Məhkəmə qərarları › İş №2-1(103)-4796/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4796/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4796/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya, qeyri-qanuni olaraq vurulmuş mənəvi ziyan əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq ödənilməsi və cavabdeh orqanın cavabdehlik daşıyan əməkdaşları barəsində “xüsusi” qərardad qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı bildirir ki, o, 07.2000-ci ildən xx.xx.2021-ci ilədək səhhətində olan xəstəliyə görə 2-ci qrup əlillik pensiyası (müddətsiz) almışdır. Sonradan pensiya təminatı cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafıə Fondu tərəfındən qanunsuz olaraq dayandırılmışdır. Bununla bağlı DSMF-уə yazılı müraciətinə baxmayaraq həmin orqanın əməkdaşları tərəfindən müraciətinə aidiyyatı üzrə açıqlama verilməmişdir. DSMFnin təqdim etdiyi 3 arayışa baxmayaraq, onların bu qanunsuz hərəkəti onu kritik stress durumuna salmış, mənəvi sarsıntılara məruz qoymuş, eyni zamanda maddi cəhətdən aclıq çəkməyə məcbur etmişdir. Məhz bunun nəticəsində səhhətində baş verən halsızlıq, pisləşmə ilə bağlı poliklinikaya, təcili tibbi yardıma müraciətlər etmişdir. Cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində sağlamlığına ciddi ziyan vurulubdur. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi də öz növbəsində vermiş olduğu və alt sistemdə yerləşdirilmiş məlumata, arayışa baxmayaraq məhkəməyə yalan məlumat vermiş, 2 dəfə komissiyadan keçdiyini bildirmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya (sağlamlığın bərpasına çəkilmiş xərclərin) və cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində qeyriqanuni olaraq vurulmuş mənəvi ziyanın əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-15626/2025 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

4. Cavabdeh orqan iddiaya dair etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olunsun. Qərar icra edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, 2021-ci ildən pozulmuş əlillik statusu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1241/2025 nömrəli qərardadından sonra xx.xx.2025-ci il tarixdə yenidən bərpa olunmuşdur. Bu o deməkdir ki, iddiaçı 4 il ərzində əlilliyi ilə bağlı dövlət tərəfindən ona təyin olunan imtiyaz və güzəştlərdən məhrum olmuş, sosial xidmətlərdən vaxtında yararlana bilməmişdir. Maddi vəziyyəti ağır olduğundan heç bir dərman ala bilməmiş, xəstəliyi daha da ağırlaşmış, əlavə olaraq yeni xəstəlik qazanmışdır. Həmin dövr ərzində əgər pensiya, əlillik statusu, aldığı pensiya məbləği qeyri-qanuni dayandırılmasaydı, qanunla ona düşən imtiyazlardan vaxtında istifadə edərdi. Dövlət tərəfindən verilən pulsuz dərmanlardan, sanatoriya-kurort müalicələrindən istifadə etmək imkanlarından məhrum olmuşdur. Ərzaq və digər maddi ehtiyaclarını təmin etmək üçün məcburi şəkildə yuxarı faizlərlə bankdan kreditin götürülməsinə məcbur olmuşdur. 4 il ərzində istifadə etdiyi dərmanların dəyəri, istifadə edə bilmədiyi güzəşt və imtiyazlar, maddi təminatsız qalmağı məhz cavabdeh orqanın ona qarşı qanunları pozmaqla hərəkət və hərəkətsizliyi nəticəsində əmələ gəlmişdir. Hesab edir ki, cavabdeh orqanın əsassız olaraq əlilliyibi bərpa etməməsi, maddi təminat almaq hüququndan məhrum etməsi, mənəvi stress yaşatması, azadlığının məhdudlaşdırılması deməkdir. Bu da Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “İnsan hüquqları və azadlıqları haqqında Konvensiya”sımn müddəalarına tamamilə ziddir. Bu sosial təminat hüququmun pozulması deməkdir. Uzun müddət fiziki zorakılıq, işgəncə deməkdir. Uzun müddət sosial və iqtisadi çətinlıiklər işgəncənin bir növüdür, insan psixologiyasına mənfi təsir göstərir, mənəvi zərər deməkdir, sağlamlığa ciddi ziyan vurur. iddiaçı da mənəvi əzab çəkmiş, sarsıntılar keçirmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək yeni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Cavabdeh təşkilata məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar qismən - iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı iddianın təmin edilməyən hissəsində yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiya ödənilməsi tələbinə dair iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.7-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Hazırki işdən görünür ki, iddiaçı cavabdeh orqanın qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyan əvəzi 20.000 AZN kompensasiya, qeyriqanuni olaraq vurulmuş mənəvi ziyan əvəzi 100.000 AZN məbləğin cavabdehdən tutularaq ödənilməsini tələb edir.

19. Cavabdeh orqan isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirmədiyini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmədiyini bildirərək, imtina cavabı vermişdir.

20. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır.

21. İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın öz vəzifələrini pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır).

22. Göründüyü kimi zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır.

23. Kollegiya qeyd edir ki, hazırki iş üzrə inzibati orqan kimi fəaliyyəti ümumi hüququn tənzimləmə predmetinə aid olan cavabdehin öz fəaliyyəti ilə qanunla daşıdığı vəzifələri iddiaçıya münasibətdə pozması, eləcə də iddia ərizəsində vurulmuş maddi zərərlə bağlı irəli sürülən tələbin cavabdehin qərəzli hərəkətləri nəticəsində baş verməsi, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifələrini pozması ilə pisləşmiş olması, yəni, cavabdehin hərəkətləri ilə vurulduğu güman olunan zərərin meydana gəlməsi və onlar arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur.

24. Nəzərə alınmalıdır ki, iddiaçıya əlilliyin təyin edilməməsi cavabdeh təşkilatın qərəzli hərəkərtləri deyil subyektiv yanaşması nəticəsində baş vermişdir ki, həmin yanaşmanın nəticəsində yaranmış qanun pozuntusu yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılmışdır. Hesab olunur ki, hazırki, iddia tələbi üzrə cavabdeh təşkilat tərəfindən qanun pozuntusunun həyata keçirilməsi yalnız qərəzli xarakter daşıdığı halda maddi zərərin tutulmasına əsas ola bilərdi. Belə ki, tərəflər arasında yaranmış mübahisə Qanun normasının cavabdeh tərəfindən fərqli qaydada qavramasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın maddi tələblə bağlı olan hissəsi təmin edilə bilməz.

25. Mənəvi zərərlə bağlı kollegiya qeyd edir ki, iddiaçı cavabdeh orqanının hərəkətləri nəticəsində qeyri-rəsmi xərc, əzab-əziyyət və iztirab çəkdiyini və bu səbəbdən ona məvəzi zərərin ödənilməsini tələb edir.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

29. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

30. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Aidiyyəti tibb müəssisəsi tərəfindən elektron qeydiyyat sistemində aparılmış axtarış məlumatlarına əsasən bildiririk ki, 2021- 2024-cü il tarixlərində “Respublika Təcili və X3 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103) vətəndaş İddiaçı adına çağırış daxil olmamışdır. 2025-ci il ərzində vətəndaşın adına daxil olmuş çağırışlar haqqında məlumatlar aşağıda sizə təqdim olunur: xx.xx.2025-ci il tarixində saat 14:35-də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya. Stresə qarşı kəskin reaksiya” diaqnozu təyin edilmişdir; xx.xx.2025-ci il tarixində saat 08:34-də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya” diaqnozu təyin edilmişdir; xx.xx.2025-ci il tarixində saat 23:55-də arterial təzyiq səbəbilə çağırış verilmiş və xəstəyə “Essensial hipertenziya” diaqnozu təyin edilmişdir;

31. Nəzərə alınmalıdır ki, iddiaçıya təyin edilmiş əlilliyə səbəb onun stabil gərginlik stenokardiyası və hipertoniya xəstəliyi olmuşdur. Tibbi ədəbiyyata əsaslansaq qeyd olunan xəstəliklərin döş sümüyü arxasında sıxıcı, yandırıcı ağrı, həmin ağrının sol qol, çiyin, boyun hissələrinə yayılması, baş ağrısı, baş gicəllənmə ilə müşayət olunması müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası belə qanaətə gəlir ki, iddiaçıya Təcili və X3 Mərkəzi tərəfindən çağırış üzrə qoyulan diaqnozlar iddiaçının mənəvi sarsıntı çəkməsi kimi deyil əziyyət çəkdiyi xəstəliyinin simptomları kimi qəbul edilməlidir.

32. Göründüyü kimi cavabdeh orqanın qanunsuz hərəkəti iddiaçını kritik stress durumuna salması, mənəvi sarsıntılara məruz qoyması, mənfi psixoloji vəziyyətinin yaranmasına səbəb olan hər hansı hal müəyyən olunmamış, iddiaçı da bu halı təsdiq edən hər hansı obyektiv arqument təqdim edə bilməmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15626/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar