Məhkəmə qərarları › İş №2-1(103)-4854/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4854/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4854/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Təhsildə X11rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndələri X3 oğlu, X5 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Təhsildə X11rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Cenevrə Beynəlxalq Universitetində 2020-2023-cü illərdə aldığı biznesin idarə edilməsi ixtisası üzrə bakalavr kvalifikasiyasının tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə etdiyi müraciət, təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Təhsildə X11rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilinə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə” ##.##.2025-ci il tarixli NA******** nömrəli qərarının ləğv edilməsi və kvalifikasiyanın tanınması öhdəliyinin Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2020-2023-cü illərdə Cenevrə Beynəlxalq Universitetində (International Institute in Geneva - International University in Geneva) biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsil almışdır. Cenevrə Beynəlxalq Universiteti (International University in Geneva) müvafiq sahələrdə geniş təcrübəyə malik müəllim heyəti və müasir metodlara əsaslanan təhsil proqramları ilə beynəlxalq mühitdə tanınmış bir təhsil müəssisəsidir. Universitet, müasir təhsil yanaşmaları və geniş akademik proqramları ilə tələbələrə beynəlxalq biznes, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər, kompüter elmləri və digər sahələrdə bakalavr və magistr pillələri üzrə təhsil verir. İddiaçı həmin universitetdə biznesin idarə edilməsi ixtisası üzrə təhsilini başa vurmuş və ona ##.##.2023-cü il tarixli diplom verilmişdir. Bundan sonra, iddiaçı ## ###### 2025-ci il tarixində bakalavar təhsili üzrə kvalifikasiyanın tanınması məqsədilə elektron formada Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Lakin, Agentlik tərəfindən ##.##.2025-ci il tarixində kvalifikasiyanın tanınmasında imtina barədə NA******** nömrəli qərar qəbul edilmişdir. İddiaçı bununla bağlı bildirir ki, Agentlik tərəfindən qəbul edilən qərar əsassızdır və hüquqlarını pozur. Belə ki, sözügedən qərarda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə istinad edilmiş və əsas kimi təhsil aldığı Cenevrə Beynəlxalq Universitetinin akkreditasiyadan keçmədiyi bildirilmişdir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər göstərilmişdir. Həmin tələblərə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməli və dövlət lisenziyası olmalıdır. Cenevrə Beynəlxalq Universiteti Biznes Məktəbləri və Proqramları üçün Akkreditasiya Şurası (Accreditation Council for Business Schools and Programs (ACBSP) və Britaniya Akkreditasiyası Şurası (X8 (BAC) tərəfindən akkreditə olunmuş və hal-hazırda ikili, yəni həm proqram üzrə, həm də institusional akkreditasiyaya malikdir. Adıçəkilən Qaydaların 1.5.10-cu yarımbəndinə əsasən xarici dövlətin səlahiyyətli keyfiyyət təminatı qurumu dedikdə, müvafiq xarici dövlətdə təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən ixtisaslaşmış səlahiyyətli qurum nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən vurğulamaq lazımdır ki, Cenevrə Beynəlxalq Universitetinin institusional akkreditasiyasını həyata keçirən Britaniya Akkreditasiyası Şurası “EQAFTda (X1 Assurance Register for Higher Education) qeydiyyatdan keçmişdir. “EQAR” Avropa universitetlərindəki keyfiyyət təminatı sistemlərinin tanınması və qiymətləndirilməsi məqsədilə yaradılmış bir platformadır və Avropa Komissiyası, üzv ölkələrin hökumətləri və digər müvafiq təşkilatlar tərəfindən rəsmi olaraq tanınır. Bu sistem qeydiyyatdan keçmiş keyfiyyət təminatı agentliklərinin siyahısını təqdim edir və onların fəaliyyətini qiymətləndirir. İsveçrə Konfederasiyası 2009-cu ilin may ayından “EQAR”ın üzvüdür və platformanın rəsmi internet saytında Britaniya Akkreditasiyası Şurası İsveçrə Konfederasiyasında fəaliyyət göstərən qeydiyyatdan keçmiş agentliklər siyahısında göstərilmişdir (https://www.eqar.eu/kb/country-information/country/?id=167). Yuxarıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, təhsil aldığı müəssisənin səlahiyyəti qurum tərəfindən akkreditasiya olunmaması əsası ilə tanınmadan imtina edilməsi tamamilə hüquqaziddir. Bu səbəbdən də Agentliyin ##.##.2025-ci il tarixli NA******** nömrəli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və Cenevrə Beynəlxalq Universiteti tərəfindən iddiaçıya verilmiş diplomun Azərbaycan Respublikasının ərazisində qüvvədə olması təsdiqlənməlidir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı təhsil aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq İddiaçı akkreditasiyasız fəaliyyət göstərən Cenevrə Universitetində təhsil alması səbəbilə ##.##.2025-ci il tarixli müvafiq qərarla iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na (bundan sonra - Qaydalar) uyğun olaraq həyata keçirilir. Bu Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən Hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatfnm 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasında təhsil müəssisələrinin akkreditasiya məsələlərinin tənzimlənməsi üzrə normativ hüquqi akt olan Nazirlər Kabinetinin 2010-cu il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş ‘Təhsil müəssisələrinin akkreditasiyası Qaydalan”nın(bundan sonra-Akkreditasiya Qaydaları) 1.7.1-ci yarımbəndinə əsasən təhsil müəssisəsinin akkreditasiyası dedikdə təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur nəzərdə tutulur. Akkreditasiya Qaydalarının 3.1-ci bəndinə əsasən təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisəsinin institusional və təhsil proqramlarının akkreditasiyası olmaqla iki növə bölünür. Qaydalarda 3.2-ci bəndə əsasən institusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının, təhsilalanların say həddinin müəyyənləşdirilməsi və müəssisənin fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Yəni təhsil müəssisəsinin mövcud olduğu ölkədə ali təhsil fəaliyyəti göstərən müəssisəsi kimi tanınması, ali təhsil sisteminin bir hissəsi olmasını məsələlərini tənzimləyir. Təhsil proqramının akkreditasiyası isə qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının madditexniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır. Qeyd olunanlara əsasən iş üzrə inzibati icraatın əsasında aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra- Tanınma Qaydaları) 4.1.1-ci yarımbəndində qeyd olunmuş müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması barədə tələb özündə müəssisənin, yəni onun institusional akkreditasiyasını nəzərdə tutur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(112)-8077/2025 qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı Cenevrə Beynəlxalq Universiteti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli bakalavr diplomu üzrə aldığı “Biznesin idarə edilməsi” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu müddəanı nəzərə almadan ərizəçinin təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiya edilməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir. Qeyd olunanlara əsasən iş üzrə inzibati icraatın əsasında aparıldığı Qaydaların 4.1.1-ci yarımbəndində qeyd olunmuş müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi iddiaçının ali təhsilə aid kvalifikasiyalarının tanınmaması üçün əsas olmuşdur. M BAC yalnız Birləşmiş Krallıq (İngiltərə) ərazisində fəaliyyət göstərən bəzi özəl təhsil müəssisələrinə keyfiyyət qiymətləndirilməsi xidməti göstərən müstəqil təşkilatdır və İsveçrədə akkreditasiya və tanınma səlahiyyətinə malik dövlət qurumu kimi çıxış etmir.Həmçinin, EQAR (X1 Assurance Register for Higher Education) üzvlük statusu, öz-özlüyündə bir agentliyə hər hansı dövlət tərəfindən akkreditasiya və ya təhsil müəssisələrinə hüquqi tanınma vermək səlahiyyəti qazandırmır. EQAR sadəcə keyfiyyət təminatı agentliklərinin qeydiyyat platformasıdır və qeydiyyat orqan statusu həmin agentliklərin fəaliyyətinin müəyyən standartlara cavab verdiyini göstərsə də, onların səlahiyyətlərinin dövlət səviyyəsində tanınması anlamına gəlmir. Beləliklə, BAC-ın EQAR-da qeydiyyatda olması faktı Cenevrə Beynəlxalq Universitetinin İsveçrə Konfederasiyasında akkreditə olunmuş ali təhsil müəssisəsi olması qənaətinə gəlmək üçün hüquqi əsas yaratmır. Qaydaların 4.1.1-ci yarımbəndinə uyğun olaraq, təhsil müəssisəsinin yerləşdiyi ölkənin — bu halda İsveçrə Konfederasiyasının səlahiyyətli orqanı tərəfindən akkreditasiya olunması tələb olunur. Bu səbəbdən, birinci instansiya məhkəməsinin səlahiyyətli keyfiyyət təminatı qurumu anlayışını yanlış şərh etməsi və inzibati orqanın təqdim etdiyi rəsmi məlumatlara lazımi hüquqi qiymət verməməsi nəticəsində əsassız qərara gəlmişdir. Müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasına malik olması əsas şərtlərdəndir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara qiymət verərkən cavabdeh inzibati orqanın təqdim etdiyi rəsmi məlumatları nəzərə almadan, yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsaslanaraq yanlış nəticəyə gəlmişdir. Halbuki, ENIC–NARIC rəsmi informasiya şəbəkəsi vasitəsilə aparılmış yoxlama zamanı Cenevrə Beynəlxalq Universitetinin İsveçrə Konfederasiyasında akkreditasiyadan keçmiş ali təhsil müəssisələrinin siyahısında yer almadığı müəyyən edilmişdir. Bu barədə təsdiqedici sənəd və rəsmi yoxlama linki məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, Britaniya Akkreditasiyası Şurası (BAC) özlüyündə İsveçrə Konfederasiyasında səlahiyyətli keyfiyyət təminatı qurumu statusuna malik deyil. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Belə ki, iddiaçı İddiaçı ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı Agentliyə müraciət tarixi ##.##.2024-cü il tarixində olmuş və iş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq aparılmış və Qaydaların 4.1.1-ci yarımbəndində əsasən iddiaçının müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmiş və imtina qərarı qəbul edilmişdir. Halbuki iddia tərəfinin qeyd etdiyi vətəndaş X2 inzibati orqana müraciət tarixi ##.##.2023-cü il tarixində olmuş və inzibati icraat yeni Qaydalar əsasında aparılmamışdır. Məhkəmə isə sadəcə iddia tərəfinin təqdim etdiyi sübuta önəm vermiş və iddiaçının və onunla eyni vəziyyətdə olan digər ərizəçilərin müraciətlərinin yeni qaydalar əsasında aparılması ilə bağlı araşdırma aparmadan yeni inzibati praktikanın qanuni və əsaslı olması faktına diqqət etməmişdir. Xarici dövlətin ali təhsil müəssisəsində diplom əldə etmiş sənəd sahibinin həmin sənəd üzrə hüquqi vəziyyəti onun diplomunun tanınması barədə qərardan sonra yaranır, belə ki xarici dövlətdə 2015-ci ildə və ya 2025-ci ildə əldə olunmuş təhsil sənədlərinin heç birinin təsdiqi həyata keçirilməyibsə, onlara nisbətdə hüquqi vəziyyət yaranmamışdır. Xüsusilə, tanınma prosesində münasibətdə bu hüquqi vəziyyətin yaranmasına şərait yaradacaq ictimai və hüquqi münasibət məhz həmin diplom sahiblərinin Agentliyə müraciəti etdiyi dövrdən hesablanmalıdır. Ona görə də iddiaçı İddiaçı Agentliyə müraciəti etdiyi zaman Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları qüvvədə olduğu üçün inzibati icraat yeni Qaydalar əsasında aparılmışdır və 1-ci instansiya məhkəməsi qanunvericiliyin bu tələbini nəzərə almadan ümumiyyətlə maddi hüquq normasının tətbiqini düzgün həyata keçirməmişdir. Oxşar faktiki hallara malik, İsveçrədə akkreditasiyası olmayan Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universitetindən diplom əldə etmiş iddiaçının iddia tələbi ilə bağlı apellyasiya instansiyasının qərarını ləğv etdiyi məhkəmə işində Ali Məhkəmənin İnzibati Kollegiyası ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 25-ci bəndində təhsil müəssisəsinin yerləşdiyi ölkədə səlahiyyətli qurum tərəfindən akkreditasiya olunması məsələsinin araşdırılması zərurətini qeyd edir: “Cavabdeh təkrar olaraq bəyan edir ki, sözügedən təhsil müəssisəsi akkreditasiya olunmamışdır. İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditasiyaolunan universitetlərin siyahisı onun rəsmi internet səhifəsində də yerləsdirilmişdir ki, iddiaçının təhsil aldığı Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbi sözügedən təhsil müəssisələri arasında yer almamışdır. Başqa sözlə, cavabdeh imtinanın əsası kimi istinad etdiyi halı təsdiq edən sübutetmə vasitəsini bilavasitə göstərmişdir. Lakin həmin sübutetmə vasitəsi məhkəmə araşdırmasının predmeti olmamışdır.” Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cenevrə Beynəlxalq İnstitutu tərəfindən verilmiş ##.##.2023-cü il tarixli Diploma əsasən İddiaçı bütün hüquq və imtiyazları ilə birlikdə Biznesin idarə edilməsi üzrə Bakalavr dərəcəsi verilmişdir. Plymouth Universiteti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli Diploma əsasən İddiaçı təsdiq edilmiş təhsil proqramını həyata keçirərək və Plymouth Universitetinin Əsasnaməsinin tələblərini yerinə yetirərək ## #### 2023-cü il tarixində Universitetin Senatı tərəfindən ikinci dərəcəli fərqlənmə ilə (aşağı bölmə) Biznesin İdarə Edilməsi üzrə Bakalavr dərəcəsinə layiq görülmüşdür. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Cenevrə Respublikası və Kantonu Xalq təhsili, təlim və gənclər departamentinin məktubunda qeyd olunmuşdur ki, Cenevrə Beynəlxalq İnstitutu (International Institute in Geneva) özəl ali təhsil müəssisəsidir. Onun heç bir dövlət tanınması yoxdur, LEHE (Ali Təhsil Haqqında Federal Qanun) mənasında akkreditasiyadan keçməmişdir, İsveçrə Akkreditasiya Şurasının (AAQ) akkreditasiyasına sahib deyil və "SwissUniversities" (İsveçrə Universitetləri Birliyi) təşkilatının üzvü deyildir. Cenevrə Beynəlxalq İnstitutu Cenevrə kantonunda biznes fəaliyyətinə başlamaq baxımından qanunun tələblərinə cavab verir, çünki müəssisə İqtisadiyyat və Məşğulluq Departamentinin (DEE) standartlarına uyğun olaraq kantonda biznes açmaq üçün rəsmi protokola əməl etmiş kimi görünür və orada fond (vəqf) statusunda qeydiyyatdan keçib; Xalq Təhsili, Təlim və Gənclər Departamenti (DIP) özəl ali məktəbləri akkreditasiya etmək səlahiyyətinə malik deyil. Mövcud olan yeganə tanınmalar federal səviyyədədir və özəl ali təhsil müəssisələrinə "universitet" (university) və ya "ali məktəb" (haute école) adlarından istifadə etməyə icazə verir; Özəl ali məktəblər tərəfindən verilən elmi dərəcələr (bakalavr, magistr, doktorantura) İsveçrədə tanınmır; Özəl ali kolleclər tərəfindən verilən diplomlar dövlət kolleclərinə, universitetlərinə və ya tətbiqi elmlər universitetlərinə qəbul olunmaq imkanı vermir; Özəl ali kolleclərin verdiyi ixtisas sənədləri İsveçrədə tənzimlənən peşələrə (rəsmi icazə tələb edən ixtisaslara) daxil olmağa imkan vermir. IIG (Cenevrə Beynəlxalq İnstitutu) özəl məktəbinin öz tələbələrinə özəl diplomlar vermək hüququ var, lakin onlar İsveçrədə tanınmır; Onun LEHE səviyyəsində tanınmadan ali səviyyədə xidmətlər göstərmək hüququ var, lakin bu xidmətlər akkreditə olunmuş dövlət sistemlərinin xidmətlərinə ekvivalent (bərabər) kimi qəbul edilmir; IIG özəl ali təhsil şirkətidir və kantonal, federal və ya akademik səviyyədə heç bir akademik tanınmaya malik deyil; Onun verdiyi ixtisaslar tanınmır və hər hansı ali təhsilə və ya tənzimlənən peşələrə çıxış təmin etmir; Onlar heç bir halda rəsmi diplomlara ekvivalent deyildir; Özəl ali məktəblər üzərində heç bir nəzarət hüququ olmayan Cenevrə kantonu üçün IIG-nin kommersiya reyestrində qeydiyyata alınması yalnız kommersiya xarakteri daşıyır və akademik keyfiyyətə dair heç bir təminat vermir; İsveçrə Akkreditasiya Şurasının məktubunda qeyd olunmuşdur ki, “Cenevrə Beynəlxalq İnstitutu (IIG) HEdA çərçivəsində akkreditasiyadan keçməmişdir və heç vaxt da bu akkreditasiyaya sahib olmayıb. İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrinin tam siyahısını buradan tapa bilərsiniz. Nəzərə alın ki, İsveçrədə akkreditasiya məcburi deyil. Özəl bir müəssisə hər hansı bir kantonda qeydiyyatdan keçə və akkreditasiyası olmadan qanuni şəkildə fəaliyyət göstərə bilər. Federal səviyyədə akkreditasiya yalnız HEdA-nın 29-cu maddəsində göstərildiyi kimi "Universitet" (University), "Tətbiqi Elmlər Universiteti" (University of Applied Sciences) və ya "Müəllim Hazırlığı Universiteti" (University of Teacher Education) kimi qorunan adlardan və onların digər dillərdəki qarşılıqlarından istifadə edən müəssisələr üçün tələb olunur. İsveçrədə yerləşən və HEdA çərçivəsində akkreditə olunmamış özəl müəssisələr yalnız özəl diplomlar (elmi dərəcələr) verə bilərlər. Bu diplomlar ümumiyyətlə: Diplom sahibinə İsveçrənin dövlət ali təhsil sektoru daxilində birbaşa növbəti yüksək təhsil pilləsinə keçmək hüququ vermir; Diplom sahibi tərəfindən tənzimlənən bir peşə fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edilə bilməz (bu sahədə belə bir məhdudiyyət yoxdur, çünki yalnız tibb/səhiyyə/psixologiya peşələri tənzimlənir); Diplom sahibi tərəfindən tənzimlənməyən peşələr üzrə çalışmaq üçün istifadə oluna bilər: bu halda özəl diplomların dəyərinin qiymətləndirilməsi tamamilə işəgötürənlərin ixtiyarına buraxılır”. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ... “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanı: 2.1-ci bəndində əsasən, Qanunun 44.2-ci maddəsinin birinci cümləsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının ##.##.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya: 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; ... 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki,Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməli və dövlət lisenziyası olmalıdır. İddiaçı İddiaçı təhsil aldığı Cenevrə Beynəlxalq Universiteti Britaniya Akkreditasiyası Şurası (X8 (BAC)) tərəfindən akkreditə olunmuş ali təhsil müəssisəsidir (Britaniya Akkreditasiya Şurası tərəfindən Cenevrə Beynəlxalq Universitetinə verilmiş ##.##.2026-cı ilədək etibarlı olan akkreditasiya sertifikatı iş materiallarına əlavə olunmuşdur) və Cenevrə Beynəlxalq Universitetinin institusional akkreditasiyasını həyata keçirən Britaniya Akkreditasiyası Şurası “EQAR”da (X1 Assurance Register for Higher Education) qeydiyyatdan keçmişdir. “EQAR” Avropa universitetlərindəki keyfiyyət təminatı sistemlərinin tanınması və qiymətləndirilməsi məqsədilə yaradılmış bir platforma olmaqla Avropa Komissiyası, üzv ölkələrin hökumətləri və digər müvafiq təşkilatlar tərəfindən rəsmi olaraq tanınır. Bu sistem qeydiyyatdan keçmiş keyfiyyət təminatı agentliklərinin siyahısını təqdim edir və onların fəaliyyətini qiymətləndirir. İsveçrə Konfederasiyası 2009-cu ilin may ayından “EQAR”ın üzvüdür və platformanın rəsmi internet saytında Britaniya Akkreditasiyası Şurası İsveçrə Konfederasiyasında fəaliyyət göstərən qeydiyyatdan keçmiş agentliklər siyahısında göstərilmişdir (https://www.eqar.eu/kb/countryinformation/country/?id=167). Odur ki, məhkəmə əsaslı şübhə olmadan iddiaçının təhsil aldığı Cenevrə Beynəlxalq Universitetinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmiş təhsil müəssisəsi olmaması qənaətinə gələ bilməz. Cenevrə Beynəlxalq Universiteti “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası tərəfindən xaricdə təhsil üçün seçilmiş ali təhsil müəssisələrindən biri olmuş, həmin universitetdə təhsil alan tələbələrin xərcləri dövlət vəsaiti hesabına maliyyələşdirilmişdir. Açıq mənbələrdə və rəsmi sənədlərdə bu ali təhsil müəssisəsinin dövlət səviyyəsində tanındığı və Azərbaycan Respublikasının təhsil siyasəti çərçivəsində etibarlı hesab edildiyi təsdiq olunur. iddiaçı ilə eyni təhsil müəssisəsini bitirmiş digər şəxsin diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasına baxmayaraq, iddiaçıya münasibətdə fərqli rəftarın göstərilməsi və bunun inzibati təcrübənin dəyişməsi ilə əsaslandırılması işin digər halları ilə məcmu halda qiymətləndirilməklə qanuni hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na istinadən inzibati təcrübə məhz həmin Fərman qüvvəyə mindikdən sonra təhsil almış şəxslərə münasibətdə dəyişdirilməklə tətbiq edilə bilər. Belə ki, fərqli yanaşma vətəndaşın dövlətdən gözlədiyi davranış qaydasına və etimad hüququnun qorunmasına uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşmaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı İddiaçı Cenevrə Beynəlxalq Universitetində 2020-2023-cü illərdə aldığı biznesin idarə edilməsi ixtisası üzrə bakalavr kvalifikasiyasının tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə etdiyi müraciət, təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi əsası ilə təmin edilməmişdir. Xarici dövlətlərin ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı qaydaların hansının hazırkı işə tətbiq edilməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında inzibati icraatı aparmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının *-*(***)- ****/**** nömrəli iş üzrə, ##.##.2026-cı il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı müraciətlərə baxılarkən şəxsə kvalifikasiyanın verildiyi tarixdə qüvvədə olmuş qanunvericilik deyil, məhz müraciətin edildiyi tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Cavabdehin təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməməsi ilə bağlı dəlilləri apellyasiya icraatı zamanı araşdırılmış, Cenevrə Beynəlxalq İnstitutuna, İsveçrə Akkreditasiya Şurasına və İsveçrə Konfederasiyası Cenevrə Kantonu Təhsil Departamentinə sorğular göndərilmiş, Cenevrə Beynəlxalq İnstitutunun akkreditasiya olunub-olunmaması, əgər akkreditasiya edilmişdirsə, hansı dövrlər üzrə akkreditasiya edilməsi barədə məlumatın, bununla bağlı hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin, o cümlədən bu təhsil müəssisəsindən əldə edilmiş dərəcələrin İsveçrə Konfederasiyasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verib-verməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq, Cenevrə Respublikası və Kantonu Xalq təhsili, təlim və gənclər departamentinin məktubunda qeyd olunmuşdur ki, Cenevrə Beynəlxalq İnstitutu (International Institute in Geneva) özəl ali təhsil müəssisəsidir. Onun heç bir dövlət tanınması yoxdur, LEHE (Ali Təhsil Haqqında Federal Qanun) mənasında akkreditasiyadan keçməmişdir, İsveçrə Akkreditasiya Şurasının (AAQ) akkreditasiyasına sahib deyil və "SwissUniversities" (İsveçrə Universitetləri Birliyi) təşkilatının üzvü deyildir. Cenevrə Beynəlxalq İnstitutu Cenevrə kantonunda biznes fəaliyyətinə başlamaq baxımından qanunun tələblərinə cavab verir, çünki müəssisə İqtisadiyyat və Məşğulluq Departamentinin (DEE) standartlarına uyğun olaraq kantonda biznes açmaq üçün rəsmi protokola əməl etmiş kimi görünür və orada fond (vəqf) statusunda qeydiyyatdan keçib; Xalq Təhsili, Təlim və Gənclər Departamenti (DIP) özəl ali məktəbləri akkreditasiya etmək səlahiyyətinə malik deyil. Mövcud olan yeganə tanınmalar federal səviyyədədir və özəl ali təhsil müəssisələrinə "universitet" (university) və ya "ali məktəb" (haute école) adlarından istifadə etməyə icazə verir; Özəl ali məktəblər tərəfindən verilən elmi dərəcələr (bakalavr, magistr, doktorantura) İsveçrədə tanınmır; Özəl ali kolleclər tərəfindən verilən diplomlar dövlət kolleclərinə, universitetlərinə və ya tətbiqi elmlər universitetlərinə qəbul olunmaq imkanı vermir; Özəl ali kolleclərin verdiyi ixtisas sənədləri İsveçrədə tənzimlənən peşələrə (rəsmi icazə tələb edən ixtisaslara) daxil olmağa imkan vermir. IIG (Cenevrə Beynəlxalq İnstitutu) özəl məktəbinin öz tələbələrinə özəl diplomlar vermək hüququ var, lakin onlar İsveçrədə tanınmır; Onun LEHE səviyyəsində tanınmadan ali səviyyədə xidmətlər göstərmək hüququ var, lakin bu xidmətlər akkreditə olunmuş dövlət sistemlərinin xidmətlərinə ekvivalent (bərabər) kimi qəbul edilmir; IIG özəl ali təhsil şirkətidir və kantonal, federal və ya akademik səviyyədə heç bir akademik tanınmaya malik deyil; Onun verdiyi ixtisaslar tanınmır və hər hansı ali təhsilə və ya tənzimlənən peşələrə çıxış təmin etmir; Onlar heç bir halda rəsmi diplomlara ekvivalent deyildir; Özəl ali məktəblər üzərində heç bir nəzarət hüququ olmayan Cenevrə kantonu üçün IIG-nin kommersiya reyestrində qeydiyyata alınması yalnız kommersiya xarakteri daşıyır və akademik keyfiyyətə dair heç bir təminat vermir; Sorğuya cavab olaraq, İsveçrə Akkreditasiya Şurasının məktubunda qeyd olunmuşdur ki, “Cenevrə Beynəlxalq İnstitutu (IIG) HEdA çərçivəsində akkreditasiyadan keçməmişdir və heç vaxt da bu akkreditasiyaya sahib olmayıb. İsveçrə Akkreditasiya Şurası tərəfindən akkreditə olunmuş ali təhsil müəssisələrinin tam siyahısını buradan tapa bilərsiniz. Nəzərə alın ki, İsveçrədə akkreditasiya məcburi deyil. Özəl bir müəssisə hər hansı bir kantonda qeydiyyatdan keçə və akkreditasiyası olmadan qanuni şəkildə fəaliyyət göstərə bilər. Federal səviyyədə akkreditasiya yalnız HEdA-nın 29-cu maddəsində göstərildiyi kimi "Universitet" (University), "Tətbiqi Elmlər Universiteti" (University of Applied Sciences) və ya "Müəllim Hazırlığı Universiteti" (University of Teacher Education) kimi qorunan adlardan və onların digər dillərdəki qarşılıqlarından istifadə edən müəssisələr üçün tələb olunur. İsveçrədə yerləşən və HEdA çərçivəsində akkreditə olunmamış özəl müəssisələr yalnız özəl diplomlar (elmi dərəcələr) verə bilərlər. Bu diplomlar ümumiyyətlə: Diplom sahibinə İsveçrənin dövlət ali təhsil sektoru daxilində birbaşa növbəti yüksək təhsil pilləsinə keçmək hüququ vermir; Diplom sahibi tərəfindən tənzimlənən bir peşə fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edilə bilməz (bu sahədə belə bir məhdudiyyət yoxdur, çünki yalnız tibb/səhiyyə/psixologiya peşələri tənzimlənir); Diplom sahibi tərəfindən tənzimlənməyən peşələr üzrə çalışmaq üçün istifadə oluna bilər: bu halda özəl diplomların dəyərinin qiymətləndirilməsi tamamilə işəgötürənlərin ixtiyarına buraxılır”. Göründüyü kimi, Cenevrə Beynəlxalq İnstitutu (International Institute in Geneva) özəl ali təhsil müəssisəsidir. Onun heç bir dövlət tanınması yoxdur, akkreditasiyadan keçməmişdir. Özəl ali məktəblər tərəfindən verilən elmi dərəcələr (bakalavr, magistr, doktorantura) İsveçrədə tanınmır, onlar tərəfindən verilən diplomlar dövlət kolleclərinə, universitetlərinə və ya tətbiqi elmlər universitetlərinə qəbul olunmaq imkanı vermir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblər arasında qeyd olunmuş, habelə sözügedən Qaydaların 3.10.2-ci yarımbəndinə əsasən əhəmiyyətli fərqin (təhsilinin növbəti səviyyədə davam etdirilməsi və (və ya) ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərqlər) mövcudluğu tanınmadan imtina üçün əsas kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, cavabeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar