Məhkəmə qərarları › İş №2-1(103)-48/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-48/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-48/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2149/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əlillik dərəcəsinin verilməsindən imtinasının əsassız hesab edilməsi və ona ikinci dərəcə əlilliyin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçıya səbəbi “Hərbi xidmət dövrü ilə əlaqədar” olmaqla, xx.xx.2016-cı il tarixdə (ilkin) 5 il müddətinə «Yenitörəmələrdə sinir köklərinin və kələflərinin sıxılması. Vertebrogen ikitərəfli lümboişalgiya kəskin ağrı sindromu ilə. Bel fəqərələrinin osteoxondrozu. Xroniki radikulit, kəskin ağrı sindromu ilə. L2-L3 fəqərələrin laminektomiyadan və subdural şişin çıxarılmasından sonrakı vəziyyət hissi funksiyanın pozulması ilə. Əməliyyat yatağında likvor kistası» - diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı onun diaqnoz və ağırlaşması əlillik təyinatına əsas vermədiyindən imtina edilmişdir (Göndəriş 4400003AAAE8, xx.xx.2021-ci il). Onun xx.xx.2021-ci il tarixdə Agentlikdə nəzarət qaydasında komissiyada təqdim edilən tibbi sənədlər və əyani müayinəsinin nəticəsi olaraq da barəsində TSEK tərəfindən «Diaqnoz əlillik əlaməti təyin etmir» qərarı qəbul edilmişdir. Belə ki, imtina qərarında göstərilmişdir ki, “şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş «Bel fəqərələrinin osteoxondrozu. Xroniki residivləşən radikulit, kəskin ağrı simptomu ilə. L2-L3 fəqərələrinin laminoektomiyası, subdural həcmli törəmələrin xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sağ diz oynağının medial meniskin yırtığı. Hər iki gözün mürəkkəb miopik astiqmatizmi. Hissəvi adentiya» diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixindən «Diaqnoz əlillik əlaməti təyin etmir» qərarı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2149/2022 saylı xx.xx.2022-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Belə ki, “hazırki xəstəliyi onun əmək qabliyyətinin itirilməsinə səbəb olmasına və həmin xəstəliyin ona yenidən İl-ci dərəcəli əlilliyin təyin olunmasına əsas olmasına baxmayaraq işə baxan məhkəmə qeyd olunan halları və sübutları araşdırıb hüquqi qiymət vermədən iddia ərizəsinin rədd olunması barədə qərar qəbul etmişdir. Halbuki, 25 avqust 2001-ci il tarixdən 10 may 2016-cı il tarixinədək Daxili İşlər Nazirliyinin X4 Alayında Polis serjantı kimi xidmət edib. 2015-ci ilin əvvəllərindən səhətində ciddi problem yarandığından Daxili İşlər Nazirliyinin Hospitalında, sonra isə xx.xx.2015-ci ildə Milli Onkologiya Mərkəzində potositomorfologiya müayinəsi keçmiş və ona “Kavernoz hemangioma kalsinat ocaqları“ diaqnozu təyin edilmişdir.xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Daxili İşlər Nazirliyinin Respublika Hospitalında stasionar müalicə almış, "Vertebrogen iki tərəfli lemboişaligiya kəskin ağrı simtomu” diaqnozu ilə əməliyyat olunaraq uzun müddət xidmətə çıxa bilmədiyindən DİO-da gələcək xidmətə yararlığının müəyyən edilməsi üçün xüsusi həkim komisiyasına göndərilmiş və həkim komisiyyasının xx.xx.2016-cı il tarixli 4110003AAA5F nömrəli göndərəşi ilə daxili İşlər orqanında xidmət keçməklə əlaqədar xəstəliyinə qiymət verilməsi üçün cavabdeh Agentliyiyə göndərilmişdir. Yekunda əlilliyin müəyyən olunması meyyarlarına dair əsasnamənin 2.2.9-cu bəndinə əsasən əlilliyin təyin olunmasına əsas kimi qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosianal labillik, vestibulyar pozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan vegetativ və hərəkət kordinator funkusiyasının pozuntuları ilə müaşaiyət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri diaqnozu qoyularaq xx.xx.2016-cı il tarixli qərarı ilə 5 il müddətinə ona hərbi xidmət dövrü ilə əlaqədar İİ-ci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin 2 nömrəli Polilinikasında stasionar müayinə müalicə olunaraq Yenitörəmələrdə sinir köklərinin və kələflərinin sıxılması Vertebrogen ikitərəfli luboisalogiya. kəskin ağrı sindiromu ilə.Bel fəqərələrinin ostrexondrozu. Xroniki radikulit ağrı sindiromu L2-L 3 disklərin laminoektomiyadan və subdural şişin çıxarılmasıdan sonrakı vəziyyət hissi funkusiyyasının pozulması ilə əməliyyat yatağında likvor kistası və qabarıq yaddaş zifliyi. idrakın enməsi, emosianal labillik. vestibulyarpozuntular, görmə pozuntuları, və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan vegetativ və hərəkət kordinator funkusiyasının pozuntuları ilə müaşaiyət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri diaqnozu qoyularaq xx.xx.2021-ci il tarixli 4400003AAAE8 88 nömrəli forma arayışı əsasında cavabdeh Agentliyiyə göndərilmiş, lakin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixdə istifadə etdiyi mobil telefon nömrəsinə sms göndərilərək xx.xx.2021 -ci il tarxili göndərişə əsasən ona qoyulmuş diaqnozun əlillik elementi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Hesab edir ki, 2 nömrəli Polilinika tərəfindən göndərilən 88 nömrəli forma arayışında göstərilən diaqnozlar əlilliyin təmin olunması üçün əsas olmasına baxmayaraq cavabdeh tərəfindən buna heç bir əsas göstərilmədən imtina etməsi və işə baxan məhkəmə tərəfindən onun iddia ərizəsinin təmin olunmaması qanunsuz və əsassızdır...” İşin apellyasiya mərhələsində məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Məhkəmə-Tibbi Ekspertiza və X2 komission əlavə məhkəmə tibbi ekspertiza təyin olunmuş və xx.xx.2023-cü il tarixdə Birliyin T424/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi alındıqdan sonra, həmin rəy nəzərə alınmaqla, məhkəmənin aralıq qərardadı TSEK tərəfindən əyani müayinəsi həyata keçirilməklə qüvvədə olan meyarlarla onun əlill vəziyyətinə yenidən baxılıb qiymətləndirilməsi üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərlmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəmənin xx.xx.2023-cü il tarixli aralıq qərardadının Agentlik tərəfindən icra olunduğunu bildrərək, TSEK-in 19 dekabr 2023-cü il tarixli qərarını məhkəməyə təqdim edərək, iddiaçıda olan diaqnozun əlillik ələaməti təyin etmədiyindən birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik dərəcəsi verilməsindən imtina edilmiş və həmin imtinadan narazı qalan iddiaçı məcburetmə haqqında iddia vasitəsilə, ona 2-ci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi rədd edilmişdir. İddiaçının apellyasiya şikaytinin dəlillərindən göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə razalaşmyaraq hesab edir ki, cavabdehin imtinası qanunsuz oldğu halda, məhkəmə tərəfindən iddianın rədd edilməsi əsassızdır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, ilk öncə aralıq qərardad qəbul edilərək, iddiaçını müayinədən keçirməklə rəy verilməsi Agentliyiyə həvalə olumuş, lakin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıda aşkar olunan diaqnozun əlillik təyininə əsas vermədiyi müəyyən olunmuşdur (iddiaçıda “diaqnoz əlillik əlaməti təyin etmir “xəstənin müayinəsi zamanı kəllə-beyin sinirləri tərəfindən patalogiya aşkar olunmamış, “Vətər, sümüküstü və diz refleksləri D=S canlıdır, Axil refleksi hər iki tərəfdə çağrılır. Aşağı ətrafda açıcı və bükücü əzələ gücü və tonusu normal, “Parez əlaməti aşkar olunmamışdır). Daha sonra, işə baxan birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadı ilə Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Birliyin ekspertləri tərəfindən T316/2022 nömrəli xx.xx.2022-ci il tarixli rəy verlmişdir ki, “şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair”Əsasnamənin müyyarlarına aid etmək mümkün olmadı.” Qeyd olunanlar baxımından məhkəmə belə hesab etmişdir ki, tibb müəssisəsinin göndərişi üzrə iddiaçıya qoyulan diaqnoz öz təsdiqini tapmadığına görə cavabdeh tərəfindən barəsində əlillik təyinatının aparılmasından imtina olunması əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, işin hazırkı apellyasiya mərhələsində də məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müəyinəsi keçirilməklə qüvvədə olan meyarlara uyğun əllilinə əsas olan xəstələinin müəyyən olunması üçün iş üzrə əlavə məhkəmə tibbi komission ekspertiza təyin olunmuş və Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertlərinin T424/2023 saylı xx.xx.2023-cü il tarixli rəyi aylınmışdır. Rəydə ekspertlər, iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişlər: - vətəndaş İddiaçı əlillik vəziyətinin X5 Komissiyası tərəfindən qiymələndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş 4400003AAAE8 nömərili xx.xx.2021-ci il tarixli FQS 088 forma göndərişdə qoyulmuş diaqnoz üzrə AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bndinə görə Döalt Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aiddir. Rəydə tibbi göstərilənlər nəzərə alınmaqla, bir daha hazırkı mərhələdə məhkəmənin 18 iyul 2023-cü il tarixli aralıq qərardadı ilə Agentliyin Tibbi Sosial Eekspert Komissiyasınaiddiaçının əyani müayinə olunmaqla, qüvvədə olan meyarlara uyğun əlillik vəziyyətinin qiymətləndirilməsi həvalə edilmişdir. Tibbi Sosial Eekspert Komissiyasının məhkəməyə təqdim olunmuş, 19 dekabr 2023-cü il tarixli qərarında Komissiya tərəfindən aşağıdakı nəticəyə gəinmişdir: - “DİN Tibb idarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2021xx.xx.2021-ci il tarixli 13 nömrəli epikrizində diaqnoz “Yenitörəmələrdə sinir köklərinin və kələflərinin sıxılması. L2-L3 fəqərələrin laminektomiyadan və subdural həcmli törəmənin çıxarılması əməliyyatından sonrakı vəziyyət (2015) Belə oma fəqərələrinin osteoxondrozu. Vertebrogen sağtərəfli lumboisalgiya L2-L3 f/a diskin ekstruəziyası. L.3-L4, L5-S1 f/a diskin protruziyaları. Xroniki radikulit.köksük ağrı simptomu ilə Asteno-nevrotik vəziyyət. Sağ diz oynağının medial meniskinin yırtığı, latral meniskopatiya, xroniki sinovit.Beyker kisti, oynağın kontrakturası. Sağ bazuoynağının periartrit. Mürəkkəb miopikastiqmatizm. Burun çəpərinin əyriliyi. Vazomotor rinit. Qarışıq kombinolunmuş hermoroy. Spastik kolit” kimi qeyd edilsə də status praesensdə nevroloji vəziyyəti norma daxilində qeyd edilmiş, diaqnozlar əlillik təyinatına əsas verməmişdir. Psixi statusunda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, intihar cəhdlərini əks etdirən stasionar, ambulator müalicə və instrumental müayinə sənədləri təqdim etməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan , şəhadətnamədə qeyd edilmiş xəstəliyin ağırlaşmalarını təsdiqləyən ixtisaslaşmış tibb müəssisələrindən müayinə və müplicə sənədləri təqdim edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir...” Qeyd olunanlardan göründüyü kimi, həm məhkəmə tibbi ekspertizalarının nəticələrinə, həm də Tibbi Sosial Eekspert Komissiyası tərəfindən aparılan tətdqiqat zamanı iddiaçı barəsində tibbi sənədlərinin təhlili və onun tibbi müayinəsinin nəticələri ondan ibarət olmuşdur ki, qüvvədə olan meyarlara uyğun əlillik vəziyyəti iddiaçıda aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndi isə nəzərədə tutur ki, göndəriş aşağıdakı hallarda verilə bilər: - 1.5.1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmə araşdırması zamanı «Qayda»da nəzərdə tutulan həmin hallar öz tamlığı ilə iddiaçıda aşkar olunmadığı halda, ona əlillik təyinatı aparılmasının cavabdehə zəvalə edilməsi mümkünsüzdür. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı tərəfindən isə ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlər sübuta yetirilmir, əksinə, belə şərtləri istisna edən faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik təyin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini, mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2149/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2149/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar