Məhkəmə qərarları › İş №2-1(103)-4760/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4760/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4760/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, X7 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10471/2025 nömrəli, 01 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini “ona altmış yaşının tamam olduğu 10 noyabr 2023cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2003cü il tarixədək X6 (hazırkı”Holcim Azərbaycan” ASCdə) “X4” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. Nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı xx.xx.2025-ci il tarixli arayışa əsasən 20 il 11 ay 21 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən verilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2025- ci il tarixli arayışlarında onun “Qaradağ Sement” zavodunda xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixədək X4, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixədək isə həmin müəssisədə teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10471/2025 nömrəli, 01 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “Qaradağ Sement” zavodunda xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixədək X4, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixədək isə həmin müəssisədə teplovoz maşinisti vəzifələrində işləsə də, işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı mövcud deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın apellyasiya şikayətinin heç bir qanuni əsası yoxdur. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazın dəlillərini formal olaraq təkrarlayır. Qeyd edilmişdir ki, onunla eyni müəssisədə çalışan və eyni vaxtda iddia tələbi ilə çıxış etmiş həmkarım X2 işinə artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır (iş nömrəsi: 2- 1(103)-3899/2022, xx.xx.2025-ci il tarixli qərar). Odur ki, göstərilənlərin nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; ... 4.1.20. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 25 il sığorta stajına malik olması; - 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında mövcud olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunu ilə həmin maddə yeni redaksiyada verilərək pensiya kapitalı ilə bağlı tələb çıxarılmışdır.

İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır.

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 19 noyabr 1984-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildə X6 “qatar daxiledicisinin köməkçisi” vəzifəsində işləmiş, xx.xx.1985-ci ildə 3-cü dərəcəyə keçirilmiş, xx.xx.1985-ci ildə isə 4-cü dərəcəyə keçirilmişdir. İddiaçı X6 xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “X4” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. O, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir.

İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.

Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan: - “Holcim (Azərbaycan)” ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X6 (hazırkı "xxxx" ASC-də) “X4” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarına uyğun 2 saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: X4 – 23001000-16878 və Teplovoz Maşinisti – 23001000-14241. Güzəştli stajın müddəti 20 il 11 ay 21 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X10 20 aprel 2012-ci il tarixdən "xxxx" (Azərbaycan) ASC-yə çevrilmişdir. - Məhkəmənin sorğusuna əsasən “Holcim (Azərbaycan)” ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, teplovoz maşinisti və X4 vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edliməsini, vaqonların tərəzidə çəkilməsini, sonra həmin vaqonların yüklənməsi və boşaldılması üçün lazımi məntəqələrə verilməsini həyata keçirilməsindən və sairədən ibarətdir. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman həmin teplovoz maşinisti, həm də X4 peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, teplovoz maşinisti və X4 peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqlarına 8 % miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0,5 L süd məhsulu verilir. Cavabdeh inzibati orqan iddiaçının teplovoz maşinisti vəzifəsində işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı apellyasiya şikayətində gətirdiyi dəlil ondan ibarətdir ki, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2025- ci il tarixli arayışlarında onun “Qaradağ Sement” zavodunda xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixədək X4, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixədək isə həmin müəssisədə teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Holcim (Azərbaycan)” ASC (keçmiş X10) tərəfindən verilmiş birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubunda teplovoz maşinisti və X4nin vəzifə üzrə işin xüsusiyyətinin teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edliməsini, vaqonların tərəzidə çəkilməsini, sonra həmin vaqonların yüklənməsi və boşaldılması üçün lazımi məntəqələrə verilməsini həyata keçirilməsindən və sairədən ibarət olduğu qeyd edilmişdir. Göründüyü kimi “Holcim (Azərbaycan)” ASC-nin (keçmiş X10) fəaliyyət istiqaməti tikinti materialları istehsalı olsa da, iddiaçının icra etdiyi işin vəzifə funksiyaları və təlimatlarına əsasən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 21.4 bəndində “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” cədvəlinə “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələrindən fərqlənmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)-578/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli (***) qərarında oxşar hüquqi mövqe sərgiləyərək qeyd etmişdir ki: “...dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.

35. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.

36. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.

37. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.

38. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində güzəştli pensiya hüququ tanınmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işəgötürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi müəssisə və peşə barədə ətraflı izah verilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışa əsasən X6 (hazırki Holcim Azərbaycan ASC-də) işlədiyi teplovoz maşinisti, X4 vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21-ci Bölmə. Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinə uyğundur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə (20 il 11 ay 21 gün) işləməsi ИТ-İ № ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - hazırki Holcim Azərbaycan ASC-nin arayışı ilə təsdiqlənir. Həmçinin məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etdiyi həmkarının - X3 oxşar işinə münasibətdə nəzərə çatdırır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-4146/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti vahid məhkəmə təcrübəsi olduğu üçün qeyri-mümkün sayılmışdır. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2023-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10471/2025 nömrəli, 01 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar