Məhkəmə qərarları › İş №2-1(103)-4865/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4865/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4865/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X4 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-15057/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X8 cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əlincə küçəsi, giriş 98 ünvanında sahədə yerləşən 0,03 ha torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 320 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X5 əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əlincə küçəsi, giriş 98 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilərkən, X3 tərəfindən NEZ-ə məxsus neft məhsulları nəql olunan Dş-300 və Dş-500 mm neft boru kəmərlərinin “Mühafizə Zonası”nda 51.2 metrliyində 10x16x8 metr ölçülərdə inşa edilən 3 mərtəbəli tamamlanmamış 2 ədəd fərdi yaşayış evi və 40.8 metrliyində 11x2 metr ölçülərdə hasarın tikinti işlərinin aparıldığı aşkar olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavabından müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 320 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Əlincə küçəsi, giriş 98 ünvanında yerləşən torpaq sahəsi ayrılmışdır. Hesab olunur ki, sözügedən torpaq sahəsinin əksər hissəsi neft kəmərlərinin mühafizə zonasına düşdüyündən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 1686 saylı sərəncam əsassızdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-15057/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hüquqi yardıma dair məktuba iddiaçı tərəfindən heç bir münasibət bildirilməməsi qeyd edilsə də, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardıma dair heç bir məktub göndərilməmişdir. Məhkəmə (hakim) mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etməyə, əlavə məlumat və sübutlar tələb etməyə borclu olduğu halda, heç bir araşdırma aparmadan əsassız olaraq iddianı mümkün saymamışdır. Həmçinin, məhkəmənin müddətlə bağlı olan yanaşması əsassızdır. Cavabdeh tərəfindən müvafiq qərar barədə xx.xx.2000-ci ilədək, ümumiyyətlə xx.xx.2000-ci ildən hazıradək də sərəncam barədə iddiaçıya məlumat verilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının xx.xx.2000-ci il tarixli 320 saylı sərəncamından heç bir məlumatı olmadığından xx.xx.2000-ci ilədək həmin sərəncamı mübahisələndirə bilməsi qeyrimümkündür. İddiaçının sərəncamdan xəbəri olduqdan sonra onu mübahisələndirə bilər. Az DTN 2.9-2 magistral Boru Kəmərləri Layihələndirmə Normalarının tələblərinə görə diametri 300 mm və aşağı olan neft kəməri üçün təhlükəsizlik zonası 75 metrdir. Göründüyü kimi, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təziqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Hazırkı iddia tələbi üzrə mövcud təcrübənin dəyişdirilməsinə zərurət yaranmış, məhkəmələrin hazırkı iddia tələblərinə yanaşmaları düzgün deyildir. Belə ki, həmin torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasında yerləşir, üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və Heydər Əliyev adına X7 neft kəmərlərinin mühafizəsini həyata keçirməyə ciddi maneələr yaradır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflərin nümayəndələri və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə tərəflərin nümayəndələri və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub əsasında müəyyən olunur ki, X2 məxsus ünvan 3 ünvanda yerləşən torpaq sahəsi ilkin olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 1686 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışına (Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 320 nömrəli sərəncamına), torpaq sahəsinin yerləşmə cizgisinə, “Azəriqaz” İB-nin Bakı Regional Qaz istismarı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ZM-1003 nömrəli məktuba əsasən qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iddia Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 320 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə qeyd edir ki, subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş onda eyni məsələ ilə bağlı müəyyən etmə və ya tanınma haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncam 2000-ci ildə qəbul edilmişdir. Müvafiq sərəncam qəbul olunduğu vaxtda qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi sərəncamı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-15057/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(112)-15057/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar