Məhkəmə qərarları › İş №2-1(103)-485/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-485/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-485/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixində Zəngilan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Laçın rayon prokurorluğunda stajor-müstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 gün müddətin güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün stajına daxil edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8391/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 13.05.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün və özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə qulluq etmişdir. 04 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək, 1 il 2 ay 20 gün hərbi prokurorluğun səlahiyyətlərini mülki prokurorluq həyata keçirdiyi dövrdə ərazisində döyüş əməliyyatları aparılan və dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə yerləşən Laçın rayon prokurorluğunda döyüş şəraitində stajor-müstəntiq vəzifəsində işləmişdir. Həmin dövrün güzəştli şərtlərlə hesablanmaqla qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh əvvəlki redaksiyada olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.1-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.4-cü maddələrinə istinad edərək onun güzəştli şərtlərlə iş stajının qulluq stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina, həmçinin onunla əsaslandırılmışdır ki, prokurorluq orqanlarında qulluq keçən şəxslərin xidmət illərinin müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli 168 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarda isə prokurorluq orqanları əməkdaşlarının xidmət illərinin güzəştli şərtlərlə hesablanması ilə bağlı hər hansı müddəa mövcud deyil. İmtinadan, həmçinin görünür ki, pensiya təyin edən orqanda əmək pensiyasının təyin olunması ilə bağlı qəbul edilmiş 28 dekabr 2019-cu il tarixli təyinat ərizəsinə müvafiq komissiyada mahiyyəti üzrə baxılmamış, habelə ərizəyə əlavə edilmiş sənədlər, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun sığorta stajının hesablanmasında güzəştlər nəzərdə tutan 24-cü maddəsinin və digər normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının tələbləri və bu Qərarın idarəetmə orqanlarının normativ hüquqi aktları ilə əlaqədar prokurorluq orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanmasını tənzimləyən müddəaları, eləcə də sözügedən Qərarın pensiya hüququna malik prokurorluq orqanları işçilərinə şamil edilib-edilməməsinə şərh verilməsi ilə bağlı Nazirlər Kabinetinin Aparatının rəhbərinə olan müraciətinə əsasən ünvana göndərilmiş 08/Q 722/1 saylı, 21 noyabr 2019-cu il tarixli rəsmi cavab məktubunda qeyd olunan və işin düzgün həlli üçün əhəmiyyətli olan faktiki hallar nəzərə alınmamış və nəticədə ona münasibətdə tətbiq edilməli hüquq normaları tətbiq edilməmiş, tətbiq edilməli olmayan normalara istinad edilməklə əmək pensiyası təyin olunmasından qanunsuz və əsassız olaraq imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2-1(112)-4524/2020 saylı qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2-1(112)-4524/2020 saylı qərardadının mətnində yol verilmiş aşkar yazı səhvləri düzəldilərək, “Quliyev Çingiz” sözlərinin “İddiaçı” kimi oxunması qərara alınmışdır. Daha sonra 19.10.2020-ci il tarixində iddiaçı tərəfindən məhkəmə iclas protokoluna dair qeydlər barədə ərizə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclas protokoluna dair qeydlər barədə ərizəsinin qismən təmin edilməsi, 2- 1(112)-4524/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli məhkəmə iclasının protokolunda Azərbaycan Respublikası MPM-in 271.5.15-ci maddəsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının izah olunmasına dair qeydlərin əlavə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması haqqında qərardad qəbul etməklə işə mahiyyəti üzrə baxılması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2042/2020 saylı, 15 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn,İ.Kərimli, A.Nuriyeva) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadının “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın mümkün sayılması və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı və cavabdeh qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-624/2021 saylı, 28.04.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev, Z.Quliyev, R.Nəbizadə) iddiaçının kassasiya şikayəti təmin olunmamış, cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.12.2020-ci il tarixli, 2-1(103)- 2042/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10.08.2021-ci il tarixində iddiaçı tərəfindən hakim M.Qarayevaya etiraz edilməsi barədə vəsatət təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2021-ci il tarixli qərardadı ilə (sədr vəzifəsini icra edən hakim R.Kərimli) iddiaçının etirazının təmin edilməsi və inzibati işin baxılması üçün hakim O.Həsənovun icraatına verilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8391/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-8391/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırkı işin hallarından müəyyən edilir ki, iddia “döyüş şəraitində döyüş əməliyyatları dövründə, 04 mart 1992-ci ildən 24 may 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiq vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində məhkəmə baxışının predmetini təşkil edir. İddiaçı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarının prokurorluq orqanlarının işçilərinə şamil edilməli olmasını hesab edir. Belə ki,o, prokurorluq işçilərinin həmin Qərarda birbaşa adının nəzərdə tutulmasını qəbul edir, lakin əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydaları”nın 3.4-cü, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.6-cı, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndlərinin müddəaları ilə prokurorluq orqanları işçilərinin uzun müddət xidmət vaxtının (qulluq illərinin) güzəştli şərtlərlə hesablanması məsələsi hüquqi cəhətdən tənzimləndiyini iddia edir. Hazırda qüvvədə olan adıçəkilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndinin redaksiyasından da göründüyü kimi hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarları və digər normativ hüquqi aktlarla həyata keçirilir. Qərarın 2-ci hissəsinin 24-cü abzasında həmin qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilməsi ilə bağlı şərt nəzərdə tutulduğundan iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müxtəlif dövrlərdə qüvvədə olmuş kollegiya qərarları məhz idarəetmə orqanının həmin abzasda adıçəkilən normativ hüquqi aktı xarakteri daşıyır və xidmət dövrləri ilə bağlı prokurorluq orqanı əməkdaşları üçün güzəştli şərt müəyyən edir. İddiaçı yuxarıda adıçəkilən bəndin mahiyyət etibarı ilə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 1992-ci il 23 noyabr tarixli Qərarını tamamladığını iddia edir. Məhkəmə kollegiyası iddiaçının bu əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid olan müddət konkret olaraq sadalanmışdır. Həmin müddətin bitkin siyahısı verilmişdir ki, prokurorluq orqanlarından yalnız Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət həmin siyahıda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.8-ci bəndində prokurorluq orqanları işçilərinin adının qeyd edilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543- VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 1.4-cü və 3.6-cı bəndlərinin icrasının təmin etmək məqsədilə ilə hazırlanmışdır. Həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi məsələlərini tənzimləyir ki, Qaydaların iddiaçının qeyd etdiyi kimi 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarın 2-ci hissəsinin 24 abzasında nəzərdə tutulmuş idarəetmə orqanlarının güzəştli şərtlər müəyyənləşdirməsinə aid olan normativ hüquqi akt qismində çıxış etməsi barədə məsələnin tənzimlənməsi həmin qərar üçün ümumiyyətlə nəzərdə tutulmamış, bununla bağlı heç bir prosedur qayda müəyyən edən müddəa qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarı ilə müəyyən edilmiş xidmət müddəti ilə bağlı siyahı konkretdir və onun müxtəlif normativ hüquqi aktların şərhi adı ilə məhkəmə qərarı əsasında artırılması məhkəmənin normayaratma səlahiyyətinə müdaxilə kimi qiymətləndirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, müvafiq qərarla bitkin siyahı müəyyən edildiyindən və həmin siyahıda yalnız hərbi prokurorluq əməkdaşının xidmət müddətinin nəzərə alınmalı olması qeyd edildiyindən iddia tələbi əsassızdır və düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Qaydaların 3.8-ci bəndində hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması ilə bağlı qüvvədə olan normativ hüquqi aktların adları qeyd edilmişdir. Göründüyü kimi qeyd edilən normada imperativ tələb müəyyən edilməsə də, hərbi prokurorluq işçiləri də prokurorluq işçiləri kateqoriyasına aiddir və təbii haldır ki, onların xidməti ilə bağlı güzəştli şərtlər nəzərdə tutulduğundan və ya tutulmalı olduğundan 3.8-ci bənddə prokurorluq işçilərinin qeyd edilməsi mülki prokurorluq işçiləri üçün güzəşt yaratmır. Qanunvericiliyin qeyd olunan formada təhlili nə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının, nə də kollegiya qərarı ilə təsdiq edilmiş Qaydaların mahiyyətinə uyğun deyil. İddiaçı 3.8-ci bənddə prokurorluq orqanı işçisinin adının qeyd edilməsini təkcə hərbi prokurorluq işçiləri üçün yox, mülki prokurorluq işçiləri üçün də güzəşt müəyyən etdiyi ilə bağlı mövqe bildirsə də, “prokurorluq orqanı işçisi” ifadəsinin bənddə mövcud olma əsası ilə 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının bütün kateqoriya prokurorluq işçilərinə tətbiqini şərh yox, konkret siyahını artırma cəhdi kimi qiymətləndirilməlidir. İş materiallarında olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-250/2019 saylı, 22 fevral 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddianın rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(103)-1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov, M.Tağızadə K.Abiyeva) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 2575/2019 nömrəli, 08.10.2019-cu il tarixli qərarı ilə (hakimlər R. Nəbizadə, X.Məmmədov və İ. Hüseynov) İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1223/2019 saylı, 23 may 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8391/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-8391/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar