Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4794/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Fərid İlham oğlu Mədətli və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9534/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu (keçmiş Lenin) rayon İcra Hakimiyyəti başısının xx.xx.1991-ci il tarixli, 26/175 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində şimal-qərb hissəsində yerləşən ümumilikdə 1200 kv.mdən ibarət olan mərhum əri X1 istifadəsinə ayrılmış torpaq sahəsinin yerləmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum ərinin adına Sabunçu (keçmiş Lenin) rayon İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli, 26/175 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində qəsəbənin şimal-qərb hissəsində ümumilikdə 12 sotdan ibarət olan torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ərinin ailə tərkibinin 6 nəfərdən ibarət olması nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Hazırda həmin torpaq sahəsi o vaxtdan bəri onların istifadəsindədir və hasara da alınmışdır. Bu torpaq sahəsi hər hansı bir şəxslər arasında mübahisə predmeti deyildir. Əri xx.xx.2014-cü ildə vəfat etmişdir. Onun ölümü ilə əlaqədar qanunamüvafiq qaydada vərəsəlik işi açılmış və bununla əlaqədar olaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi də verilmişdir. Lakin, bu torpaq sahəsi üzrə sənədləşmə işi aparılmamışdır. Bununla əlaqədar olaraq o, yenidən vərəsəlik işi açılmış notariat ofisinə müraciət edərək həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquunun qyedə alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Nəticədə, notariat ofisi Əmlak Məsələləri Dövlət Ximəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış müvafiq məktub tərtib edərək ona təqdim etmişdir. Həmçinin də, ona izah olunmuşdur ki, ilk növbədə həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydə alınmasından öncə, torpaq sahəsinin yerləşmə sxeminin əldə olunması məqsədi ilə onun ərazisində yerləşdiyi yerli icra hakimiyyətinə müraciət etməlidir. O da, bundan sonra ərizə ilə müraciət etmiş və cavabdehdən bunu xahiş etmişdir. Lakin, cavabdeh əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edərək bu barədə 5-18/2-Ə-71-091/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub vermişdir. Həmin imtina məktubu ona yalnız bu ilin mart ayının 20-də çatıdırılmışdır. Həmin məktuba əsasən bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktının, habelə həmin əraizdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinin təmin edilməsi imkan xaricindədir. Hesab edir ki, bu qanunsuzdur və onun hazırki sahiblik hüququnu və gələcəkdə yarana biləcək mülkiyyət hüququnun pozulmasına gətirir. Bu da yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9534/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 34 il bundan öncə, yəni 1991-ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran qurum tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi 1200 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı, onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirilmişdir ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən, torpaq sahəsinin koordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsi və apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. İşin hallarından göründüyü kimi, torpaq sahəsi iddiaçının mərhum ərinin istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinin: - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. - 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. - 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). - 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikasinin 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan xx.xx.1976-cı il tarixdə verilmiş, İ-ЖГ seriyalı 395486 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnaməyə əsasən X5 ilə X4 xx.xx.1958-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1976-cı ildə, 806 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 670668 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə, 346 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 257 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1953-cü ildə doğulmuş, 2.03.2014-cü ildə ölmüş X2 adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 5.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X2 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklüküyünə) dair dövlət reyestrindən arayış verilməsi xahiş edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanan xx.xx.2025-ci il tarixli, 5-18/2-Ə-74-094-/2025 nömrəli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinin təmin edilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 19 may 2025-ci il tarixli, 3-48-2F/2-1030/2025 nömrəli məktubla Lenin rayon İH-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 26/175 saylı qərarının və ona əlavə edilmiş sənədin təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Həmin qərara əsasən X3 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində qəsəbənin şimal-qərb hissəsində ümumilikdə 12 sotdan ibarət olan torpaq sahəsi ayrılmışdır. Qərara torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilməmişdir. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 5-18/2-1695/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd edilən qərar barədə Cavabdehndə məlumat yoxdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, Lenin rayon İH-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 26/175 saylı qərarına əsasən iddiaçının mərhum əri X3 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində qəsəbənin şimal-qərb hissəsində ümumilikdə 12 sotdan ibarət olan torpaq sahəsi ayrılmışdır. Qərara torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilməmişdir. İddiaçının mərhum əri həmin torpaq sahəsi ona ayrıldığı zamandan ailəsi ilə birgə torpaq sahəsini istifadə etmiş, o, 2014-cü il tarixdə vəfat etmiş, həmin tarixdən bugünədək isə torpaq sahəsi onun ailə üzvlərinin istifadəsindədir. Lakin, hal-hazıradək torpaq sahəsinə dair cizgi əldə edə bilməmişlər. İddiaçı sözügedən qərar əsasında mərhum ərinə ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən torpaq sahəsinin ayrılması barədə ayrıc aktının, habelə həmin ərazidə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığına istinad edilməklə imtina edilmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. İddiaçı torpaq sahəsinə cizgi-sxemin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın və müvafiq olaraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları diqqətə çatdırır: Qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçının mərhum ərinə təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin cavabdeh iddiaçının mərhum ərinə ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, sözügedən halı Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışı da təsdiq etmişdir. Bu hal isə həmin torpaq sahəsi üzərində vərəsə kimi iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün hesab edərək qeyd edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra hakimiyyətinin qərarının mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Kollegiya qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, torpaq sahəsi iddiaçının mərhum ərinə naturada təhvil verilmiş olsa da, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə olan halda iddiaçının torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2246/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli; 2-1(102)-1755/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli, 2-1(102)-1595/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1396/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli; 2-1(102)-1359/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarları). Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9534/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-4794/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4794/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver