Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-482/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1589/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi olduğu halda, birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq, qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması prosessual cəhətdən əsaslı hesab edilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət əsaslıdır. Belə ki, işdən göründüyü kimi, iddia tələbi iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuş, lakin iddianı qismən təmin etmənin və rədd olunan hissənin nədən ibarət olmasını və əgər iddia tam təmin olunsa idi hansı qaydada təmin edilə bilərdi məsələsini izah etməmiş, bununla da mahiyyəti üzrə qərar qəbul etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qərarında iddianın qismən təmin olunmasını hüquqi cəhətdən İPM-in 73.2-ci maddəsi, faktiki cəhətdən isə cavabdeh orqan tərəfindən qanunvericiliyin normalarına uyğun inzibati icraatın aparılmaması ilə əsaslandırsa da, adıçəkilən normanın tələbi kimi “iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olmamasının” səbəblərini də açıqlamamışdır. İPM-in: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1589/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-482/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-482/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver