Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-483/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirаkı ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X4 qarşı “27 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş iddiaçının soyadının dəyişdirilərək “Hüseynov” kimi yazılması və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-8906/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X4 qarşı 227 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş iddiaçının soyadının dəyişdirilərək “Hüseynov” kimi yazılması və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 avqust 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ev 18, 7 nömrəli mənzildə anası ilə birlikdə yaşayır. X2 2007-ci ildə vəfat etmişdir. X1r. O doğulanda valideynləri tərəfindən ata babasının adına uyğun soyad verilmişdir. Doğulduqdan sonra doğum haqqında şəhadətnaməsi və digər sənədlərdə soyadı Rəşidli kimi qeyd edilmişdir. Ailə üzvləri isə Hüseynov soyadını daşıyırlar. İddiaçı soyadının fərqli olduğuna görə psixoloji narahatlıqlar keçirmiş və komplekslər yaratmağa başlamışdır. İddiaçı bununla bağlı 2 saylı Bakı “Asan xidmət” X4 müraciət etmiş və ona imtina cavabı verilmişdir. İmtinada göstərilmişdir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən aparılmış yoxlama zamanı soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. İmtina məktubu iddiaçının hüquqlarını kobud şəkildə pozur, polis orqanına sorğu verib axtarışda olub-olmaması müəyyən edilməlidir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-8906/2023 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarında göstərilən xüsusatlarla razı deyil və iş üzrə ətraflı və obyektiv araşdırılma aparılmadığından və bunun da nəticəsində düzgün olmayan qərar qəbul edildiyindən qərarla razı deyil. İddia ərizəsində sadə və qanuni tələblə çıxış etmişdir. Lakin guya cavabdeh orqan araşdırma aparıb və müvafiq orqandan rəy almışdır. Həmin rəydə isə qeyd edilir ki:, - “İnzibati icraat materiallarında olan Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinə əsasən təqsirləndirici material olduğundan soyadın dəyişdirilməsinin məqsədəmüvafiq olmaması bildirilmişdir.” Bu cür arayışın verilməsi tamamilə qanunsuzdur. Ümumiyyətlə cinayət prosessual qanunvericilikdə təqsirləndirici material anlayışı deyilən bir məfhum yoxdur. Belə ki, hər hansı şəxs barəsində ya cinayət işi olur, ya da sadələşdirilmiş icraat. Təqsirləndirici material anlayışı yoxdur. Bu barədə etirazını birinci instansiya məhkəməsində də bildirmiş və həmin materialın polis idarəsindən tələb edilərək araşdırılmasını tələb etmişdir, lakin görünür ki, hakim tərəfindən işin obyektiv araşdırılması əhəmiyyət kəsb etməmiş, daha asan yolla iddianı rədd etmək qərarına gəlmişdir. Belə ki, şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bağlı cinayət təqibi aparılması üçün həmin maddə ilə cinayət işi başlanılmalıdır. Barəsində isə həmin maddə ilə cinayət işi başlanılmamışdır. Buna görə də, həmin materialın adı CM-nin 128-ci maddəsi ilə təqsirləndirici material adlandırıla bilməz və həmin əsasla şəxsin hüquqları məhdudlaşdırıla bilməz. Bakı səhəri Nəsimi rayon Polis idarəsində, onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmamış, nədə ki, o məsuliyyətə cəlb edilərək cinayət təqibinə məruz qalmamışdır. Sadəcə olaraq barəsində şikayət olunmuş, o da öz təsdiqini tapmamışdır. Həmin materialın cinayət işi adlandırılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarı iiə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Barəsində yuxarıda göstərilən hallardan heç biri mövcud deyil. Əksi varsa inzibati orqan sübut etmək məcburiyyətindədir. Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-37/2-13***-******* nömrəli məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyil. Həmçinin, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38- 33/2-1946/2023 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Soyadının dəyişdirilməsi ilə bağlı cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur, soyadının dəyişdirilməsinə qanunla heç bir məhdudiyyət qoyula bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-8906/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: -İddiaçı tərəfindən məhkəməyə anası X7 məxsus AA1105260 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus 402260 nömrəli doğum haqqında şəhadətnamənin surəti, ona məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, X2nun AZ-İ 252032 nömrəli ölüm haqqında şəhadətnaməsinin surəti, 2 saylı Bakı “Asan xidmət” X3 xx.xx.2023-cü il tarixli, 05Q-92/58 nömrəli iddiaçıya ünvanladığı məktubun surəti təqdim edilmişdir. -Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-37/2-13***-******* nömrəli məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyil. -Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1946/2023 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. -Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-12/2-77309/2023 nömrəli məktubundan və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sorğusuna əsasən göndərilən Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli,1(011)- 29/2022 saylı qərarından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1, 264,66 və 70-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il şərti sınaq müddəti təyin edilmişdir. İddiaçı barədə Səbail RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2.20-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, İddiaçı barədə Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin, İddiaçı Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128, 29, 151-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1995-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydində iddiaçının soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Hazırda iddiaçı soyadının “Hüseynov” olaraq dəyişdirilməsini tələb edir. Cavabdeh inzibati orqan Nəsimi rayon Polis idarəsi tərəfindən iddiaçının soyadının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilməməsinə istinad olunaraq tələbin təmin edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndinə və Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinin yanlış tərtib edilməsi, cinayət prosessual qanunvericilikdə təqsirləndirici material anlayışının olmaması, onun barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmaması ilə əsaslandırılmışdır. Apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-12/2-77309/2023 nömrəli məktubundan və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının sorğusuna əsasən göndərilən Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 1(011)- 29/2022 saylı qərarından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1, 264, 66 və 70-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il şərti sınaq müddəti təyin edilmişdir. İddiaçı barədə Səbail RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.20-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, İddiaçı barədə Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin, N.N.Rəşidli Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128, 29, 151-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. İddiaçı doğrudur hazırda məhkumluğu olan şəxs hesab olunmasa da, onun cinayətkarlığa meylli şəxs olması kifayət qədər təsdiq olunur. Belə ki, İddiaçı 2012-ci il tarixdə ehtiyyatsızlıqdan və qəsdən törədilən cinayətə görə məhkum olunmuş, sonrakı tarixlərdə məhkum olunmasa da, lakin barəsində 2016, 2017 və 2022-ci il tarixlərdə müxtəlif qəsdən törədilən cinayətlərlə əlaqəli olan müxtəlif maddələrlə cinayət işləri başlanılmışdır. İddiaçının hazırda belə bir iddia tələbi ilə çıxış etməsi, onun əvvəlki məhkumluqlarını pərdələmək məqsədi daşımasını güman etməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: -6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; -6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir; -6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; -6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; -6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; -6.26-cı bəndinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; -6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; -6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının soyadının dəyişdirilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2-1(112)-8906/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-483/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-483/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver