Məhkəmə qərarları › İş №2-1(103)-48/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-48/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-48/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2, 3-cü şəxs X4, vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X7) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-75/2017 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 saylı qərarı ilə ona ayrılmış 218 saylı bağ-tikinti kooperativinin nəzdində Bakı şəhər Pirşağı massivində 0,12 hektar sahəli 261-B saylı bağ sahəsinə mülkiyyət hüququnun tanınaraq qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə Bakı şəhəri, Pirşağı massivində 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində 0.12 ha sahədən ibarət ayrılmış 261B nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarını onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 20.06.1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə ona 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində Bakı şəhəri, Pirşağı massivində 0.12 ha sahəli 261B nömrəli bağ sahəsi ayrılmışdır. Qərarın əsasında 218 nömrəli bağ-tikinti kooperativi tərəfindən ona 261-b sahəsinin mülkiyyətinə ayrılması barədə 04.07.1991-ci il tarixli order verilmişdir. Həmin sahə 1991-ci ildə bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin nümayəndəsi tərəfindən ona göstərilib təqdim edilmiş, lakin sahənin nə sxemi, nə xəritəsi, nə də koordinatları ona verilməmişdir. Həmin ərazidə iddiaçı tərəfindən tikinti işləri aparılmamışdır. 2015-ci ildə iddiaçı Bakı şəhər İK 20.06.1991-ci il tarixli 8/447 nömrəli qərarını və 218 nömrəli bağ-tikinti kooperativi tərəfindən verilmiş 04.07.1991-ci il tarixli orderi cavabdeh idarəyə təqdim edərək, bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Lakin, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 4.3, 8, 9.1.2 və 11.1-ci maddələrinə, Azərbaycan Respublikası MM-in 176.1-ci maddəsinə və Azərbaycan Respublikası İPM-in 2.2.2-ci və 73.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-75/2017 saylı, 14.12.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin 20.06.1991-ci il tarixli 8/447 nömrəli qərarı ilə Bakı şəhəri, Pirşağı massivində 218 nömrəli bağ-tikinti kooperativinin nəzdində 0.12 ha sahədən ibarət ayrılmış 261B nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması, 100 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi, 120 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən tutularaq ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2-1(103)-1085/2018 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.05.2018-ci il tarixli 2-1(103)-1085/18 saylı qərardadı ilə X7 hazırkı iş üzrə üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişdir. 03.07.2018-ci il tarixdə üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.03.2019-cu il tarixli 2-1(103)-50/2019 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.11.2019-cu il tarixli 2-1(102)- 2149/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 mart 2019-cu il tarixli, 2-1(103)-50/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin ərazisindən magistral kanalizasiya xətti keçir. Həmçinin, müvafiq bağ sahəsi mübahisə predmetidir. Belə ki, müvafiq bağ sahəsinə digər fiziki şəxs – X7 da iddialıdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Müvafiq işin tam və ətraflı araşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti və X7 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və təkrar ekspertiza təyin edilməlidir. Əvvəlki ekspertiza düzgün keçirilməmiş və müvafiq torpaq sahəsinin sərhədlərinin magistral kanalizasiya xəttindən neçə metr məsafədə yerləşdiyi müəyyənləşdirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onu məhkəmə icraatına cəlb etməli olduğu halda, bilərəkdən bunu etməmiş və nəticədə onun qanunla qorunan hüquq və mənafelərinə zidd qərar qəbul etmişdir. Halbuki cavabdeh həmin mübahisəli torpaq sahəsinə dair imtinanın əsasları kimi həmin torpaq sahəsinin onun tərəfindən mübahisələndirildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi onu hazırkı işə cəlb etmədiyi halda, öz qərarında qeyd edərək göstərmişdir ki, “Məhkəmə, habelə cavabdehin X4 torpaq sahəsinə iddialı olması ilə bağlı etirazına münasibət bildirərək qeyd edir ki, cavabdehin qeyd olunan şəxsin mübahisəli torpaq sahəsi üzərində hüquqlarının olması barədə məhkəməyə hər hansı bir sübut və ya dəlil təqdim etməmişdir. X1 bağ sahəsinə iddialı olması əsasını gətirməklə kifayətlənmişdir. Bununla əlaqədar olaraq qeyd olunmalıdır ki, Bakı şəhər Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə onun arasında bağlanmış “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyriyaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” 14 sentyabr 2005-ci il tarixli, 611 nömrəli icarə müqaviləsinə əsasən (Bakı şəhəri Pirşağı Bələdiyyəsinin 05.09.2005-ci il tarixli, 09 saylı ümumi iclasının qərarına əsasən) Pirşağı bağ massivi ünvanında yerləşən 2100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi “Bağçılıq məqsədilə onun icarəsinə verilmişdir. Həmin bağ sahəsinə görə mütəmadi olaraq Pirşağı Bələdiyyəsinə vergi ödənişlərini həyata keçirmişdir. Eləcə də həmin vaxtdan mübahisəli torpaq sahəsi onun sahibliyində və istifadəsində olmaqla həmin mübahisəli torpaq sahəsindən o istifadə etmişdir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qərar çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onların imtinası sxematik xəritəyə uyğunsuzluqla bağlıdır. Həmçinin digər şəxslə mübahisə var. Sxematik xəritədə bütün kooperativ üzvlərinin sahələri qeyd edilməyib. Torpaq iddiaçıya orderlə verilib. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin vaxtlar bir ailəyə yalnız 1 bağ sahəsi ayrılırdı. O, sorğu vermişdir. Məlum olmuşdur ki, Gündüz müəllimə Nardaranda bağ verilmişdir. Onların bağ sahəsinin o 12 sota aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, onun dayısının bağıdır. Dayısı vəfat etdikdən sonra şifahi demişdi ki, həmin bağ ona verilsin. 1991-ci ildə ona mübahisəli torpaq sahəsi veriləndə onun heç bir torpaq sahəsi olmamışdır. Nardarandakı bağla bağlı icarə müqaviləsi bağlanıb. Xəritəni ortaya gətirmədilər heç. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki: Bakı şəhər X5 icraiyyə komitəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 27 iyun 1991-ci il tarixli məktubundan göründüyü kimi, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən, 218 nömrəli kooperativ tərkibində bağ sahəsi ayrılan vətəndaşların sırasında İddiaçı adı 8-ci sırada qeyd olunmuşdur. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismarı birliyi Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativin Б/С nömrəli 04 iyul 1991-ci il tarixli orderindən göründüyü kimi, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən, Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 261 b nömrəli bağ ayrılmışdır. Dövlət Arxivinin Bakı filialının 23 sentyabr 2015-ci il tarixli, 2666 saylı arxiv çıxarışından göründüyü kimi, Bakı şəhər XDS İK-nin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarı ilə İddiaçı 218 nömrəli BTK nəzdində Bakı şəhəri Pirşağı massivində 0.12 ha torpaq sahəsindən ibarət 261b nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə X7 arasında bağlanılmış 14 sentyabr 2005-ci il tarixli, 611 saylı icarə müqaviləsindən görünür ki, Pirşağı bağ massivində yerləşən 2100 kv.m təşkil edən yaşayış sahəsi bağçılıq məqsədi ilə X4 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2018-ci il ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 611 nömrəli 14 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi əsasında X4 icarəsinə verilmiş 2100 kv. metr torpaq sahəsinin sxemində koordinatlar və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməməsi səbəbindən sözügedən icarəyə verilmiş torpaq sahəsinin dəqiq olaraq sərhədlərini təyin etmək və İddiaçı ayrılmış 0,12 hektar 261 B saylı bağ sahəsi (mülki iş materiallarına 261B nömrəli bağ sahəsinin sxemi əlavə edilməmişdir) ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə aparılmış araşdırma zamanı və mütəxəssis tərəfindən keçirilmiş baxış zamanı mübahisəli torpaq sahəsinin, yəni Bakı şəhər Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 261b saylı bağ bağların bölgüsünə dair sxematik xətirədə aşkar olunmaması dövlət qeydiyyatından keçməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının adına dövlət reyestrində qeydiyyatın aparılmasından imtina etməsinin 3 əsası göstərilmişdir. Bunlar, bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, bağ sahəsinin ərazisindən magistral kanalizasiya xəttinin keçməsi və bağ sahəsinin mübahisə predmeti olmasıdır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestridən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün istinad olunan Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müvafiq sənədləri təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilməyən sənəd torpaq sahəsinin plan və ölçüsünə aiddir ki, həmin sənəd cavabdeh tərəfindən tərtib olunmalıdır. Belə ki, iddiaçıya bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişaf və istismarı birliyi tərəfindən verilmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Beləliklə, istifadəsində olan torpaq sahəsinə dair ilkin sənədlərin, o cümlədən həmin bağ sahəsinin ona verilməsi zamanı tərtib edilmiş planın lazımi qaydada təsdiq olunmuş sürətini əldə etmək məqsədilə məhz cavabdeh ondan saxlanılan arxiv sənədlərinin təsdiq olunmuş surətlərini, o cümlədən, torpaq sahəsinin planının verilməsini təmin etməlidir. Cavabdeh tərəfindən bu məsələyə dair bildirmiş mövqeyi iddiaçı mübahisələndirmiş və məhkəmə kollegiyası iddiaçının bu hissədə bildirdiyi dəlillərlə razılaşdığını qeyd edir. Belə ki, işin 10-cu səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativi nəzdində Sabunçu rayonu, Pirşağı bağları ərazisində ayrılmış bağ sahələrinin yerləşmə sxemi və 261B saylı bağ sahəsinə aid cizgi aşkar olunmamışdır. İşin 11-ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh eyni əsas barədə bildirmiş və əlavə olaraq göstərmişdir ki, 261b bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı üçün mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. İşin 95ci səhifəsində olan cavabdehin məktubundan göründüyü kimi, cavabdeh bildirmişdir ki, 218 saylı bağ tikinti kooperativinə aid arxiv qovluğunda bağ sahələrinin sxematik xəritəsi aşkar olunmamışdır. Cavabdehin bu qaydada verdiyi ziddiyyətli məlumatlarına baxmayaraq, apellyasiya məhkəməsi işin halı kimi müəyyən etmişdir ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 261b saylı bağ bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmamamışdır. Apellyasiya məhkəməsinin bu qaydada ifadə edilmiş mövqeyindən belə qənaətə gəlmək olar ki, 218 saylı bağ tikinti kooperativinə aid sxematik xəritə mövcuddur, lakin həmin xəritədə 261b saylı bağ sahəsi göstərilməmişdir. Lakin bu halın, yəni bağların bölgüsünə dair sxematik xəritənin mövcudluğunun hansı sübuta əsasən müəyyən edildiyini apellyasiya məhkəməsi qərarında göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən yeni apellyasiya baxışı zamanı bilavasitə 218 saylı bağ tikinti kooperativinə aid qovluq bütövlükdə tələb olunmalı, həmin qovluqda olan sənədlər tədqiq olunmalı və bağ kooperativi üzvlərinin bağ sahələri üzərində hüquqlarının qeydə alınıb-alınmaması, alındığı təqdirdə, əgər kooperativə dair sxematik xəritə mövcud deyildirsə, hansı qaydada qeydiyyatın aparıldığı araşdırılmalıdır. Ali Məhkəmənin göstərişinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən 25.02.2020-ci il tarixli 2-1(103)-518/2020 saylı qərardad qəbul edilərək, Bakı şəhəri, Pirşağı massivində yerləşən 218 saylı BTK-ya aid bağ qovluqlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən baxış keçirilməsi üçün götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10.03.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən qovluq tam olaraq təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası tərəfindən yenidən cavabdehə sorğular ünvanlanaraq, ünvan 1 bağ qovluqlarının, həmçinin 218 saylı Bağ Tikinti Kooperativinə məxsus bağ qovluğunda olan Kooperativin üzvlərinin siyahısında adları qeyd olunan şəxslərə verilmiş bağ sahələrinə dair çıxarışın verilib-verilməməsinə dair məlumat, çıxarış verildiyi təqdirdə həmin şəxslərə çıxarışın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Cavabdehin 05.04.2021-ci il tarixli **********19 saylı məktubu ilə Bakı Şəhər İcraiyyə Komitəsinin 3/75 nömrəli, 01.03.1991-ci il tarixli qərarı ilə Sabunçu rayonu, Pirşağı bağ massivində 218 nömrəli bağ tikinti kooperativi üzvlərindən adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsi aşkar olunanlar barədə əldə edilən məlumatlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilən 6 şəxs haqqında məlumatdan da görünür ki, həmin şəxslərin adlarına dövlət reyestrində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər (order) əsasında aparılmışdır. Məktuba həmin orderlərin və dövlət reyestrindən çıxarışların təsdiq edilmiş surətləri də əlavə edilmişdir. “İnzibati İcraat haqqında” qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Yəni cavabdeh inzibati orqan başqa şəxslərə iddiaçıda mövcud olan eyni qüvvəli order əsasında dövlət reyestrindən çıxarışlar vermiş, həmin şəxslərə dövlət reyestrindən çıxarışlar verilərkən orderdən başqa sənədin təqdim edildiyi öz təsdiqini tapmamışdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi əsası ilə çıxarışın verilməsindən imtina edilməsi əsassızdır. İmtinanın ikinci əsası kimi göstərilmiş bağ sahəsinin ərazisindən magistral kanalizasiya xəttinin keçməsi isə öz təsdiqini tapmadığı kimi, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunda belə bir əsasın olması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas olaraq nəzərdə tutulmamışdır. Digər üçüncü hal olan bağ sahəsinin mübahisə predmeti olmasına gəldikdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması öz təsdiqini tapmış (3-cü şəxsə torpaq sahəsi bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında verilmişdir), həmçinin birinci apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinin 611 nömrəli 14 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi əsasında X4 icarəsinə verilmiş 2100 kv. metr torpaq sahəsinin sxemində koordinatlar və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməməsi səbəbindən sözügedən icarəyə verilmiş torpaq sahəsinin dəqiq olaraq sərhədlərini təyin etmək və İddiaçı ayrılmış 0,12 hektar 261 B saylı bağ sahəsi (mülki iş materiallarına 261B nömrəli bağ sahəsinin sxemi əlavə edilməmişdir) ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir. Həmçinin torpaq sahəsinin inventarlaşdırılması dair ekspertiza xərci olan 60 manat cavabdehdən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə ödənilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-75/2017 qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2-1(82)-75/2017 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinə ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən torpaq sahəsinin inventarlaşdırılması dair ekspertiza xərci olan 60 manat tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə ödənilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar