Məhkəmə qərarları › İş №2-1(103)-48/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-48/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-48/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X27 və X10 üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X12 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X18 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından müəyyən olunur ki, (1-ci cild 87-88-ci vərəq) evin ilk mülkiyyətçisi X13 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 18 sentyabr 1992-ci il tarixli 460 saylı sırıncamına əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 961 kv.m. torpaq sahəsinin kadastr planı xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur.

2. 3 saylı Zeytun savxozunda yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi 29.76 kv.m, iki otaqlı) 24278 nömrə ilə reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vəsiqəsinə əsasən, ilkin olaraq X13 adına qeydiyyatdan keçmişdir.

3. X3 rayon 2 saylı DNK-nın 4ƏЗ-510 reyestr nömrəli, 23 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı evin bir hissəsini – 644,0 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 14,53 kv. hissəsini X7, 500, 0 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 14,53 kv. hissəsini X1.

4. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-93 reyestr nömrəli, 31 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı sahəsi 13.2 kv.m olan evi İddiaçı satmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 196652 Seriyalı Çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı sahəsi 13.2 kv.m olan ev İddiaçı mülkiyyətindədir.Həmin Çıxarışdan görünür ki, evin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsindədir və sahəsi 0,0038 ha təşkil edir. Həmin yaşayış evi sökülərək dağıdılmışdır.

6. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1-322 reyestr nömrəli, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X28 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ünvanda yerləşən 0,0331 ha torpaq sahəsini X2 və hazırda onun mülkiyyətindədir.

7. X29 Agentliyinin ********* nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Qala-Pirallahı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yuxarıda qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair X8 (keçmiş mülkiyyətçi) müvafiq kompensasiya ödənilmişdir.

8. X29 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu əsasında “Qala-Pirallahı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yuxarıda qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair X8 (keçmiş mülkiyyətçi) müvafiq kompensasiya ödənilməsi ilə bağlı təqdim olunmuş sənədlərdən görünür ki, Qiymətləndirmə cədvəlində torpaq sahəsinin sahəsi 224,20 kv.metr müəyyən olunmuşdur.

9. İddiaçı hazırda ünvan 1 ünvanında yerləşən, sökülmüş 13,20 kv.m. fərdi yaşayış evinin yerləşdiyi 375,7 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbini irəli sürür.

10. İddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə Kollegiyasının 2- 1(103)-1181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühəndistexniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8459 saylı rəy verilmişdir.Rəydə göstərilmişdir ki, “--Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırcısı Həzi Hüseynovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasporta əsasər 644.5 kv.m olsa da, faktiki olaraq 526.0 kv.m təşkil edir. Torpaq sahəsinin 198.0 kv.m hissəsi X15 **********88 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan 331.0 kv.mtorpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin 250.0 kv.m torpaq sahəsi Qala-Pirallahı yoluna düşür. Yerdə qalan 81.0 kv.m hissə isə yaşıllıq ərazisi olmaqla restoranın istifadəsindədir. Texniki pasporta əsasən yaşayış evi sökülmüşdür. Qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun savxozu, ev 126A saylı fərdi yaşayış evi **********02- 10301 reyestr nömrəsi ilə İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı baş plan əlavə olundu. --Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Qala 3 nömrəli zeytunçuluq sovxozunun ərazisidir. Sahənin bir hissəsi Qala-Pirallahı yolunun mühaizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əçlakın dövlət reystrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür.Eyni zamanda texniki pasportda qeyd edilən ölçüləri faktiki torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluq mövcuddur.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ərazisində fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə etdiyi müraciət həmin torpaq sahəsinin bir hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşməsi, bir hissəsinin Qala- Pirallahı avtomobil yolu olması, bir hissəsinin isə yol kənarı ümumi istifadədə olan yaşılllıq ərazisi olması əsası ilə təmin edilməmişdir.

12. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 13,20 kv.m. fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

13. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X27 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X4 və X29 Agentliyi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “ünvan 2 ünvanında yerləşən 375,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilsin.” kimi göstərilməsini xahiş etmişdir.

15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı X29 Agentliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 13,20 kv.m sahəsi olan fərdi yaşayış evini X11 ilə bağlanmış 31 may 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Bundan sonra alqısatqı müqaviləsinə əsasən, fərdi yaşayış evini öz adına rəsmiləşdirmiş, ev üzərindəki tam mülkiyyət hüququ 22 iyun 2022-ci il tarixli çıxarışla iddiaçının adıma qeydiyyata alınmışdır. Həmin yaşayış evi naməlum şəxslər tərəfindən sökülərək dağıdılmış, evin yerləşdiyi torpaq sahəsi isə qanunsuz olaraq zəbt edilmuşdir. Cavabdeh orqan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair müvafiq kompensasiyanın ödənildiyini qeyd etsə də, Azərbaycan X29 Agentliyinin 24 oktyabr 2022-ci il tarixli məktubundan da görünür ki, evin yerləşdiyi 224,2 kv.m torpaq sahəsinə hər hansı bir kompensasiya ödənilməmişdir və ödənildiyini təsdiq edən hər hansı bir sübut və ya dəlil də mövcud deyildir.

17. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 192 kv.m hissəsi X15 adına **********88 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür, bir hissəsi Qala-Pirallahı avtomobil yoludur, bir hissəsi isə yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisidir. Eyni zamanda təqdim edilən X29 Agentliyinin ********* nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Qala- Pirallahı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair X8 (keçmiş mülkiyyətçi) müvafiq kompensasiya ödənilmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. İş materiallarında olan X4 adına olan texniki pasportun 2001-ci il yanvarın 1dək tərtib edilməsi müəyyən edilməmişdir. Bu barədə iddiaçı tərəfindən də hər hansı dəlil irəli sürülməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi ilkin olaraq 18 sentyabr 1992-ci il tarixdə X13 adına qeydiyyatdan keçmiş, sonra dəyəri ödənilməklə alqı-satqı yolu ilə qanunauyğun qaydada əldə edilmiş, alqısatqı müqaviləsinin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ 23 iyun 2003-cü il tarixdə X7, 31 may 2022-ci il tarixdə isə iddiaçıya keçmişdir.Yəni həmin evin texniki pasportu 2001-ci il yanvarın 1-dən çox əvvəl tərtib edilmişdir. Halbu ki, İPM-nin 64.1-ci maddəsində təsbit edilmişdir ki, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Lakin, işə baxılarkən qanunun bu tələblərinə əməl etməmiş, məhkəmə baxışı zaman iş üçün əhəmiyyətli olsa da X16 özü dindirilməmiş, ancaq nümayəndəsi iştirak etmiş, həmçinin X21 özü məhkəməyə təqdim etmişdir, lakin hər hansı səbəbdən o da dindirilməmişdir. İş üçün əhəmiyyətli olsa da məhkəmə və təhqiqat orqanı tərəfindən sözügedən evin yaxın qonşuluğunda yerləşən “Zeytun”restoranının sahibi, işçiləri müəyyən edilərək dindirilməmişlər.İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın 02 dekabr 2022-ci il tarixli **********97 saylı məktubundan görünür ki, 3 saylı Zeytun savxozunda yerləşən fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyətinin 18 sentyabr 1992-ci il tarixli 460 saylı sırıncamına əsasən, ilkin olaraq X13 adına qeydiyyatdan keçmiş, həmin evin bir hissəsi - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytunsovxozu küçəsi, ev 126A (644kv.m torpaq sahəsində yerləşən 1 otaqlı) Abşeron rayon 2 saylı DNK-nın 4ƏЗ-510reyestr nömrəli 23 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-93 reyestr nömrəli (31 may 2022-ci il tarixli) alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına qeydiyyatdan keçmiş, hazırda mülkiyyətindədir. Beləliklə, iddia ərizəsində göstərilən fərdi yaşayış evi ilkin olaraq 18 sentyabr 1992-ci il tarixdə X13 adına qeydiyyatdan keçmiş, sonra dəyəri ödənilməklə alqı-satqı yolu ilə qanunauyğun qaydada əldə edilmiş, alqı-satqı müqaviləsinin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ 23 iyun 2003-cü il tarixdə X7, 31 may 2022-ci il tarixdə isə iddiaçıya keçmişdir. Yəni həmin evin texniki pasportu 2001-ci il yanvarın 1-dən çox əvvəl tərtib edilmişdir.Abşeron rayon icra hakimiyyəti 24 noyabr 2015-ci il tarixli F-959 saylı məktubu, Milli Arxiv İdarəsinin 01 dekabr 2022-ci il tarixli F1483 saylı məktubu və 20 fevral 2007-ci il tarixdə verilmiş Abşeron rayon İcra hakimiyyəti üzrə sərəncamdan çıxarışda cavabdeh orqanın 02 dekabr 2022-ci il tarixli **********97 saylı məktubunda göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” kimi Azərbaycan Respublikasında torpaqlar yalnız dövlətə məxsus olmuş və xüsusi mülkiyyətdə olmamışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 07 mart 2007-ci iltarixli 1850 saylı RƏY-də göstərilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 22 iyun 1992-ci il tarixli 11 saylı Sərəncamına əsasən X17 0,10 ha olmaqla ayrılmış bağ sahəsi qanuna müvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüququ verilməsinə etiraz etmir. Məhz bundan sonra X28 özünə məxsus yaşayış evinin yerləşdiyi 0,04805 ha torpaq sahəsini sənədləşdirərək 01 avqust 2007-ci il tarixli № ******* seriya MH çıxarışı və daşınmaz əmlakın 30 iyul 2007-ci il tarixli texniki pasportunu almışdır. Lakin subyektiv səbəbdən X11 tərəfindən özünə məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsini sənədləşdirməmişdir. Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş X5 adına tərtib edilmiş 3-cü Zeytun savxozu 126A ünvanda 24278A nömrə altında qeydə alınmış fərdi yaşayış evinin texiki pasportunun surətindən görünür ki, torpaq sahəsi əslində 644,5 kv. m, ondan tikintialtı 44,6 kv.mvə həyət örtüyü 599,99 kv. m olmuş, bitişik olan fərdi yaşayış evi isə 16,56 kvm, yəni X19 məxsus evin hissəsi olmuşdur. “X7 aid torpaq və tikili sahəsinin Kadastr planından çıxarış” dan görünür ki, "xxxx"ASC tərəfindən həyata keçirilmiş “Qala-Pirallahı avtomobil yolunun tikintisi” lahiyyəsi çərçivəsində X7 aid fərdi yaşayış evi ilə torpaq sahəsinin hansı hissəsi yolun tikintisi altına düşdüyü və hansı hissəsi qaldığı göstərilmişdir. X5 doğma qardaşı X9 iş üzrə şahid qismində təsdiq edici ifadələr verə bilər.Bundan başqa məhkəmə hazırkı iş üzrə xüsusi bilik tələb olunmasına baxmayaraq iş üzrə ekspertiza təyin etməmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

23. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

25. 3-cü şəxslər X27 və X10 məhkəmə iclaslarında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

27. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

28. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda ....

29. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); ...

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “..Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir..”.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

35. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

36. Belə ki, işin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 13,20 kv.m. fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. Həmin yaşayış evini X6 almışdır.Həmin yaşayış evi sökülərək dağıdılmışdır.X29 Agentliyinin ********* nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Qala-Pirallahı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair X8 (keçmiş mülkiyyətçi) müvafiq kompensasiya ödənilmişdir. İddiaçı hazırda ünvan 1 ünvanında yerləşən, sökülmüş 13,20 kv.m. fərdi yaşayış evinin yerləşdiyi 375,7 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbini irəli sürür.

37. Tətbiq olunan Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

38. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

39. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən yuxarıda qeyd olunan əsaslardan hər hansı biri yoxdur.

40. Belə ki, iş materiallarında olan X4 adına olan texniki pasportun 2001-ci il yanvarın 1dək tərtib edilməsi müəyyən edilməmişdir. Həmçinin, yaşayış evi sökülərək dağıdılmışdır.

41. Bu barədə iddiaçı tərəfindən irəli sürülən dəlil və həmçinin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi ilkin olaraq 18 sentyabr 1992-ci il tarixdə X13 adına qeydiyyatdan keçmiş, sonra dəyəri ödənilməklə alqı-satqı yolu ilə qanunauyğun qaydada alqı-satqı müqaviləsinin nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində evin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ 23 iyun 2003-cü il tarixdə X7, 31 may 2022-ci il tarixdə isə iddiaçıya keçmişdir.Yəni həmin evin texniki pasportu 2001-ci il yanvarın 1-dən çox əvvəl tərtib edilmişdir.

42. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, (1-ci cild 87-88-ci vərəq) evin ilk mülkiyyətçisi X13 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 18 sentyabr 1992-ci il tarixli 460 saylı sırıncamına əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 961 kv.m. torpaq sahəsinin kadastr planı xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur.

43. Həmçinin, müəyyən olunur ki, 3 saylı Zeytun savxozunda yerləşən fərdi yaşayış evi (yaşayış sahəsi 29.76 kv.m, iki otaqlı) 24278 nömrə ilə reyestr kitabında qeydiyyata alınmış Qeydiyyat vəsiqəsinə əsasən, ilkin olaraq X13 adına qeydiyyatdan keçmişdir.

44. X3 rayon 2 saylı DNK-nın 4ƏЗ-510 reyestr nömrəli, 23 iyun 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı evin bir hissəsini – 644,0 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 14,53 kv. hissəsini X7, 500, 0 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 14,53 kv. hissəsini X1.

45. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-93 reyestr nömrəli, 31 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı sahəsi 13.2 kv.m olan evi İddiaçı satmışdır.

46. Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1-322 reyestr nömrəli, 11 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X28 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu ünvanda yerləşən 0,0331 ha torpaq sahəsini X2 və hazırda onun mülkiyyətindədir.

47. Həmçinin, iş materiallarından müəyyən olunur ki, (1-ci cild 87-88-ci vərəq) evin ilk mülkiyyətçisi X13 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin 18 sentyabr 1992-ci il tarixli 460 saylı sırıncamına əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 961 kv.m. torpaq sahəsinin kadastr planı xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur.

48. Beləliklə, bu tarixdən, daha dəqiq desək 2001-ci il yanvarın 1-dən əvvəl tərtib edilmiş texniki pasport isə iş üzrə tərəflərin və məhkəmə sorğusu əsasında aidiyyəti orqanların təqdim etdiyi iş materiallarında mövcud deyildir.

49. Bundan başqa göründüyü kimi, X25 həmin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 saylı Zeytun sovxozu küçəsi,126A saylı evin bir hissəsini – 644,0 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı 14,53 kv. hissəsini X7 Abşeron rayon 2 saylı DNK-nın 4ƏЗ-510 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 23 iyun 2003-cü il tarixdə satmışdır və beləliklə iddiaçının istinad etdiyi iş materiallarında olan X4 adına olan texniki pasportun da 2001-ci il yanvarın 1-dək tərtib edilməsi müəyyən edilməmişdir.

50. Apellyasiya şikayətinin “X7 aid torpaq və tikili sahəsinin Kadastr planından çıxarış” dan görünür ki, "xxxx"ASC tərəfindən həyata keçirilmiş “Qala-Pirallahı avtomobil yolunun tikintisi” lahiyyəsi çərçivəsində X7 aid fərdi yaşayış evi ilə torpaq sahəsinin hansı hissəsi yolun tikintisi altına düşdüyü və hansı hissəsi qaldığı göstərilməsi, bundan başqa məhkəmə hazırkı iş üzrə xüsusi bilik tələb olunmasına baxmayaraq iş üzrə ekspertiza təyin etməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə Kollegiyasının 2-1(103)-1181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməmühəndis-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8459 saylı rəy verilmişdir.

51. Rəydə göstərilmişdir ki, “--Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırcısı Həzi Hüseynovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasporta əsasər 644.5 kv.m olsa da, faktiki olaraq 526.0 kv.m təşkil edir. Torpaq sahəsinin 198.0 kv.m hissəsi X15 **********88 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan 331.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, 250.0 kv.m torpaq sahəsi Qala-Pirallahı yoluna düşür. Yerdə qalan 81.0 kv.m hissə isə yaşıllıq ərazisi olmaqla restoranın istifadəsindədir. Texniki pasporta əsasən yaşayış evi sökülmüşdür. Qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun savxozu, ev 126A saylı fərdi yaşayış evi **********02- 10301 reyestr nömrəsi ilə İddiaçı oğlunun adına qeydiyyatdan keçmişdir. Qeyd olunanlarla bağlı koordinatları əks etdirən izahlı baş plan əlavə olundu. --Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Qala 3 nömrəli zeytunçuluq sovxozunun ərazisidir. Sahənin bir hissəsi Qala-Pirallahı yolunu mühaizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əçlakın dövlət reystrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür.Eyni zamanda texniki pasportda qeyd edilən ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçülərində və konfiqurasiyasında uyğunsuzluq mövcuddur.”

52. Məhkəmə Kollegiyası ekspert rəyini digər yuxarıda sadalanan sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8459 saylı rəylə razılaşmamağa hər hansı əsaslar müəyyən olunmur.

53. Məhkəmə Kollegiyası onu da diqqətə çəkir ki, Ekspert rəyində nəticə hissəsində “644.5 kv.m”-in “44.5 kv.m” və “331.0 kv.m”-in “31.0 kv.m” kimi yazılmasının texniki səhv olması, belə ki, Ekspert rəyinin özündə də qeyd olunduğu kimi, Ekspert rəyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırcısı Həzi Hüseynovun mütəxəssis rəyinə əsasən tərtib olunması və mütəxəssis rəyində torpaq sahəsinin “644.5 kv.m” və “331.0 kv.m” yazılması Ekspert rəyindəki texniki yanlışlıqla bağlı nəticəyə gəlməyə əsas verir və ekspertin dindirilməsinə zərurət qalmır.

54. Məhkəmə Kollegiyası iddiaçının iddia tələbinin təmin olunmasını istisna edən hallara və bununla bağlı apellyasiya şikayətinin dəlillərinə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı əlavə olaraq apellyasiya şikayətinin dəlilləri baxımından onu da diqqətə çəkir ki, iddiaçının iddia etdiyi 375.7 kv.metr torpaq sahəsinin Sənubər Əliyevanın adına olan yuxarıda istinad edilmiş Texniki pasportda qeyd olunan torpaq sahəsinə (texniki pasporta əsasər 644.5 kv.m olsa da, faktiki olaraq 526.0 kv.m təşkil edir.) aid olması hər hansı sübutla təkzib olunmur və heç bir dəlil irəli sürülmür.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisinventarlaşdırcısı Həzi Hüseynovun mütəxəssis rəyindən və bu mütəxəssis rəyi əsasında verilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8459 saylı rəyindən isə göründüyü kimi, həmin torpaq sahəsinin, 198.0 kv.m hissəsi X15 **********88 reyestr nömrəsi ilə xüsusi mülkiyyətində olan 331.0 kv.mtorpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, 250.0 kv.m torpaq sahəsi Qala- Pirallahı yoluna düşür. Yerdə qalan 81.0 kv.m hissə isə yaşıllıq ərazisidir.

55. Məhkəmə Kollegiyası qeyd edir ki, torpağın ümumi ölçülərində 3 kv.m texniki səhv olaraq fərq olması da (yəni 526 kv.əvəzinə 529 kv.m (198+250+81=529)) Ekspert rəyinin hazırkı işin yuxarıda sadalanan digər faktiki halları nəzərə alınmaqla sübutlar baxımından mötəbərliyini istisna etmir.

56. Belə ki, birinci instansiya məhkəməsində araşdırılmış cavabdeh İdarənin xx.xx.2014-cü il tarixli, xx.xx.2022-ci il tarixli məktublarında da bildirilmişdir ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Qala 3 nömrəli zeytunçuluq sovxozunun ərazisidir. Sahənin bir hissəsi Qala-Pirallahı yolunu mühaizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əçlakın dövlət reystrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür.

57. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

59. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı ekspert rəyinə münasibətdə bildirmişdir ki, X29 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu əsasında “Qala-Pirallahı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yuxarıda qeyd edilən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair X8 (keçmiş mülkiyyətçi) müvafiq kompensasiya ödənilməsi ilə bağlı təqdim olunmuş sənədlərdə kompensasiya ödənilmiş torpaq sahəsinin sahəsi 224,20 kv.metr müəyyən olunmuşdur.Ekspert rəyində isə göstərilir ki, 250.0 kv.m torpaq sahəsi Qala-Pirallahı yoluna düşür

60. Məhkəmə Kollegiyası iddiaçının həmin dəlilli ilə bağlı diqqətə çəkir ki, iddiaçının iddia etdiyi 375.7 kv.metr torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Sənubər Əliyevanın adına olan yuxarıda istinad edilmiş Texniki pasportda qeyd olunan torpaq sahəsinə aid olması hər hansı sübutla təkzib olunmur və heç bir dəlil irəli sürülmür.

61. Apellyasiya şikayətinin işə baxılarkən məhkəmə baxışı zaman iş üçün əhəmiyyətli olsa da X16 özü dindirilməməsi, ancaq nümayəndəsi iştirak etməsi, həmçinin X21 özü məhkəməyə təqdim etməsi, lakin hər hansı səbəbdən onun da dindirilməməsi, sözügedən evin yaxın qonşuluğunda yerləşən “Zeytun”restoranının sahibi, işçiləri müəyyən edilərək dindirilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, mülki və inzibati prosessual qanunvericilik 3-cü şəxsin də səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmasını müəyyən edir.Hazırkı halda məhkəmənin bu mövqedən çıxış etməsini istisna edən hal da mövcud deyildir.

62. Bundan başqa hazırkı mübahisədə iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulmuş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməli hüququn 3-cü şəxsin izahatı və ya şahid ifadələri ilə təsdiq edilə bilməsi, bununla da maraqlı şəxsin hüquqmüəyyənedici sənədinin olması tələbinin aradan qalxması hazırkı mübahisəyə tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmamışdır.

63. Odur ki, məhkəməyə gələrək prosesdə iştirak etmək istəyən şahidin dinlənilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə Kollegiyası nəzərə alır ki, hazırki iş üzrə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na əsasən hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, şahid ifadəsi ilə hüququn müəyyən edilməsi dəlili əsassızdır.

64. Məhkəmə Kollegiyası qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat artıq qeyd edildiyi kimi, yuxarıda sadalanan sənədlərə əsasən aparılır. İddiaçı isə nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır.

65. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərarı qəbul etmişdir.

66. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar