Məhkəmə qərarları › İş №2-1(103)-484/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-484/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-484/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qulam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1493/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qulam oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ona ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası iləəlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respubikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində vətəndaş Nümayəndə, X2 və X4 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı şəkildə poçt vasitəsilə müraciət etmişdir. İddiaçının müraciəti həmin orqanın 22 fevral 2019-cu il tarixli, **********16 saylı məktubu ilə yazılı şəkildə imtina edilmişdir ki, guya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, həmçinin elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. İddiaçı hesab edir ki, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin həmin imtinası (hərəkətsizliyi) qanunsuz vəəsassızdır, məhkəmə tərəfindən həmin torpaq sahəsinə dair plan ölçünün və mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci, 10.2-ci, maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci, 2.0.2-ci, 58.1-ci, 67.1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 2.2.1-ci, 8.1.2-ci, 14.1-ci maddələrinə istinad edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ona ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1493/2019 saylı 10 oktyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilərəkBakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onlara müraciət ərizəsinə sənədlərin surətlərini əlavə etmiş, müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş sərəncamlarda torpaq sahəsinin ayrılması qeyd olunmamışdır. İdarənin elektron kadastr baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı «Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyriyaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında» sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciətini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli, 93 saylı «Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında» sərəncamında çıxarış ilə Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 125 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmiş və B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsinə vətəndaş Nümayəndə Məhsul oğluna, X2 və İddiaçı ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı sözügedən torpaq sahəsinə çıxarışın verilməsinə dair cavabdeh orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 22.02.2019-cu il tarixli, **********16 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, poçt vasitəsilə daxil olmuş sənədlər surətdir və torpaq shaəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları sırasına daxil olmadığı qənaətinə gəlib cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını qanunsuz hesab etmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «xxxx» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04.10.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Onun belə bir əsas kimi istinad və təqdim etdiyi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamı isə sözügedən kateqoriyaya aid hüquqi akt deyil. Çünki həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçıya özgəninkiləşdirildiyi yaxud onun icarəsinə və ya istifadəsinə verildiyi qeyd olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; 47-ci maddəsinin 2-ci bəndinə görə, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; 3-cü bəndinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; 59-cu maddəsinin 2-ci bəndinə görə, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir; 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (2). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (6). Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (7). Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (8). Mübahisəli torpaq sahəsinin ayrıldığı vaxt yerquruluşu orqanları tərəfindən yerdə (naturada) hüdudlarının torpaqayırma qaydasında müəyyən edilməsi və müvafiq sənədlərin rəsmiləşdirib iddiaçıya verilməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da onda belə sənədlərin olduğunu irəli sürmür. Həmçinin, mübahisəli torpaq sahəsi ümumi istifadədə olan torpaqlara aiddir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd inzibati orqana təqdim olunmadığından və ərizəyə əlavə edilmiş sərəncamda torpaq sahəsinin ayrılması haqqında hər hansı bir qeyd olmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1493/2019 saylı 10 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı Qulam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar