Məhkəmə qərarları › İş №2-1(103)-478/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-478/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-478/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4875/2020 saylı qərarından cavabdehin nümayəndəsi G.Məstiyeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4875/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulması qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi G.Məstəliyeva tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 1998-ci il tarixdə valideyni tərəfindən iki bacısı ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) internat məktəbinə atılmışlar. 2007-ci ilə kimi həmin internat məktəbində yaşamaqla təhsil almışlar. 2007-ci ildə internat məktəbinin 9 illik təhsil səviyyəsini bitirdikdən sonra oranı tərk etmişlər. 2007-ci ildən halhazıradək bacıları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin yaşayırlar. Mənzillə təmin olunması üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Lakin buna baxmayaraq müxtəlif bəhanələr və süründürməçiliklə ona mənzil verilməmişdir. Onun rəsmi müraciətindən sonra 125 mənzilli ikinci bina və daha sonra 125 mənzilli 3-cü bina yaşayış üçün tam istifadəyə verilsə də, o əsassız olaraq mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olunmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilməsi göstərilmişdir. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli, xx-xx- 1453/2016 saylı məktubunda onun adı qeyd edilmişdir. Lakin iki ildən artıq bir müddətdir ki, cavabdeh qurum ərəfindən hələ də mənzillə təmin olunmamışdır. Dəfələrlə fondun şöbə müdiri olan Vüqar Behbudovun qəbulunda olsa da o, onunla kobud rəftar edərək onun mənzillə təmin olunmasına maneəçilik törətmişdir. Eyni zamanda internat məktəbinin məzunlarının məhkəmə qərarı ilə evlə təmin olunmasını əsas gətirərək ona qərar göstərmişdir. Hüquqlarının qorunması məqsədi ilə Ombudsman aparatında, Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq şöbəsinin məsul şəxsləri ilə şəxsən görüşərək problemlər barədə şikayətini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin qəbulunda olaraq şıkayət etmişdir. Qeyd edir ki, şikayətinin araşdırılması cavabdeh quruma həvalə edilsə də, hər dəfə müraciətinə imtina edilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təqdim edilmiş sorğuya cavab məktubuna əsasən hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsi qeyrimümkün olduğu, həmçinin bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlilik qaydasında baxılacağı göstərilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Fonduna ünvanladığı 28 №-li xx xxxxxx 2020ci il tarixli məktubda bildirilmişdir ki, məktəbin 2006-2007-ci il məzunları İddiaçı, X3, X4 internat məktəbində oxuyub və yaşamışlar. X3 A№-582557, X4 A№-582559, İddiaçı A№- 582558 orta təhsil haqqında şəhadətnamə ilə məktəbi bitirmişlər. Oxuduqları müddətdə anası tərəfindən arabir ziyarət edilməsi səhvən qeyd edilmişdir. Onlar oxuduqları müddətdə anaları tərəfindən heç vaxt axtarılmamışlar; - Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin xx xxxxx 2019-cu il tarixli 10 № li arayışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı həqiqətən 1999-2000-ci tədris ilində xüsusi internat (keçmiş beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16№li xüsusi internat məktəb) məktəbin 2-ci sinfinə anası X1 tərəfindən qoyulmuş, 2006-2007-ci tədris ilində məktəbin 9-cu sinfini, A№582558 №li orta təhsil haqqında şəhadətnamə ilə bitirmişdir. İddiaçı təhsil aldığı müddətdə məktəbdə yaşamışdır, anası tərəfindən heç vaxt axtarılmamışdır. Atası haqqında isə heç bir məlumat yoxdur; -Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli 13-16283 saylı məktubundan görünür ki, iddiaçının “xxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaqla bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanan müraciətə Azərbaycan Respublikasının Təhsil Nazirliyində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsinin Nizamnaməsi”nin 4.2 bəndinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonu dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Əvvəlki illərin valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunların “xxxx” Sosial Müəssisəsinə qəbulu isə Nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. “xxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaqla bağlı Təhsil Nazirliyinə ünvanlanan ərizə aidiyyəti üzrə baxılması üçun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Təhsil Nazirliyinə “xxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunmaq üçün iddiaçı daxil olmaqla çoxsaylı müraciət etmiş məzunların sənədlərinin araşdırılması və onlar barədə məlumatların təqdim olunması ilə bağlı xx.xx.2018-ci ıl tarixli **********4 nömrəli məktub ünvanlanmışdır. Sorğuya cavab olaraq, iddiaçı barədə məlumatlar da qeyd edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2018-cı il tarixli xx-xx-1453/16 nömrəli məktub təqdim olunmuşdur. Qeyd olunanlara əsasən bildirilmişdir ki, iddiaçının “xxxx” Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin edilməsi Təhsil Nazirliyinin səlahiyyətləri xaricindədir; - İddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan xx xxxxxxx 2019-cu il tarixli, xx xxxxxxxx 2019-cu il tarixli, 15 yanvar 2020-ci il tarixli, xx xxxxxxx 2019-cu il tarixli və xx xxxx 2020-ci il tarixli məktublarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilirlər; - İddiaçıya məxsus A № 582558 saylı orta təhsil haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 16 saylı internat məktəbində oxumuş və 2007-ci ildə əsas təhsilini bitirmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli **********0 nömrəli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilirlər. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli xx-xx-1453/16 saylı məktubunda İddiaçı adı qeyd edilmişdir. Bildirilmişdir ki, halhazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsi qeyrimümkündür. Əlavə olaraq billdirilmişdir ki, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra İddiaçı məsələsinə növbəlik qaydasında baxılacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlər-də də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyə-tinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəl-xalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu kimi digər məsələlər uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin tələbinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.20-ci maddəsində də eyni məzmunda qeyd olunur ki, “Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən müəssisə - etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir (1.2.). Müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Fondun vahid sisteminə daxildir (1.3). Müəssisə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır (2.1.).. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər (4.1). Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (4.2.). Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Fondla məzun arasında yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır (4.6.). Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulmuşdur (4.9.). Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 9-cu sinifini 2007-ci ildə məzunu olmuş iddiaçı barəsində Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli məktubu cavabdeh orqana ünvanlansa da, iddiaçı indiyə kimi mənzillə təmin edilməmiş, iddiaçının bu barədə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, məhkəməyə təqdim etdiyi etirazında da göstərdiyi kimi hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyrimümkün olduğunu, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlilik qaydasında baxılacagını bildirərək, iddiaçının hansı növbədə oldugunu, növbəti mənzillə təmin olunanlar siyahısına daxil edilib-edilmədiyini, iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyri-müəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlıllırini qəbul etmir, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi G.Məstiyeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4875/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar