Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-477/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komisiyyasının xxxxxxx0007 nömrəli xx.xx.2023-cü il tarixli qərarının, 3-17-4/3-3-3626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarını iddiaçıya aid olan hissədə və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1652/2024 nömrəli qərarını ləğv edilməsi və iddiaçıya göndəriş tarixindən, yəni xx.xx.2023-cü il tarixindən 35-60% faiz aralıqda sağlamlığın məhdudlaşdırılması ilə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində qoyulmuş diaqnoz xx.xx.2023-cü il tarixində qoyulmuş diaqnoz ilə eynilik təşkil edir. DSX Hərbi Hospitalın Hərbi-Həkim Komissiyası tərəfindən DSX Kadrlar İdarəsinin xx.xx.2017-ci il tarixli 4/19-88 sayılı göndərişinə əsasən şahədətləndirilmişdir. Səhəttində olan probemlər günü-gündən pisləşməsinə baxmayaraq və bununla bağlı müəyyən tibbi rəyləri cavabdeh orqana təqdim etməyinə baxmayaraq cavabdeh orqan ona əllilik dərəcəsinin müəyyən edilməsindən imtina etmişdir. Cavabdeh orqana təqdim olunan tibbi rəylərdə, xəstəlik barədə çıxarışlardan görünür ki, səhəttində yaranmış xəstəliyin müalicə olunması mümkün deyil. Lakin buna baxmayaraq cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina edir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
4. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2018-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə əsasən “böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, addison xəstəliyi, (böyrəküstü vəzinin 1-li çatışmamazlığı) funksiyaların mühüm dərəcədə pozulması ilə, mədə xorası, eroziv qastrit, VDD-hipotonik tipli” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə əsasən forma 88 ilə pensiya təyin olunmuşdur. Pensiya təyinatı zamanı qüvvədə olan AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarrixli 413 saylı qərarının 3.1.45. saylı bəndi əsas götürülmüşdür-"daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, itsenko-kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz, İV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzob və s. (E00-E04, E05, E10, E20-E21.3, E23.3, E24, E25, E27-E27.2, E66)". Qeyd etmək istəyir ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarrixli 187 saylı qərarında yuxarıda göstərilən kodlar artıq ləğv edilmişdir və yalnız XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışa uyğun olaraq E27 kodu qeyd edilərək "böyrəküstü vəzilərin digər pozuntuları" qeyd edilmişdir. AR Nazirlər Kabinetinin 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10-xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışa uyğun olaraq E27 kodunda isə adison xəstəliyi və ağırlaşmalar faktiki olaraq qeyd olunmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı ilə faktiki olaraq xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışında qeyd olunan kodlara istinad edərək, "böyrəküstü vəzilərin digər pozuntuları" bəndi qeyd edilmişdir və isitnad edilən xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışında E27 kodu ilə qeyd edilən "böyrəküstü vəzilərin digər pozuntuları"nda iddiaçının xəstəliyi qeydiyyata alınmışdır. Hesab edir ki, bu fakt məhkəmə tərəfindən tam və obyektiv araşdırmamışdır. Qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh orqanın qərarını iddiaçı mübahisələndirsə də, faktiki olaraq cavabdeh orqan tərəfindən sübut edilməlidir ki, onun tərəfindən qəbul edilən qərar əsaslıdır və qanunidir, lakin işin materiallarında belə bir sübut təqdim edilməmişdir. Məhkəmə tərəfindən təyin olunan ilk ekspertiza nəticəsində ekspertin xx.xx.2023-cü il tarixli, 4686 saylı rəyinə əsasən iddiaçının hazırki sağlamlıq vəziyyəti tibb müəssisəsi tərəfindən tərtib edilmiş forma 088 saylı göndərişə uyğundur. Bu fakt onu göstərir ki, iddiaçının sağlamlıq vəziyyəti AR Nazirlər Kabinetinin xx.xx.2022ci il tarrixli 187 saylı qərarında XBT-10-xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışa əsasən qeyd olunan E27 koduna uyğun gəlir. Əlavə olaraq ekspert öz rəyində qeyd etmişdir ki, iddiaçıda aşkar olunan xəstəlik reabilitasiya olunmur. Reabilitasiya olunan xəstəliklər XBT-10-xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxışından çıxarılmışdır. Yuxarıda qeyd olunan rəydən sonra əlavə suallar yarandığına görə əlavə ekspertiza təyin edilmişdir və ekspertin T279/2024 saylı rəyinə əsasən 1-5-ci suallara cavab verərək bildirmişdir ki, qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq bir fikir söyləmək mümkün olmamışdır, lakin iddiaçının ağırlaşmaları stasionar müalicə və müayinələr zamanı aşkar edilsədə, cavabdeh orqanın anamestik məlumatlarda, laborator və obyektiv müəyinədə ağırlaşmalar aşkar edilməmişdir. Qeyd olunan ikinci rəy və birinci rəyi nəzərə alaraq, görünür ki, iddiaçıda qeyd olunan ağırlaşmalar qanuna uyğun olaraq əlilliyin təyin edilməsinə imkan verməsinə baxmayaraq, yalnız cavabdeh orqanın anamestik məlumatlarda, laborator və obyektiv müəyinədə həmin ağırlaşmalar aşkar edilməməsinə görə əlillik təyin edilməmişdir. İddiaçıda qeyd olunan ağırlaşmaların faktiki olaraq mövcüd olması ekpertin ilk rəyində əksini tapmışdır və sübut olunmuşdur. Hesab edir ki, qeyd olunan faktlar məhkəmə tərəfindən tam və obyektiv araşdırılmamışdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
8. Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı xx.xx.2018-ci il tarixli müayinəsinə dair məlumata əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə xx.xx.2023-cü il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, addison xəstəliyi (böyrəküstü vəzinin İ-li çatışmamazlığı) funksiyaların mühüm dərəcədə pozulması ilə, mədə xorası, eroziv qastrit, VDD-hipotonik tipli.
9. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının xx.xx.2023-cü il tarixli müayinəsinə dair məlumata əsasən iddiaçıya “Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Diaqnozun mətni: böyrəküstü vəzinin qabıq qatının digər və dəqiqləşdirilməmiş, böyrəküstü vəzin qabıq qatının birincili çatışmamazlığı, addison xəstəliyi.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 7 iyun 2023-cü il tarixli 3-17-4/3-3-3626/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikol kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 771 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Addison xəstəliyi, funksiyaların mühüm dərəcədə pozulması ilə, eroziv qastrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dərinin qaralmasından, ləkələr əmələ gəlməsindən, arterial təzyiqin enməsindən, çəki itirmədən şikayətlənmişdir. Medikamentoz preparatlardan Metipred və Hidrokartizon qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 66 kq, arterial təzyiqi 100/60 mm.c.s. müəyyən edilmiş, dəri rənginin tündləşməsi müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “böyrəküstü vəzinin qabıq qatının birincili çatışmazlığı, adisson xəstəliyi, ikincili arterial hipotenziya, asteno nevrotik sindrom” kimi qeyd edilmişdir. Respublika Endokrinoloji Mərkəzin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “böyrəküstü vəzin qabıq qatının İ-li çatışmazlığı, adisson xəstəliyi, ikincili arterial hipotenziya, asteno nevrotik sindrom” kimi qeyd olunmuşdur. Hazırda hərbi şəhadətnamədə qeyd edilmiş endokrinoloji xəstəliyin əlillik təyinatına əsasən verən ağırlaşmaları müəyyən edilməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 mart 2024-cü il tarixli 3-17-4/3-3-1652/2024 nömrəli qərarına əsasən iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin E00081867DGT nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-14400/2023).
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1764/2024 nömrəli qərardadına və DTSERAnın 3-17-4/2-H-2516/2024 nömrəli bildirişinə əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 771 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “addison xəstəliyi, funksiyaların mühüm dərəcədə pozulması ilə eroziv qastrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dərinin qaralmasından, ləkələr əmələ gəlməsindən, arterial təzyiqin enməsindən, çəki itirmədən şikayətlənmişdir. Medikamentoz preparatlardan Metipred və Hidrokartizon qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 66 kq, arterial təzyiqi 100/60 mm.c.s müəyyən edilmiş, dəri rənginin tündləşməsi müşahidə edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əzələ ağrıları böyrək nahiyəsində ağrı, ürəkbulanma, çəkisinin azalması, bədənində yaranan müxtəlif ləkələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında mütəmadi olaraq “Hidrokartizon 40 mq” və duz qəbul etdiyini bildirmişdir. Müayinə zamanı sol diz nahiyəsində, hər iki baldırın arxa səthində, hər iki yuxarı ətrafda, sol qabırğaaltı nahiyədə piqmentasiya ləkələri izlənilmiş, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuş, boyu 170 sm, çəkisi 67 kq, BKİ=23.1, arterial təzyiqi 120/70 mm cv st kimi müəyyənləşdirilmişdir. X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2917 nömrəli Çıxarışında diaqnoz “böyrəküstü vəzin qabıq qatının birincili çatışmazlığı, addison xəstəliyi” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı diaqnozun əlillik təyinatına əsas verən ağırlaşmaları aşkarlanmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa;
14. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulaninsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Belə ki, birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “... xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmiş, iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş 00500003AADDZ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olması ilə bağlı qeyd edilməlidir ki, şəxsdə həmin xəstəliklərin olması, hələ ona əlillik təyin edilməsi üçün əsas olması nəticəsinə gəlməyə əsas vermir Bunun üçün həmçinin həmin xəstəlik və ağırlaşmaların əlillik təyinatına əsas verən xəstəlik və çatışmazlıq olması və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması vacibdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində isə, Forma 88-də olan xəstəliklərin iddiaçıda olması müəyyən edilsə də, iddiaçının əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində diaqnozun əlillik təyinatına əsas verə bilən ağırlaşmaları aşkarlanmadığı bildirilmişdir.”
25. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İş materiallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
27. Təyin edilmiş əlilliyin diaqnozu böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, addison xəstəliyi (böyrəküstü vəzinin İ-li çatışmamazlığı), funksiyaların mühüm dərəcədə pozulması ilə mədə xorası, eroziv qastrit, VDD-hipotonik tipli” qeyd edilmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır.
29. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş 00500003AADDZ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı xəstəlikləri müalicə ilə tam reabilitasiya olunmur. Həmin xəstəliklər ilə əlaqədar o, zərurət yarandığı halda müalicəyə cəlb oluna bilər”.
30. İddiaçı tərəf ekspert rəyi ilə razı olmadığına görə, onun vəsatəti əsasında birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır.
31. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “SN-nin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: E27.4-Böyrəküstü vəzinin qabıq qatının digər və dəqiqləşdirilməmiş, böyrəküstü vəzinin qabıq qatının birincili çatışmamazlığı, addison xəstəliyi, ağırlaşma: 195-hipotenziya, ikincili arterial hipotenziya, yanaşı xəstəliklər: F48.0-nevrasteniya, asteno-nevrotik sindrom” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı DTSERA-da əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində diaqnozun əlillik təyinatına əsas verə bilən ağırlaşmaları aşkarlanmamışdır”.
32. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli ekspert rəyinə istinad edilərək yekun nəticəyə gəlinsə də, sözügedən rəydən müəyyən olur ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında ekspertiza mərkəzi qarşısında qoyulmuş suallar tam cavablandırılmamışdır.
33. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3838/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə işin obyektiv araşdırılması və ədalətli yekun nəticəyə gəlinməsi üçün hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.
34. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq daxil olmuş 1812 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 1991-ci il təvəllüdlü X5 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: E27.4-Böyrəküstü vəzinin qabıq qatının digər və dəqiqləşdirilməmiş, böyrəküstü vəzinin qabıq qatının birincili çatışmamazlığı, addison xəstəliyi, ağırlaşma: 195-hipotenziya, ikincili arterial hipotenziya, yanaşı xəstəliklər: F48.0-nevrasteniya, asteno-nevrotik sindrom” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən heç birini aid etmək mümkün olmadı.
35. Verilmiş rəylə bağlı məhkəmə kollegiyasının iclasında dindirilmiş eskpert İbrahim Məmmədov izahatında qeyd etmişdir ki, vətəndaşın xəstəliyi endokrinoloji xəstəlik olduğu üçün Respublika Endikrinoloji Mərkəzdən rəy istənilmiş və həmin rəy Pataloji Anatomiya Birliyinə təqdim edilmişdir. Sözügedən rəydə qeyd edilmişdir ki, dərman müalicəsi fonunda vətəndaşın vəziyyətində patoloji istiqamətdə dəyişiklik yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbinə əsasən əlilliyin təyin olunması üçün xəstəlik mülayim tezliklə və dekompensasiya mərhələsində olmalıdır. Belə ki, vətəndaş endokrinoloji xəstəliklərin müalicəsinə müvafiq olaraq ömürboyu dərman vasitələri qəbul etməlidir. Həmin dərman müalicəsinin fonunda onda bir sıra pataloji istiqamətdə dəyişikliklər olmalıdır ki, bu dəyişikliklər də analizlərdə özünü göstərir. Bu zaman ağırlaşma halları kimi addison krizləri göstərmək olar ki, həmin an şəxs kamatoz hala düşür və kamatoz halın müalicəsi stasionar şəkildə olmalıdır, yəni ev şəraitində, ambulator şəraitdə müalicə oluna bilməz. Beləliklə, addison krizlər vətəndaşın müalicə aldığı dərman fonunda baş verərsə, bu əlillik təyini üçün əsas ola bilər. Lakin hazırda şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyini səviyyəsində deyildir.
36. Qeyd etmək lazımdır ki, hazırda əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun aparılır. Lakin işin hallarından və ekspert rəyindən də göründüyü kimi iddiaçının hazırki vəziyyəti “Əlilliyin müəyyən olunması meyarları”na əsasən ona əlillik təyin edilməsi üçün kifayət edəcək səviyyədə deyildir.
37. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Bu baxımdan iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
39. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
41. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.