Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-479/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7065/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 04/03 №-li, xx.xx.2014-cü il tarixli qərarına əsasən ona yəni İddiaçı ayrılmış ünvan 1 ünvanında yerləşən, 550 kv. m., torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın və torpaq sahəsinə dair plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...13 sentyabr 2002-ci ildə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 08/2 nömrəli qərarı ilə Binəqədi rayonu, 7-ci mkr., Xarici Dairəvi küçəsində, 3/15 saylı yaşayış evinin yaxınlığında 300 kv. m. torpaq sahəsi müvafiq cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində qərarda göstərilən şərtlərinə uyğun olaraq fərdi yaşayış evi inşa etdirərək həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamağa başlamışlar. Lakin bir neçə ildən sonra sosial proqramların həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 saylı Qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3126/27 ünvanında ikinci xəttin “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar olaraq həmin ərazidə ona məxsus yaşayış evi sökülmüşdür. Eyni zamanda, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixlərdə Nazirlər Kabinetinin aidiyyəti Komisiyada keçirilən müşavirələrdə Binəqədi rayonu ərazisində digər bir sahədən əvəzlənərək onun isitifadəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması tapşırığının icrası ilə əlaqədar, Bakı Metropolitenin yeni inşa edilmiş “Avtovağzal” stansiyasının yaxınlığında Binəqədi rayonu Xocahəsən bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 06/05 saylı qərarı ilə ona 550 kv. m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində Bakı Metropoliteni idarəsinin vəsaiti hesabına Xocəsən qəsəbəsi ərazisində fərdi yaşayış evi inşa edilərək ona təhvil verilmişdir. Fərdi yaşayış evinin Reyestr nömrəsi **********05- 10301 saylı, xx.xx.2017-ci il tarixli texniki pasportu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əldə edə bilsə də, tikinti altı torpaq sahəsinə çıxarış əldə edə bilməmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmış və təsdiqlənmiş alqı-satqı aktı təqdim edilməmişdir. Həmçinin, idarənin arxivində olan Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 04/03 nömrəli və xx.xx.2014-cü il tarixli 06//05 nömrəli qərarına münasibətdə bildirirlər ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan başqa, fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bankın razılıq məktubu təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportla faktiki göstərilən torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsinin faktiki ölçüsü 563 kv. m. təşkil edir. “A” tikilisində rekonstruksiya işləri aparılmışdır, 1-ci mərtəbədə əlavə arakəsmə inşa edilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl şirkətinin) istifadəsinə verilmiş ərazidə yerləşir. Torpaq sahəsinə 3.6 m. məsafədən 317 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7065/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 04/03 №-li, xx.xx.2014-cü il tarixli qərarına əsasən İddiaçı ayrılmış ünvan 1 ünvanında yerləşən, 550 kv. m. torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və torpaq sahəsinə dair plan-ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “…Fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bankın razılıq məktubu təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportla faktiki göstərilən torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsinin faktiki ölçüsü 563 kv.m təşkil edir. “A” tikilisində rekonstruksiya işləri aparılmışdır, 1-ci mərtəbədə əlavə arakəsmə inşa edilmişdir. Torpaq sahəsinə 3.6 m məsafədən 317 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçir. Torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Belə ki, “Dövlət torpaq kadastrı, torpaların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 9-cu abzasına əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Təqdim edilmiş cizgidə istinad və istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İdarənin arxivində olan Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 04/03 nömrəli və xx.xx.2014-cü il tarixli, 06//05 nömrəli qərarına münasibətdə bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl şirkətinin) istifadəsinə verilmiş ərazidə yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 04/03 №-li xx.xx.2014-cü il tarixli qərarına əsasən ona, yəni İddiaçı, ayrılmış ünvan 1 ünvanında yerləşən, 550 kv. m., torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin: 6-cı hissəsinə əsasən “bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər...” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. X1 (Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısının) 1-ci hissəsinin 1-5-ci bəndlərinə əsasən Binəqədi bələdiyəi Binəqədi, Biləcəri, Xocahəsən, M.Ə.Rəsulzadə qəsəbələrinin aid olduğu müvafiq bələdiyyələrin əraziləri çıxılmaqla Binəqədi rayonu ərazisini əhatə edir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun 1-ci hissəsinin 2-ci abzasına əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. İş materiallarına əsasən müəyyən olunan işin faktiki halları aşağıdakılardan ibarətdir: - Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “ fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2002-ci il tarixli, 08/2 №-li qərarı ilə iddiaçıya - Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda aparılan döyüşlərdə əlil olmasını nəzərə alaraq ona fərdi yaşayış evinin tikintisi üçün 300 kv. metr torpaq sahəsinin pulsuz ayrılması məqsədəuyğun hesab edilərək Binəqədi rayonu 7-ci mikr., Xarici Dairəvi küçəsində, 3/15 saylı yaşayış evinin yaxınlığında qərara əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün pulsuz 300 kv. metr torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 317 №-li sərəncamı ilə iddiaçı Qarabağ müharibəsinin 1 qrup əlili kimi 5 nəfər ailə tərkibində güzəştli əsaslarla yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülmüşdür. - Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 04/03 №-li Qərarında görünür ki, Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar olaraq İ qrup Qarabağ müharibəsi əlili İddiaçı ona məxsus fərdi yaşayış evi sökülmüş və əvəzində ona Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikilərək təhvil verilmiş, iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, həmin evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmiş, Binəqədi rayon İcra Hakimiyyəti Xocəsən bələdiyyəsinə ünvanlanmış 15-M-54 saylı 20 fevral 2014-cü il tarixli məktubunda iddiaçının müraciətinə baxılması xahiş edilmiş və sonuncu tərəfindən yerində torpaq sahəsinin cizgisi tərtib edilərək rəy verilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmiş və bu sonuncunun 15-M-54 saylı 18 mart 2014-cü il tarixli məktubu ilə cizgi razılaşdırılaraq müsbət rəy verilmişdir. -Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin işə əlavə edilmiş xx.xx.2014cü il tarixli, 06/05 №-li Qərarından isə görünür ki, Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar olaraq İ qrup Qarabağ müharibəsi əlili İddiaçı məxsus fərdi yaşayış evi sökülmüş əvəzində Xocəsən bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikilərək ona təhvil verildiyi, Binəqədi rayon İcra Hakimiyyətində 15 M-54 saylı 18 mart 2014-cü İl tarixli məktubla cizgi razılaşdırılaraq müsbət rəy verildiyi, bununla bağlı Xocəsən bələdiyyəsi 04/03 saylı 15 aprel 2014-cü il tarixli qərar qəbul edərək, yenidən Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edən iddiaçıya ayrılan torpaq sahəsinin yerində 550 kv.m. olduğunu bildirildiyi və ünvan 1 ünvanında yerləşən 550 kv.m torpaq sahəsinin sənədləşdirilməsi barədə xahişi nəzərə alınaraq Xocəsən Bələdiyyəsinin 04/03 saylı, 15 aprel 2014-cü il tarixli Qərarının 1-ci bəndində “300”(kv.m) ədədi “550”(kv.m) ədədi ilə əvəz edilmişdir. - Daha sonra, işin mübahisələndiriməyən hallarından göründüyü kimi, "xxxx" QSC tərəfindən əvəzsiz olaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikilərək iddiaçıya təhvil verilmiş və onun ünvan 1 ünvanında yerləşən həmin fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 376 nömrəli reyestri kitabının 35192 vərəqində xx.xx.2017-ci il tarixdə № ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınıb ona reystrdən RX seriyalı, ******* №-li çıxarış verilmişdir . Beləliklə də iddia ərizəsindən və tədqiq olunan sənədlərlə müəyyən olunan hallarıdan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda aparılan döyüşlərdə əlil olması nəzərə alınmaqla, iddiaçıya Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2002-ci il tarixli, 08/2 №-li qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona Binəqədi rayonu 7-ci mikr., Xarici Dairəvi küçəsində, 3/15 saylı yaşayış evinin yaxınlığında 300 kv.m torpaq sahəsi ayrılmış, həmin topaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş, lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 saylı Qərarında irəli gələn tələbləri çərçivəsində “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar iddiaçıya məxsus fərdi yaşayış evi sökülmüş və Binəqədi rayon İcra Hakimiyyətinin rəyi də nəzərə alınmaqla, Bakı şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin 15 aprel 2014-cü il tarixli 04/03 saylı və xx.xx.2014-cü il tarixli, 06/05 №-li Qərarlarına əsasən, iddiaçıya ünvan 1 ünvanında 550 kv. m. torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində Bakı Metropolitenini tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilərək əvəzsiz olaraq ona təhvil verilmiş və hazırkı cavabdeh orqan (hüquq sələfi) tərəfindən xx.xx.2017-ci il tarixdə həmin evə iddiaçının mülkiyyət hüququ qeydə alınaraq reyestrdən çıxarış verilmişdir. Bütün bunlar, onu deməyə əsas verir ki, həmin torpaq sahəsi və üzərində inşa edilmiş ev tam qanuni əsaslarla iddiaçıya məxsusdur. Fərdi yaşayış evinin işə əlavə olunmuş cavabdeh orqan (hüquq sələfi) tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş Texniki pasportundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi dördbucaqlı formasınada torpaq sahəsinin faktiki ölçüsü 550 kv.m (26,77x20,78) təşkil edir. Konkret halda, iddiaçı fərdi yaşayış evinin yerlləşdiyi həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınıb reyestrdən çıxarış verilməsini məhkəmədən tələb etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qanunun qeyd olunan tələblərinə münasibətdə, mübahisəli ünvanda, iddiaçının onun mülkiyyəti kimi qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də mülkiyyət hüququnun qeydə alınması üçün əsaslar mövcuddur. Lakin cavbdeh apellyasiya şikayətinin ilkin dəlilində mübahisələndirir ki, fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olduğu halda, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bankın razılıq məktubu təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlili əsasızdır. Çünki, torpaq sahəsi ipotekaya qoyulmamış və iddiaçının mülkiyyəti kimi qeydə alınmadığı halda, “İpoteka haqqında Qanunun” 6-cı maddəsinin tələbləri baxımından ipoteka predmeti saylıa da bilməzdi. Digər tərəfdən, Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Həmin Məcəllənin 89-cu maddəsinin 1-ci hissəsinə əsasən ipoteka haqqında müqavilə üzrə hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri ipoteka qoyula bilər. Eyni zamanda, cavabdehin, yerli baxış zamanı texniki pasportla faktiki göstərilən torpaq sahəsi arasında perimetrik ölçü fərqli olduğunu bildirən dəlillərinin formal xarakterli olduğu aydın görünür. Torpağın faktiki ölçüsünün 563 kv.m təşkil etdyini mübahisələndirməsinə gəldikdə, iddiaçının artıq sahəyə dair tələbi mövcud deyil, onun tələbi konkret halda bələdiyyənin qərarı ilə ayrılmış 550 kv.m sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması təşkil edir. Həmin torpaq sahəsi üzərində yerləşən evin 1-ci mərtəbəsində əlavə arakəsmə inşa edildyini bildirən dəilili ilə əlaqədar qeyd olunmalıdır ki, birincisi, ev artıq qeydə alınmış və iddiaçının konkret halda hər hansı bir özbaşına tikiliyə deyil, yerləşdiyi torpaq sahəsinə aidddir. Eyni zamanda, şikayətdə torpaq sahəsinə 3.6 m məsafədən 317 mm-lik orta təzyiqli yeraltı qaz xətti keçdiyini, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisinə uyğun gəldiyini mübahisəlndirməsi ilə əlaqədar qeyd olunmalıdır ki, birincisi, həmin torpaq sahəsi iddiaçının əvvəlki evinin Metro tikintisi altına düşdüyü nəzərə alınmaqla, dövlət hakimiyyəti tərəfindən həyata keçirilən tədbir əsasında, əvəzsiz olaraq ayrılmış, həm də yerli icra hakimiyəti orqanı tərəfindən verilmiş rəy əsasında bələdiyyə qərarlarına müvaifq olaraq verilmiş, həmin torpağın üzərində tikilən ev də, məhz, onun özü tərəfindən inşa edilməmiş, "xxxx" tərəfindən tikilib ona təhvil verilmiş və cavabdehin hüquq sələfi tərəfindən də iddiaçının adına qeydiyyata alınıb ona reyestrdən çıxarış verilmişdir ki, konkret halda da, nə bələdiyyənin həmin qərarları, nə də ki, onun üzərində tikilən həmin evin çıxarışı mübahisələndirilməmiş, ləğv olunmamış, qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci madddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi ilə qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsinin müəyyən edilmədiyini və qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7065/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94, 108-110-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7065/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-479/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-479/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver