Məhkəmə qərarları › İş №2-1(103)-4814/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4814/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4814/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı bağ sahəsinin yerləşmə cizgisinin (torpaq sahəsinin ölçüsünün və planının) verilməsi və yerinin tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-1(112)- 6186/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sovet İcrayyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSRİ Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 saylı Qətnaməsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1374 saylı Sərəncamı ilə Ləhic ərazisində 241 saylı Bağ Tikinti Kooperativinin tərkibində ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sovet İcrayyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSRİ Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 saylı Qətnaməsinə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1374 saylı Sərəncamı ilə Ləhic ərazisində 241 saylı Bağ Tikinti Kooperativinin tərkibində ayrılmış bağ sahəsinin yerləşmə cizgisinin (torpaq sahəsinin ölçüsünün və planının) verilməsi və yerinin tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6186/2025 saylı qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Bakı şəhər X2 İcrayə Komiyəsi X1 və İstismarı Birliyinə ərizə ilə müraciət etmiş, həmin idarənin xx.xx.1992-ci il tarixli məktubu ilə iddiaçıya cavab verilmişdir ki, ərizəsi icraata götürülüb və bağ sahəsi ilə təmin olunacaq. Beləliklə, ərizəsinin nəticəsi olaraq, Bakı şəhəri Sovet İcrayyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSRİ Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 saylı Qətnaməsinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992ci il tarixli, 1374 saylı Sərəncamı ilə iddiaçıya Ləhic ərazisində 241 saylı Bağ Tikinti Kooperativinin tərkibində iddiaçıya bağ sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən, səlahiyyətli orqan olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli, 1374 saylı Sərəncam əsasında Bakı şəhər X2 İcrayə Komiyəsi X1 və İstismarı Birliyinin - Ləhic ərazisində 241 saylı Bağ Tikinti Kooperativinin tərkibində iddiaçıya bağ sahəsi ayrılmışdır. İddiaçı hərəkət məhdudiyyəti olan əlildir və koməklik olmadan hərəkət etməkdə çətinlik çəkir, bu səbəbdəndir ki, hazırkı vaxta qədər çıxarış almamışdır. Qeyd olunanlardan aydın olur ki, qanuni əsaslarla ona ayrılmış bağ sahəsinin sənədləşdirilməsi və hüquqların dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin hazırda qüvvədə olan qanunvericiliyə əsasən tərtib edilməsi zərurəti yaranmışdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair order təqdim olunmamış və İdarənin arxivində iddiaçının adına order aşkar edilməmişdir. Bundan başqa, iddiaçının ərizəsi və təqdim edilmiş arxiv arayışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirmək üçün ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılsa da, iddiaçının nümayəndəsi bağ sahəsinin yerini tanımadığını bildirmişdir. Bu səbəbdən texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-6186/2025 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia rədd edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-1(112)- 6186/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılıb və bu barədə arxivdə sərəncam da mövcuddur. Həmin sərəncam da ləğv olunmamış və qüvvədədir. İlkin tələb çıxarışın verilməsinə dair olsa da, sonradan iddia tələbinə dəqiqləşmə vermişik, tələb yerləşmə cizgisinin verilməsi və yerin tanıdılması məzmununda olmuşdur. İddiçının səhhətində olan problemlə bağlı o, həmin sahə ilə yaxından maraqlana bilməmişdir. Hazırda həmin sahələrdə artıq evlər tikilir, tikinti işləri aparılır. İddiaçı da sərəncamda qeyd edilən torpaq sahəsinin plan cizgisini və yerin tanıdılmasını cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Əsasnamədən göründüyü kimi, torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi və yerin tanıdılması cavabdeh tərəfin vəzifələridir. Bakı İnzibati Məhkəməsinin qərarından göründüyü kimi, iddiaçı yerini tanımadığından (göstərə bilmədiyindən) iddia təmin edilməmişdir. Bəs yeri iddiaçı tanıtmalıdırsa, onda cavabdeh Əsasnaməyə əsasən yerin tanıdılması vəzifəsinin icrasından boyun niyə qaçırır. Bağlar İdarəsi ləğv olunubsa da onun bütün arxivi, işləri cavabdehə həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, qeyd edilən siyahı tam deyildir, bir neçə nəfərin adını qeyd etməklə, kifayətlənmişlər. Sağlamlığı ilə əlaqədar olaraq bu işlərlə atası məşğul olmuşdur. Sonradan uzun müddət xəstəxanalarda olduğundan bu işin üstünə düşməyib. Bu torpaq sahəsi ona ərizələri əsasında əliliyi ilə əlaqədar olaraq pay torpaq sahəsi kimi verilmişdir. Həmin vaxt hətta ona Ləhiş bağları və ya Fatmayı bağları olmaqla seçim etmək imkanı da vermişlər. Daha sonra atası vəfat etdiyindən və özü xəstə olduğundan və eyni zamanda Bağlar İdarəsi ləğv olunduğundan bu məsələ belə problem olaraq qaldı. Bu yaxınlarda ona bir nəfər zəng etdi ki, torpağı almaq istəyir. Ondan xahiş etdi ki, torpağın yerini bilirsə, ona da göstərsin. Həmin şəxs, təbii ki, torpağın yerini ona göstərmədi. Sadəcə torpağa görə az bir məbləğ təklif etdi. Həmin şəxsdə onun bütün məlumatları var idi. Hətta ev telefonunun nömrəsi, hansı ki, yalnız Bağlar İdarəsində bağlanmış müqavilədə qeyd olunmuşdur. Demək həmin şəxsə müvafiq sənədlər əlçatan olub. Bu şübhələr daha da onu bu işin üstünə düşməyə təhrik etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1374 saylı sərəncamının arxiv çıxarışından görünür ki, Ləhiş bağ massivində 241 saylı BTK-ın tərkibində İddiaçı bağ sahəsi ayrılmışdır. Həmin sənəddə bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 saylı iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “... Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1374 nömrəli xx.xx.1992ci il tarixli sərəncamın idarənin arxivində saxlanılan nüsxəsində İddiaçı adı göstərilmişdir (Ləhiş BTK-241). Həmçinin, bildiririk ki, İddiaçı adına Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar olunmamışdır”. - Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-İ-15-112/2024 saylı iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “... Bağ sahələrinin ayrılması haqqında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1374 saylı Sərəncamına əsas olmuş sənədlər, X1 və İstismarı Birliyi tərəfindən verilən orderlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir”. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-İ-0656-8/2024 **********52 saylı iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, “... torpaq sahəsinə dair order təqdim olunmamış və İdarənin arxivində sizin adınıza order aşkar edilməmişdir. Bundan başqa, ərizənizdə, həmçinin təqdim edilmiş arxiv arayışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır”. - Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-1873/2025 saylı məktubunda qeyd edilmişdir ki, “... Bakı şəhər İcra Hakimiyyətinin arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri , o cümlədən xx.xx.1992-ci il tarixli, 1374 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir”. - Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 3-52/2-2579/2025 saylı məktubunda qeyd edilmişdir ki, “... Bakı Şəhər İcra Hakimiyyəti başcısının xx.xx.1992-ci il tarixli, 1374 №-li sərəncamı böyük həcmlidir və həmin sərəncama əsas olmuş sənədlər (241 №-li BTK-nın üzvlərinin siyahısı, cizgi, akt və s.) əlavə edilməmişdir”. - Məhkəmə sorğusuna cavab olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-40074/2025 saylı məktubda qeyd edilmişdir ki, “... Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 241 nömrəli BTK-nın nəzdin İddiaçı adına ayrılmış bağ sahəsinə dair sənəd (order), eləcə də həmin bağ sahəsinin cizgisi İdarənin arxivində aşkar edilməmişdir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 15-ci maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. Belə ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində 241 saylı bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin iddiaçının adına bağ sahəsinin ayrılmasına dair sənəd (order, müqavilə), eləcə də bağ sahəsinin cizgisi də aşkar edilməmişdir. İddiaçının istinad etdiyi, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1374 saylı sərəncamının arxiv çıxarışında bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilmədiyindən, bağ sahəsinə hüququn qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddiaçının istifadəsinə torpaq sahəsi ayrılarkən X1 və İstismarı Birliyi tərəfindən Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmiş, ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi barədə ayrıc aktı tərtib edilməmiş, sahənin plan və ölçüsü iddiaçıya təqdim edilməmişdir. X1 və İstismarı Birliyi ləğv edilənədək bu sənədlərin əldə edilməsi üçün təşəbbüs göstərilməmişdir. Bağ sahəsinin yerləşmə cizgisi iddiaçıda mövcud olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin yerini müəyyənləşdirmək mümkün deyil. Digər tərəfdən, hazırkı iş üzrə cavabdeh inzibati orqan bağ sahəsini ayıran qurum və ya onun hüquqi varisi olmadığından (yuxarıda qeyd edildiyi kimi onların yalnız arxivləri cavabdehdə saxlanılır), o cümlədən bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən həmin bağ sahəsinin cizgisinin tərtib edilməsi və yerinin tanıdılmasından imtina etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-1(112)-6186/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar