Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-477/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin və faizlərin qaytarılması ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6481/2022 saylı, 31 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödəmənin qaytarılması və artıq ödəmənin qaytarılacaq günədək gecikdirilmiş hər günə görə 0.1 faiz məbləğində faizlərin hesablanaraq ödənilməsi ilə bağlı müvafiq rəyin maliyyə orqanlarına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Daha sonra müəyyən səbəblərdən fəaliyyət göstərdiyi iaşə obyektini bağlamağa və sahibkarlıq fəaliyyətini dayandırmağa məcbur olmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində iddiaçı nümunəvi vergi ödəyicisi kimi seçilmiş və dövlət büdcəsinə yaranmış vergi öhdəliklərini vaxtı-vaxtında icra etmişdir. İddiaçı sahibkarlıq fəaliyyətini dayandırdıqdan sonra onun şəxsi hesab vərəqəsində 20.032,93 manat məbləğində artıq ödənilmiş vergilər mövcud idi. Qeyd olunan artıq ödənilmiş vergilərin yaranmasına səbəb isə iddiaçı tərəfindən real vergi öhdəliklərindən artıq məbləğdə ödənişlərin həyata keçirilməsi olmuşdur. Belə ki, 23 sentyabr 2021-ci il tarixə iddiaçının şəxsi hesab vərəqəsində 20.032,93 manat artıq ödənilmiş vergilər mövcud idi və iddiaçı da məhz həmin artıq ödənilmiş vergilərin həmin tarixə 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödənilmiş vergilərin qaytarılması məqsədilə «artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə» ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 sentyabr 2021-ci il tarixli məktubla formal mülahizələrə istinad edilərək əsassız və qanunsuz olaraq müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda cavabdeh xx.xx.2015-ci tarixdə vergi orqanına vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə ilə müraciət edildiyini, lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə uyğun olarag ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi qeyd olunmuşdur. Lakin partnyorluq sazişinin bağlanmasının hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbinə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin sazişin 1.2-ci bəndinə görə saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Qeyd olunan sazişin 1.3-cü bəndində sazişin sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək, müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək, vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq, vergi risklərini minimallaşdırmaq kimi məqsədləri göstərilmişdir. Sazişin qeyd olunan məqsədlərindən də göründüyü kimi, sözügedən sazişin məqsədi vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı əməkdaşlıq, etibarlılıq və şəffaflıq prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına və vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etməsinə yönəlmişdir ki, məhz bu səbəbdən də iddiaçı fəaliyyət göstərdiyi dövr ərzində dövriyyəsinə uyğun olaraq vergi orqanına bəyannamələr versə də, dövlət büdcəsinə bəyan etdiyi vergilərdən artıq miqdarda vergilər ödəmişdir. Partnyorluq sazişin məqsədinə uyğun olaraq iddiaçı büdcə proqnozlarının yerinə yetirilməsi üçün dövlət büdcəsinə dövriyyəsinə uyğun olaraq ödəməli olduğu vergilərdən artıq məbləğdə vergilər ödəmişdir. Bu səbəbdən də iddiaçının hazırda dövlət büdcəsinə artıq ödəməsi yaranmışdır ki, həmin artıq ödəmənin də geri tələb edilməsi vergi qanunvericiliyi ilə ona verilən hüquqdur. Eyni zamanda vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmiş, lakın buna baxmayaraq, iddiaçının aylıq dövriyyəsi hər ay fərqli olsa da, o, özü həmişə vergi dövriyyəsinə uyğun deyil, ondan artıq məbləğdə vergilər ödəmişdir. Digər tərəfdən sözügedən sazişin heç bir bəndində vergi orqanına təqdim edilən bəyannamələrdə aylıq dövriyyə göstəricilərinin ödənilən vergi məbləğlərinə uyğun olaraq göstərilməsi qeyd edilməmişdir ki, bu hal da bir daha vergi orqanının imtina məktubunda bununla bağlı gətirdiyi dəlilinin əsassız olduğuna dəlalət edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür. Sazişin qeyd olunan tələbinə baxmayaraq, vergi orqanı tərəfindən bu günədək iddiaçıya sazişin tələblərinin yerinə yetirilməməsi səbəbindən həmin sazişə xitam vermək niyyətinin olması barədə müraciət edilməmiş və həmin saziş bu günədək qüvvədədir. Beləliklə, vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarını vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsini tövsiyə etmiş, bununla da formal mülahizələrə istinad edərək əsassız və qanunsuz olaraq iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Halbuki, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İddiaçının şəxsi hesab vərəqəsi üzrə artıq ödəməsi digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə iddiaçının borcları olmadığı üçün həmin borcların ödənilməsinə və razılığı olmadığı üçün gələcəkdə yarana biləcək vergi öhdəliklərinə yönəldilə bilməz, məhz bu səbəbdən də iddiaçı ərizə ilə müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixdən 45 gün ərzində qaytarılmalı idi. Artıq ödəmənin qaytarılması üçün nəzərdə tutulmuş 45 günlük müddətin sonuncu günü 8 noyabr 2021-ci il tarixə təsadüf edir ki, həmin gündən sonrakı hər ötürülmüş günə görə qaytarılması tələb edilən 7.805,10 manat artıq ödəmənin 0.1 faizi miqdarında faiz hesablanaraq iddiaçıya ödənilməlidir. Gecikdirilmiş günlərə görə faizlərin ödənilməsi vergi qanunvericiliyinin imperativ tələbi olduğu üçün bundan əvvəl hətta Vergilər Nazirliyin Apellyasiya Şurası belə vergi ödəyicisinin şikayətini təmin edərək qaytarılmış artıq ödəmədən başqa gecikdirilmiş günlərə görə əlavə olaraq faiz məbləğlərini də ödəmişdir. Həmçinin vergi orqanı 30 dekabr 2021-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsi üzrə ümumilikdə mövcud olan 20.032,93 manat vergilərin 14.629,58 manat hissəsini 5 illik tələbetmə müddəti keçmiş artıq ödəmələrə aid edərək şəxsi hesab vərəqəsindən silmişdir. Halbuki iddiaçı müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixə ümumilikdə 20.032,93 manat vergilərdən 7.805,10 manat vergilərin 5 illik tələbetmə müddəti keçmədiyi üçün ərizədə həmin məbləğdə artıq ödəmənin qaytarılmasını tələb etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, tərəflərindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində 14.629,58 manat məbləğində tələb etmə müddəti bitmiş artıq ödəmə müəyyən edildiyi və həmin məbləğin şəxsi hesab vərəqəsinin “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi” hissəsinə keçirildiyi bildirilmişdir. Həmçinin həmin məktubla iddiaçıya xx.xx.2018-ci ildə fəaliyyətini dayandırdığına baxmayaraq, baza məlumatlarına əsasən 2019-cu ildə 2.296,80 manat (ƏDV daxil) dəyərində müxtəlif içki və tütün məhsullarını aldığı, lakin bununla bağlı müvafiq hesabatları təqdim etmədiyi bildirilmişdir. Odur ki, qeyd olunanalarla əlaqədar olaraq iddiaçıdan müvafiq hesabat dövrü üçün müvafiq bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr, ətraflı izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün iddiaçının zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd olunan sənədlər cavabdehə təqdim edilməmişdir. Bu kimi hallar iddiaçının fəaliyyətində risklərin olduğu ehtimalını yaradır. Eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının bu tarixə şəxsi hesab vərəqəsində 5.403,35 manat artıq ödəmə məbləğinin mövcud olduğunu və həmin məbləğin qaytarılması ilə bağlı müvafiq ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunmuş, lakin iddiaçı tərəfindən vergi orqanına tələb olunan formada tərtib edilmiş müraciət daxil olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6481/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı (hakim: P.Hüseynov) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı tərəfindən Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə qeyd edilən vəzifənin icra edilməməsi səbəbindən, müraciətinin araşdırılması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilən ərizə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hala uyğun olmadığı - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə qeyd edilən məlumatlar düzgün doldurulmadığı üçün vergi ödəyicisinə məlumat verilmiş və yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. İddiaçının hərəkətsizliyi səbəbindən vergi orqanı qanunvericiliklə müəyyən edilmiş hərəkətləri edə bilməmişdir. Yəni iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə cavabdeh orqana müraciət edilmədiyindən həmin ərizəyə dair nə rəy verilməsi, nə də rəy verilməsindən imtina edilməsi mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən cavabdehin vəsatətinə münasibət bildirilməmiş və qərarda iddianın mümkün hesab edilməsi əsasları qeyd edilməmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması şəxsi hesab vərəqəsində qeyd edilənlərə müvafiq olaraq yox, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Lakin, iddiaçı Qaydaların tələblərinə uyğun olaraq xx.xx.2021-c il tarixdə artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün ərizə göndərməklə cavabdehə müraciət etmiş, lakin ərizədə artıq ödəmənin yaranma səbəbini bildirməmişdir. Artıq ödənilmiş vəsaitin, o cümlədən faizlər hesablandığı halda faizlərinin ödənilməsi maliyyə orqanları tərəfindən həyata keçirilir. Bu səbəbdən, iddiaçının iddia tələbinin “qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün hesab edilməməli idi. Həmçinin bildirilir ki, Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Həmin Qaydaların 6 3- cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Hazırki inzibati iş üzrə artıq ödəmənin qaytarılması məhz iddiaçının mövcud qaydalara riayət etməməsi səbəbindən yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 23 fevral 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı rəy verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu vergi ödəyicisi tərəfindən AR Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə nəzərdə tutulan ərizə ilə forması ilə müraciət etməsini tövsiyyə etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” 23 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı 23 sentyabr 2021-ci il tarixinə mövcud olan 7.805,10 manat məbləğində artıq ödənilmiş vergilərin qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. - 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. - 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. - 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. - 4.10-cu bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. - 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. - 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, iddiaçının cavabdeh vergi orqanına ərizənin təqdim etdiyi 23 sentyabr 2021-ci il tarixinə şəxsi hesab vərəqəsi üzrə ümumilikdə 20.032,93 manat vergi borcu mövcud olmuşdur. Həmin şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, 30 dekabr 2021-ci il tarixində cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçmiş 14.629,58 manat məbləğində vergi borcunu azaltmış və həmin tarixə 5.403,35 manat məbləğində artıq ödənilmiş vergi borcu qalmışdır. Həmçinin, sözügedən şəxsi hesab vərəqəsinin çıxarışından görünür ki, xx.xx.2016-cı il artıq ödəmə 400,00 manat, xx.xx.2016-cı il artıq ödəmə 400,00 manat, xx.xx.2016-cı il artıq ödəmə 200,40 manat, xx.xx.2016-cı il artıq ödəmə 600,90 manat, xx.xx.2016-cı il artıq ödəmə 499,75 manat, xx.xx.2016-cı il artıq ödəmə 300,70 manat, xx.xx.2017-ci il artıq ödəmə 801,20 manat, xx.xx.2017-ci il artıq ödəmə 801,20 manat, xx.xx.2017-ci il artıq ödəmə 400,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 300,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,75 manat, xx.xx.2017-ci il artıq ödəmə 299,45 manat, xx.xx.2017-ci il artıq ödəmə 500,75 manat, xx.xx.2017-ci il artıq ödəmə 1.000,00 manat, xx.xx.2017-ci il artıq ödəmə 300,00 manat olmaqla, ümumilikdə artıq ödəmənin məbləği 7.805,10 manat təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Vergi partnyorluğu Sazişi”nin surətindən görünür ki, Sazişin 1.2-ci bəndinə əsasən Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Göründüyü kimi, iddiaçı artıq ödənişlərin qaytarılması ilə bağlı ərizə ilə vergi orqanına müraciət etdiyi 23 sentyabr 2021-ci il tarixinə şəxsi hesab vərəqəsi üzrə mövcud olduğu 20.032,93 manat artıq ödəmələrdən həmin anda Vergi Məcəlləsinin 85-ci maddəsinin tələbləri baxımından 5 illik tələbetmə müddəti keçməmiş 7.805,10 manat artıq ödənişi olmuş və həmin artıq ödənilmiş vergilərin qaytarılmasını xahiş etmiş, cavabdeh vergi orqanı isə ərizəyə verdiyi imtina məktubunda yalnız iddiaçının təqdim etdiyi bəyannamələrdə əks etdirilmiş dövriyyələrin iddiaçının vergi orqanı ilə bağladığı partnyorluq sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib olmamasını göstərmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün əks etdirilmədiyi aşkar edilmiş, bu haqda ona müvafiq cavab verilmiş və qaydalara uyğun müraciət etməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə cavabdeh orqana müraciət edilmədiyindən həmin ərizəyə dair nə rəy verilməsi, nə də rəy verilməsindən imtina edilməsi mümkün olmamışdır. Göstərilən dəlillə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun: - 15-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 23.1-ci maddəsində göstərilir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. - 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunvericilik normalarının tələbindən də göründdüyü kimi, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Lakin inzibati orqan yuxarıda sadalanan normaların tələblərinə zidd olaraq iddaçının ərizəsi üzrə heç bir araşdırma aparmadan və yardım göstərmədən əsassız və qanunsuz olaraq cavab məktubu təqdim edərək yalnız formal səbəblərə (əsaslara) istinad edilməsi ilə kifayətlənmiş və onun şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması ilə bağlı müvafiq rəyin verilməsindən imtina etmişdir. Həmçinin, cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə qeyd edilən vəzifənin icra edilməməsi səbəbindən, müraciətinin araşdırılması mümkün olmamışdır. Qeyd edilən dəlillə bağlı Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Nazirlər Kabinetinin 2019cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının yuxarıda sadalanan tələblərindən aydın olur ki, dövlət büdcəsinə ödənilmiş artıq vergilərin qaytarılmasında vergi orqanların bilavasitə vəzifəsi həmin vergilərin birbaşa vergi ödəyicisinə qaytarılmasından deyil, məhz həmin vergilərin qaytarılması məqsədilə müvafiq rəyləri hazırlayaraq maliyyə orqanlarına təqdim etməkdən ibarət olmuşdur ki, bunun da həyata keçirilməsi üçün vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara, yəni vergi ödəyicisinin qeydiyyatda (uçotda) olduğu vergi orqanına müvafiq qaydada təsdiq edilmiş ərizə ilə müraciət etməlidir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sözügedən Qaydaların 1 nömrəli Əlavəsində nəzərdə tutulmuş artıq vergilərin qaytarılması barədə ərizə forması ilə müraciət etmiş, lakin cavabdeh vergi orqanı formal mülahizələrə istinad edərək iddiaçının bağladığı partnyorluq sazişinin tələblərinə əməl etmədiyini əsas kimi gətirməklə ərizənin icrasından əsassız olaraq imtina etmişdir. Məhkəmə kollegiyası göstərilə halla bağlı qeyd edir ki, partnyorluq sazişinin bağlanmasının hazırda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan artıq ödəmənin qaytarılması tələbi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, həmin Sazişin 1.2-ci bəndinə əsasən saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Həmin Sazişin 1.3-cü bəndinə əsasən Sazişin məqsədləri aşağıdakılardır: 1.3.1. sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq; 1.3.2. əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; 1.3.3. müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; 1.3.4. vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; 1.3.5. ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; 1.3.6. vergi risklərini minimallaşdırmaq. Cavabdeh vergi orqanı ilə iddiaçı arasında bağlanmış partnyorluq sazişində dövlət büdcəsinə hər ay hansı məbləğdə vergilərin ödənilməsi göstərilməmişdir. Bundan başqa, sözügedən Sazişin heç bir bəndində vergi orqanına təqdim edilən bəyannamələrdə aylıq dövriyyə göstəricilərinin ödənilən vergi məbləğlərinə uyğun olaraq göstərilməsi təsbit edilməmişdir ki, bu hal da bir daha cavabdeh vergi orqanının imtina məktubunda bununla bağlı istinad etdiyi dəlilinin əsassız olduğunu təsdiq edir. Əgər iddiaçı cavabdeh vergi orqanı ilə bağladığı partnyorluq sazişinə əsasən ödədiyi vergilərə müvafiq olaraq bəyannamələri vergi orqanına təqdim etməmişdirsə, vergi orqanı vergi qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edərək iddiaçı barəsində vergi nəzarət tədbirləri keçirə və vergidən yayındığına görə qanunamüvafiq tədbirlər görə bilərdi. Lakin iş materiallarından göründüyü kimi, artıq ödəmənin qaytarılması ərizəsinin verildiyi günədək cavabdeh vergi orqanı iddiaçı barəsində partnyorluq sazişinin tələblərinə əməl edilməməsi əsası ilə hər hansı vergi nəzarət tədbirləri keçirməmiş və yaxud həmin sazişinin ləğv edilməsi ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə 0,1 faiz məbləğində vergi orqanına faiz tətbiq edir. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmamışdırsa, həmin məbləğlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec qaytarılması vergi hüquq pozuntusu sayılır. Bu əməlin təhlükəliyi bundan ibarətdir ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntunun subyekti məbləğlərin geri qaytarılması üçün məsuliyyət daşıyan vergi və maliyyə orqanları, obyekti isə məsuliyyət və vergi hüququ ilə bağlı ictimai münasibətlərdir. Bu əmələ görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Göründüyü kimi, inzibati orqan tərəfindən formal olaraq rəyin verilməsindən imtina edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, məhz vergi orqanının hüquq pozuntusu sözügedən gecikməyə səbəb olur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlardakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparılmışdır (05 avqust 2020-ci il tarixli 2-1(102)- 1668/2020 nömrəli, 14 iyul 2021-ci il tarixli 2-1(102)-1315/2021 nömrəli qərarları). Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6481/2022 saylı, 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-477/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-477/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver