Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4795/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X5 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4534/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın reyetrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciət, idarənin arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adının aşkar olunmaması və elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 84 kv.m. hissəsinin bağçılıq-yoldaşlığa ayrılmış ərazilərin hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli nömrəli məktublarla təmin edilməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsinin onun mülkiyyəti kimi qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur. Sonradan iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsinin 466 kv.m hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-21-3-30/2-41995/2024 **********95 nömrəli məktuba əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsinin onun mülkiyyətinə qeydiyyata alınmasından imtina edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsi onun qanuni istifadəsindədir. Belə ki, o, "Azərbalıqsənaye" İstehsalat Birliyinin Bakı şəhəri, Orconokidze rayonu, Hövsan qəsəbəsində yerləşən Bakı Balıq Soyuducu Donanma İdarəsinin bağçılıqyoldaşlıq təsərrüfatının üzvü olmuşdur. 1997-ci ildə X2 imtina etdiyi 21 saylı bağ sahəsi ona, Məmmədova (Zamanova) Təranə Məmmədəli qızına ayrılmışdır. Qeyd edilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü kimi qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə edərək istifadəsində olan bağçılıq-yoldaşlıq təsərrüfatının torpaq sahəsi üzərindəki yaşayış sahəsini mülkiyyəti olaraq qeydiyyata aldırmış və bununla əlaqədar olaraq Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edilən yaşayış sahəsinin mülkiyyətinə qeydiyyata alınması zamanı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq adına verilmiş üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə verilmişdir. Eyni zamanda, "Azərbalıqsənaye" İstehsalat Birliyinin Bakı şəhəri, Orconokidze rayonu, Hövsan qəsəbəsində yerləşən 45 nəfər üzvdən ibarət kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının torpaq sahəsi Bakı şəhər X3 İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli 13/705 nömrəli Qərarına əsasən Serebrovski adına X6 İdarəsinin Bakı şəhəri Orconokidze rayonu, Hövsan qəsəbəsindəki torpaq sahəsindən ayrılmışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş, **********16 və **********95 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 84 kv.m. hissəsi bağçılıq-yoldaşlığa ayrılmış ərazilərin hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisəli 599 kv.m. torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4 Limited” Əməliyyat Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, vətəndaşlara sənaye təyinatlı torpaqlara dair onların təyinatı qanunvericiliyə uyğun qaydada dəyişdirilmədən hüquq müəyyənedici sənədlərin verilməsi qanuna zidd olmaqla yanaşı həmin vətəndaşların həyat və sağlamlığını təhlükə altına atır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4534/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı torpaq sahəsinin 466 kv.m. hissəsinə dair İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşlara sənaye təyinatlı torpaqlara dair onların təyinatı qanunvericiliyə uyğun qaydada dəyişdirilmədən hüquqmüəyyənedici sənədlərin verilməsi qanuna zidd olmaqla yanaşı həmin vətəndaşların həyat və sağlamlığını təhlükə altına atır. (etirazın əsasları ilə eynilik təşkil edir) Apellyasiya icraatı zamanı xx.xx.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, maddəsində nəzərdə tutulan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsindən görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş BM seriyalı, 004074 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Hövsan qəsəbəsi ünvanında yerləşən 1 (bir) yaşayış otağı olan 21.6 kv.m yaşayış sahəsi olan 21/2938 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 46 saylı reyestr kitabında 6616 saylı səhifədə, 30/6616 qeydə alma nömrəsi, xx.xx.2006-cı il tarixində qeydiyyat aparılmışdır; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən bağ sahəsinə dair texniki pasport tərtib edilmişdir. Cavabdeh tərəfindən 25 dekabr 2024-cü il tarixli 3-21-3-30/2-52185/2024 nömrəli məktubla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 21/2938 saylı bağ sahəsinə, o cümlədən Bakı Balıq Soyuducu Donanma bağçılıq yoldaşlığına dair arxiv qovluqlarında mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsinin iddiaçının adına ayrılmasına dair Bakı Balıq Soyuducu Donanma İdarəsinin Bağçılıq X1 Heyətinin 12 avqust 1997-ci il tarixli 2 saylı iclasının protokolundan çıxarış, üzvlük kitabçası, arayışlar və digər sənədlər İdarənin arxivində mövcuddur. O cümlədən, müəyyən edilmişdir ki, iddiaçının adına mübahisəli bağ sahəsi 1997-ci il tarixdə ayrılsa da, İdarənin arxivində olan bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı əvvəlki illərdə tərtib olunmuş siyahılardır; Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-21321/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 21/2938 (21) saylı bağ sahəsinin qonşuluğunda **********18-11301 reyestr nömrəli 9 saylı bağ evi, **********19 reyestr nömrəli 9 saylı bağ sahəsi, və **********53 22Z saylı bağ sahəsi reyestr nömrəli daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 21/2938 saylı bağ sahəsinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan bağ sahəsinin qonşuluğunda **********18-11301 reyestr nömrəli, **********19 reyestr nömrəli və **********53 reyestr nömrəli daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlərin, müayinə aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri kimi İdarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmamasına istinad edilsə də, iddiaçının sözügedən bağ sahəsi üzərində mülkiyyət hüququ artıq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minəndək, yəni 2006-cı il iyulun 6-dək qeydiyyata alınmış və bu barədə iddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Sözügedən qeydiyyat vəsiqəsi əsasında iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqları qeydiyyata alınmalıdır. O cümlədən, qeyd edilməlidir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair Bakı Balı Soyuducu Donanma İdarəsinin Bağçılıq X1 Heyyətinin 12 avqust 1997-ci il tarixli 2 saylı iclasının protokolundan çıxarış mövcuddur və protokoldan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə (2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Məhkəmə ikinci dəlilə (Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 84 kv.m hissəsi bağçılıq-yoldaşlığa ayrılmış ərazilərin hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir) münasibətdə qeyd etmişdir ki, məhkəmə icraatının gedişatında iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək mübahisəli bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin bağçılıqyoldaşlığa ayrılmış ərazilərin hüdudlarından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşən hissəsi (84 kv.m) tələbdən çıxarılmış və torpaq sahəsi üzərində hüquqların 466 kv.m hissədə qeydiyyata alınması xahiş edilmişdir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, işdə olan sənədlərlə həqiqətən torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış neft-qaz əməliyyatlarının aparılması üçün kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi öz təsdiqini tapsa da, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən torpaq sahələrinə dair çoxsaylı çıxarışlar mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının tədim etdiyi hüququmüəyyənedici sənədlər cavabdeh və üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir. Belə ki, qərardan cavabdeh apellyasiya şikayəti verməmiş, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri isə iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə bağlıdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd eedilməsini zəruri hesab edir. Baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiyanın verilməsində isə fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə olmasının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmaması barədə hüquqi mövqe Azərbaycan Resubılikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(112)-1984/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2364/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1416/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarlarında və 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4534/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4534/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4795/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4795/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver