Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-481/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2119/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 2119/2022 nömrəli qərarında istinad edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestinin xx.xx.2022-ci il tarixli məktubu mötəbər sübut hesab edilməməlidir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında xx.xx.1985 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti (“Neftqaztikinti”) Tresti”nin 4 saylı Tikinti- Quraşdırma İdarəsində elektrik montyoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N°-li Siyahı”sında nəzərdə tutulmamışdır. “Xəzərdənizneftqaztikinti (“Neftqaztikinti”) Tresti”nin Qərarın 1 nömrəli Siyahısında nəzərdə tutulmuş “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”na aid olsa belə 4 saylı Tikinti- Quraşdırma İdarəsin fəaliyyət istiqaməti Qərarın 1 nömrəli Siyahısında nəzərdə tutulmuş “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı”na deyil tikintiyə aiddir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N°-li Siyahı”sında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlı X bölmənin Neft-qaz və qaz kondensatının hasilatı adlı 2-ci yarımbölməsində qeyd olunan vəzifə “neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (kod: HOOOOOa—19861) adlanır. İddiaçı vəzifəsi isə “HOOOOOa—19861” kod ilə nəzərdə tutulan vəzifə ilə uyğun deyil. Tərəflərin izahatları : Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi “elektrik montyoru” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə “1100000a-19861” kod ilə nəzərdə tutulan “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” peşəsi ilə uyğunluq təşkil etdiyindən həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməli və buna uyğun olaraqda iddiaçının xx.xx.2006-cı ilədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı tamamlandığından iddiaçı öz tələbində haqlı olmuşdur. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. ... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 52 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajı olmalıdır; İş materiallarından görünür ki, iddiaçının ümumi stajı xx.xx.2006-cı ilə qədər tamamlanmışdır (xx.xx.1976-xx.xx.1979-cu illərdə orta texniki peşə məktəbində təhsil (2 il 10 ay 20 gün), xx.xx.1979-xx.xx.1979-cu illərdə elektrik montyoru (3 ay 12 gün), xx.xx.1979-xx.xx.1981-ci illərdə hərbi xidmət (2 il 4 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 2 gün), xx.xx.1982-xx.xx.1982-ci illərdə elektrik montyoru (4 ay 12 gün), xx.xx.1982-xx.xx.1983-cü illərdə elektrik montyoru (3 ay 12 gün), xx.xx.1983xx.xx.1984-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (1 il 3 ay 3 gün), xx.xx.1984-xx.xx.1985-ci illərdə elektrik montyoru (9 ay 16 gün), xx.xx.1985-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (12 il 11 ay 5 gün, 1100000a19861), xx.xx.1998-xx.xx.1998-ci illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru (7 ay 12 gün), xx.xx.1999-xx.xx.2014-cü illərdə “SOCAR”ın “Xəzərdənizneftqaztikinti” (indiki “Neftqaztikinti”) trestində elektrik montyoru (xx.xx.2006-cı ilədək 6 il 11 ay). İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan cavabdehin imtina məktubundan, etirazlardan və apelyasiya şikayətindən aydındır olur ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməsə də, güzəştli iş stajı mübahisələndirilərək, iddiaçının xx.xx.1985xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti (“Neftqaztikinti”) Tresti”nin 4 saylı Tikinti-Quraşdırma İdarəsində işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahı”sında nəzərdə tutulmadığı, bu səbəbdən də həmin dövrlərin güzəştli iş stajına daxil edilməməli olduğu bildirilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR-ın “Neftqaztikinti” trestinin xx.xx.2022-ci il tarixli məktubu 4 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2022-ci il tarixli məktubu (iddiaçının işlədiyi peşənin güzəştli olmaması göstərilmiş) və SOCAR-ın “Neftqaztikinti” trestinin xx.xx.2021-ci il məktubu (“elektrik mantyoru” peşəsinin “1 №-li Siyahı”da nəzərdə tutulmaması göstərilmiş) ilə ziddiyyət təşkil etdiyindən həmin məktubun mötəbərliyi Kollegiyada şübhə doğurmuşdur. İşin obyektiv araşdırılması, apelyasiya şikayətinin dəlillərinin əsaslı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmiş və sorğulara cavab məktublarından müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmadan yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan : -Məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə ünvanlanan 13 yanvar 2023-cü il tarixli, 14-2-14/2-92/2023 saylı məktubda göstırilmişdir ki, İddiaçı xx.xx.1998-ci il tarixində ““Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin Baş mexanika şöbəsinə müvəqqəti olaraq elektrik montyoru peşəsinə işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. “Neftqaztikinti” tresitinin arxivində saxlanılan sənədlərə əsasən İddiaçı elektrik montyoru peşəsi üzrə xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək fəaliyyətini quruda icra etmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən məhkəməyə ünvanlanan 30 yanvar 2023-cü il tarixli, 14-2-14/2-92/2023 saylı məktubda göstərilmişdir ki, İddiaçı dənizdə işləməsini təsdiq edən heç bir sənəd 4 saylı TND-nin arxivində aşkar edilməmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən məhkəməyə ünvanlanan 13 mart 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Nəqliyyat İdarəsi 4 saylı Texnoloji Nəqliyyat Departamenti 2014-cü ildə yeni yaradılmışdır. Həmin dövrdə SOCAR-ın Neftqaztikinti Tresti tərəfindən 4 saylı Texnoloji Nəqliyyat Departamentinə təhvil verilmiş arxiv sənədlərinə əsasən 1983-2014-cü illər üzrə İddiaçı yalnız quruda işləməsi müəyyən olunmuşdur. Sorğulara cavab məktublarından İddiaçı xx.xx.1985-xx.xx.1998-ci illər ərzində elektrik montyoru kimi “Xəzərdənizneftqaztikinti” trestində işlədiyi dövrlərdə dənizdə deyil, yalnız quruda işləməsi müəyyən edilmişdir. Həmçinin Kollegiya qeyd edir ki, işin aydınlaşdırılması üçün müəyyən edilməsi zəruri olan əsas məqamlardan biri də, iddiaçının işlədiyi “Xəzərdənizneftqaztikinti” trestininin fəaliyyət sahələridir. İşin hallarından aydın olur ki, iddiaçı “Xəzərdənizneftqaztikinti” trestinin birbaşa olaraq özündə deyil, onun tabeliyində olan idarəsində (əmək kitabçasına, SOCAR-ın 13.03.23 tarixli məktubuna və s. əsasən müəyyən edilir) fəaliyyət göstərmiş və həmin idarənin fəaliyyət sahəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahı”nın “XXVİİ.Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsi və Siyahının “XXXİİİ.Ümumi peşələr” bölməsi uyğun gəlir. Həmin bölmələrə nəzər salındıqda isə elektrik montyoru peşəsinin qeyd olunmadığı müəyyən edilir. Beləliklə, işin apelyasiya instansiya araşdırması zamanı iddiaçının “Xəzərdənizneftqaztikinti” trestinin İnşaatın Mexanikləşdirmə İdarəsində (indiki adı Neftqaztikinti Tresti) işlədiyi peşənin (elektrik montyoru) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 N°-li Siyahı”da nəzərdə tutulmadığı, eyni zamanda xx.xx.1985-2014-cü illər ərzində elektrik montyoru kimi həmin trestdə işlədiyi dövrlərdə dənizdə deyil, yalnız quruda işləməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının elektrik montyoru kimi işlədiyi xx.xx.1985-xx.xx.1998-ci illər iddiaçının xüsusi iş stajına deyil, yalnız ümumi iş stajına aid edilə bildiyindən və iddiaçının xüsusi iş stajı qanunvericilikdə nəzərdə tutulmuş həddə tamamlanmadığından (ümumiyyətlə iş materiallarından iddiaçının xüsusi iş stajının mövcud olması görünmür) iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv ediməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2119/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cahangir Yusifov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-481/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-481/2023
31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver