Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4762/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona münasibətdə müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 iyun 1992-ci il tarixdə hərbi xidməti dövründə döyüş tapşırığının icrası zamanı yaralanmış və ona 1998-ci il tarixdə İİ dərəcəli müddətli əlillik təyin edilmişdir. xx.xx.2007-ci il tarixdən cavabdehin qərarı ilə ona müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixə qədər müddətsiz əlillik qərarı cavabdeh tərəfindən ləğv edilmişdir. Ləğv barədə qərar və onun səbəbi barədə hər hansı arayış bu günə qədər ona təqdim edilməmişdir. Cavabdehin əlilliyin dayandırılmasına yönəlmiş hərəkətləri qanunsuz və əsassızdır. 1992-ci il tarixdən həmin xəstəlikdən (sağ saidin orta 1\3-ni dəlib keçən güllə yarası, sol sağrı nahiyəsinin dəlib keçən güllə yarası”) əziyyət çəkir. Zaman keçdikcə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün olmamışdır. 9 il (1998-2007) ərizində ona müddətli əlillik təyin edilib, sonradan müddətsizə keçirilib. 16 il müddətsiz əlilliyi davam edib. “Əgər mənim səhhətimdə olan problem sağalan idisə o zaman necə ola bilər ki, əlillik müddətlidən müddətsizə keçmişdir.” Ona əlilliyin müddəti müddətsiz olaraq müəyyən olunsa da, cavabdeh öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə onu əyani müayinəyə çağırmış və bu dəfə onun əlilliyin təyin edilməsindən imtina olunmuşdur
3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. (TSEK arayışı 398273) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 128 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-nin dəlib keçən güllə yarası, sol sarğı nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 1992-ci ildə yaralandığını bildirmiş, sağ yuxarı ətrafında ağrı olmasından, bəzən damarlarının tutularaq əlində hərəkət məhdudluğu yaratmasından, ürəyinə stent qoyulmasından şikayət etmişdir. Anamnezində başından yaralanması olduğunu, 1997-ci ildə Rusiyada cərrahi əməliyyat keçirdiyini söyləmiş, lakin bu haqda heç bir sənəd təqdim etməmişdir. Baxış zamanı sağ saidin yuxarı 1/3-də, sol sağrıda çapıqlar izlənilmiş, sağ təpə nahiyəsində təxminən 8-9 sm ölçüdə aypara formalı əməliyyat çapığı (trepanasiya) izlənilmiş, ətraflarında hərəkətləri sərbəst olmuşdur. Hərbi qərarda qeyd edilmiş travmanın qalıq əlamətləri hazırda əlillik təyinatına əsas verməmişdir. Başın təpə nahiyəsində aparılmış əməliyyata dair heç bir sənəd təqdim edilmədiyindən şikayətlərinə uyğun olaraq tibb müəssisəsi tərəfindən yeni göndərişin rəsmiləşdirməsi tövsiyyə olunmuşdur. Nəticədə xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının “İddiaçı tam reabilitasiya olması” barədə xx.xx.2024-cü il tarixli qərarı ona aid hissədə ləğv edilməklə, əlilliyin dayandırıldığı xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir.
IV. Tərəflərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
V. Tədqiq olunan sənədlər:
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 128 №-li, qərarından müəyyən olunur ki, iddiaçı – İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 24 iyun 1992-ci il tarixdə döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı yaralanmaya nə səbəbə ki, 24 iyun 1992-ci ildən xx.xx.1992-ci ilə kimi “sağ saidin üçdə birinin dəyib keçən güllə yarası, sol sağrı nahiyyəsinin dəyib keçən güllə yarası” diaqnozu ilə Bakı şəhəri Elmi tədqiqat Ortopediya və Travmatologiya İnstitutunda müayinə və müalicə olunmuşdur. Bakı şəhəri X3 və Ortopediya İnstitutunun verdiyi xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, “Hərbi travmadır.” Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 71 nömrəli protokol. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi Nizami rayon Zona Tibbi- Sosial Ekspert Komissiyasının SER TSE-01 № 398273 “Təkrari müayinədən keçən əlillər üçün” arayışından müəyyən olunur ki, 1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2007-ci il tarixdən İİ dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Əsas: xx.xx.2007-ci il tarixli, 1986 №-li müayinə aktı. - xx.xx.2007-ci il tarixli xxxxxxx0001 №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sağ saidin orta 1/3-nin dəlib keçən güllə yarası, sol sağrı nahiyəsinin dəlib keçən güllə yarası.; Təyinat tarixi: xx.xx.2007; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ saidin orta 1/3- nin dəlib keçən güllə yarası, sol sağrı nahiyəsinin dəlib keçən güllə yarası.; Müddət: Müddətsiz; Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Əmək zəmanəti: Əmək qabiliyyətsizdir - xx.xx.2023-cü il tarixli xxxxxxx0002 №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu ...; Diaqnozun mətni: Sağ saidin orta 1/3-nin dəlib keçən güllə yarası, sol sağrı nahiyəsinin dəlib keçən güllə yarası.; Meyar: İmtina edilir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. - Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 144/2024 №-li Qərarında göstərilmişdir ki; Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixində aşağıda adları göstərilən 9 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. “...
8. Bakı şəhər sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixində Tibbi- Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. (TSEK arayışı 398273) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 128 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-nin dəlib keçən güllə yarası, sol sarğı nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 1992-ci ildə yaralandığını bildirmiş, sağ yuxarı ətrafında ağrı olmasından, bəzən damarlarının tutularaq əlində hərəkət məhdudluğu yaratmasından, ürəyinə stent qoyulmasından şikayət etmişdir. Anamnezində başından yaralanması olduğunu, 1997-ci ildə Rusiyada cərrahi əməliyyat keçirdiyini söyləmiş, lakin bu haqda heç bir sənəd təqdim etməmişdir. Baxış zamanı sağ saidin yuxarı 1/3-də, sol sağrıda çapıqlar izlənilmiş, sağ təpə nahiyəsində təxminən 8-9 sm ölçüdə aypara formalı əməliyyat çapığı (trepanasiya?) izlənilmiş, ətraflarında hərəkətləri sərbəst olmuşdur. Hərbi qərarda qeyd edilmiş travmanın qalıq əlamətləri hazırda əlillik təyinatına əsas verməmişdir. Başın təpə nahiyəsində aparılmış əməliyyata dair heç bir sənəd təqdim edilmədiyindən şikayətlərinə uyğun olaraq tibb müəssisəsi tərəfindən yeni göndərişin rəsmiləşdirməsi tövsiyyə olunmuşdur. Nəticədə xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya İddiaçı - xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının X5 daxil edilməsi və xx.xx.2023-cü il tarixindən Tam reabilitasiya olunması barədə qərar qəbul edilməsini qərara almışdır.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 200635/2025 №-li cavab məktbunda göstərilmişdir ki, İddiaçı 1 iyun 2016-cı il tarixindən əlilliyə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin tam reabilitasiya olması ilə əlaqədar pensiya ödənişi 1 fevral 2024-cü il tarixindən dayandırılmışdır.
Əsaslandırıcı hissə
VI.Tətbiq olunan hüquq
8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
9. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə” ... Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
VII. Məhkəmənin mövqeyi
12. Hazırkı işin hallarından müəyyən olunur ki, əlillik vəziyyəti xx.xx.2007-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.
14. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
15. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyinin səbəbini, dərəcəsini və müddətini TSEK və həmin normalarda nəzərdə tutulan müəyyən hallarda isə TSEK-in funksiyalarını həyata keçirən Agentlik müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblər üzərindən əlillik müəyyən edilir. İstinad olunan normalara əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
16. Əlavə olaraq məhkəmə müddətsiz əllilik təyinatı ilə bağlı qərarın mahiyyətinə münasibətdə qeyd edir ki, müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur.
17. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
19. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
20. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır.
22. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılmasına zərurət olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, məzmununa etimad göstərdiyi əlillik ilə bağlı inzibati aktı ləğv etmədən, onun tam reabilitasiya olması barədə qərar qəbul etmişdir. Cavabdeh nə məhkəmə sorğusuna cavab kimi təqdim etdiyi sənədlərdə, nə də ki məhkəmə icraatı zamanı əlilliyin ləğv edilməsi barədə qərarı təqdim etməmişdir ki, bu da qərarın mövcud olmadığına dəlalət edir.
23. Məhkəmə xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, iddiaçı tam reabilitasiya olunsa belə, həmin hal qanuni əsaslarla müddətsiz təyin edilmiş, iddiaçının etimad hüququnu qorunması da nəzərə alınmaqla əlilliyin ləğvinə əsas yaratmır. Bu səbəbdən də iş üzrə əlavə araşdırmanın aparılması, tibbi ekspertizanın təyininə zərurət müəyyən edilməmişdir.
24. Bunun davamı kimi də məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki həmin inzibati akt prosessual baxımından qanunsuzdur, onun legitimləşdirilməsi baxımından əyani müayinənin keçirilməsi, məhkəmə tibbi-ekspertizasının təyini və s yolverilməzdir. Belə ki, məhkəmə icraatı inzibati orqanın prosessual tələblərlə aparılmalı olan inzibati icraatın qanuniləşdirilməsinə xidmət etmir. Bu səbəbdən də inzibati orqan iddiaçının əlilliyinin dayandırılmasına əsas olan konkret halları apardığı öz inzibati icraatında əks etdirməli, əyani müayinəni həyata keçirilməlidir ki, məhkəmə həmin inzibati icraatın düzgünlüyünə qiymət verə bilsin. Lakin, indiki halda məhkəmənin cavabdehin cəlb etməli olduğu iddiaçının iştirakını təmin etməsi, əyani müayinəsini aparması hüquqi baxımından inzibati icraatın məhkəmə tərəfindən aparılması və yaxud da aparılmamış inzibati icraatdakı çatışmazlıqların doldurulmasına xidmət etmiş olacaqdır ki, prosessual normalara riayət edilməsi zərurəti də məhz həmin halların baş verməməsi baxımından əhəmiyyət daşıyır.
25. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tam reabilitasiya olma ilə bağlı inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır.
26. Məhkəmə kollegiyası bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
27. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır.
28. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
29. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
30. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
31. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
32. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, əlillik təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əlilliyin düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin əlillik təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
34. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
35. Beləliklə, əlilliyin təyin ediliyi və ehtimal olunan yanlışlığın (hansı ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır) edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən buna səbəb olan hal elə həmin vaxt təyinat aparan orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi və ya ləğv etməsi qanuni sayıla bilməz.
36. Əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlı isə Məhkəmə bildirir ki, iddiaçıya təyin olunmuş əlillik onun barəsində “tam reabilitasiya olunma” barədə qərar qəbul edilməklə dayandırıldığından, həmin qərar ləğv edilməklə, sonuncuya təyin olunmuş əlillik məhz həmin tarixdən, yəni xx.xx.2023-cü il tarixdən bərpa olunmalıdır.
37. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.