Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-478/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılması hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4703/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Cəbrayıl rayonunda doğulmuşdur. 2017-ci ildə 60 yaşı tamam olduqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 2017-ci ilin yanvar ayından 2021-ci ilin yanvar ayınadək 234 manat pensiya alsa da, 2021-ci ilin yanvar ayında ona təyin edilmiş pensiyanın məbləği ona məlum olmayan səbəblərdən azaldılaraq 130 manat əmək pensiyası təyin edilmişdir. Pensiyanın azaldılmasının səbəbini öyrənmək üçün cavabdehə müraciət etmiş və ona 17.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ilkin pensiya təyin edilməsi zamanı pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən 17.12.2017-ci il tarixdən 31.01.2021-ci il tarixədək pensiya ödənişində artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin qeyd edilən hərəkəti ilə onun pensiya hüququ pozulur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 1841 nömrəli, 12.10.2017-ci il tarixli Qərarı ilə sığortaolunan İddiaçı hüququnun yarandığı 01.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 29.02.1976-cı il tarixli ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixə 19 il 4 ay ümumi iş stajı və buna uyğun olaraq 6340,32 manat pensiya kapitalı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığorta edənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-17571 saylı, 21.10.2016-cı il tarixli arayışa əsasən, vətəndaşın 01.05.2007-ci il tarixdən 01.01.2016-cı il tarixədək 3165.25 manat pensiya kapitalı vardır. Beləliklə vətəndaşın əmək pensiyasının məbləği 01.10.2016-cı il tarixdən 175,48 manat (110 manat baza hissəsi + 44.03 manat 01.01.2006-cı il tarixədək sığorta hissəsi + 21,45 manat 01.05.2007-ci ildən sonra pensiya kapitalına uyğun müəyyənləşdirilmiş sığorta hissəsi) yaşa görə əmək pensiyası təyin edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 26-cı maddəsi dəyişdirilərək yeni redaksiyada verilmişdir. Belə ki, Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-7253 nömrəli 27.03.2018-ci tarixli arayışına əsasən 01.01.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1474,62 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq 191,87 manata çatdırılmışdır. Qanunun 29.1 və 29.2-ci maddəsinin tələblərinə əsasən 01.01.2017-ci il tarixdən İddiaçı pensiyası 181,47 manata çatdırılmışdır. 01.01.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1474,62 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq 191,87 manata çatdırılmışdır. Vətəndaş İddiaçı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala daxil olmuş 17.12.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanmasına dair müraciətinin araşdırılması zamanı əmək pensiyasının məbləğində artıqvermə aşkar edilmişdir. Belə ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçının 1976-1985-ci illərdə kolxozda işlədiyi dövrlər üzrə müəyyən edilmiş illik əmək iştirakı minimumunu yerinə yetirmədiyi dövrlər 01.01.2006-cı ilədək hesablanmış ümumi iş stajından çıxılmışdır. Nəticədə, vətəndaşın hüququnun yarandığı 01.10.2016-cı il tarixə 16 il 7 ay ümumi iş stajı və 5456,57 manat pensiya kapitalı (01.01.2006-ci il tarixədək) hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4703/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1956-cı il təvəllüdlüdür, iddiaçıya 01.10.2016-cı ildə yaşa görə əmək pensiyası təyin edilmiş, 17.12.2017-ci ildən 01.01.2018-ci ilə qədər pensiya məbləği 181,47 manat, 01.01.2018-ci ildən 01.01.2019-cu ilə qədər 203,16 manat, 01.01.2019-cu ildən 01.01.2020-ci ilə qədər 209,25 manat pensiya məbləği müəyyən edilmiş, 01.01.2020-ci ildən 243,99 manat hesablanmışdır, 16.01.2021-ci ildə iddiaçının pensiyası cavabdeh tərəfdən yenidən hesablama nəticəsində azaldılaraq 236,31 manat olmuşdur. Cavabdehin 04.03.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçının hazırki pensiya məbləği 263,25 manat təşki edir İddiaçı cavabdeh orqana müraciət edərək, pensiyasının azaldılma səbəbinin bildirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış məktubu ilə bildirmişdir ki, ilkin pensiya təyin edilməsi zamanı pensiya sığorta kapitalının məbləği düzgün müəyyən edilməmişdir.İddiaçı cavabdeh tərəfindən pensiyasından tutulmaların qanunsuz olduğunu hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən cavabdehə ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 1841 nömrəli, 12.10.2017-ci il tarixli Qərarı ilə sığorta olunan İddiaçı hüququnun yarandığı 01.10.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşın təqdim etdiyi 29.02.1976-cı il tarixli ******* saylı əmək kitabçasına əsasən onun 01.01.2006-cı il tarixə 19 il 04 ay ümumi iş stajı və buna uyğun olaraq 6340,32 manat pensiya kapitalı hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş üzrə İdarəsi tərəfindən təqdim edilmiş 99/08/04-17571 saylı, 21.10.2016-cı il tarixli arayışa əsasən vətəndaşın 01.05.2007-ci il tarixindən 01.01.2016-cı il tarixinədək 3165,25 manat pensiya kapitalı vardır. Beləliklə vətəndaşın əmək pensiyasının məbləği 01.10.2016-cı il tarixdən 175,48 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1 və 29.2ci maddəsinin tələblərinə əsasən 01.01.2017-ci il tarixdən vətəndaşın pensiyası 181,47 manata çatdırılmışdır. Sonradan onun pensiyası 191,87 manata çatdırılmışdır.İddiaçının əmək pensiyasının yenidən hesablanması barədə müraciətinin araşdırılması zamanı əmək pensiyasının məbləğində artıq ödəmə aşkar olunduğu üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin **********4 saylı, 04.03.2021-ci il tarixli qərarı ilə 31.12.2017ci il tarixindən 31.01.2021-ci il tarixədək artıq ödənilmiş vəsait bölünərək vətəndaşın aylıq pensiyasından tutulacaqdır. Azərbaycan Respubliaksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialı tərəfindən məhkəməyə ünvanlanmış **********9 nömrəli, 08 sentyabr 2021-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2- 1(112)-4095/2020 nömrəli qərarına əsasən inzibati orqan təsnifatına aid edilən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşa pensiyanın təyin edilməsi barədə qərarı əlverişli inzibati akt sayılır və onun qanunsuz sayılmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri çərçivəsində ləğvi inzibati orqanın özünün də səlahiyyətindədir. Belə olan halda, inzibati orqan kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filiali həmin Qanunun 82.1; 82.2;82.3-cü maddələrinin tələblərinə əsaslanaraq, vətəndaşa münasibətdə əlverişli inzibati aktın ləğvinə dair və pensiya kimi ona ödənilmiş pul vəsaitinin qaytarılması barədə yeni inzibati akt qəbul etməklə icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə məhkəmə qərarı tələb olunmur. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(107)-1960/2020 nömrəli qərarına əsasən pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırki icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üzərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürdüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yenidən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İnzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürülməli deyil, müvafiq icra qurumuna göndərilməlidir. Qeyd olunanlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin 16.01.2021-ci il tarixli, **********8 nömrəli qərarına əsasən vətəndaş İddiaçı 01.01.2018-ci il tarixindən 31.01.2021-ci il tarixinədək ödənilmiş artıq ödəmə məbləği bölünərək hər ay onun aylıq əmək pensiyasından Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialinin 16 yanvar 2021-ci il tarixli, **********8 nömrəli “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Qərarına əsasən, xx.xx.1956-cı il tarixində Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi və 01.01.2018-ci il tarixindən 31.01.2021-ci il tarixinədək 256,01 manat bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatliq üzrə mərkəzi filialinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı 09.07.2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, İddiaçı 17.12.2017-ci il tarixindən 31.01.2021-ci il tarixinə kimi 250,47 (iki yüz əlli manat 47 qəp) manat ümumi tutulması yaranmış və 01.02.2021-ci il tarixindən başlayaraq hər ay cari pensiya məbləğindən 34,99 (otuz dörd manat 99 qəp) manat tutulma aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanınının müəyyən etdiyi dövr üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları ilə cavabdeh inzibati orqan tərəfindən pensiya təminatı ilə bağlı qəbul edilən qərarların formaları müəyyən edilmişdir, belə ki, qeyd edilən Qaydaların 5 nömrəli əlavəsində pensiya təyin edilməsi qərarın forması, 6 nömrəli əlavəsində isə pensiya təyin edilməsindən imtina edilməsi haqqında qərarın forması göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Bununla əlaqədar, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində qanunverici imperativ qaydada müəyyən etmişdir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki vəziyyətdə iddiaçıya münasibətdə iddiaçının razılığı olmadan və məhkəmə qərarı olmadan cavabdeh iddiaçının pensiyasından tutulma barədə qərar qəbul etməklə qanunvericilik normalarını pozmuşdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçının pensiya məbləğinin azaldılması ilə nəticələnən cavabdehin qərarları (inzibati aktlar) iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasından müəyyən məbləğin, cavabdehin artıq ödənilmiş hesab etdiyi məbləğin tutulması barədə qəbul edilmişdir ki, bu da yuxarıda göstərilmiş qanun normalarına ziddir. Cavabdehin iddiaçıya pensiya təyin edilməsi haqqında ilkin qərarını ləğv edərək yeni, pensiyanın yenidən hesablanması haqqında adlandırılan, əslində isə mahiyyəti etibarı ilə yenidən pensiya təyin edilməsi barədə qərar qəbul etməkdə ifadə olunan hərəkətləri “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır:37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Beləliklə, yuxarıda qeyd edilən hallar baş verdikdə (məsələn əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı yeni nikah bağladıqda, əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, əlilliyi olan şəxslərin əlillik müddəti bitmiş olduqda) həmin halların baş verdiyi andan sonra ödənilmiş pensiya məblləğləri artıq ödənilmiş pensiya hesab edilirlər. Lakin iddiaçıya münasibətdə qeyd edilən halların baş verməsi –yəni cavabdeh tərəfindən iddiaçıya artıq pensiya ödəməsi halları hazırki işə baxılan zaman müəyyən edilməmişdir. Cavabdehin 08.09.2021-ci il tarixli məktubunda qanunsuz inzibati aktı qəbul etmiş inzibati orqan tərəfindən həmin aktı ləğv etmək hüququ olması barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etməklə bildirdiklərinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin qanunda qanunsuz inzibati aktın həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda imperativ qaydada artıq ödənilmiş pensiyanın məbləğinin yalnız pensiyaçının razılığı ilə və ya məhkəmə aktı əsasında həyata keçirilə bilməsi nəzərdə tutulmuşdur, heç bir halda inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qeyd edilən qanunda və ya başqa qanunvericilik aktlarında nəzərdə tutulmamışdır, bundan əlavə cavabdeh məktubda hansısa inzibati aktın qanunsuz olması əsası ilə ləğv edilməsini göstərsə də məhz hansı inzibati aktın, hansı hissədə və nəyə əsasən qanunsuz olmasını konkret göstərməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin 01.01.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə istinad etməklə qeyd etdiklərinə münasibətdə həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının işlədiyi kolxozun üzvləri üçün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunun nə qədər olmasını, iddiaçı tərəfindən həmin minimumumdan nə qədər az iştirak etməsini, hansı dövrlərdə minimumu yerinə yetirməməsini məhkəməyə bildirmədiyi və buna dair sübutları məhkəməyə təqdim etmədiyi üçün məhkəmə cavabdehin bu barədə bildirdiklərini də iddia tələbinin təmin edilməməsi üçün əsas hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və yaşa görə təyin edilmiş əmək pensiyası məbləğinin azaldılmış hissəsində bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4703/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-478/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-478/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver