Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-483/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlunun və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsinə dair inzibati üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3866/2021 saylı 27.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdeh tərəfindən hüququnu pozan əlilliyin verilməsindən imtinaya dair aktın ləğv edilməsi və ona əlilliyin verilməsinə dair aktın çıxarılmasının cavabdehə həvalə edilməsi barədə aktın çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə 25 sentyabr 2004-cü il tarixində “AMEC Services Limited” şirkətində işlədiyi zaman istehsalat xəsarəti almış, 1-ci bel fəqərəsinin sümüyü sınmış və bunun nəticəsində uzun müddət sağlamlığı pozulmuşdur. Məhkəmə aktlarında onun uzun müddət müalicə alması öz əksini tapmışdır. “Elmi tədqiqat travmotologiya və ortopediya” institutunun 30 iyun 2008-ci il tarixli, 2430 saylı arayışından müəyyən olunmuşdur ki, o, “L fəqərəsinin kompression bitişmiş sınığı, Th 4-5 fəqərələrinin osteoxondrozu ağır sindromu” diaqnozuna əsasən müalicə altında olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli, 2(103)-745/2011 saylı Qətnaməsində qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o vaxtkı 1 saylı Bölgə Tibbi- Sosial Ekspert Komissiyasının SERTSE-01068180 saylı arayışına əsasən, İddiaçı 2-ci qrup əlillik dərəcəsi verilmişdir və bu arayışa əsasən o, əmək qabiliyyətinə qadir deyildir. Eyni Komissiyanın 26.05.2009-cu il tarixli müayinə aktından çıxarışdan da, görünür ki, İddiaçı əmək qabiliyyətinin 70%-ni itirmişdir.” Beləliklə, bu hal məhkəmə tərəfindən müəyyən olunmuşdur. Birmənalı olaraq göstərmək olar ki, 2004-cü ildən bu günə kimi, o, ağır durumdadır. Səhhəti get-gedə daha da, pozulur. Əsas xəstəliklərinə digərləri də, əlavə olunur. Buna baxmayaraq, 2015-ci ildə yumşaq deyilsə də, bürokratik səbəblərdən onun əlilliyi 2-ci qrupdan qanunsuz olaraq, 3-cü qrupa keçirildi. Onun səhhəti və maddi durumu ona imkan vermir ki, o, uzunmüddətli məhkəmə çəkişmələrinə qoşulsun. Bu səbəbdən də, o, məhkəməyə şikayətlə müraciət etməmişdir. Lakin, hüquqlarının pozulması bununla bitməmiş və 2020-ci ilin 24 dekabrında, yəni sənədlər göndərildikdən, 6 gündən (iki gün şənbə-bazar olmmaqla) sonra, onun telefonuna bildiriş gəldi ki, əlilliyi ləğv olunmuşdur. Artıq bu cür qanun pozuntusuna o, biganə qala bilməz. Onun üçün əhəmiyyətli əlillik müavinatından da məhrum edilmişdir. Yaşayış yeri üzrə 2 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının Tibbi Sosial Ekspert Komissiyasına 18.12.2020-ci il tarixli, 0019003AAB2N saylı göndərişindən müəyyən olunur ki, onda ürəyin hipertenziya xəstəliyi, Hipertoniya xəstəliyi (2-ci mərhələ), Stenokardiya, ÜİX gərginlik stenokardiyası xəstəlikləri, Bel fəqərəsinin sınığı Lİ fəqərəsinin kompression bitişmiş sınığı, gözümdə - Fon retonopatiyaları və retinar damar dəyişiklikləri, Hipertonik angiopatiya, nevroloji xəstəliklər - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri, travmadan sonra bel nahiyyəsində kəskin ağrılar və s. xəstəliklər var. Onu müayinə edən Komissiya hesab etmişdir ki, əlillik müddəti uzadılmalıdır və bu səbəbdən cavabdehə göndərmişdir. Lakin, aydın olmayan səbəblərdən o, imtina cavabı almışdır. Tibbi Sosial Ekspert Komissiyasının imtinasına səbəb kimi əlavə müalicəyə ehtiyacın olması qeyd olunmuşdur. Guya o, 2004-cü ildən xəstə olsa da, stasionar müalicə almamışdır. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlilliyi təyin etməyə əsas vermir, ixtisaslaşmış xəstəxanada stasionar müalicə məsləhət görülür. Tibbi-Sosial Ekspert Komissiyasında onun diaqnozu yalnız aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protruziyaları, sidik ifrazının ləngiməsi qeyd edilmişdir. Halbuki, onun səhhəti heç ona çox ayaq üstə dayanmağa imkan vermir, nəinki işləməyə. Cavabdeh orqan yalnız özünə məlum olan səbəblərdən qanunsuz olaraq vətəndaşlara imtina cavabı verir. Cavabdeh idda əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti 1 saylı Şəhər Poliklinikasının 09.09.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdiriciX1: Xİİİ Sinif – Sümük - əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 – Dorsopatiyalar => M40-M43-Deformasiyaedən dorsopatiyalar => M42-Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. L1 fəqərələrinin kompression sınığı. Th 12 S1 fəqərələrinin osteoxondrozu. Davamlı kökcük-ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş və bel fəqərələrinin osteoxondrozu” səbəbi ilə bir il verilmişdir. Daha sonra həmin poliklinikanın 28.11.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə S1 fəqərələrinin kompression bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla 14.01.2016-cı ildə göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə.S1 fəqərələrinin kompression bitişmiş sınığı: Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının 24.12.2020-ci ildə 0019003AAB2N saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protuziyaları. Sidik ifrazının ləngiməsi. Kiçik çanaq üzvlərinin funksiya pozğunluğu sidik ləngiməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur.Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşdırılmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3866/2021 saylı 27.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qərarda iddianın təmin edilməməsində əsas arqument kimi onun hazırkı xəstəliklərlə bağlı əmək qabiliyyətinin olmamasına deyil, cavabdeh tərəfin onun keçirdiyi xəstəliklərlə bağlı stasionar qaydada uzun müalicə almadığı əsas gətirilmişdir. Halbuki, iddia ərizəsində qeyd etdiyi kimi keçirdiyi xəstəliklər ona nəinki, işləməsinə heç uzun müddət ayaq üstə qalmasına imkan vermir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 58.7-ci maddəsinə istinadən hesab edir ki, qərar ləğv olunmalı iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə cavabdehin onun hüququnu pozan əlilliyin verilməsindən imtinasına dair aktının ləğv edilməsi və əlilliyin verilməsinə dair akt çıxarmasını cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası aşağıdakıları nəzərədə tutur: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İddia ərizəsinə etirazında cavabdeh, iddiaçıya əllik dərəcəsinin verilməsindən imtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçıının diaqnozu və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşdırılmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür.” İş materiallarından (7-ci vərəq) isə görünür ki, cavabdeh tərəfindən imtina (qiymətləndirmə) qərarı 24.12.2020-ci il tarixində (elektron qaydada) verilmişdir. Qeyd olunanlar onu demyə əsas verir ki, iddia cavab verəməli olan şəxsə qarşı verilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən imtina (qiymətləndirmə) 24.12.2020-ci il tarixində elektron qaydada verildikdən sonra, iddiaçı tərəfindən iddia 26.01.2021-ci il tarixində qaldırılmışdır. “İnzibati icraat haqqında” Qanunun 62.2, 73.2 və İPM-in 38.2-ci maddələrinin tələbləri baxımından iddia müddəti ötürülməmişdir. İddia ərizəsi formal olaraq əsaslandırılmışdır. Beləliklə də qeyd olunanlar nəzərə alınmaqla, İPM-in 35-ci maddəsinin tələbinə müvafiq olaraq iddianın məhkəmə icraatı mümkündür. Birinci instansiya məhkəməsi qərarında iddiaçının əlilliyi ilə bağlı sənədləri araşdıraraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına əsaslanaraq aşağıdakıları qeyd etmişdir: -“...əlillik müddətinin bitməsindən sonra, göndərişin verilməsi üçün şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının davam etməsi zəruridir. Lakin, işin hallarından göründüyü kimi, iddiaçı 2004-cü ildən 1 gün də olsun stasionar müalicədə olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi ilə bağlı qənaəti düzgün olduğundan, cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətə yol verilməsi, maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi hazırki iş üzrə məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən, bununla da, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarının 53-67-ci vərəqlərindən görünür ki, iddiaçıya əlillik dərəcəsi səhiyyə müəssisəsinin (1 saylı şəhər Poliklinikasının) : - 09.09.2008-ci il tarixli göndərişi əsasında: “Ümumi xəstəlik; X1: Xİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri M40-M54–Dorsopatiyalar => M40- M43-Deformasiyaedən dorsopatiyalar => M42Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. L1 fəqərələrinin kompression sınığı. Th 12 S1 fəqərələrinin osteoxondrozu. Davamlı kökcük-ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş və bel fəqərələrinin osteoxondrozu” səbəbi ilə - bir il müddətinə; - 28.11.2014-cü il tarixli göndərişi əsasında: “Ümumi xəstəlik; X1: Xİİİ Sinif Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.9 - Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə S1 fəqərələrinin kompression bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə - bir il müddətinə; - 14.01.2016-cı il tarixli göndərişi əsasında səbəbi: “Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri. M40-M54 – Dorsopatiyalar. M40-M43 Deformasiyaedən dorsopatiyalar M42-Onurğanın osteoxondrozu M42.9 Onurğa...; Diaqnozun mətni: Döş və bel fəqərələrinin osteoxondrozu. Davamlı kökcük ağrı sindromu ilə.S1 fəqərələrinin kompression bitişmiş sınığı: Meyar: 2.3. Üçüncü dərəcə əlillik. DİGƏR: Fəqərələrin osteoxondrozu” səbəbi ilə - beş il müddətinə verilmişdir. Həmin müddət bitdikdən sonra Bakı 2 nömrəli Şəhər Poliklinikasının 24.12.2020-ci il tarixli 0019003AAB2N saylı göndərişi əsasında iddiaçının xəstəliyi cavabdeh orqan tərəfindən qiymətləndirilərək, ona əlillik dərəcəsi verilməsindən aşağıdakı əsasla imtina olunmuşdur: - “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Aşağı döş və bel fəqərəarası disklərin çoxsaylı protuziyaları. Sidik ifrazının ləngiməsi. Kiçik çanaq üzvlərinin funksiya pozğunluğu sidik ləngiməsi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2004-cü ildən xəstə olmasına baxmayaraq 1 gün də olsun stasionar müalicəsi yoxdur. Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşdırılmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğundur Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydanın qeyd olunan 1.5.1-ci bəndinin tələblərindən göründüyü kimi, göndəriş verilməsi üçün şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində isə fasilələrlə, ümumilikdə, 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, aşağıdakı 2 şərtin də olması zəruridir: 1) orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması; 2) şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının davam etməsi. Konkret halda isə iddiaçıda qeyd olunan şərtlərin mövcud olması təsdiq olunmur. Belə ki, iş materiallarından görünür ki, 2004-cü ildən etibarən o, heç bir gün də olsun belə stasionar müalicədə olmamış və bununla bağlı iddiaçının sübutetmə vasitələri mövcud deyil. Bu baxımdan, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ümumi şəkildə, “səhhəti ona ayaqüstə dayanmağa və işləməyə imkan işləməyə imkan vermədiyini” bildirən, sübüllarla əsaslandırılmayan dəlilləri onun iddia tələbinin əsaslı tələb kimi qiymətləndirilməsini istisna edir. Ən azından, İPM-in 1.2-ci maddəsinə əsasən MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlardan göründüyü kmi, iddiaçı tərəfindən ona əlillik dərəcəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Əksinə, cavabdeh tərəfindən təkzib olunur ki, əlillik dərəcəsi verilməsi üçün qanunvericiliklə müəyyən edilən əsaslar yoxdur (İPM.m14.3). Belə olan halda, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hüquqlarını poza bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, həmin aktın qəbulundan imtina olunmaması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3866/2021 saylı 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3866/2021 saylı 27.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-483/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-483/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver