Məhkəmə qərarları › İş №2-1(103)-485/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-485/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-485/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və həmin hərəkətsizlik nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6643/2020 saylı qərardadından iddiaçının nümayəndəsi M.Əliyev tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xx.xx.2019-cu il tarixdən bu günə kimi ödədiyi 4.500 manat kirayə haqqının əvəzinin, ona məxsus mənzil boşalana qədər hər aya 300 manat kirayə haqqının, mənəvi ziyana görə 5.000 manat pulun ona ödənilməsi vəzifəsinin Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6643/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.Hüseynov). Həmin qərardaddan iddiaçının nümayəndəsi M.Əliyev apelyasiya şikayəti verilmişdir. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu göndərilmiş və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1700/2019 saylı İcra sənədinin icrası ilə bağlı hər hansı bir qanuni tədbir görülməsi ilə bağlı heç bir məlumat verilməmişdir və ümumi sözlərlə məcburi icra hərəkətlərinin davam etdirilməsi bildirilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixindən bu günə kimi iddiaçının ödədiyi 4500 manat kirayə haqqının əvəzinin iddiaçıya ödənilməsi, hər ay ona 300 manat kirayə haqqı ödənilməsi, mənəvi ziyana görə 5000 manat pulun iddiaçıya ödənilməsi barədə heç bir tədbir görməmişdir. nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-1700/2019 nömrəli qətnaməsi ilə X4, X9, X7, X8, X5 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” y/s, 19 saylı binanın 41 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsi icra edilməsi üçün Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı müraciətinə cavab olaraq Suraxanı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubda icra vərəqəsində adı çəkilən şəxslərin məcburi köçkün olduqları, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmadıqları və adlarında hər hansı bir qiymətli daşınar və daşınmaz əmlak aşkar edilmədiyi, bununla belə icra sənədi üzrə məcburi icra hərəkətləri davam etdirilməklə, sənədin icrasının şöbənin nəzarətində saxlandığı bildirilmişdir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi «İcra haqqında» AR Qanununun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə İPM-ə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli qərarında isə qeyd olunmuşdur ki, «İcra haqqında» AR Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarda Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: «...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, «İcra haqqında» Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarları və hərəkətləri (o cümlədən hərəkətsizlikləri) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi M.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6643/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar