Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4779/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, X13 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Babalı oğlunun, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, mənsubiyyətin tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9399/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikası, Amasya r-nu, Quzukənd kəndində anadan olmuş və bu barədə ona xx.xx.1963-cü il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin iddiaçı qardaşı X1 ilə şəxsiyyət vəsiqəsi və digər sənədlər əldə etmişdir. Onun adına olan bütün sənədlər əldə etmiş və onun adına özünə xarici pasport almışdır. X2 isə heç bir sənədə malik deyildir. Rusiya Federasiyasında yaşadığından Azərbaycan Respublikasına gələndə onu saxlayaraq Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-yə gətirdilər. Qaradağ rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Sənan Quliyev xx.xx.2024-cü il tarixdə cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərar çıxardı. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilərək doğum haqqında şəhadətnamənin tanınması və Azərbaycan Respublikasının vətəndaşlığı mənsubiyyətinin tanınması xahiş olundu, cavabdeh isə xx.xx.2025-ci il tarixdə bu barədə imtina verərək ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı hesab edir ki, onun mənsubiyyəti tanınmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab olunur ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, təqdim olunmuş sənədlər əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən şəxs barəsində inzibati icraata başlanılmış, icraat zamanı X6 xx.xx.1963-cü ildə Ermənistan Respublikasında doğulduğu, 1988-ci ildə qaçqın kimi Azərbaycan Respublikasına gəldiyini bildirsə də, qaçqın kimi gəlməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, araşdırma zamanı X7 ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsindən alınan məlumata görə iddiaçı 1988-ci ilin yanvar ayının 1dən 1992-ci ilin yanvar ayının 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın kimi qeydiyyatdan keçmədiyinə görə iddia təmin olunmamışdır. Halbuki xx.xx.2024cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinni İŞ-nin müstəntiqi kapitan X15 bu işlə əlaqədar araşdırma aparmış və müəyyən etmişdir ki, İddiaçı sənədləri 1988-ci ildə Ermənistanda qaldığından qardaşına məxsus sənədlərlə şəxsiyyət vəsiqəsi almışdır. Onun barəsində cinayət işinə xitam verilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4779/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə X4 üçüncü şəxs statusuna xitam verilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən: - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. - 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; ... - 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. - 4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. - 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. - 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. - 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki mübahisə üzrə mühüm məqamlardan biri ondan ibarətdir ki, iddiaçı qismində iddia ilə müraciət edən şəxs İddiaçıdur, lakin sənəd üzrə X3 çıxış edir. Belə ki, vaxtilə qardaşının sənədlərindən istifadə edərək Azərbaycan Respublikasının vətəndaşlarına məxsus şəxsiyyət vəsiqəsini əldə etmişdir. Qeyd edilən məlumatlar Cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında 10 may 2024-cü il tarixli Qərarda da öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bildirilən faktlar sözügedən qərarda öz əksini tapdığından həmin məsələlərin hazırki mübahisə üzrə araşdırılmasına lüzum qalmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçının qardaşına məxsus sənədlərdən istifadə etməsi və şəxsiyyət vəsiqəsinin əslində ona məxsus olmaması artıq müəyyən olunmuş faktdır. İddiaçı hazırda özünə məxsus doğum haqqında şəhadətnaməni təqdim edərək, əvvəlcə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasını və daha sonra müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlarına məxsus şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi arzulayır. Qeyd edilməlidir ki, qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsasları konkret müəyyən edilmiş və bu məsələyə baxarkən inzibati orqana mülahizə sərbəstliyi verməmişdir. İnzibati orqan miqrasiya qanunvericiliyinə müvafiq olaraq təqdim edilmiş doğum haqqında şəhadətnaməyə əsasən inzibati icraatı apararaq iddiaçının müraciətinin təmin olunmaması barədə qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, təqdim olunmuş doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı xx.xx.1963-cü il tarixində Ermənistan SSRİ ərazisində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olduğunu əsas gətirərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 1988-ci ildə qaçqın kimi Azərbaycan Respublikasına gəlməsini təsdiq edən sənədlərə malik olmadığına, həmçinin araşdırma zamanı İddiaçı ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı halın müəyyən edilmədiyinə istinad edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadıqda və ya belə sənədləri qanunsuz əldə etməsinə əsaslı şübhələr olduqda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılır. Qeyd edilən icraat çərçivəsində barəsində icraat aparılan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surətini təqdim edir. Hazirki işin faktiki hallarından görünür ki, məhkəmə araşdırmaları nəticəsində iddiaçının 7 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə rəsmi qeydiyyatda olması və ya 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşması barədə hər hansı məlumat müəyyən olunmamışdır. Belə ki, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X7 barəsində məlumat müəyyən edilməmişdir. Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X6 Ermənistanda doğulması və həmin ölkə tərəfindən verilmiş İ-ЖЗ №642171 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilməsi faktı onun 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış qaçqın olduğuna dəlalət etmir. Sözügedən sənəd X6 ölkə ərazisinə hansı tarixdən gəlməsini və ölkədə hansı statusla yaşamasını özündə ehtiva etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Bu zaman mühüm meyarlardan biri də şəxsin həmin Qanun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olub-olmamasıdır. Bununla belə, bu meyar yalnız həmin şəxsin normativ aktların 2.2-ci bəndində əhatə dairəsi müəyyən edilmiş kateqoriyalara daxil olması halında hüquqi nəticə doğura bilər. Bununla bağlı ilk növbədə qeyd olunur ki, xx.xx.1997-ci il tarixdə qanuni qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun (ilkin redaksiyasına əsasən): Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. ... Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməzdən əvvəl qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanun şəxsin yaşayış yeri anlayışını, hansı sənədlər əsasında yaşayış yerinin müəyyən edilməsi mexanizmini şərtləndirmişdir. Hazırki işin hallarından isə görünür ki, iddiaçının Azərbaycan Respublikasında faktiki olaraq yaşamış olub-olmamasından asılı olmayaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək yaşayış yeri üzrə daimi qeydiyyatının mövcud olmaması müəyyən edilmişdir. Halbuki mövcud normativ hüquqi aktlar vətəndaşlığa mənsubiyyətin tanınması üçün tələb olunan hüquqi əsasların konkret və məhdud siyahısını müəyyən edir və bu siyahıya yalnız həmin şərtləri ödəyən şəxslər daxil edilə bilər. Hazırkı iş üzrə isə bu əsaslardan heç biri iddiaçının vəziyyətində tətbiq oluna biləcək formada müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması mümkün hesab edilir. Lakin birinci intansiya məhkəməsi tərəfindən aidiyyəti inzibati orqana sorğu göndərilmiş və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsindən verilən sorğuya cavab məktublarına əsasən, iddiaçının həmin dövrdə qaçqın olaraq məskunlaşması ilə bağlı hər hansı məlumat əldə olunmamışdır. Yuxarıda istinad olunan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsindən də göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən digər hallar da hazırki işdə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı müraciətinin təmin edilməməsi, yəni vətəndaşlığa mənsubiyyətin tanınmasından imtina olunması, qanunvericiliyin tələblərinə və faktiki hallara tam uyğun olmaqla hüquqi cəhətdən əsaslı və qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2025 nömrəli, 15 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-4779/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4779/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver