının səlahiyyətlərinə aid olduğundan qeyd edilən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda həmin ünvan üzrə sizə kompensasiya vəsaitinin ayrılması nəzərdə tutulmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir”. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki MəcəlləSİnin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun: Maddə 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11- ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Maddə 7.5. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər. Maddə 7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Hazırkı işin mübahisələndirilməyən hallarına görə, mübahisəli fərdi yaşayış evi dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması ilə bağlı dövlət proqramı çərçivəsində sökülməsi qərara alınmış, fərdi yaşayış evi özbaşına tikili olduğundan alınmaya məruz qalmış şəxs kimi həmin evdə MKİS tərəfindən verilmiş arayışa əsasən həmin evdə qeydiyyatda olan və faktiki yaşayan üçüncü şəxslə müqavilə bağlanaraq sonuncuya kompensasiya ödənilmişdir. İddiaçı qeyd edilən arayışda onun da adının olmasına və həmin fərdi yaşayış evində yaşamasına istinad edərək cavabdeh tərəfindən onun payına düşən hissəyə uyğun olaraq 17800 manat kompensasiya ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən alınmanın təsirinə məruz qalan şəxs hesab edilmədiyi üçün həmin ünvan üzrə iddiaçıya kompensasiya vəsaiti ayrılmamışdır. Həmçinin üçüncü şəxsə evin dəyəri qiymətləndirici tərəfindən qiymətləndirilərək ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununda istifadə olunan torpaq sözü təkcə torpaq sahəsinə deyil, eyni zamanda tikililərə, yəni binlara, qurğulara, yaşayış və qeyri-yaşayış sahələrinə və bu kimi obyektlərə şamil edilir. Qanunun tələblərinə əsasən torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edilənədək mülkiyyətlərində olmuş daşınmaz əmlaklara görə mülkiyyətçilər kompensasiya almaq hüququna malikdilər Alınmaya məruz qalan şəxslər isə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən...şəxslərdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə Mülki Məcəllənin 180.2-ci maddəsinin tələbinə əsasən həmin evə dair mülkiyyət hüququndan söhbət gedə bilməz. Həmin normaya görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin “Əmlak və Əşya Hüququ” adlanan üçüncü bölməsində təsbit edilmiş, 135.2-ci maddəsinə görə, “əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur" kimi göstərilməklə, “əmlak” sözü faktiki olaraq “əmlak hüququ” kimi işlədilmişdir. Məcəllənin 135.9-cü maddəsində “Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir” kimi göstərilməklə bu dəfə “əmlak” sözü “əşya” ilə eyni mənada işlədilmişdir. Məcəllənin 1151.1-ci maddəsində isə, “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir” deyilməklə əmlak hüquqlarının və vəzifələrinin (öhdəliklərinin) məcmusu mənasında işlədilmişdir Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hansısa ünvanda qeydiyyatda olması təkcə həmin şəxsə əmlak hüququ vermir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin həlli məqsədilə iddiaçının mübahisəli evə dair hər hansı əmlak hüquqlarının olubolmaması, onun Qanunun 7-ci maddəsində göstərilən şəxslər siyahısında olması və həmin evdə yaşayaraq istifadə etməsi, alınmaya məruz qalan torpaq sahəsinin alınmnası nəticəsində yaşayış sahəsindən məhrum olması, itkilərə məruz qalması, başqa sözlə pulla qiymətləndirilə bilən, iqtisadi maraq kəsb edən itkilərə məruz qalması müəyyən edilməlidir ki, bu barədə sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan sənədlərdən isə iddiaçının həmin evdə yaşaması, təsərrüfat aparması müəyyən edilmir. İddiaçının həmin ünvanda qeydiyyatda olması, onun qeyd edilən itkilərə məruz qalması qənaətinə gəlmək üçün kifayət deyildir. Bu hal alınma proseduru həyata keçirilərkən, notariat orqanında alqı-satqı müqaviləsi bağlanarkən və kompensasiya məbləği ödənilərkən iddiaçınn həmin dövrdə üçüncü şəxs və ya cavabdehə hər hansı bir pretenziyasının olmaması ilə də təsdiq edilir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İcra Hakimiyyəti tərəfindən mübahisəli evin dövlət ehtiyacları üçün alınması həyata keçirilərkən cavabdeh orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının Qanunun qeyd edilən 7-ci maddəsində təsbit edilmiş alınmanın təsirinə məruz qalan şəxs kateqoriyasına daxil olan istifadə hüququ və ya digər əmlak hüquqlarının olub-olmamasının müəyyən edilməsi mülki mühakimə icraatında araşdırıla bilən məsələdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-8288/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(112)-8288/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-476/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-476/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver