Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4836/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı pensiya təyin edilməsi barədə ##.##.2023-cü il tarixli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməsi, cavabdehin iddiaçıya 1992-ci ildə təyin edilmiş, 1996-cı ildə yenidən hesablanmış pensiyası üzrə 1999-cu ilin oktyabr ayından hazırki günə qədər olan pensiya ödənişlərinin köçürüldüyü İddiaçı pensiya ödənişi hesabının rekvizitlərinin iddiaçıya bildirilməsi, iddiaçıdan asılı olmayan səbəbdən hesab ləğv edilmişsə, hesabı onda olan müvafiq məbləğlərlə bərpa edilməsi və həmin pensiya ödənişi hesabında toplanmış vəsaitdən tam istifadə etmək hüququnun təmin edilməsi, pensiya ödənişlərinin davam etdirilməsi haqqında cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı Krayzman (Verkeyeva) Bela Aleksandrovna ##.##.1959-cu il tarixində əmək fəaliyyətinə başlamış, ##.##.1965-ci il tarixindən Bakı şəhərlərarası telefon stansiyasında telefonçu vəzifəsinə qəbul edilmiş, həmin sistemdə çalışmış, 1992-ci ilin iyun ayında ona güzəştli şərtlərlə pensiya müəyyən edilsə də, işləməkdə davam etmiş, ##.##.1996-cı il tarixdə isə pensiya yaşının çatması ilə əlaqədar güzəştli şərtlərlə pensiya təyin olunmaqla pensiyaya buraxılmışdır. İddiaçı 1992-ci ildən 1999-cu ilin oktyabr ayına qədər pensiya almışdır. 1999cu oktyabr ayında İddiaçı daimi yaşamaq üçün İsrailə köçmüş, İsrail dövlətinin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməmiş, nəticədə iki ölkənin vətəndaşı olmuşdur. Həmin vaxtdan hal-hazıra qədər İddiaçı Bakı şəhərində göstərilən ünvanda qeydiyyatdadır və qeydiyyat olduğu mənzildə 40 ildən çoxdur ki, kommunal xərcləri ödəyir. Xaricə köçən zaman İddiaçı pensiya hüququnu itirməsi barədə sosial müdafiə strukturlarının əməkdaşları tərəfindən ona əsassız və yanlış məlumat bildirildiyindən, o, daha pensiya ala bilməyəcəyi barədə səhv nəticəyə gəlmiş, bu səbəbdən də pensiyasını almaqda davam etmək, o cümlədən İsraildə poçt köçürməsi ilə almaq üçün heç bir səy göstərməmişdir. 2023-cü ildə İddiaçı pensiya hüququnu itirmədiyini öyrənərək həmin müddətdə almadığı pensiyanın verilməsi üçün nümayəndəsi X4 vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Pensiyaçı İddiaçı tərəfindən ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023-cü il tarixlərində verilmiş ərizələrdən sonra, Fond tərəfindən əsassız olaraq tələb edilən bütün sənədləri təqdim etdikdən sonra, nəhayət Fond qərar qəbul etmək məcburiyyətində qalmış, məsələni tam və mahiyyəti üzrə araşdırmadan qanunsuz olaraq İddiaçı ##.##.2023-cü il tarixdə pensiya təyin etmiş və müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün alınmamış məbləğin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəyini bildirmişdir. Həmin qərarla razı olmayan İddiaçı pensiyanın hesablanma sənədinin təqdim edilməsi, pensiyasının nəyə görə 1999-cu ildən verilməməsi, nə üçün ona yeni pensiya təyin edilməsi barədə ##.##.2023, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il (bu ərizə sonuncu ərizəyə əlavədir) tarixlərdə dəfələrlə müraciət etsə də, Fond tərəfindən pensiyaçının ərizələri araşdırılmamış, tələb etdiyi sənədlər təqdim edilməmiş, yalnız iki ilkin ərizəyə artıq qərar qəbul edilməsi barədə formal cavablar verilmiş, digərləri isə ümumiyyətlə cavablandırılmamışdır. Məsələnin hüquqi aspektlərinin araşdırılması zamanı Fond tərəfindən İddiaçı barəsində qəbul edilmiş inzibati qərarın qanunsuz və əsassız olmaqla ərizəçi üçün əlverişsiz olduğu müəyyən edilmiş, inzibati icraat başlanması və nəticə etibarilə həmin qərarın ləğv edilməsi, ərizəçi üçün qanuni əlverişli inzibati akt qəbul edilməsi barədə ##.##.2024-cü il tarixdə Fonda müraciət edilmişdir. İddiaçı barəsində 1992-ci ildə güzəştli şərtlərlə, 1996-cı ildə yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Fond bunu bilsə də, məsələni tam araşdırmaq əvəzinə, sadəcə, ən asan, lakin qanunsuz yol seçilərək İddiaçı yenidən pensiya təyinatı aparılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı Krayzman (Verkeyeva) Bela Aleksandrovna ##.##.1959-cu il tarixində əmək fəaliyyətinə başlamış, ##.##.1965-ci il tarixindən Bakı şəhərlərarası telefon stansiyasında telefonçu vəzifəsinə qəbul edilmiş, həmin sistemdə çalışmış, 1992-ci ilin iyun ayında ona güzəştli şərtlərlə pensiya müəyyən edilsə də, işləməkdə davam etmiş, ##.##.1996-cı il tarixdə isə pensiya yaşının çatması ilə əlaqədar güzəştli şərtlərlə pensiya təyin olunmaqla pensiyaya buraxılmışdır. İddiaçı 1992-ci ildən 1999-cu ilin oktyabr ayına qədər pensiya almışdır. İddiaçı pasportunda olan qeydiyyatdan da görünür ki, ölkədən gedənə qədər ünvan 1 ünvanda ən azı 15 il yaşamış, ölkədən getdikdən sonra da 25 il müddətində həmin ünvanda qeydiyyatdadır, qeydiyyat ünvanını dəyişməyib və həmin ünvanda indi də onun qızı yaşayır və qızı ilə həmişə ən yaxşı münasibətdədir. Bu müddətdə həmin ünvana iddiaçının adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur qurumlarından heç bir sənəd, məktub daxil olmamışdır. 1999-cu ilin oktyabr ayında İddiaçı daimi yaşamaq üçün İsrailə köçmüş, İsrail dövlətinin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməmiş, nəticədə iki ölkənin vətəndaşı olmuşdur. Həmin vaxtdan hal-hazıra qədər İddiaçı Bakı şəhərində göstərilən ünvanda qeydiyyatdadır və qeydiyyat olduğu mənzildə 40 ildən çoxdur ki, kommunal xərcləri ödəyir. Xaricə köçən zaman İddiaçı pensiya hüququnu itirməsi barədə sosial müdafiə strukturlarının nümayəndələri tərəfindən ona əsassız və yanlış məlumat bildirildiyindən o, daha pensiya ala bilməyəcəyi barədə səhv nəticəyə gəlmiş, bu səbəbdən də pensiyasını almaqda davam etmək, o cümlədən İsraildə poçt köçürməsi ilə almaq üçün heç bir səy göstərməmişdir. 2023cü ildə İddiaçı pensiya hüququnu itirmədiyini öyrənərək həmin müddətdə almadığı pensiyanın verilməsi üçün nümayəndəsi-kürəkəni G.G.Klementyev vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Pensiyaçı İddiaçı tərəfindən ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023-cü il tarixlərində verilmiş ərizələrdən Fond tərəfindən əsassız olaraq tələb edilən bütün sənədləri təqdim etdikdən sonra nəhayət Fond qərar qəbul etmək məcburiyyətində qalmış, məsələni tam və mahiyyəti üzrə araşdırmadan qanunsuz olaraq İddiaçı ##.##.2023-cü il tarixdə əvvəllər aldığı pensiyanın məbləği və sonrakı artımlar nəzərə alınmadan pensiya təyin etmiş və müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün alınmamış məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcəyi bildirilmişdir. Həmin qərarla razı olmayan İddiaçı barəsində qəbul edilmiş inzibati qərarın qanunsuz və əsassız olmaqla ərizəçi üçün əlverişsiz olduğu üçün inzibati icraat başlanması və nəticə etibarilə həmin qərarın ləğv edilməsi, ərizəçi üçün qanuni əlverişli inzibati akt qəbul edilməsi barədə ##.##.2024-cü il tarixdə Fonda müraciət edilmişdir. Müraciətin cavablandırılmaması səbəbindən İddiaçı ##.##.2024-cü ildə Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət edərək cavabdeh tərəfindən ona pensiya təyin edilməsi barədə ##.##.2023-cü il tarixli qərarın qanunsuz, əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməsi, cavabdehin iddiaçıya 1992-ci ildə təyin edilmiş, 1996-cı ildə yenidən hesablanmış pensiyasının 1999-cu ilin oktyabr ayından hazırki günə qədər olan pensiya ödənişlərinin köçürüldüyü hesabın rekvizitlərini iddiaçıya bildirilməsi, iddiaçıdan asılı olmayan səbəbdən hesab ləğv edilmişsə, hesabı onda olan müvafiq məbləğlərlə bərpa edilməsi və həmin pensiya ödənişi hesabında toplanmış vəsaitdən tam istifadə etmək hüququnun təmin edilməsi, artırımlar nəzərə alınmaqla güzəştli şərtlərlə pensiya ödənişlərinin davam etdirilməsi haqqında cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin verdiyi cavablarla və 2023-cü ildən sonrakı dövrə aid təqdim etdiyi sənədlərlə kifayətlənərək qərar qəbul etmişdir. İddiaçı barəsində 1992-ci ildə güzəştli şərtlərlə, 1996-cı ildə yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının bu hüququ cavabdeh tərəfindən etiraf edilir və məhkəmə tərəfindən də təsdiq olunur. Cavabdeh bunu bilsə də, məsələni tam araşdırmaq əvəzinə, sadəcə, ən asan, lakin qanunsuz yol seçilərək iddiaçıya yenidən pensiya təyinatı aparmışdır. Təsadüfi deyil ki, məhz bu səbəbdən Qanunun 32.1-1-ci maddəsinə (əmək pensiyasının təyin edilməsi müddətləri) istinad edilərək təyinatdan əvvəlki 3 il üçün iddiaçıya pensiyanın ödəmə mexanizmi müəyyən edilmişdir. Lakin iddiaçıya pensiya yalnız ona əvvəlki pensiya təyinatı ləğv edilmişdirsə, yenidən təyin oluna bilərdi. Qanunun 37.8.3-cü maddəsində göstərilir ki, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi yalnız bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda dayandırıla bilər. İddiaçıya əmək pensiyası və əmək pensiyasına əlavələr, onların verilməsi şərtlərinə uyğun təyin olunmuş, ona pensiyanın təyin edilməsinin qanuniliyi və qanunla müəyyən edilmiş şərtlərə uyğunluğu keçən 32 il müddətində heç bir dövlət qurumu tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Qanununda nəzərdə tutulan, əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi proseduru (Qanunun 33-cü maddəsi) əmək pensiyasına deyil, əlilliyə görə təyin edilən pensiyalara aiddir və iddiaçı ilə əlaqədar tətbiq oluna bilməzdi. Eynilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.9-cu bəndində də göstərilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Burada da məhz əmək pensiyasının təyin edilməsi nəzərdə tutulur. Bundan əlavə, Qaydanın 8.1-ci maddəsində əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırıldığı qeyd olunur. Beləliklə də, iddiaçının ilkin pensiya təyinatı üzrə pensiya ödəmələrinin tam həcmdə icrasına pensiya təyinatı zamanı 32.1-1 maddəsində nəzərdə tutulan hallar və ödəmələrin 3 il müddəti ilə məhdudlaşdırılması şamil edilə bilməz. Bu səbəbdən iddiaçının ilkin pensiya təyinatı qüvvədədir və yeni pensiyanın təyin olunması iddiaçının pensiya hüququnun pozulmasının cavabdeh tərəfindən gizlədilməsi kimi qiymətləndirilir və iş materialları da bunu sübut edir. Ümumiyyətlə, iddiaçının əmək pensiya ödənişlərinin hər hansı əsasla dayandırılması heç bir normativ-hüquqi aktlarda nəzərdə tutulmayıb. Belə bir əsas cavabdeh tərəfindən də təqdim olunmayıb və məhkəmə tərəfindən də belə əsasların olmasına qərarda istinad edilmir. İddiaçıya ilkin olaraq pensiya təyin edildiyi vaxtda pensiya məbləğləri digər pensiyaçılarda olduğu kimi Fonddan pensiya ödənişi hesabına göndərilməklə oradan alınmış (“Dövlət büdcəsi- Dövlət sosial müdafiə fondu- Pensiya ödənişi hesabı”sxemi ilə), bu proses iddiaçı digər ölkəyə köçdükdən sonra da davam etmiş, qanunvericilik dəyişdikdən və Fondun tərkibində hər bir pensiyaçının pensiya kapitalı formalaşdıqdan sonra isə “Dövlət büdcəsi, məcburi dövlət sığorta ödənişləri, sığorta ödənişləri -Dövlət sosial müdafiə fondu- Şəxsin pensiya kapitalı - Pensiyaçının ödəniş hesabı” sxemi ilə aylıq pensiya pensiyaçının ödəniş (depozit) hesabına köçürülmüşdür. Beləliklə, iddiaçının, dayandırmağa hüquqi əsası olmayan aylıq pensiya ödənişi cavabdeh tərəfindən ödənilməkdə davam etmiş və ya etməli idi. Belə olan halda, hər bir ayın pensiya ödənişi iddiaçının hesabına akkumulyasiya olunmalı, yəni bu hesabda toplanmalı idi. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı İddiaçı ilkin olaraq ##.##.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə iddiaçının əmək pensiyası əvvəlki üç il üçün hesablanaraq, keçmiş müddət üçün ona ödənilməli olan 10514,76 manat pul vəsaiti müəyyən edilmiş, həmin məbləğ ##.##.2023- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülərək ödəniş tamamlanmışdır. İddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, o, 1999-cu ilin oktyabr ayında daimi yaşamaq üçün İsrailə köçmüş və bundan sonra ona təyin olunmuş əmək pensiyasına görə ödənişləri almamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il # #### tarixli, ***-IIIQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. İddiaçının pensiya ödənişinin dayandırıldığını iddia etdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun keçmiş müddət üçün pensiyaların ödənilməsini tənzimləyən 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Eyni zamanda hazırda qüvvədə olan Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Buna görə də hazırki iddianın düzgün həlli üçün inzibati orqanın hərəkətlərinə, “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları baxımından qiymət verilməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının ##.##.2023-cü il tarixli müraciəti əsasında onun pensiyasının yenidən hesablanması və əvvəlki üç üçün məbləğin hesablanaraq ödənilməsi qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmişdir. Əlavə olaraq iddiaçının iddia tələbinə münasibətdə araşdırma onu deməyə əsas verir ki, həmin tələbin qanuni və faktiki əsası yoxdur. Həmçinin Bakı İnzibati Məhkəməsinin qərarında məhkəmə haqlı olaraq bildirir ki, inzibati orqan iddiaçıya alınmamış pensiya məbləği üzrə fərqin 1999-cü ildən deyil, müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin təmin olunmaması və qərarın qüvvədə saxlanılması xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1940-cı ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: İddiaçı pensiya hüququ ##.##.2023-cü il tarixində Mərkəzi Filial tərəfindən müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki aylların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası Mərkəzi Filiala müraciətindən əvvəlki 3 il üçün hesablanaraq, keçmiş müddət üçün ona ödənilməli olan 11584,77 manat pul vəsaiti müəyyən edilib. Həmin vəsait ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 400,93 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 pensiyasının yenidən hesablanması haqqında *-**-*/*-*-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı ##.##.1997-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, yenidən hesablanmış əmək pensiyasının məbləği 360,55 manatdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ## ##### 2025ci il tarixli *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Krayzman (Verkeeva) Bela Aleksandrovnanın adına 1999-cu ildən 2023-cü ilədək hər hansı bank hesabı açılmamış, kart sifariş verilməmiş və adıçəkilən şəxsə qeyd edilən dövr ərzində pensiya ödənişi həyata keçirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il ######ın #-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (# #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir) 106-cı maddəsinə əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı İddiaçı adına 1999-cu ildən 2023-cü ilədək hər hansı bank hesabı açılmamış, kart sifariş verilməmiş və adıçəkilən şəxsə qeyd edilən dövr ərzində pensiya ödənişi həyata keçirilməmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli qərarına əsasən iddiaçıya ##.##.1997-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası cavabdehə müraciətindən əvvəlki 3 il üçün hesablanaraq, keçmiş müddət üçün ona ödənilməli olan məbləğ müəyyən edilməklə ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində onun əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Sadalanan normaların tələblərinə uyğun olaraq və iş materiallarına əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh orqan iddiaçıya alınmamış pensiya məbləği üzrə fərqin 1999-cü ildən deyil, müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödəməkdə haqlı olmuş, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsini düzgün tətbiq etmişdir. Buna görə də cavabdehin ##.##.2023-cü il tarixli qərarıınn ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin işin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçıya 1999-cu ildən 2023-cü ilədək hər hansı bank hesabı açılmamış, kart sifariş verilməmiş və adıçəkilən şəxsə qeyd edilən dövr ərzində pensiya ödənişi həyata keçirilməmişdir. Buna görə də iddia tələbi pensiya ödənişlərinin köçürüldüyü İddiaçı pensiya ödənişi hesabının rekvizitlərinin iddiaçıya bildirilməsi, iddiaçıdan asılı olmayan səbəbdən hesab ləğv edilmişsə, hesabı onda olan müvafiq məbləğlərlə bərpa edilməsi və həmin pensiya ödənişi hesabında toplanmış vəsaitdən tam istifadə etmək hüququnun təmin edilməsi hissəsində də əsassızdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4836/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4836/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver