Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-484/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilməsi, iddiaçılara və övladları X8, X3çqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 11521/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024cü il tarixli qərarın ləğv edilməsi, qaçqın statusu verilməsi barədə vəsatətin təmin edilməsi, iddiaçılara və övladları X8, X3çqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçılar Pakistan İslam Respublikasının vətəndaşlarıdır və dini etiqadlarına görə müsəlmandırlar. Onlar ailə həyatı qurduqdan sonra xx.xx.2010- cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. İddiaçı1 X2 Pəncab vilayətinin Ravanpildi şəhərində doğulmuşdur. Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 10 il orta təhsil almışdır. Daha sonra İslamabad şəhərində yerləşən “X15 University” adlı universitetdə humanitar elmlər ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, 2004-2008-ci illərdə İslamabad şəhərində “UBL bank”da satış nümayəndəsi, 2017- 2019-cu illərdə “Kyani Hotel”də maliyyə işləri üzrə menecer işləmiş, 2020-2022-ci illərdə isə Peşavər şəhəri və Pin Çatla kəndində heyvandarlıqla məşğul olmuşdur. İddiaçılar övladları ilə birlikdə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişlər. 30 aprel 2024-cü il tarixində onların hər birinə qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmişlər. Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatət araşdırılması üçün qeydiyyata alınmış, adlarına 68-2024 saylı şəxsi iş açılmışdır. Qaçqın statusunun əldə edilməsi üçün müraciətin səbəbi budur ki, İddiaçı1, 2020-2022-ci illərdə Peşavər şəhərində heyvandarlıqla məşğul olarkən Nouşad adlı şiə ilə dostluq etmişdir. Nouşad 10 oktyabr 2022-ci il tarixində İrfan adlı şəxs tərəfindən qətlə yetirilmişdir. İddiaçı1 bu qətl hadisəsinin şahidi olduğu üçün İrfan tərəfindən təhdidlərə məruz qalmışdır. Bundan əlavə qaçqın statusunun əldə edilməsi üçün müraciətinin digər səbəbi budur ki, o, əvvəl islam dininin deobandi təriqətinə mənsub olmuş, 2022-ci il tarixində şiəliyi qəbul etmişdir. Pakistanda yaşayan zaman deobandi təriqətinə mənsub olan tanışları tərəfindən təhdid olunmuş, ölümlə hədələnmişdir. Göründüyü kimi, İddiaçı1 eyni zamanda dini etiqadına görə təqiblərin qurbanı olmuş və yaşadığı ölkənin himayəsindən istifadə edə bilməmiş, çünki təqib olduğuna görə Pakistanın hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq şikayətinə baxmayıblar. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı ailəsi ilə birlikdə onlara qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-46/4 nömrəli qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11521/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmayıb və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmayıb. Sığınacaq verilməsindən imtina edilməklə iddiaçının sığınacaq hüququ, inzibati icraat hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ pozulub. Nəticə etibarı ilə cavabdehin qərarı maddi-hüquqi və prosessual baxımdan qanuni deyil. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə aşağıdakılara qaçqın statusu verilmir: beynəlxalq hüquqda təyin edildiyi kimi, sülhə qarşı cinayət, hərbi cinayət, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə; Azərbaycan Respublikasının ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə; Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 7-ci bəndinə görə, "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır; 8-ci bəndinə əsasən, müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir; 10-cu bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin özü və ailəsi barədə verdiyi bütün məlumatlar və müsahibə vaxtı dedikləri sorğu vərəqinə qeyd edilir; 11-ci bəndinə görə, “Qaçqın” statusu verilməsi ilə əlaqədar müraciət edən şəxsin vəsatəti, anketləri, sorğu vərəqələri, profilaktik baxış keçirilməsi haqqında tibbi sənədi və digər sənədlər onun şəxsi işinə dair sənədlər toplusudur; 12-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti “Qaçqın” statusu almaq niyyətində olan şəxsin şəxsi işini nəzərdən keçirir və vəsatətin qeydiyyata alındığı gündən bir ay keçənədək şəxsi işin surətini baxılmaq üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə göndərir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 1 mart 1978-ci il təvəllüdlü İddiaçı1 (Pasport: № AF9919003) və ailə üzvləri (arvadı - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 oğlu - xx.xx.2010cu il təvəllüdlü X4 - xx.xx.2012-ci il təvəllüdlü X10) 30 aprel 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İddiaçı1 qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Ravalpindi şəhərində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 10 il orta təhsil aldığını, sonradan İslamabad şəhərində yerləşən “X15 university“ adlı universitetdə humanitar elmlər ixtisası üzrə bakalavr dərəcəsi aldığını, müxtəlif sahələr üzrə əmək fəaliyyəti ilə məşğul olduğunu. 2004-2008-ci illərdə İslamabad şəhərində "UBL bank”da satış nümayəndəsi, 2008-2017-ci illərdə “Al Moeed HospitaFda dərman təchizatçısı, 2017- 2019-cu illərdə “Kyani HoteFdə maliyyə işləri üzrə menecer işlədiyini, 2020-2022-ci illərdə isə Peşavər şəhəri və Pin Çatla kəndində heyvandarlıqla məşğul olduğunu demişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, arvadı və 2 oğlunun hazırda onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, atasının vəfat etdiyini, anasının, bacıqardaşlarının isə hazırda Pakistanda yaşadıqlarını qeyd etmişdir. Ərizəçi qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən 2020-2022-ci illərdə Peşavər şəhərində heyvandarlıqla məşğul olarkən Nouşad adlı şiə ilə dostluq etdiyini, Nouşadın 10 oktyabr 2022-ci il tarixdə İrfan adlı digər bir şəxs tərəfindən öldürüldüyünü, bu qətl hadisəsinə şahid olduğu üçün İrfan tərəfindən təhdid olunduğunu, buna görə də ailəsi ilə birlikdə Pakistan İslam Respublikasını tərk edərək 4 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir. Ərizəçinin arvadı İddiaçı2la keçirilən müsahibə zamanı o, İddiaçı1 dediklərini təsdiq etmiş, ərinin İrfan adlı şəxsin törətdiyi qətl hadisəsinə şahid olduğu üçün həmin şəxs tərəfindən təhdid olunduğunu demişdir İnzibati icraat materiallarından müəyyən olunur ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibə zamanı ərizəçinin dediklərindən onun qətl hadisəsindən sonra iki ilə yaxın bir müddətdə Pakistanın Ravalpindi əyalətində öz daimi yaşadığı ünvanda yaşadığı, həmin müddətdə ünvanını dəyişmədiyi, həmçinin Pakistanın hər hansı başqa bir əyalətinə köçmədiyi məlum olmuşdur. Ərizəçi bunu başqa bir əyalətə köçəcəyi halda İrfanın onu tapa biləcəyi ilə izah etmiş, lakin bu izahat inandırıcı qəbul edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı1 və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, fəal siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə, milliyyətinə və dini etiqadına görə ciddi təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı1 şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçılar tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçıların təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçılar vətandaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11521/2024 saylı, 23 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-484/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-484/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver