Məhkəmə qərarları › İş №2-1(103)-479/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-479/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-479/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Avtomobil X3 nümayəndəsi X2 iştirakı ilə kompensasiya ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-868/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 1.200 kv.m. torpaq sahəsinin yol tikintisi altına düşmüş 307,24 kv.m. hissəsinə hesablanmış 13.825 manat kompensasiya məbləğinin dərhal ona ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən Novxanı-Pirşağı (Sahil yolu) avtomobil tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompeksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Həmçinin, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın notariat təsdiqli surətindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1105x nömrəli bağ sahəsi (torpaq sahəsi 0.12 ha) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 03.11.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25.10.2019-cu il tarixli 3/16-8008 nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin Azərbaycan Avtomobil X4 əmlakınıza dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Sizə məxsus **********31 nömrəli reyestrdə olan 0.12 ha torpaq sahəsindən yalnız 307.24 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar Sizə həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.” Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı 03.04.2020-cu il tarixli 3/16-2504 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, sözügedən layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1200,0 kv.m. torpaq sahəsindən (çıxarış **********31) 307,24 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 13.825,80 manat kompensasiya hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nazirlər Kabinetinə müraciət olunmuşdur.” Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 06.08.2020-ci il tarixli 15/03-302-3843 nömrəli məktubda qeyd edilmişdir ki, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə görə iddiaçıya kompensasiyanın ayrılıb-ayrılmaması, ayrıldığı təqdirdə cavabdehin hesabına ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi barədə məktubda qaldırılan məsələ ilə bağlı Maliyyə Nazirliyində hər hansı sənəd və rəsmi məlumatın olmadığını bildirir və iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı sorğu edilən məlumatların əldə olunması üçün müvafiq ərazidə daşınmaz əmlakları dövlət ehtiyacları üçün alan quruma - Azərbaycan Avtomobil X4 müraciət olunması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Eyni Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Bu baxımdan, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Avtomobil X3 yaradılması haqqında” 18.10.2017-ci il tarixli 1638 nömrəli Fərmanı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Fərmanın 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Agentlik Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərən, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsini, istismarını, bərpasını, təmirini, yenidən qurulmasını və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, o cümlədən yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirən publik hüquqi şəxsdir. “Publik hüquqi şəxslər haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən, publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur (2.1). Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (2.2). Azərbaycan Respublikası Prezidentinin 19.12.2017-ci il tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X1”nin 1.4-cü bəndinə görə, Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. AR Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, cavabdeh qanunun hərfi mənasında inzibati orqan olmasa da, “qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs”dir. İnzibati mübahisələr isə inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi, habelə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi yaxud həmin aktların etibarsızlığının tanınması (qanunsuz sayılması) barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu mənada, dövlət tərəfindən yaradılan publik hüquqi şəxs olaraq hazırkı mübahisə üzrə hərəkətləri inzibati orqan kimi ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozması, eləcə də iddia ərizəsində vurulduğu irəli sürülən zərərin məhz onun hərəkətləri nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin sonuncunun öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması iş materialları, o cümlədən cavabdehin yazılı etirafları ilə sübut olunur. Odur ki, apellyasiya şikayətinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən avtomobil tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyənləşdirilməməsi barədə dəlili əsassızdır və cavabdehin işdə olan 25.10.2019 və 03.04.2020-cu il tarixli məktubları ilə tam təkzib olunur. Həmin məktublarda cavabdeh göstərmişdir ki, torpaq sahəsinin yol tikintisi altına düşmüş hissəsi 307,24 kv.m-dir. Eyni qaydada apellyasiya şikayətinin Maliyyə Nazirliyinin işə cəlb olunmaması barədə dəlili də əsaslı deyil. Birincisi, iddiaçıya ödənilməli kompensasiyanın məbləği müəyyəndir və tərəflər arasında mübahisəsizdir. İkincisi, həmin məbləğdə kompensasiyanın ayrılması üçün cavabdeh artıq Nazirlər Kabinetinə müraciət etmişdir. Üçüncüsü, Maliyyə Nazirliyinin özü məsələ ilə bağlı daşınmaz əmlakı dövlət ehtiyacları üçün alan qurum qismində çıxış edən cavabdehə müraciət etməyi tövsiyə etmişdir ki, bütün bunlar da apellyasiya şikayətinin həmin dəlilinin formal xarakter daşımaqla, işin uzadılması və cavabdehin kompensasiyanın ödənilməsindən yayınma cəhdlərinə dəlalət edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin iddiaçıya kompensasiya ödənilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunaziddir və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur, imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-868/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Avtomobil X3 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar