Məhkəmə qərarları › İş №2-1(103)-4793/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4793/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4793/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il tarixli, H00191263GUQ nömrəli tibbi göndəriş (Forma 88) üzrə orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2299/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın Cavabdehnə qarşı əlilliyin təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət keçərkən 44 günlük Vətən Müharibəsində yaralanmış və bununla əlaqədar xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023 xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixlərdə isə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar müalicədə olmuşdur. Ona “barotravma” diaqnozu təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X2 Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1562 saylı rəyinə əsasən iddiaçıya “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla F07.0” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə tibb müəssisəsi tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə verilmiş göndəriş (F-88) ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür. Bu barədə iddiaçının mobil telefonuna xx.xx.2024-cü il tarixdə saat 09:00- da sms-bildiriş daxil olmuşdur. Lakin bu günədək onun əlillik vəziyyəti qiymətləndirilməmiş və qiymətləndirilməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməməsini imtina kimi qəbul edir və hesab edir ki, bu imtina əsassız və qanunsudur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, 3001 saylı Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı barotravma) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları, depressiv daxilolmalarla. İkitərəfli İ dərəcəli neyrosensor ağıreşitmə. İkitərəfli tubootit” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Burun çəpərinin septoplastikadan sonrakı perforasiyası. Onurğanın L4-L5 fəqərəarası diskinin yırtığı, funksiyanın pozulmaması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Dişləm anomaliyası, funksiyaların pozulması olmayan" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 5756/22 saylı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunqedişli posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9332/22 saylı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Uzunqedişliposttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 2203/23 saylı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı barotravma) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 4313/23 saylı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı barotravma mənşəli) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1562 saylı Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli, 10146/23 saylı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-boyunun üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı barotravma mənşəli) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, əsəbilikdən, yaddaş zəifliyindən, baş ağrılardan şikayətlənmiş, bu zaman “toz halında" dərman içdiyini bildirmişdir. Müayinəyə daxil olduğu andan xidmət müddətini belə xatırlamayan, yəni anlaqsız şəxs kimi davranmışdır. Suallara qısa cavablar vermişdir. Müayinənin gedişatında passiv aqressiv tərzi, təfəkkürü və məntiqiliyi aydın görünmüşdür. Dediklərinə əməl edilmədikdə aqressivləşdiyini söyləmişdir. Əsəbləşərkən qonşuların onu sakitləşdirdiklərini bildirmişdir. Davamlı müalicəsi olmamışdır. Zahirən səliqəsiz və baxımsız olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli nevrozabənzər sindrom” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2299/2025 saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilərək, İddiaçı Bakı 2 saylı X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, H00191263GUQ saylı tibbi göndəriş (Forma 88) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəməpsixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Qeyd olunanları nəzərə alaraq, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində şikayətin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1190 saylı rəydən görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən olunmuşdur. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 692 saylı rəydən görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3001 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçıya “1) Baş-beyin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı barotravma) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları, depressiv daxilolmalarla (F06.3) (F07.8). İki tərəfli 1-ci dərəcəli ağır neyrosensor ağıreşitmə. İki tərəfli tubootit. 2) Burun çəpərinin septoplastikadan sonrakı perforasiyası. Onurğanın L4-L5 fəqərəarası diskinin yırtığı, funksiyanın pozulmaması ilə (H90.3 H68.0 J34.8 K07.0), 3) Dişləm anomaliyası, funksiyaların pozulması olmayan” diqanozu, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” təyin edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyinin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı barotravma mənşəli) nəticəsində ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları” diaqnozun öz təsdiqini tapmaması əsası ilə imtina olunmuşdur. İş materiallarında olan Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-1-15219/2024 saylı qərarına əsasən, iddiaçıda “Üzvi mənşəli nevrozabənzər sindrom” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1339 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: xx.xx.1973-cü il təvəllüdlü İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla F07.0 aşkar olunur. 2-ci sual üzrə: İddiaçı canlı müayinəsi zamanı onda xx.xx.2024-cü il tarixli, H00191263GUQ nömrəli göndərişdə (Forma 88) qoyulmuş diaqnozlar təsdiqini tapır. 3-cü sual: xx.xx.1973-cü il təvəllüdlü İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla F07.0 müəyyən edilir. 4-cü sual: İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), depressiv daxilolmalarla müşahidə edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3-cü maddəsinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 saylı X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, H00191263GUQ nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdeh müraciəti “Diaqnozun öz təsdiqini tapmaması” səbəbi ilə təmin edilməmişdir. Bakı 2 saylı X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, H00191263GUQ nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən edilmişdir: Əsas diaqnoz – F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Ağırlaşma – F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları; Ağırlaşma – F06.3 - Əhvalın üzvi mənşəli (affektiv) pozuntu. Birinci instansiyası məhkəməsi iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2024-cü il tarixli göndərişdəki (Forma 88) və məhkəmə-psixiatriya ekspertizası üzrə təqdim edilmiş ekpsertiza rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab etmişdir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qoyulan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 1339 saylı ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı barotravma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilomalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilmiş və H00191263GUQ nömrəli tibbi göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Birinci instansiyası məhkəməsi haqlı olaraq işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab etmişdir. Belə ki, 7.6.2.1-ci yarımbənddə diqqət yetirilməli məqam odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu şəxsdə aşkar edilirsə bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət edilməlidir. Məhkəmə-psixiatrik ekspertizası tədqiqatı üzrə müvafiq rəyin motivləşdirici hissəsindən görünür ki, İddiaçı “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edilməsi anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da "Üzvi şəxsiyyət pozuntusu. Depressiv daxilolmalarla” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) ilə sübut edilir. Göründüyü kimi iddiaçının hazırkı psixi vəziyyəti və əsas diaqnozun ağırlaşmasının onda olması təkzib edilmir. Hazırkı halda iddiaçıda İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozunun mövcudluğu müəyyən edilmişdir və bu pozuntu iddiaçının ümumilikdə sərbəst yaşamaq bacarığına mane olmasa da, ruhi vəziyyətindən irəli gələn bəzi hallarda (məsələn, zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) kənar şəxslərin köməyinə ehtiyacının olmasını istisna edə bilməz. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntular 7.6.2.1-ci altbənddə nəzərdə tutulmuş “həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” halına uyğundur. Göstərilən xəstəlik isə iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün əsas verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin yazılış qaydası daha çox narazılıq bəyanatı təsiri bağışlayır: ümumi ifadələrdən ibarətdir və əksər işlərə uyğunlaşdırıla bilən şablon üzrə işlənib, lakin şikayətin məzmununda məhkəmə qərarının hansı hissəsinin niyə səhv olduğu barədə yoxlanıla bilən hüquqi təhlil öz əksini tapmır. Şikayətdə həmçinin Ali Məhkəmənin diskresiya ilə bağlı yanaşmasına istinad da var. Lakin hazırkı işdə məhkəmə diskresiyanı əvəz edib qərar qəbul etməyib, əksinə diskresiyanın həyata keçirilməsinin qanuni çərçivəsini yoxlayıb. Diskresiya belə hallarda da şərtsiz azadlıq deyil, məhkəmə məhz diskresiyanın düzgün icra olunub-olunmadığını qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2299/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2-1(112)-2299/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar