Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-480/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2024 saylı 18 iyul 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçıya DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Və Reablitasiya Agentliyinin xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli qərarına əsasən ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin olunmuşdur. İddiaçı əlilliklə bağlı pensiyasını almaqda davam etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Fondun 477 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdən iddiaçının əlilliyə görə pensiyası bu barədə ərizəsi olmadan yaşa görə əmək pensiyasına dəyişdirilmişdir. Bu zaman PSK 50%-lə hesablansa da, xx.xx.2018-ci ildə yenidən hesablanaraq 90%-lə verilmişdir. Sonradan cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası Qanunun 21.1-ci maddəsinə əsasən yenidən hesablanmış və pensiyasının məbləği 984.84 manat müəyyən olunmuşdur. Daha sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanaraq (səbəb-İnventarizasiya) 1320,28 manatdan 880,21 manata dəyişdirilmişdir. Fərdi hesab üzrə PSK-nın məbləği 117800,50 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix xx.xx.2015-ci il tarix göstərilmişdir. Yenidən hesablamanın ödəniş tarixi xx.xx.2023-cü il tarixdən müddətsiz müəyyən edilmişdir. Qərarda həmçinin qeyd olunmuşdur ki, xx.xx.2017-ci il tarixdə növdəyişmə zamanı PSK 50%-lə hesablansa da, xx.xx.2018-ci il tarixdə yenidən hesablanaraq 90%-lə verilmiş və nəticədə 13802,58 manat artıqvermə yaranmışdır. İddiaçı bundan narazı qalaraq cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, təqdimi etdiyi sənədlərin surətinə əsasən xx.xx.2006-cı il tarixədək 30 il 4 ay 5 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixinək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 46895,78 manat pensiya kapitalı əsasında pensiya məbləği yenidən hesablanmış və xx.xx.2020-ci ii tarixdən 651,76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən pensiyanın məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 726,06 manata, xx.xx.2022-ci il tarixdən 750,74 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 767,40 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 880,21 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixində pensiya yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən (artıqödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması barədə cavabdehin qərarının qeyri-qanuni hesab edilərək ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə, yəni hər ay 1320 manat 28 qəpik məbləğində ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 172027 nömrəli, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiyanın əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx xxxxx 1954-cü il tarixdə doğulmuşdur. xx.xx.2015-ci il tarixdə sağlamlıq imkanının məhdudlaşması ilə əlaqədar öz xahişi ilə işdən azad olunmuşdur. 1976-cı ildən 3-cü qrup əlilliklə pensiya almışdır və işini də davam etdirmişdir. xx.xx.2015-ci il tarixdən vəziyyətinin pisləşməsi ilə əlaqədar ona 2-ci qrup əlillik müəyyən edilmiş və pensiya təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən ümumi xəstəliklə 5 il müddətinə 2-ci qrup əlillik müəyyən edilmişdir. xx.xx.2017-ci ildən, yəni həmin vaxt yaşa görə pensiya yaşı (63 yaş) tamam olduqdan sonra onun ərizəsi və sair formada müraciəti olmadan pensiyası əlillikdən yaşa görə pensiyaya keçirilmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, yəni "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə görə pensiyanın bir növündən başqa bir növünə keçmə pensiyaçıların hüququdur. İnsan həmin hüquqdan istifadə edə də bilər, etməyə də bilər. Belə vəziyyətdə insanın özünə sərfəli variantı seçmək hüququ (ixtiyarı) vardır. İddiaçı xx.xx.2017-ci il tarixdən pensiyanın dəyişdirilməsindən şikayətçi olmuşdur. Nəhayət xx.xx.2018-ci il tarixdən pensiyası əlillikdən yaşa görə pensiyaya keçirilmiş və yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni qaydalarla hesablanmışdır. Bu zaman sığorta ödənişinin 90%-i sığorta kapitalı kimi nəzərə alınmışdır. Həmin vaxt təyin edilmiş pensiya məbləği sonrakı illərdə indeksləşdirilmiş və 2023-cü ilin yanvar ayından hər ay 1320 manat 28 qəpik hesablanmış və ödənilmişdir. xx.xx.2023-cü il tarixdən ona məlumat vermədən və razılığı olmadan pensiyası azaldılaraq 880 manat 21 qəpik müəyyən edilmişdir və həmin məbləğdə ödənilir. Bununla əlaqədar 3 saylı DOST Mərkəzi vasitəsi ilə ərizə verərək narazılığını bildirmişdir və pensiyanın bərpa edilməsini tələb etmişdir. Cavabdehin 24 avqust 2023-cü il tarixli məktubu ilə izah edilib ki, pensiya məbləğinin azaldılması qanunidir, üstəlik ona son 3 ildə artıq ödənilmiş məbləğin tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 34-cü maddələrinin 01,04.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək 30 il 4 ay 5 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən-xx.xx.2015-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 46895,78 manat pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən 651,76 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçının pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 726,06 manata, xx.xx.2022-ci il tarixdən 750,74 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanları nəzərə alaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən Qanunun 26.4-cü maddəsinə əsasən 767,40 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 880,21 manata çatdırılmışdır. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyası üzrə xx.xx.2020-ci il tarixdən (artıqödəmə barədə qərarın qəbul edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2024 saylı 18 iyul 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə Qərarında (qərarın 7-ci səhifəsi yuxarıdan 7-ci abzas) guya 2017-ci ildə pensiyasının bir növdən başqa növə keçirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməməsi barədə fikir tamamilə əsassız və yanlışdır, məhkəmənin faktiki vəziyyəti təhrif etməsidir. İş üzrə mübahisələndirilən yeganə məsələ 2017-ci il aprel ayının 1-dən pensiyanın bir növündən digər növünə keçirilməsi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17№-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 2.1-ci bəndinin şərtlərinin tətbiqi zamanı yol verilmiş yanlışlıqdır. Həmin normaların tələblərinə görə: Pensiyanın bir növündən başqa növünə keçmək pensiyaçının hüquqlar və pensiyaçı bunu etməyə məcbur edilə bilməz. Pensiyanın bir növündən başqa növünə keçmək üşün pensiyaçının müraciətinin olması məcburidir. O, ərizə və sair formada cavabdehə bu barədə müraciət etməmişdir. Cavabdehin nümayəndəsi pensiya işində belə bir müraciəti olması barədə heç bir sübut təqdim etməmişdir. Müraciət, 2-ci əsasla (yaşa görə) pensiya hüququ yarandığı vaxtdan sonra istənilən vaxt verilə bilər. Bu zaman pensiyaçı özünə sərfəli variantı seçməkdə tam sərbəstdir. O, bu mülahizələri və qanunun şərtlərini nəzərə alaraq pensiyanın bir növdən başqa növünə keçirilməsindən israrlı şəkildə şikayətçi olub, pensiyasının xx.xx.2018-ci il tarixdən həmin vaxt qüvvədə olan şərtlərlə yaşa görə pensiyaya keçirilməsinə nail olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 172027 nömrəli Qərarı ilə pensiyası xx.xx.2023-cü il tarixdən əsassız olaraq azaldılaraq, 1320 manat 28 qəpik 880 manat 21 qəpik müəyyən edilmişdir. Məhkəmə qərarında əsassız olaraq 2017-ci və 2018-ci illərdə mövcud olmamış normalara, yəni “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinin sonrakı redaksiyasına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022- ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara istinad edilmişdir. Məhkəmə qərarında heç bir zərurət olmadan və mübahisəyə aidiyyatı olmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci, 5.1-ci, 5.3-cü və sair maddələrinə, habelə həmin Qanunun Tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanına istinad edilmişdir. Halbuki həmin normalarda iddia tələbini təkzib edən heç bir əsas yoxdur. Qərarda belə bir görüntü yaradılmağa cəhd göstərilmişdir ki, guya mübahisənin hüquqi qiymətləndirilməsinə hərtərəfli və dolğun yanaşılır. Əslində isə, hakim qəbul etdiyi Qərarda aidiyyatı olmayan normalara istinad etməklə diqqəti əsas məsələdən yayındırmaq istəmişdir. Nəticə etibarı ilə məhkəmə iddianın təmin edilməməsi barədə yanlış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixədək əlilliyə görə pensiya ödənilmiş, həmin tarixdən isə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90%-lə nəzərə alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilərək həmin kapitalın 90%-lə deyil, 50%-lə nəzərə alınaraq yenidən hesablanmış və artıq ödəmə məbləği müəyyən edilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsini və pensiyanın əvvəldi məbləğdə ödənilməsini tələb edir. İşin mübahisəsiz halıdır ki, iddiaçının əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi zamanı Azərbayqpn Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi qüvvədə olmuş və iddiaçıya yaşa görə əmək pensiyası həmin bəndə uyğun olaraq hesablanmışdır. İddiaçı əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi ilə bağlı müraciətinin olmamasını bildirsə də, bu barədə cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt mübahisələndirilməmişdir. Tərəflərin izahatları: İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, ona ilk dəfə xx.xx.2001-ci il tarixdən DSMF-nin Nizami rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sonradan xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli qərara əsasən ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək iddiaçıya ikinci dərəcə əlillik təyin olunmuş və o, əlilliklə bağlı pensiyasını almaqda davam etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondu tərəfindən 477 nömrəli, xx.xx.2017-ci il tarixli qərara əsasən xx.xx.2017-ci il tarixdən iddiaçının əlilliyə görə pensiyası bu barədə ərizəsi olmadan yaşa görə əmək pensiyasına dəyişdirilmiş və bu zaman PSK 50%-lə hesablansa da, xx.xx.2018-ci ildə yenidən hesablanaraq 90%-lə verilmişdir. Sonradan cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası Qanunun 21.1-ci maddəsinə əsasən yenidən hesablanmış və pensiyasının məbləği 984.84 manat müəyyən olunmuşdur. Daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli, 172027 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanaraq (səbəb- İnventarizasiya) 1320,28 manatdan 880,21 manata dəyişdirilmiş və nəticədə 13802,58 manat artıqvermə olduğu qeyd edilmişdir. Hazırda iddiaçının tələbi cavabdeh qurumun sonuncu xx.xx.2023-cü il tarixli, 172027 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və pensiyasının əvvəlki məbləğdə ödənilməsinin davam etdirilməsi barədədir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdən görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2001-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2016-cı il tarixli xxxxxxx0002 nömrəli qərara əsasən ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək ona ikinci dərəcə əlillik təyin olunduğu üçün o, əlilliklə bağlı pensiyasını almaqda davam etmişdir. Lakin 477 nömrəli, xx.xx.2017-ci il tarixli qərara əsasən xx.xx.2017-ci il tarixdən iddiaçının əlilliyə görə pensiyası onun bu barədə ərizəsi olmadan yaşa görə əmək pensiyasına dəyişdirilmiş və bu zaman PSK 50%lə hesablansa da, xx.xx.2018-ci ildə yenidən hesablanaraq 90%-lə verilmişdir. Buna baxmayaraq cavabdehin xx.xx.2020-ci il tarixli **********2 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası Qanunun 21.1-ci maddəsinə əsasən yenidən hesablanmış və pensiyasının məbləği 984.84 manat müəyyən olunmuşdur. Daha sonra cavabdehin xx.xx.2023-cü il tarixli, 172027 nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası yenidən hesablanaraq (səbəb-İnventarizasiya) 1320,28 manatdan 880,21 manata dəyişdirilmiş və nəticədə 13802,58 manat artıqvermə olduğu qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən sonuncu dəfə iddiaçının pensiya məbləğinin azaldılması, yəni PSK –nin 90%-lə hesablanmasının 50%-ə endirilməsi ilə bağlı pensiyasının 1320,28 manatdan 880,21 manata endirilməsi, həmçinin 13802,58 manat artıqvermənin olduğu barədə qərar qəbul edilərkən ona istinad olunmuşdu ki, xx.xx.2018ci il tarixində pensiya yenidən hesablanarkən xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 50 faizlə nəzərə alınmalı olduğu halda 90 faizlə nəzərə alınmışdır. Hazırki işdə xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilməmişdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi xidməti yoxlamanın (daxili araşdırmanın) aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 172027 nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd olunan inzibati icraatla bağlı prosedur qaydalara riayət olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh qurumun gətirdiyi dəlillərə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2024 saylı 18 iyul 2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 172027 nömrəli, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilməli, pensiyanın əvvəlki (1320,28 manat) məbləğdə ödənilməsinin davam etdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2024 saylı 18 iyul 2024-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 172027 nömrəli, “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilsin. İddiaçı pensiyanın əvvəlki (1320,28 manat) məbləğdə ödənilməsinin davam etdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-480/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-480/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver