Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-479/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İPM m.33.1). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixində başlamışdır. Həmin tarixdən indiki dövrə qədər əmək fəaliyyəti ilə məşğuldur. Qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən pensiya hüququnu yaranmış və cavabdeh tərəfindən pensiya təyin edilmişdir. Lakin pensiya təyin olunarkən onun fikrinə görə düzgün hesablanma aparılmamışdır. Belə ki, əslində almalı olduğu pensiya daha çox hesablanmalı olmasına baxmayaraq, 177,94 manat yaşa görə pensiya təyin olunmuşdur. Pensiyanın məbləğində düzgünlük olmadığından tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixində müraciət olunmuşdur. Müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********8 saylı cavab verilmişdir. Cavabdan bəlli olur ki, inzibati orqan onun pensiyasının yenidən hesablanmasını həyata keçirmiş və onun pensiyası xx.xx.2018-ci il tarixdən 195.76 AZN təşkil etmiş və xx.xx.2019-cu il tarixdən ödənilməli olan pensiya miqdarı 201.64 AZN təşkil edir. Lakin, hesab edir ki, qeyd edilən miqdar da düzgün hesablanmamışdır. Belə ki inzibati orqan öz cavab məktubunda qeyd etmişdir ki, onun əslində əmək fəaliyyəti ilə məşğul olduğu dövr yəni xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən həmin müddətin sosial sığorta stajı olaraq nəzərə alınması qanunazidd hesab olunmuşdur. Hesab edir ki, bu cür yanaşma qanunvericiliyə ziddir. Belə ki, o, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrlər üzrə bütün vergi və məcburi ödənişlərini həyata keçirmişdir. Cavabdehin öz daxili qeyri-müəyyən problemlərinə görə sosial sığorta stajının müəyyən edə bilməməsi pensiyanın həmin hissədə ödənilməməsinə səbəb kimi göstərilə bilməz. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövr sığorta olunanın sosial sığorta haqlarının ödənişi olunmadığından həmin dövr sosial sığorta stajı hesab edilməmişdir. Qeyd olunan dövrlərin sığorta stajına daxil edilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaracaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüquqununun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eynilə, Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004- cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuna ziddir. Belə ki, yaşa görə əmək pensiyası təyin olunma şərtləri pozulmuşdur. 1992-2004-cü ilin hesabatlarında adı mövcud olmayan, dolayısı ilə əmək haqqından heç bir ödəniş tutulmayan vətəndaşın işlədiyi müəssisə tərəfindən 2006-cı ildən əvvəlki tarixdə də dövlət büdcəsinə ödənişlər həyata keçirilməmişdir. əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Həmçinin, vətəndaşın müəssisə ilə bağlı təqdim etdiyi sənədlərdə əmək haqqqı barədə qeydləri öz əksini tapmamışdır. Borcların silinməsi onların kompensasiya edilməsi demək deyildir. Borcların silinməsi faktı yaşa görə pensiya təyin edilməsi üçün əsas deyil. Çünki pensiya təyinatı məhz həmin əmək haqqından tutulan və dövlət büdcəsinə keçirilən ödənişlər hesabına həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Ağayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin hallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixdən, xx.xx.1957-ci il təvəllüdlü iddiaçıya 177,94 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunması işin mübahisələndirilməyən halını təşkil edir. Konkret halda, işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçıya pensiya təyinatı aparılarkən onun əmək kitabçası üzrə xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlər əsassız olaraq sığorta stajına daxil edilməmişdir. İddiaçının işdə olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı həmin illərdə aşağıdakı müəssisələrdə çalışmışdır: xx.xx.1987 - xx.xx.1995-ci illərdə Qazaxıstan Respublikasında, X6 İdarəsində nəzarətçi montyor və aparatçı (xx.xx.1992 - xx.xx.1995 dövrü üzrə 3 il 12 gün); xx.xx.1995-xx.xx.2000-ci illərdə “X3”ində köməkçi fəhlə (4 il 8 ay 29 gün); xx.xx.2001-xx.xx.2004-cü il tarixədək "xxxx" Şirkətində, menecer (3 il 6 ay 24 gün) İddiaçının qeyd olunan dövlər üzrə iş stajı toplandıqda, ümumilikdə, 11 il 4 ay 5 gün stajı mövcud olur. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin tələbinə əsasən müəyyən olunur ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Göründüyü kimi, Qanunun qeyd olunan tələbinə münasibətdə iddiaçının sözügedən dövlər üzrə 11 il 4 ay 29 gün iş stajının nəzərə alınmamısı onun əmək pensiyasının ümumi məbləğinə öz təsirini göstərir. Cavabdeh tərəfindən iddia ərizəsinə etirazında, eləcə də, hazırkı apellyasiya şikayətinin dəlillərində iddia olunan illərin, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirərək iddiaçının sığorta stajı kimi qəbul edilməsi qanunvericiliyə zidd hesab olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı cavabdehin sözügəedən dəlillərini əsassız sayır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İşin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.1987 xx.xx.1995-ci illərdə Qazaxıstan Respublikasında X6 İdarəsində nəzarətçi montyor və aparatçı işlərində çalışdığı dövrün yalnız xx.xx.1992-ci il tarixinə kimi olan hissəsi onun sığorta stajı kimi nəzərə aldığı halda, xx.xx.1992-ci il tarixdən xx.xx.1995 ilə qədər (3 il 12 gün) olan hissəsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyinə istinadən nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikasının 15 noyabr 1996-cı il tarixli 195-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin: -1-ci maddəsinə əsasən tərəflərin vətəndaşlarının və onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində yaşadıqları dövlətin qanunvericiliyi əsasında həyata keçirilir; - 5-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin vətəndaşlarına pensiya təyin olunması yaşayış yeri üzrə həyata keçirilir; 2-ci bəndinə əsasən tərəflərin vətəndaşlarının pensiya hüququnun, o cümlədən güzəştli əsaslarla və xidmət illərinə görə pensiya hüququnun müəyyən edilməsi üçün onların ərazilərində, həmçinin keçmiş SSRİ ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış iş stajı nəzərə alınır; - 6-cı maddəsinə əsasən əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə və ailə başçısını itirməyə görə pensiyalar, pensiya üçün müraciət edənin daimi yaşayış yeri üzrə, onun ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, pensiya ödənilməsi üçün nəzərdə tutulan öz vəsaiti hesabına hesablanır və ödənilir. -13-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, bu Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri müvafiq qüvvədə olma müddətinin keçməsinə 6 ay qalmış onun qüvvəsinin dayandırılması barədə öz arzusunu yazılı bildirmədikdə avtomatik olaraq hər dəfə 5 il uzadılır. Göründüyü kimi, Qazaxıstan Respublikasında işləyən vətəndaşların həmin dövlətdə əldə etdikləri iş stajı pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınır. Beləliklə, həmin sazişlə Qazaxıstan Respublikasında işləyən vətəndaşlara orada işlədikləri dövrlərin pensiya təyinatı zamanı iş stajı kimi nəzərə alınması təminatı verilmişdir. Belə olan halda, cavabdeh tərəfindənhəmin dövrün iddiaçının pensiyasında nəzərə alınmaması hökumətlərarası həmin Sazişin tələblərinə ziddir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən pensiya təyinatı zamanı iddiaçının xx.xx.1995-xx.xx.2000-ci illərdə “X3”ində köməkçi fəhlə (4 il 8 ay 29 gün) kimi, xx.xx.2001-xx.xx.2004-cü illlərdə isə "xxxx" Şirkətində menecer (3 il 6 ay 24 gün) kimi işlədiyi dövrlərin də nəzərə alınmamısı qanunsuzdur. Belə ki, birincisi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Neftqaztikinti” trestinin 12 oktyabr 2021-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş 08 oktyabr 2021-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur ki, “Neftqaztikinti” trestinin arxiv fondunun materiallarına əsasən İddiaçı xx.xx.1995-ci il tarixli 29/л nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin Avtonəqliyyat Kontoruna 3 nömrəli avtodəstəyə yardımçı fəhlə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 39/k nömrəli əmrə əsasən İstismar şöbəsinə 2-ci dərəcəli müvəqqəti mühəndis vəzifəsinə, xx.xx.1999-cu il tarixli 56/k nömrəli əmrlə 3 nömrəli avtodəstəyə yardımçı fəhlə keçirilmiş və o, xx.xx.2000-ci il tarixli 10/ş nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İkincisi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 27 avqust 2021-ci il tarixli məktubuna əsasən "xxxx" Şirkəti (sonradan "xxxx" MMC) 25 avqust 1998-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 31 avqust 2021-ci il tarixli məktubuna əsasən isə xx.xx.1998-ci ildə dövlət qeydiyyatına alınmış, əvvəlki adının Azerbaijan-P.Dussman Ltd Şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********)) ləğv olunduğu aşkar edilməmişdir. İddiaçının əmək kitabçasında hər iki iş yeri üzrə qeydlərində qüsurlar aşkar edilmir. Əslində, cavabdeh tərəfindən iddiaçının həmin müəssisələrdə işlədiyi dövrdə məcburi sığorta haqlarının ödənilmədiyi mübahisələndirilərək, onun sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə zidd hesab olunur. Əsasnamənin qeyd olunan 3-cü bəndi isə nəzərdə tutur ki, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Göründüyü kimi, qeyd olunan halda qanunvericiliklə müəyyən olunmuş hallar istisnalar nəzərə alınır. Qanunvericiliklə isə başqa hallar nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının işlədiyi həmin dövrlərdə qüvvədə (xx.xx.1992-ci ildən xx.xx.2006cı ilə qədər) olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövrlər üzrə iş stajının məcburi sosial sığorta haqlarının ödənilmədiyi əsas tutularaq, ona pensiya təyin olunarkən sığorta stajına daxil edilməməsi əmək pensiyaları haqqında qanunvericiliyin tələblərin zidd olmuş, iddiaçının hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunazidd və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-194/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-479/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-479/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver