Məhkəmə qərarları › İş №2-1(103)-48/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-48/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-48/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X12 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X10 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X6, X3, X7 və X8) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10185/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs S.Əsgərova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2, X1, X4 və X5 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil zavodda işlədiyi üçün ona verilmişdir.Onun qeydiyyatda olan üçüncü şəxslərlə qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxsləri tanımır və heç vaxt həmin ünvanda yaşamamışlar. Həmin şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə müraciət etsə də cavabdeh əsassız olaraq iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 078-22385M-3221 nömrəli məktubu ilə imtina edərək məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə etmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10185/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanından X2, X1, X4 və X5 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs S.Əsgərova apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərək onun hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 43, mənzil 1 “Azərelektroterm” X15 19 saylı xx.xx.1990-cı il tarixli protokoluna əsasən 73 saylı order əsasında ona ayrılmasını və ailə üzvləri ilə orada qeydiyyatda olduğumu nəzərə almadan, iddiaçı tərəfindən hansı qaydada Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Sərəncamın və orderin və sonradan Çıxarışın alınmasını araşdırmadan qanunsuz qərar qəbul etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdə aydın görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti onun orderi ola-ola üçüncü şəxsə qanunsuz olaraq orderin verilməsinə dair sərəncam təqdim etmişdir. Bundan əlavə, Nərimanov Rayon MKTB-dən baxmayaraq ki, orada 1992-ci ildən qeydiyyatdadırlar, onların adı qeyd edilməyən xx.xx.2006-ci il tarixli 021605 saylı saxta arayış vermişdir və buna əsasən onların razılığı olmadan İddiaçı mənzili öz adına rəsmiləşdirərək xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı Çıxarış almışdır. Lakin Nərimanov Rayon MKTB-nin 051262 saylı xx.xx.2021-cı il tarixli arayışında isə onların adları qeyd edilmiş və bundan əlavə ASAN 3 tərəfindən onların orada qeydiyyatda olmaları barədə xx.xx.2021-ci il tarilix ******* saylı arayış verilmişdir. Qeyd edilən mənzil ona 1992-ci ildə ayrılıb və o, ailə üzvləri ilə orada yaşamışdır. Lakin 1993-1994-cü illərdə yoldaşı Birinci Qarabağ müharibəsində iştirak etdiyindən o, iki azyaşlı uşağı ilə çox vaxt valideynləri ilə qalırmış. 1994-cü ildə İddiaçı balkondan mənzilə daxil olaraq mənzili zəbt edib və özünü qaçqın kimi təqdim etmişdir. O və mərhum həyat yoldaşı müharibədən qayıtdıqdan sonra onlara dəfələrlə mənzili boşaltmalı olduğunu deslər də, onlar Qackınkom tərəfindən yaşayış yerinin ayrılmadığını onlara bildirərək mənzildən çıxmamışlar. Sonradan isə məlum olmuşdur ki, İddiaçı sənədləri saxtalaşdıraraq onun və ailə üzvlərinin razılığı olmadan ona məxsus mənzili özününkiləşdirib. Bununla da onun hüquqlarını və qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verildiyi və apellyasiyanın mümkün olduğu müəyyyən edilmişdir. Eyni zamanda, işin apellyasiya mərhələsində Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının 2-1(103)-801/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, Bakı İnzibati Məhkəməsinin icraatında olan - iddiaçı X2 cavabdeh Bakı şəhər Nərimanov RİH-ə qarşı “Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 43, mənzil 1-in 14 fevral 2001-ci il tarixində vətəndaş İddiaçı verilməsinə dair sərəncamın və qeyd edilən sərəncam əsasında verilmiş 034 318 saylı 26 fevral 2001-ci il tarixli Orderin ləğv edilməsi” tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Məhkəmə tərəfindən Bakı İnzibati Məhkəməsinə verilmiş sorğuya 10 aprel 2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki: “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 nömrəli iş üzrə qəbul edilmiş 29 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçı X2 cavabdeh Bakı şəhər Nərimanov RİH-ə qarşı (həmin iş üzrə üçüncü şəxs: İddiaçı) sərəncamın və orderin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli həmin qərarından kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini alaraq birinci instansiya məhkəməsinə göndərilmişdir.” Beləliklə də hazırki icraatın dayandırılmasına səbəb olan hal aradan qalxmış, Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş apellyator üçüncü şəxs S.Əsgərova və cavabdeh (qümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi izahatlarında üçüncü şəxsin iddiaçıya məxsus evə heç bir hüququnun olmadığını bildirərək, birinci instansiaya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə(İPM.m. 34.1) üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılımasını cavabdehdən tələb etmiş, lakin sonuncu onun müraciətini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, iş materallarından görünür ki, MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki istifadədə olan 0.0553 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1- ci mərtəbəsində yerləşən 39.3 kv.m ümumi, 25.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 11256 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışına əsasən müəyyən olunur ki, üçüncü şəxslər, o cümlədən, apellyator G.Əsgərova iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadır. Halbuki, işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya **********78 nömrəli, 28 sentyabr 2021-ci il tarixli cavab məktubunda bildirilir ki, ünvan 1 ünvanına dair X2 və digər üçüncü şəxslərin istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin dayandırılmasına əsas olmuş – iddiaçı X2 cavabdeh Bakı şəhər Nərimanov RİH-ə qarşı “Bakı şəhəri, Ə.Əliyev küçəsi, ev 43, mənzil 1-in 14 fevral 2001-ci il tarixində vətəndaş İddiaçı verilməsinə dair sərəncamın və qeyd edilən sərəncam əsasında verilmiş 034 318 saylı 26 fevral 2001-ci il tarixli Orderin ləğv edilməsi tələbinə dair ”iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5645/2022 nömrəli iş üzrə qəbul edilmiş 29 iyun 2022-ci il tarixli qərarı ilə rədd olunmuş və həmin qərar Bakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərardan kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini alaraq birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə də, müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxslərin, o cümlədən, apellyatorun iddiaçıya məxsus evə istifadə hüququna malik olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında aşağıdakılar qeyd etmişdir: “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” İşin tədqiq olunan sübutlarla müəyyən edilən halları da onu deməyə əsas verir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan evə hər hansı əmlak hüququ mövcud deyildir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən onun həmin evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin sübutlarla müəyyən edilən halllarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, üçüncü şəxs S.Əsgərovanın apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin iddianı təmin edərək onun hüquqlarını kobud şəkildə pozulması ilə əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10185/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10185/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar