Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4843/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Kamran Hüseyn oğlu Əkbərovdan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sarvan oğlunun oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına dair çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15319/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Sarvan oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək RX0011398 seriyalı çıxarışın etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi, onun, ailəsinin və azyaşlı uşaqlarınn həmin ünvanda yaşayış hüququnun tanınması, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunun hüquqi əsasları araşdırılaraq onun əsassız olduğu müəyyən edilməsi və cavabdeh və üçüncü şəxsin məsuliyyətinə dair hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar aidiyyəti orqanlarına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən etibarən ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən və RX0011398 seriyalı çıxarışla rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsində yaşayır. Həmin əmlakda onun azyaşlı övladları X2 (8 yaş) və X1 (7 yaş) da yaşayır. 2012-ci ildə qeyd olunan əmlaka dair çıxarış əvvəlcə “Lalə” firması adı altında fəaliyyət göstərən hüquqi şəxsə - “Lalə” firmasına verilib. Daha sonra bu firma adını dəyişdirərək "xxxx" MMC olmuşdur. Həmin çıxarışın verilməsi zamanı bir sıra ciddi hüquq pozuntularına yol verilmiş, o cümlədən əmlakın faktiki istifadə vəziyyəti, orada 2000-ci ildən məskunlaşmış 6 ailənin yaşayışı, qeyri-rəsmi alqı- satqı faktları, və ən əsası, onun və ailəsinin 10 ildən artıq müddətdə bu ünvanda fasiləsiz yaşaması nəzərə alınmamışdır. Atası Nümayəndə və digərləri tərəfindən 3 il əvvəl DƏDRX-yə bu məsələ ilə bağlı rəsmi müraciət edilmiş və xx.xx.2022- ci il tarixli, cavabla çıxarışın ləğv edilmədiyi bildirilmişdir. Həmin cavabda təqdim edilən əsaslandırmalar hüquqi və faktiki vəziyyətlə ziddiyyət təşkil etdiyindən, çıxarışın qanunsuz verildiyi qənaətindədir. Həmçinin, bu çıxarış əsasında aparılan məhkəmə proseslərində qəbul olunmuş qətnamələr ailəsinin, xüsusilə də azyaşlı övladlarının yaşayış hüququnu pozmuşdur. Apellyasiya məhkəməsinin 2(103)-4739/2025 saylı qətnaməsi əsasında Suraxanı rayon İcra Şöbəsində məcburi icra prosesi başlanmışdır. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15319/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İnzibati icraat haqqında" Qanunun 2.0.2- ci maddəsinə əsasən- "inzibati akt- inzibati orqanın konkret hüquqi vəziyyət yaratmaq məqsədilə verdiyi fərdi hüquqi normativ aktdır" Deməli RX0011397 seriyalı çıxarış konkret hüquqi subyektin mülkiyyət hüququnu təsdiq etdiyindən o da fərdi inzibati normativ aktdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi hüquqi şəxsin adına dövlət reyestrində aparılmış çıxarışın ləğv edilməsindən ibarətdir. Lakin iddiaçı hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı olmadığını nəzərə almamış və mümkünlük şərtlərinə cavab verməyən iddia ilə məhkəməyə müraciət etmişdir. İşdə olan arxiv qovluğundan müəyyən edilir ki, baxılan işdə hüquqi şəxsin adına reyestr qeydinin aparılmasına Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1939/5-378 nömrəli, xx.xx.2006-cı il tarixli Qətnaməsi əsas olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılmasına əsas inzibati aktdırsa, həmin inzibati akt, inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Başqa sözlə desək mülkiyyət hüququna dair çıxarış əldə edilmiş hüququnun dövlət reyestrində qeydə alınmasına dair təsdiqedici bir (inzibati akt deyil) sənəddir. Beləliklə də, İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan başqa o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışda hər hansı bir düzəlişin edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur, həmin hüquq adına mülkiyyət hüququ qeydə alınmış “Lalə” firmasına məxsusdur. Ona görə də məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, iddiaçının hazırki, iddia tələbinin qaldırmaqda subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15319/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15319/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4843/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4843/2025
08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver