Məhkəmə qərarları › İş №2-1(103)-4812/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4812/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4812/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Arif qızının sədrliyi və məruzəsi ilə, X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, Cavabdehin Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, e-2- 1(112)-12536/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşından, yəni xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq ərizə ilə müraciət edilmiş, lakin hazırkı iş üzrə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə məlumat verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddiaçı həmin məktub üzrə yazılanları, həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddia tələbinə qoşma kimi əlavə edilən və cavabdehə təqdim edilmiş SOCAR "xxxx" tresti tərəfindən verilmiş arayışdan da göründüyü kimi, ümumilikdə bənna peşəsi üzrə 21 il 5 ay 10 gün gün əmək stajına malikdir. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcud olduğu üçün o, artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası əldə etmək hüququnu qazanmışdır. Lakin cavabdeh qanunsuz və əsassız olaraq “güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və imtina məktubundan cavabdeh tərəfindən qeyd edilmişdir ki, “Mərkəzi filiala təqdim etdiyiniz SOCAR-ın sizə dair 21 may 2025-ci il tarixli 14-2-14/2-991/2024 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015 tarixləri arasındakı dövr ərzində və 12.08.201-ci il tarixdən bugünədək həmin müəssisənin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyiniz qeyd olunub. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyiniz müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləməməyiniz barədə hər hansı məlumat göstərilməyib.” Göründüyü kimi cavabdeh tərəfindən absurd cavab verilmişdir. Belə ki, Azərbaycan dilinin izahlı lüğətinə əsasən “Bənna” dedikdə binanın daş, kərpic hissəsini tikən usta başa düşülür. Cavabdeh tərəfindən nəzərə alınmamışdır ki, “SOCAR” tərəfindən verilmiş arayışda da qeyd edildiyi kimi "xxxx" trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadalarda fəaliyyət göstərirlər. Yəni cavabdehin qeyd etdiyi kimi iddiaçının fəaliyyət göstərdiyi “bənna” peşəsi üçün əlavə olaraq bənna briqadası yaradılmamışdır. Həmçinin cavabdeh tərəfindən Nazirlər Kabinetinin qərarında qeyd edilmiş siyahıya istinad olunsa da, nəzərə alınmamışdır ki, iddiaçının fəaliyyət göstərdiyim briqadalar “müxtəlif peşələrdən ibarət olan işçilərdən təşkil edilmiş kompleks briqada” olmuş, yəni ayrıca bənna briqadası formasında olmamışdır. Bundan əlavə cavabdeh tərəfindən imtina formal mülahizələrlə əsaslanmaqla verilmiş, iş üzrə bütün hallar araşdırılmamış, aidiyyətı orqan və qurumlara sorğu ilə müraciət edilməmiş, iddiaçının işçi kimi fəaliyyət göstərdiyi briqadların həqiqətən də məhz Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən briqdalara aid olubolmaması aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş olan imtina qanunsuz və əsassız olmuşdur. İddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşı tamam olmuş və 25 ildən çox ümumi əmək stajı vardır. Həmçinin tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur. Bu səbəbdən də ona qeyd edilən tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin briqadanın tərkibində fəaliyyət göstəribgöstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. “Bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000a—12680). Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Mərkəzi Filiala xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin iddiaçya qeyd etdiyi əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı barədə məktub ünvanlanmışdır. İddiaçı M.X3 təqdim etdiyi SOCAR “Neftqaztikinti" trestinin ona dair 21 may 2025-ci il tarixli 14-2-U/2-991/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2015ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən bugünədək həmin müəssisənin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 2 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləməməsi barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən həmin dövrlərin güzəştli şərtlərlə əmək pensiya hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Əlavə olaraq bildirilir ki, iddiaçının ümumi iş stajı 42 il 2 ay 21 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 21 gün (01.09 1982-xx.xx.1983-cü il, 22 10.1983xx.xx.1985-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 2 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12536/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı, 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2025-ci il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan və cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı yazılı münasibətdən onun qanunla tələb olunan 25 ildən də artıq (42 il, 2 ay, 21 gün) ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdeh xx.xx.2025-ci il tarixli arayışda iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən bugünədək SOCAR "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməməsi barədə hər hansı məlumat göstərilmədiyinə istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkün hesab etməmişdir. İddiaçının iş yeri olan SOCAR "xxxx" trestinin xx.xx.2025-ci il tarixli arayışında da onun mübahisələndirilən dövrlərdə işlədiyi bənna vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” vəzifəsinə uyğun gəldiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması dövründə SOCAR-ın "xxxx" trestin sorğu edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "xxxx" trestinin İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü) vermiş olduğu xx.xx.2025-ci il tarixli, 14-2-14/2-991/2025 nömrəli arayışa əsasən iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il tarixlərində çalışdığı bənna vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Qərarının hansı bəndinə uyğun olması, həmin vəzifələrin əmək funksiyalarının nədən ibarət olması, onun işlədiyi bənna vəzifəsinin kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənna olubolmaması barədə ətraflı, izahlı məlumatların məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Müsəssisə tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı işlədiyi bənna peşəsi ilə bağlı qeyd edilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda işlər, peşələr, vəzifələr və göstəricilər 2 əsasa, istehsalat sahələrinə və həmin sahələrdəki peşə və vəzifələrə görə müəyyən olunur. "xxxx" trestinin əsas fəaliyyəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir və Trestin əsas istehsalatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aiddir. İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğun olsa da, onun işlədiyi bənna peşəsi Siyahının həmin bölməsində birbaşa nəzərdə tutulmamışdır. Belə ki, Siyahının qeyd olunan bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır. "xxxx" trestinin fəaliyyətinin əsas istiqaməti mülki tikinti olmadığına görə bənnalardan ibarət briqadalar və xüsusi bənna manqaları təşkil olunmur və bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər. İddiaçı işlədiyi bənna peşəsinin Siyahının qeyd olunan bölməsindəki sözügedən peşəylə uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlinməsinə əsas verən məlumatlar aşağıdakılardır: 1. İddiaçı çalışdığı istehsalat sahələri Siyahının 29-cu bölməsində nəzərdə tutulmuş istehsalat sahələri ilə uyğunluq təşkil edir; 2. İş yerlərinin sonuncu attestasiyasının nəticələrinə əsasən İddiaçı əmək şəraitinin ağır və zərərlilik səviyyəsinin aşağı olduğu müəyyən edilərək onun tarif maaşına “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tariхli 137 nömrəli qərarına uyğun olaraq 1,04 məbləğində artım əmsalı təyin olunmuşdur;

3. İddiaçı tərkibi 3 bənna, 3 rəngsaz, 3 dülgər, 2 suvaqçı, 1 dəmir-beton məmulatların və konstruksiyaların qəlibləyicisi, 1 məmulatların yığıcısı (plastik), 1 armaturçu və 1 üzləyiciplitəçidən ibarət briqadanın tərkibində fəaliyyət göstərir; 4. Briqadanın tərkibində fəaliyyət göstəribgöstərməməsindən asılı olmayaraq bənnalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3) (əldə olunması üçün link: eqanun.az/framework/10349) bənna peşəsi üzrə nəzərdə tutulmuş işləri yerinə yetirirlər. Göründüyü kimi, təqdim edilmiş məktub-arayışda iddiaçının bənna vəzifəsində işlədiyi Trestin əsas istehsalatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olduğu bildirilmiş, hətta iddiaçının əmək funksiyalarının nədən ibarət olması, qeyd olunan uyğunluğun müəyyən edilməsi əsasları barədə ətraflı məlumat verilmişdirMəhkəmə qeyd edir ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan arayışdakı və cavab məktubundakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Həm də vurğulanmaldır ki, iddiaçının xx.xx.2003-cü ildən qısa fasilələrlə eyni vəzifədə - bənna vəzifəsində işləməsi onu deməyə əsas verir ki, o daimi olaraq həmin idarədə bənna işləmişdir. Ona görə də, məhkəmə cavabdehin iddiaçının güzəştli iş stajının olmaması ilə bağlı arqumentini qəbul etmir və iddiaçının ümumilikdə 21 ildən artıq güzəştli iş stajının olması qənaətindədir. Həmçinin, eyni faktiki və hüquqi hallara əsaslanan mübahisələr ilə bağlı Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-974/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və 2-1(102)-2428/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadları ilə cavabdeh pensiya qurumunun kassasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Odur ki, iddiaçının xx.xx.2003-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2025-ci il tarixləri arasında SOCAR "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsində bənna vəzifəsində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (11 il, 8 ay, 7 gün + 9 il, 8 ay, 25 gün = 21 il, 5 ay, 2 gün ).

6. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

7. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, təqdim edilmiş məktub-arayışda iddiaçının bənna vəzifəsində işlədiyi Trestin əsas istehsalatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın (Siyahı) 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olduğu bildirilmiş, hətta iddiaçının əmək funksiyalarının nədən ibarət olması, qeyd olunan uyğunluğun müəyyən edilməsi əsasları barədə ətraflı məlumat verilmişdir. Qeyd olunan məsələyə münasibətdə bildiririk ki, müəssisə tərəfindən təqdim olunmuş arayışda yalnız vəzifənin adı qeyd olunmuş, lakin iddiaçının faktiki yerinə yetirdiyi işin məzmununu, iş şəraitini və struktur bölmədəki mövqeyini əks etdirən-yəni onun peşəsinin Siyahının 29-cu bölməsində göstərilən "bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar" göstəricisinə uyğun gəldiyini təsdiqləyən vəzifə təlimatı, əmrlər, briqada tərkibi barədə sənədlər və ya digər sübutedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının faktiki yerinə yetirdiyi işin Siyahıda göstərilən peşəyə uyğunluğunu müəyyənləşdirmək mümkün olmamışdır. Nəticə etibarilə, iddiaçının əmək funksiyasının Siyahıda göstərilən müvafiq peşəyə uyğunluğu obyektiv şəkildə qiymətləndirilə bilməmiş və bu hal məhkəmə araşdırmasında nəzərə alınmamışdır. Bundan başqa qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən seuep məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və dəşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərt ödənmədiyindən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəme aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.

IV. Tərəflərin izahatları:

8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçıya məhkəmə iclasının yeri vaxtı barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)(Azərbaycan Respublikası Nazirlər Kabineti) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli Qərarı:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar

Vİ.Məhkəmənin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

13. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

14. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

15. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

16. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 60 yaşının tamam olduğu xx.xx.2025ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinın cavabdeh orqanın üzərinə qoyulmasına(əlverişli inzibati akın qəbul edilməsi) nail olmaqdan ibarətdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

18. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2025-ci il tarixdə cavabdeh quruma müraciət etmişdir.

20. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda nəzərdə tutulması ilə bağlıdır.

21. Cavabdeh orqan iddiaçının işlədiyi peşənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda göstərilədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Mərkəzi Filiala təqdim edilmiş SOCAR “Neftqaztikinti" trestinin ona dair 21 may 2025-ci il tarixli 14-2-U/2-991/2025 nömrəli arayışında xx.xx.2003xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən bugünədək həmin müəssisənin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 2 saylı tikinti quraşdırma sahəsində bənna peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyibişləməməsi barədə hər hansı məlumat göstərilməyib.

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki: - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. - Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan SSR X7 Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, 665703 №-li diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə 12 №-li texniki məktəbə daxil olmuş, xx.xx.1983-cü ildə “soyuducu avadanlıqların təmiri və xidməti üzrə çilingər” peşəsi üzrə həmin məktəbin tam kursunu bitirmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. -xx.xx.1983-cü il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında bənna, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında bənna (xx.xx.2007-ci il tarixli əmrlə AZDNİ tresti və onun struktur bölmələri yenidən təşkil olunaraq ARDNŞ-nin "xxxx" Trestinə verilib, AZDNİ Trestinin 2 saylı İTATF-ı "xxxx" Trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb), xx.xx.2014- cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifələrində işləmiş, xx.xx.2015-ci il tarixdən hazıradək də "xxxx" Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində bənna vəzifəsində işləyir. -SOCAR-ın "xxxx" tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixində (əmr № 199/k, xx.xx.2003-cü il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına bənna peşəsinə işə qəbul edilib və xx.xx.2006-cı il tarixində (əmr № 94/k, xx.xx.2006-cı il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 2 il 7 ay 10 gün (iki il yeddi ay on gün) təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixində (əmr № 100/k, xx.xx.2006-cı il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialının 2 saylı sahəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2014-cü il tarixində (əmr № 237-k, 05.11,2014-cü il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 8 il 3 ay 26 gün (səkkiz il üç ay iyirmi altı gün) təşkil edir. “Azərdənizneftinşaat" tresti və onun struktur bölmələri xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq ARDNŞ-nin "xxxx" trestinə verilib və 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı 6 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 275/k, xx.xx.2014-cü il) "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinin 1 saylı tikinti quraşdırma sahəsinə bənna peşəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 210/k, xx.xx.2015-ci il) onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 2 gün (doqquz ay iki gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15- 2500/xx-xx-000205, xx.xx.2015cl il) "xxxx" trestinin 5 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə bənna peşəsinə işə qəbul edilib və halhazıradək bu peşədə işləyir. Əmək stajı 9 il 9 ay 2 gün (doqquz il doqquz ay iki gün) təşkil edir. İddiaçı bənna peşəsi üzrə iş stajı 21 il 5 ay 10 gün (iyirmi bir il beş ay on gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" trestində bənnalar mülki tikinti işləri ilə məşğul olan struktur bölmələrdə müxtəlif peşələrdən olan işçilərdən ibarət ümumi briqadaların tərkibində fəaliyyət göstərirlər.

23. İddiaçı bənna işləməsi ilə bağlı məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1955/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “... 9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən, xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı toplamış kişilərə 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır.

10. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

11. Həmçinin oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər (H.X.Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)- 641/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli; K.Q.Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-1094/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli; Z.A.Ağayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 2-1(102)-171/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli və s.). ...”

24. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar

25. Odur ki, məhkəmə hesab edir ki, artıq formalaşmış təcrübəyə əsasən “bənna” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr (29) bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsinə uyğundur. Odur ki, iş yerindən güzəştli arayışda bənna peşəsində işlədiyi müddətdə bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyib-işləməməsi barədə hər hansı məlumatın göstərilməməsi işin hallarına əsasən şəxsin zərərli əmək stajını müəyyənləşdirməyə imkan verdiyi halda onu həmin hüquqdan məhrum edə bilməz. Belə ki, arayışda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində “bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmasına dair qeyd vardır.

26. Beləliklə, iddiaçının mübahisələndirilən dövrdə zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışla təsdiq olunmuş, eləcə də iddiaçının işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğunlaşdırılmışdır. Bu əsasla məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli əmək stajı mövcuddur və bu, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına hüquqi əsas yaradır.

27. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12536/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12536/2025 nömrəli iş üzrə xx.xx.2025-ci i il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar