Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-482/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X2 və X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib olunması və dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamı ilə M.Qaşqay küçəsi 97 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təqdim olunmuş layihəyə uyğun olaraq onun adına sənədləşdirilməsinə icazə verilmiş, mövcud qeyri-yaşayış sahəsinin müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli qərarı ilə tikinti obyektinin istismarına icazə verilmişdir. Ərizəyə 2018-ci il tarixli eskiz layihəsini, baş planı, o cümlədən qeyri-yaşayış sahəsinin plan sxemini əlavə edir. Qanuni mülkiyyət hüququ əsasında sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdehə müvafiq ərizə ilə müraciət olunmuş, lakin cavab olaraq göstərilmişdir ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmiş, həmçinin qeyriyaşayış binasının layihəsi və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Hesab edir ki, İdarənin bu imtinası tam ədalətsiz, qanunsuzdur. Belə ki, göründüyü kimi ona aid olan bütün hüquq müəyyənedici sənədlər lazımı qaydada cavabdeh inzibati orqana təqdim olunmuş, qeyri-yaşayış binasının layihəsi və istismarına icazə sənədinin isə iddiaçıdan tələb olunması qanunun tələbinə ziddir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bu mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12-ci bəndlərinə istinadən onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması barədə sərəncam və obyektin tikintisinə icazə sərəncamı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış binasının layihəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bu barədə vətəndaşa **********36 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, xüsusi ilə "X.Mustafayevanın şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqelərə əməl edilməmişdir. Belə ki, məhkəmə öz qərarında göstərmişdir ki, “iddiaçının hüquqlarını qeydə alınması üçün əsas hesab etdiyi Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 282 №-li sərəncamı isə səlahiyyətli orqan tərəfindən verilmiş inzibati akt kimi qəbul edilə bilməz. Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Lakin müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2- ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (“İnzibati icraat haqqında” Qanunun 13.1, 67.6, 67.5-ci mddələrinə istinad olunur) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Nəticə etibarı ilə vətəndaş İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinin belə bir səlahiyyətinin olub-olmamasından xəbəri ola bilməzdi, çünki şəxsdə dövlət orqanının verdiyi sənədin leqitimsizliyinə dair hər hansı şübhə ola bilməz və şəxs dövlətin verdiyi sənədə güvənərək, etimad göstərərək əmlak əldə etmişdir. Bundan başqa, məhkəmə öz qərarında göstərmişdir ki, “İddiaçı tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9 və 8.0.10-ci maddələrində nəzərdə tutulmuş sənədlərdən hər hansı biri nə inzibati icraat, nə də məhkəmə icraatında təqdim edilməmiş, eləcə də belə sənədlərin mövcudluğu və məhkəmə icraatına təqdim edilməsi ilə bağlı hər hansı müvafiq vəsatət verilməmişdir. “Bakı şəhəri Nərimanov rayonu MKTB 53 saylı MKİS ilə İddiaçı arasında bağlanmış müqavilələr isə “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq mənzil fondunun saxlanılması üçün istismar yığımı barədədir.” Lakin məhkəmə nədənsə, həmin qanunun 8.0.1-ci maddəsinin tələbini ümumiyyətlə nəzərdə almamışdır. Həmin maddəyə görə, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən göründüyü kimi M.Qaşqay 97-də yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 53/109 saylı müqaviləyə əsasən vətəndaş İddiaçı istifadəsindədir. Qanuni sahibidir və 53 saylı MKİS-in balansındadır. Qeyri-yaşayış sahəsilə bağlı bütün kommunal xidmətləri İddiaçı ödəyir. Nərimanov rayon İcra Hakimiyyətinin 282 saylı, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilib, İddiaçı istifadəsində olan sahə Birliyin balansında olan 1981-ci ildə inşa edilmiş 9 mərtəbəli, 4 girişli, 72 mənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir (Avropa Məhkəməsinin qərarlarına və mülki qanunvericiliyə istinad olunur). Hazırki mübahisə birinci instansiya tərəfindən maddi normalar nöqteyi nəzərindən və mahiyyəti üzrə düzgün həll olunmadığından və apellyasiya şikayətində göstərilən dəlillər mühüm xarakter daşıdığından qərar ləğv edilməli idi...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair bütün sənədlərin məhkəməyə təqdim edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasnı əsassız hesab etmiş və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı imtina tikintiyə icazə sənədinin olmadığın və eskiz layihənin və istismara icazə sənədinin isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmədiyini, qeyri-yaşaıyış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, İddiaçı ünvan 3 ünvanınada yerləşən qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olmadığından cavabdeh inzibati orqanın onun müraciətini təmin etməməsi qanuni və əsaslı olmaqla ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi 2013-cü ilin 1anvar ayının 1-dən sonra inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...“8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə...” Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, 2013-cü ilin yanvar aaynnın 1-dən sonra inşa edilən tikililərə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatı üçün dörd sənədin mövcudluğu tələb olunur: 1.tikintinin aparıldığı torpaq sahəsinə hüququ təsdiq edən sənəd və torpaq sahəsinin planı və ölçüsü ;
2. tikintiyə icazə verilməsi barədə qərar;
3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4.tikinti obyektinin istismarına icazə sənədi...” İddiaçının təqdim etdiyi sənədlrər isə aşağıdakılardan ibarətdir:
1. Qeyri-yaşayış sahəsinin 2018-ci ildə layihəçi “SinLine» MMC tərəfindən tərtib olunaraq üzərinə Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin «sənədlər üçün» dairəvi möhürü vurulmuş və imza (kimliyi qeyd olunmamışdır) qoyulmuş eskiz layihəsi;
2. «Tikinti obyektinin istismarına icazə sənədi (№ 19; xx.xx.2017); 3.«Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında» Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 282 №-li sərəncamı. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsinə qanunla müəyyən edilən sənədlərdən – iddiaçıda qeyri-qayşayış sahəsinin inşa edildiyi torpaq sahəsi üzərində hüququnu təsdiq sənəd, həmin torpaq sahəsini planı və ölçüsü, habelə, tikintiyə icazə sənədi mövcud deyildir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinin tələbinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində, habelə nümayəndəsinin məhkəməyə verdiyi izahatında mübahisəli qeyri-yaşayış sahəsinin doqquz mərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyini bildirməsindən dolayısı ilə belə anlaşılır ki, qeyri-yaşayış sahəsinin tikilməsi üçün onun tərəfindən torpaq sahəsinə dair hüququ təsdiq edən sənəd təqdim etmək zərurəti yoxdur. Lakin, iş materialları ilə iddiaçının qeyd olunan dəlilləri öz təsdiqini tapmır. Belə ki, qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş eskiz layihəsinə, eləcə də, hazırkı mərhələdə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi, mübahisəli «daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən qeyriyaşayış sahəsi 28,8 kv m torpaq sahəsində yerləşir və sahələri 6.365 kv.m və 12,150 kv.m-dən ibarət olan otaqlardan ibarət olmaqla, 9 mərtəbəli yaşayış binasına bitişik, lakin kənar torpaq sahəsində yerləşir. (Eskiz layihədə 1,482 kv m s/q kimi qeyd olunan sahə də mövcuddur. Həmin sahə cavabdehin müəyinə aktında 9 mərtəbəli yaşayış binasının məişət tullantıları üçün nəzərədə tutulmuş sahə kimi təsbit olunmuşdur). Ən azından, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi qeyriyaşayış sahəsinə dair fotoşəkillərdə qeyri-yaşayış sahəsinin 9 mərtəbəli qeyri-yaşayış sahəsinə bitişik olaraq əlavə torpaq sahəsində inşa edildiyi açıq-aşkar görünür. Beləliklə də, 2013-cü ilin yanvar ayının 1-dən sonra inşa edilmiş mübahisəli qeyriyaşayış sahəsinin hansı əsasla 28,8 kv m torpaq sahəsi üzərində tikildiyini təsdiq edən torpaqayırma sənədinin iddiaçıda mövcud olmadığı sübuta yetirilir. Eyni zamanda, iddiaçının tikintiyə icazə sənədi də mövcud deyildir. İşə əlavə olunmuş iddiaçının istinad etdiyi - «Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsi haqqında» Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 282 №-li sərəncamı isə istər torpağa hüququ təsdiq edən sənədi, istərsə də tikintiyə icazə sənədini əvəz edə bilən və onu qarşılayan inzibati akt kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Eyni zamanda, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur... Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunun tətbiq edilməsi barədə AR Prezidentinin xx.xx.2012-ci il tarixli fərmanına əsasən bu Məcəllənin 75.1 və 102.2-ci maddəsində nəzərədə tutulan müvafiq icra hakimiiyəti orqanının səlahiyyətini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublıkası Prezidentının 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməsinin 4.16.4-cü maddəsinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); Həmin Əsasnaməsinin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səvıyyəlı binaların memarlıq layihəsi təsdıq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Həmin Əsasnamənin əlavəsi olan, rayon icra hakimiyyətı başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyriyaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin, fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 sentyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq olunmuş “ İ, İİ və İİİ məsuliyyət səviyyəli bina və qurğuların təsnifatı”nda: İ məsuliyyət səviyyəli bina və qurğular istisna olmaqla, digər bina və qurğular, mədəniməişət, sosial və infrastruktur təyinatlı obyektlər İİ normal məsuliyyət səviyyəli bina və qurğular hesab edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, Bakı şəhərində dövlət mülkiyətində olan torpaqları istifadəyə (icarəyə) vermək, habelə həmin torpaq sahəsində inşa ediləcək İİ məsuliyyət səviyyəli qeyri-yaşayış binasının tikintisinə tikintiyə icazə və istismarına icazə sənədi vermək səlahiyyəti Bakı şəhəri İcra Hakimiyyətinə məxsusdur. İşin hallarından isə göründüyü kimi, iddiaçının qeyri-yaşayış sahəsinin tikintialtı torpaq sahəsinə dair sənədi, habelə həmin torpaq sahəsində inşa etdiyi İİ məsuliyyət səviyyəli qeyri-yaşayış sahəsinin tikintisinə icazə sənədi isə ümumiyyətlə yoxdur. Həmin tikilinin istismarına isə icazə sənədi isə müvafiq səlahiyyəti olmayan Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsi isə nəzərdə tutur ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Beləliklə də işin sübutlarla müəyyən edilən halları və qanunvericilyin yuxarıda qeyd olunan tələbləri onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması və texniki pasportun tərtib olunması üçün əsaslar mövcud olmamışdır. Başqa qeydiyyata alınması üçün müraciət olunan hüquq dövlət qeydiyyatına alınmalı deyildir. “Daşınmaz əmlakı dövlət reyestri haqqında Qanunun 15.1.1-ci maddəsi isə nəzərədə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər Həmin Qanunun 23.1-ci maddəsinə əsasən isə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Beləliklə də, cavabdehin mübahisəli daşınmaz əmlakın iddiaçının adına qeydə alınmasından imtinanın qanuni və əsaslı olduğu sübuta yetirilir. Belə olan halda, həmin imtina iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, məhkəmə inzibati orqanın üzərinə o halda inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozsun. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin mülki qanunvericiliyə və Avropa Məhkəməsinin presedent qərarlarına istinadən həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.