Məhkəmə qərarları › İş №2-1(103)-480/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-480/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-480/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7759/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür. ÇB seriyalı 853771 saylı xx.xx.1993-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1988ci ildən 1993-cü ilədək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstututunda “texnoloji proseslərin istehsalatların avtomatlaşdırılması” peşəsi üzrə təhsil almışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-1066 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, X5 1988-ci ildə İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunmuş və 1993-cü ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1986-cı il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Sovet Ermənistan” sovxozunda işləmiş, xx.xx.1989-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu tələbə şəhərciyinin 5-ci korpusunun növbətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə 6 nömrəli texnoloji sexinə 5-ci dərəcəli cihazçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə 6 nömrəli istehsalat nəzarət-ölçü cihazları və avtomatika sahəsinə cihazçı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə 4 nömrəli istehsalat, nəzarət-ölçü cihazları və avtomatika sahəsi, əmtəə qrupuna cihazçı keçirilmiş, xx.xx.1999-cu il tarixdə 4 nömrəli istehsalat, nəzarət-ölçü cihazları və avtomatika sahəsinə cihazçı keçirilmiş,xx.xx.2007-ci il tarixdə 4 nömrəli sex, nəzarət ölçü cihazları və avtomatika sahəsinə cihazçı keçirilmiş, xx.xx.2008-ci il tarixdə çilingər peşəsinə keçirilmiş,xx.xx.2011-ci il tarixdə isə mühəndis vəzifəsinə keçirilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Filiala təqdim edilmiş 16 iyul 1986-cı il tarixli İT-1 ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 6 ay 14 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990-cı il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 10 ildən az (8 il 11 ay 23 gün (xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1998-ci il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi nesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az təşkil edir. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı oian pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 52 yaşınızın tamam olduğu xx.xx.2019-cu il tarixinə sizə münasibətdə 51600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40094,96 manat təşkil edirdi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “52 yaşdan yəni, 12 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatna imkan verməməsi, o cümlədən ümumi iş stajının az olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az, güzəştli iş stajı isə 10 ildən az təşkil edir. İddiaçı iddiası üzrə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilik xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajının və 10 il güzəştli iş stajının olmasını təşkil edir, lakin iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az- 15 il 06 ay 14 gün və güzəştli iş stajı isə 10 ildən az- 8 il 11 ay 23 gün təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7759/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşdan yəni, 12 dekabr 2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlillləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, şikayətin dəlilləri qanunsuzdur və əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. xx.xx.2024cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan işə baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “52 yaşdan yəni, 12 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya ödənişlərin ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 20 ildən az, güzəştli iş stajının isə 10 ildən az olması, həmçinin pensiya kapitalının kifayət qədər olmaması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının təhsil aldığı müddəti işlədiyi müddət ilə birgə nəzərə aldıqda müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən (03 il 04 ay + 04 il 10 ay 12 gün + 11 il 11 ay 12 gün = 18 il 25 ay + 24 gün = 20 il 01 ay 24 gün) çox təşkil edir ki, bu da öz növbəliyində ümumi iş stajı ilə bağlı şərtin ödənildiyini göstərir. Həmçinin iddiaçının zərərli vəzifədə işlədiyi müddət 10 ildən (xx.xx.1994-xx.xx.1998 və xx.xx.1999-xx.xx.2006=10 il 09 ay 14 gün) çox təşkil edir ki, bu da iddiaçının güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən çox olduğunu təsdiq edir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Hazırki işdə İddiaçı xx.xx.1967-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2019cu il tarixdə tamam olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqında sənədi (diplomu), əmək kitabçasını, arxiv arayışlarını və iş yerindən güzəştli arayışı təqdim etmişdir. İşdə olan iddiaçıya məxsus təhsil alması barədə diplomdan və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş arxiv arayışından görünür ki, görünür ki, İddiaçı 1988-ci ildən 1993-cü ilədək “texnoloji proseslərin istehsalatların avtomatlaşdırılması” peşəsi üzrə təhsil almışdır. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 12 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı “Sovet Ermənistanı” sovxozunda işləmiş və 1983-cü ilin noyabr, dekabr, 1984-cü ilin iyun, sentyabr, oktyabr, 1985-ci ilin aprel, iyun, iyul, oktyabr; 1986-cı ilin mart, aprel, iyun, sentyabr, oktyabr; 1987-ci ilin aprel, iyun, avqust, sentyabr, oktyabr və 1988-ci ilin mart, aprel, iyun, iyul, avqust, oktyabr aylarında əmək haqqı almışdır. İddiaçıya məxsus əmək kitabçasına görə iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Sovet Ermənistan” sovxozunda işləmiş; xx.xx.1989-cu il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu tələbə şəhərciyinin 5-ci korpusunun növbətçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1994-cü il tarixdə 6 nömrəli texnoloji sexinə 5-ci dərəcəli cihazçı vəzifəsinə qəbul olunmuş, xx.xx.1994-cü il tarixdə 6 nömrəli istehsalat nəzarət-ölçü cihazları və avtomatika sahəsinə cihazçı vəzifəsinə keçirilmiş, xx.xx.1996-cı il tarixdə 4 nömrəli istehsalat, nəzarət-ölçü cihazları və avtomatika sahəsi, əmtəə qrupuna cihazçı keçirilmiş, xx.xx.1999-cu il tarixdə 4 nömrəli istehsalat, nəzarət-ölçü cihazları və avtomatika sahəsinə cihazçı keçirilmiş,xx.xx.2007-ci il tarixdə 4 nömrəli sex, nəzarət ölçü cihazları və avtomatika sahəsinə cihazçı keçirilmiş, xx.xx.2008-ci il tarixdə çilingər peşəsinə keçirilmiş,xx.xx.2011-ci il tarixdə isə mühəndis vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, iddiaçının sovxozdakı iş stajı ona bu barədə verilmiş arxiv arayışı ilə ona məxsus əmək kitabçasında fərqli göstərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq arxiv arayışındakı məlumatları əsas götürmüşdür. Bununla yanaşı, iddiaçının təhsil aldığı müddətin (xx.xx.1988-xx.xx.1993) bir hissəsi (1988-ci ilin bir neçə ayı) də onun sovxozda işlədiyi dövrlə, bir hissəsi isə (xx.xx.1989-xx.xx.1990) digər iş yerindəki əmək stajı ilə üst-üstə düşür. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq yalnız iddiaçının təhsil müddətini (xx.xx.1988-xx.xx.1993 (4 il 10 ay 12 gün) onun stajına hesablamışdır. Bununla yanaşı, iddiaçının sovxozdakı stajının bir hissəsi (təhsil və digər əmək fəaliyyətləri ilə üst-üstə düşməyən 1983-cü ilin noyabr, dekabr, 1984-cü ilin iyun, sentyabr, oktyabr, 1985-ci ilin aprel, iyun, iyul, oktyabr ayları və xx.xx.1985-xx.xx.1988-ci illər (3 il 4 ay)) da arxiv arayışına əsasən nəzərə alınarsa, əmək kitabçasındakı iş stajı (11 il 11 ay 22 gün + 24 gün) da hesablanarsa, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının cəmi 20 il 2 ay 4 gün olması müəyyən olunur ki, bu da ona qanunla tələb olunan 20 ildən ümumi stajdan çoxdur. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının da kifayət qədər olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşdə olan Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək cihazçı, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmtəə qrupu cihazçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək cihazçı vəzifələrində işləmişdir ki, həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 10.5 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi iddiaçının qanunla tələb olunan 10 il xüsusi stajının da mövcud olması qənaətinə gəlmişdir. Lakin cavabdeh qurum bununla razılaşmayıb apellyasiya şikayəti verdiyi üçün iddiaçının xüsusi stajı ilə bağlı məsələ bir daha apellyasiya qaydasında işə baxılarkən araşdırılmışdır. Bununla bağlı iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixlərdə işlədiyi “cihazçı”, xx.xx.1999-xx.xx.2007-ci il tarixlərdə işlədiyi “cihazçı” peşəsinin funksiyaları, həmin peşənin zərərli sahəyə aid olmaqla onun xüsusiyyətləri, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında hansı kod altında olan peşənin xüsusiyyəti ilə eyni olub ona uyğun gəlməsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Heydər Əliyev adına X10 məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktub iş materiallarında olan məktubun məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin siyahısı haqqında 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin ******* a-17150 saylı kodla və xx.xx.2007- ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə əsasən avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. QəribəTağıyeva NEZin 6 N-li sex və istehsalatında xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək katalizator istehsalı üzrə 63 N-li texnoloji qurğunun nəzarət-ölçü cihazları və avtomatika vasitələrinə, 4 N-li sex və istehsalatda xx.xx.1996-cr ildən xx.xx.2008-ci ilədək işlədiyi dövrlər ərzində katalizator istehsalı üzrə 43 N-li texnoloji qurğunun nəzarət-ölçü cihazları və avtomatika vasitələrinə xidmət etmişdir. Həmin qurğularda texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malik olmuşlar. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda – 2130301a-17150 kod altında nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr peşəsinə uyğun olduğu və bu peşənin də ona güzəştli pensiya hüququ verdiyi müəyyən olunur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar” nəzərdə tutulmuşdur ki, həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən ətraflı məzmunda verilmiş arayışlarla təsdiq olunur. Buna görə də iddiaçıya xx.xx.2019-cu il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Bununla yanaşı, hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə cavabdehin imtina məktubunun tarixinin xx.xx.2022-ci il tarix, iddiaçının müraciət məktubunun tarixinin isə xx.xx.2022-ci il tarixdən olduğu, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya pensiya ödənişinin də son 3 il üzrə aparılması mümkündür. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7759/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7759/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar