Məhkəmə qərarları › İş №2-1(103)-482/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-482/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-482/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2039/2021 saylı 01.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasında, 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X1 (İKF) işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət Nümayəndəliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddianın əsaslarına görə iddiaçıya 18.03.2016-cı il tarixindən əmək pensiyasının təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 16 il 8 ay sığorta stajı nəzərə alınaraq ona 148,31 manat pensiya məbləği hesablanmışdır. Pensiyasının məbləği 01.01.2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır. Pensiya təyin edilərkən əmək kitabçasında öz əksini tapmış 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək işlədyi, “Ni-sa” (Ни-Са) firmasındakı əmək stajı və 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayındadək "xxxx" İKF-da işlədiyi dövrün əmək stajı sığorta stajına əlavə olunaraq düzgün hesablanmamışdır. Həmin fəirmada işlədiyi dövr əmək stajı əmək kitabçasına qeyd edilməsə də, 2006-cı ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi 2016-cı il tarixdə təqaüdə çıxarkən həmin vaxt qeydiyyatda olduğu Fondun Nərimanov şöbəsinə təhvil verdikdə "xxxx" İKF-da olan pensiya tutumlarına əsasən sığorta stajı qeyd olunmuşdur və bu hal Fondun Nərimanov şöbəsinin əməkdaşlarına da məlum olmasına baxmayaraq, sonradan bilmişdir ki, onun qeyd edilən firmalarda işlədiyi dövrlərin pensiya hesablanarkən əmək stajı sığorta stajına əlavə olunaraq hesablanmamışdır. Həmin illərin əmək stajı kimi alınmaqla düzgün hesablanması ilə bağlı ərizə ilə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə müraciət etmiş, lakin sonuncu 24.09.2020-ci il tarixdə ona imtina məktubu verilərək qeyd edilən dövrlərin sığorta stajına əlavə olunmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırılmışdır ki, Milli Arxiv İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə göndərilmiş sorğuya verilən Milli Arxiv İdarəsinin 17.02.2021-ci il tarixli cavab məktubunda “Ni-sa” firmasının arxiv sənədlərinin Arxivin Bakı Filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sorğuya verdiyi 05.02.2021-ci il tarixli cavab məktubunda isə qeyd edilmişdir ki, statistik vahidlərin dövlət reyestrində “Ni-sa” kiçik müəssisəsi 02.04.1997-ci il tarixində qeydiyyatdan keçmişdir. Halbuki iddiaçı 1992-ci ildən həmin firmada işlədiyini iddia edir. “Dəyanət 1” İKF ilə bağlı iş materiallarında olan DSMF-nin Nərimanov rayon şöbəsinin 26.05.2016-cı il tarixli məktubundan görünür ki, iddiaçının "xxxx" İKF-də işlədiyi 2006-2010-cu illər pensiya təyin edilərkən onun sosial sığorta stajına daxil edilmişdir. Onun həmin firmada işlədiyi 1998-2006-cı illərə gəldikdə isə müəyyən olunur ki, həmin illərdə işləməyi ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmin illər iddiaçının əmək kitabçasında da qeyd edilməyib. Beləliklə, İddiaçı 02.04.199225.03.1998-ci illərdə “Ni-sa” firmasında, 1998-2010-cu illərdə "xxxx" X1 işlədiyi illərin daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2021 saylı 01.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kompaniyasında və 14.04.1998-ci ildən 01.01.2006-cı ilədək "xxxx" X1 işlədiyi dövrlərin sığorta stajına daxil edilməklə pensiyanin yenidən hesablanması öhdəliyi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" İKF-də işlədiyi 14.04.1998-01.01.2006-cı illər əmək kitabçasında öz təsdiqini tapmamışdır. Hər iki müəssisədə direktor vəzifəsində işləməsinə baxmayaraq heç bir mötəbər sübut təqdim etməmişdir.Qeyd edilən səbəblərdən həmin illər onun sığorta stajına daxil edilə bilməz və onun yaşa görə əmək pensiyasnın yenidən hesablanması tələbi qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də, məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan iddiaçının tələbi təmin olunmamalıdır. Apellyasiya mərhələsində, tərəflərin razılığı nəzərə alınmaqla, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Xidmət Nümayəndəliyi, həmin Fondun “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirakı edən cavabdehin nümayəndəsi F.Həmidova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmaını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiak edən İddiaçı 1998-2005-ci illərdə Dəyanət İKF-in direktoru işləməsi barədə həmin firmanın 10.03.2022-ci il tarixli arayışını məhkəməyə təqdim edərək, izahatında firmaın sənədləri saxlanılmadığından başqa sənədlər təqdim edə bilmədiyini, nə varsa işə əlavə olunduğunu qeyd edərək, birinci instansyia məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddia tələbindən göründüyü kimi, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) firmasında, 1998-ci ilin aprel ayından 2006-cı ilədək "xxxx" X1 (İKF) işlədiyi dövrlərin sığorta stajına əlavə olunaraq yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iddia ərizəsinə, işə əlavə olunmuş pensiya işinə dair sənədlərdən çıxarışlara o cümlədən, pensiya uçot vərəqi, pensiya təyinatı barədə 29.03.2016-cı il tarixli qərara pensiyanın yenidən hesablanması barədə 11.08.2020-ci il tarixində cavabdeh təqdim edilmiş ərizəsinə (və s.), həmin ərizəyə cavabdehin verdiyi 24.092020-ci il tarixli imtina məktubuna əsasən müəyyən olunur ki: - iddiaçıya 01 iyul 2017-ci il tarixinədək olan dövrdə iddiaçıya ilkin olaraq 18.03.2016-cı il tarixində 148,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan onun əmək pensiyası 01.10.2019-cu il tarixindən 200 manata, daha sonra 01.01.2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır. Sonradan isə iddiaçıya məlum olmuşdur ki, ona ilkin pensiya təyinatı aparılarkən , “Ni-sa” (Ни-Са) firması və "xxxx" İKF-də işşlədiyi dövrlər onun sığorta stajına daxil edilməmişdir ki, bu hal işin mübahisələndirilməyən halıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, ilkin pensiya təyinatı aparılarkən qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndi nəzərəd tuturdu ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının isə işə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, 02.04.1992-ci il tarixdən 25.03.1998-ci il tarixədək “Ni-sa” (Ни-Са) kampaniyasında (firmasında) müdir vəzifəsində işləmiş, işə girməsi 2 N-li 2 aprel 1992-ci il tarixli, işdən azad olunması 25 mart 1998-ci il tarixli əmrlərlə rəsmiləşdirilmiş, həmin qeydlər kadrlar rəisi-nin imzası ilə təsdiq olunaraq, firmanın dairəvi möhürü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il BA-01619-2021 saylı məktubundan görünür ki, keçmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin sənədlərdə “НИ-СА” Kompaniyasının qeydiyyatından keçib-keçməməsi barədə hər hansı bir məlumat olmasa da müəssisəsinin yenidən qeydiyyatı haqqında məlumat keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 18.06.1993-cü il tarixli, 284 saylı sərəncamı ilə Dövlət Arxivinin Bakı filialında mövcuddur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2021-ci il BA-01619-2021 saylı məktubuna əlavə olunmuş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının 18 iyun 1993-cü il tarixli 284 №-li Sərəncamından görünür ki, “НИ-СА” kompansiyası müəssisəsinin nizamnaməsinin titulunda edilmiş dəyişikliklə əlaqədar, onun yenidən qeydiyyata alınması haqqındakı müraciətə baxıb, 1. “НИ- СА”kompaniyası müəssisəsinin titulundan 1-ci maddədə təsisçilərdən Babayev N.C. adı çıxarılmaqla yenidən qeydə alınmışdır. 2. Müəssisəsinin yenidən qeydiyyatına görə Əzizbəyov rayon Sənaye investisiya Səhmdar kommersiya bankındakı 10130102 №-li hesaba 1000 /min/ rubl məbləğində ödəniş köçürülmüşdür. Nizamnamənin titulunda dəyişikliklər edilməsi ilə bağlı Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısına edilmiş 04.01.1993-cü il tarixli ərizədən də görünür ki, müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi İddiaçı Çavanşir oğludur.” Tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçı 02.04.1992 - 25.03.1998-ci illərdə “НИ-СА” firmasında müdir vəzifəsində işləmişdir. İddiaçının işlədiyi həmin dövrdə məcburi dövlət sosial haqları ödəməsinə gəldikdə isə onun həmin işdə çalışdığı vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun bu Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının iddiaçının “НИ-СА” firmasında çalışdığı dövrün sığorta stajı kimi nəzərə alınmaması qanunsuzdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfindən iddiaçının 1998-ci ilin aprel ayından 2010-cu ilin sentyabr ayındadək "xxxx" İKF-də çalışdığı dövründə sığorta stajı kimi nəzərə alınmamasını əsassız sayır. Belə ki, iddiaçının həmin firmada çalışdığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). İddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi, “DƏYANƏT”-1” İKF-nin 10.03.2022-ci il tarixli 01 saylı arayışna əsasən o, 14.04.1998-ci il tarixindən 01.01.2006-cı il tarixinədək həmin firmanın direktoru vəzifəsində çalışmışdır. Arayışda göstərilən həmin məlumatın həqiqliyi işə əlavə olunmuş aşağıdakı sübutlala təsdiq olunur: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 04.03.2021-ci il tarixli **********269200 nömrəli məktubundan görünür ki, 03.03.2021-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən “DƏYANƏT”-1” İstehsalat-Kommersiya Firmasının (VÖEN **********) 27.10.1997-ci il tarixdən vergi uçotunda olması barədə məlumat müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 14 iyul 2021-ci il tarixli **********390400 nömrəli məktubundan görünür ki, 21.10.1997-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" İstehsalat-Kommersiya Firmasının (VÖEN **********) 14.04.1998-ci ildən hal-hazıradək qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçıdur. Beləliklə də tədqiq olunan sübutlarla iddiaçının həqiqətən 14.04.1998-- 01.01.2006 “DƏYANƏT”-1” İKF-də çalışdığı öz təsdiqini tapır. İddiaçının işlədiyi həmin dövrdə məcburi dövlət sosial haqları ödəməsinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsinin tələbi baxımından, pensiya məqsədləri üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi 1 yanvar 2002-ci il tarixinədək nəzərə alınırdı. Daha sonrakı 01.01.2006-cı il tarixinədək həmin dövrəə münasibətdə isə qeyd ediləlidir ki, 1 aprel 2018-ci il tarixindən qüvvəyə minmiş, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının "xxxx" İKF-də çalışdığı dövrün sığorta stajı kimi nəzərə alınmaması qanunsuz olmuşdur. Beləliklə də hər iki firmada işlədiyi dövlərin cavabdeh tərəfindən pensiya təyin olunarkən nəzərə alınmaması, iddiaçının müvafiq müraciətinə isə yenidən imtina cavabı verilməsi, onun qanunla qorunan hüquqların pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlara maddi və prosessual hüquq normalarına hüquq normalarına uyğun nəticədir. Ona görə də cavabdehin apellyasiya şikayətinin, həmin qərarın maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız” olduğunu mübahisələndirən dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2021 saylı 01.09.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2039/2021 saylı 01.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar