Məhkəmə qərarları › İş №2-1(103)-480/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-480/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-480/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X5 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyaya çıxdığı 2007-ci ildən 2019-cu ilədək hər il üçün aylıq əmək haqqının 2 mislində məzuniyyətə çıxması ilə bağlı və 2 mislində müalicə ilə bağlı müavinətlərin hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29.12.2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” 26.05.2006-cı il tarixli qanuna müvafiq olaraq pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)319/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-319/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadına əsasən İddiaçı iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1748/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)319/2020 saylı, 25 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, inzibati iş məhkəməyə göndərilmiş, İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)297/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərardadına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1748/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İşə yenidən Bakı İnzibati Məhkəməsində baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, təqaüdünə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla yenidən hesablanıb verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 avqust 2021-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1941-ci ildə Ağdam rayonun, Seyidii kəndində anadan olmuşdur. 1978-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 işləmişdir. 26 iyun 1997-ci ildən 11.01.2007-ci ilədək həmin institutun məhkəmə yol-nəqliyyat hadisələri ekpertizası elmitədqiqat labaratoriyasının müdiri vəzifəsində işləmişdir. Hazırda həmin institut Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanı ilə müvafiq olaraq Məhkəmə ekspertizası adlandırılmışdır. Labaratoriya müdiri vəzifəsi isə hazırda şöbə rəisi vəzifəsi ilə əvəzlənmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” 26 may 2006-ci il tarixli Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. İddiaçı qanunla müəyən edilmiş müavinətlərin verilməsi üçün cavabdehə rəsmi ərizə vermişdir. Lakin cavabdeh 17.09.2019-cu il tarixli **********5 saylı rəsmi cavabında müavinətlərin verilməsinin qanunvericilikdə verilməsini təsdiq etməsinə baxmayaraq müavinətin ona ödənilməsini mümkün hesab etməmişdir. Tələbinin təmin olunmasından imtina etmişdir. Bununla da ona qanunla ödənilməli olan müavinətlərin ödənilməsindən əsassız imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, sonradan verilən əlavə ona da şamil olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2019-cu il tarixli, 370 saylı arayışdan görünür ki, İddiaçı 1978ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 işləmişdir. İddiaçı 26.06.1997-ci ildən 11.01.2007-ci ilədək Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Hazırda həmin İnstitut Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2006-cı il tarixli 446 nömrəli “Ədliyyə orqanlarının inkişafi haqqinda” Fərmanı ilə müvafiq olarq Məhkəmə ekspertizası mərkəzi adlandırılmışdır. 26 may 2006-cı il tarixli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən ədliyyə işçisi hər il məzuniyyətə çıxarkən ona iki aylıq əmək haqqı həcmində müavinət ödənilərkən əmək haqqına aşağıdakı ödənişlər daxil edilir: 1. Vəzifə maaşı, 2. Rütbəyə görə ödəniş, 3. Xidmətdə qulluq illəri, 4. İxtisas dərəcəsi, 5. Vəzifə maaşına əlavə, 6. Elmi dərəcə. - İddiaçıya məxsus 27 noyabr 1996-cı il tarixli, ИТ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 26.06.1997-ci ildə Məhkəmə yolnəqliyyat hadisələri ekspertizası elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsinə təsdiq edilmiş, 11 yanvar 2007-ci il tarixdə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 40.1.10-cu maddəsinə əsasən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. - İddiaçının pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 28 fevral 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 30.01.2007-ci il tarixdə DSMF-nun Xəzər rayon şöbəsi tərəfində təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, vəzifə maaşı 1320 manat, rütbə maaşı 127 manat, xidmət illərinə görə əlavə 578,8 manat, mükafat 213,72 manat, ekspert ixtisas dərəcəsinə görə 264 manat olmaqla, 2503,52 manat məbləğində müəyyən edilmiş və həmin məbləğin 80% məbləğində 2002,82 manat ömürlük pensiya məbləği təyin edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 1.0.5-ci maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154cü maddəsinin 1-ci hissəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassız oldugundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020-ci il tarixli qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir. Eyni zamanda qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının vəsatəti əsasında cavabdehə sorğu ünvanlanaraq X9, X8, X4, X10 verilmiş hər il üçün aylıq əməkhaqqının iki misli məbləğində məzuniyyətə çıxma ilə bağlı və hər il üçün aylıq əməkhaqqının iki misli məbləğində müalicə ilə bağlı müavinətin onların pensiya məbləğinə hesablanması barədə məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktuba əsasən müəyyən edilmişdir ki, ədliyyə orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün iki aylıq həcmində müavinətlər (hər bir müavinət üçün ayrı-ayrılıqda olmaqla) X11 və mərhum X7 dair Mərkəzi Filialda mövcud sənədlərdə qulluq keçdikləri dövr ərzində onlara ödənildiyindən onların əmək pensiyalarının hesablanması zamanı nəzərə alınıb, lakin X6 və mərhum X2q keçdikləri dövr ərzində ödənilmədiyindən əmək pensiyalarının hesablanması zamanı nəzərə alınmayıb. Hazırki mübahisə üzrə iddiaçı 01 fevral 2007-ci il tarixdə pensiyaya çıxmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu isə 26 may 2006-cı il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı məhkəmə araşdırması dövründə verdiyi izahatında ədliyyə orqanlarında qulluq keçdiyi müddət ərzində hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinəti almadığını bildirmişdir. Eyni zamanda, iddiaçıya məxsus pensiya işinə baxış keçirilərkən, onun əmək pensiyasına sonrakı artımlar nəzərə alınaraq pensiyası məbləğinin bir neçə dəfə yenidən hesablandığı müəyyən edilmişdir. Lakin hazırki iddia tələbi üzrə müavinəti iddiaçı qulluq keçdiyi dövrdə almamışdır. Hazırda iddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunmayan müavinətin sonrakı artım kimi nəzərə alınmaqla ona münasibətdə nəzərə alınmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2-1(112)-5854/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar