Məhkəmə qərarları › İş №2-1(103)-487/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-487/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-487/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-659/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan 38.170 (otuz səkkiz min bir yüz yetmiş) manat kompensasiyanın və 20000 (iyirmi min) manat mənəvi zərərin dövlət hesabından ona ödənilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla həmin evin 1/12 hissəsi ona məxsusdur. Yaşayış evinin ümumi sahəsi 208,3 kv.metrdir. Paylara uyğun bölgü zamanı ona 17,35 kv.metr sahə düşür. Həmin ərazidə yaşayış sahəsinin 1 kv.metrinin dəyəri 2200 manatdır. Hazırda həmin ərazi Cavabdeh tərəfindən sökülmüş, digər payçılara kompensasiya verilmiş, lakin ona heç bir kompensasiya ödənilməmiş, ümumiyyətlə söküntü aparılmamışdan əvvəl xəbərdarlıq edilməmiş, razılığı alınmamışdır. Mülkiyyətçi kimi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edimiş hüquqları pozulmuşdur. Qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. Söküntü barədə məlumatı ona bacısı Elmira Məmmədova vermişdir. Həmin vaxta qədər onun söküntü ilə bağlı məlumatı olmamış, belə ki, o, həmin ünvanda yaşamamışdır. Məlumatı olan kimi Bakı şəhəri Cavabdeh tərəfindən təşkil edilmiş komissiyaya müraciət etmiş, lakin cavabdeh tərəfindən həmin ərazidə yaşamaması əsas gətirilərək imtina edilmiş, kompensasiya ödənilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin digər mülkiyyətçi X7 30 kv.metrə yaxın sahə üçün ona ödənilmiş kompensasiya məbləği ilə bağlı ona qarşı iddia qaldırması da məsləhət görülmüşdür. Lakin o, başqa bir mülkiyyətçi, vətəndaşa qarşı deyil, söküntünü həyata keçirmiş Bakı şəhəri Cavabdehnə qarşı iddia qaldırmasının əsaslı olduğunu hesab edir. Mülkiyyətə sahib olmaq ilə bağlı heç bir məhdudiyyət yoxdur. Hər bir vətəndaş bir neçə daşınmaz əmlaka sahib ola bilər. Mülkiyyətçi olaraq hər bir evdə və ya mənzildə yaşamaq kimi məcburi öhdəlik nəzərdə tutulmamışdır. Bakı şəhəri Cavabdeh tərəfindən söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə kompensasiya ödənilməməsi tam əsassız və qanuna ziddir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, etirazda göstərmişdir ki, iş materiallarından məlum olur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin № 134000 çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən əmlakın ümumi sahəsi 208.3 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 1/12 hissəsi İddiaçı Əliyulla oğluna, 1/12 hissəsi isə X3 məxsusdur. Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndiriləməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən ünvan 4 ünvanında yerləşən İddiaçı Əliyulla oğluna və X3 məxsus əmlaka yerində baxış keçirilən zaman həmin əmlakın faktiki əsas və köməkçi sahəsi 14,56 kv.metr, digər sahəsi 33,16 kv.metr müəyyən edilmişdir. Müstəqil qiymətləndirici “xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2017-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclərin ödənilməsi üçün verilən 1000 (bir min) manatla birlikdə 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat məbləğində qiymətləndirilmişdir. Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı Əliyulla oğlu həmin ünvanda yaşamamışdır. Buna görə də İddiaçı Əliyulla oğlu və X2 mülkiyyətində olan çıxarışda göstərilən sahələri və eyni zamanda sahələrin faktiki ölçülərini nəzərə alaraq ümumilikdə 47.72 kv.metr sahəyə görə 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat kompensasiya məbləği müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan AN-İ ******* nömrəli 03.08.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən əmlakın 1/12 hissəsinə görə X5 ilə Bakı şəhəri Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılaraq X3 37.272 (otuz yeddi min iki yüz yetmiş iki) manat məbləğində kompensasiya ödənilmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanarkən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin № 134000 çıxarışı əsas götürülmüşdür. Beləliklə də mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən alqı-satqı müqaviləsində X3 məxsus 1/12 hissə qeyd edilmişdir. Lakin “Daşınmaz Əmlakın Qiymtləndirilməsi barədə” Hesabatla müəyyən edilmiş İddiaçı Əliyulla oğluna və X3 məxsus faktiki sahə üçün alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1- ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin təsdiq olunması üçün verilir. Beləliklə iddia ərizəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus 17.3 kv.metr sahə üçün nəzərdə tutulan 38.170 (otuz səkkiz min bir yüz yetmiş) manat kompensasiyanın və 20000 (iyirmi min) manat mənəvi zərərin dövlət hesabından iddiaçıya ödənilməsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi tələbinə dair iddia ərizəsinə etiraz edərək hesab edir ki, həmin iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-659/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə paylı mülkiyyət hüququ üzrə ona məxsus 17.3 kv.metr sahə üçün hər kv.metri 1500 manatdan hesablanmaqla (17,3 kv.metr x 1500 manat) ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, AN-İ № ******* saylı, 03 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində ünvan 1 ünvanında yerləşən əmlakın 1/12 hissəsinə görə X8 ilə Bakı şəhəri Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlandığı qeyd edilsə də, həmin müqavilədən X1 daşınmaz əmlaka görə 37272 manat kompensasiya ödənilməsi müəyyən edilir. Çünki alqı-satqı müqaviləsi notarial qaydada bağlanarkən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin №134000 çıxarışla Məmmədova Elmiranın mülkiyyətində olmuş sahə (1/12 hissə) həmin müqavilədə qeyd olunmuşdur. Lakin, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”la müəyyən edilmiş İddiaçı Əliyulla oğluna və X3 məxsus faktiki sahə üçün hesablanmış kompensasiya məbləği alqı-satqı müqaviləsi bağlanarkən Məmmədova Elmiraya ödənilmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənəddə hər iki şəxsin hər birinin sözügedən evin 1/12 hissəsinin mülkiyyətlərində olduğu qeyd olunmuşdur, yəni ümumi 34,7 kv.metr sahə həmin şəxslərin mülkiyyətlərində olmuşdur. “Qiymətləndirmə Cədvəli”ndən isə görünür ki, İddiaçı Əliyulla oğluna və X3 ümumi 34,7 kv.metr sahəyə görə kompensasiya hesablanmışdır. Yəni bir daha onu sübut edir ki, X3 cavabdeh tərəfindən həm özünün, həm də İddiaçı Əliyulla oğlunun sahəsinə görə kompensasiya məbləği ödənilmişdir. Qeyd olunan sahələrin damı uçmuş və yararsız halda olduğu üçün dəmir pilləkən və açıq eyvanın hər bir kv.metri 400 manatdan, qalan sahələrin hər kv.metri 800 manatdan hesablanmışdır. Mübahisə predmeti olan evin yararsız olması yerində baxış keçirilən zaman çəkilən fotoşəkillərlə də sübut olunur. İş materiallarından müəyyən olunur ki, ünvan 1 ünvana dair tərtib edilmiş “Qiymətləndirmə Cədvəli”ndə qeyd edilmiş kompensasiya məbləği 03.08.2018-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunan məbləğlə üst-üstə düşür. X8 ümumi sahəsi 208,3 kv.metr yaşayış sahəsi 105,9 kv.metr yardımçı sahəsi 102,4 kv.metr olan, 8 otaqlı fərdi yaşayış sahəsi evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini 37272 manat qiymətinə Bakı şəhəri Cavabdehnə satmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 6 ünvanında yerləşən X5, İddiaçı Əliyulla oğluna məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 37272 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşdə olan İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış ərizədən görünür ki, iddiaçı mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla ona məxsus 1/12 hissəyə münasibətdə 17,3 kv.metr sahə üçün kompensasiya sahə üçün nəzərdə tutulan kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya cavab verilməməsini imtina kimi qəbul edərək iddianı qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməsindən imtina əsassız olmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 134000 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr olan fərdi yaşayış evinin 1/12 hissəsi İddiaçı adına 09.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********26- 10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5821 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ № ******* saylı, 03 avqust 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 208,3 kv.metr yaşayış sahəsi 105,9 kv.metr yardımçı sahəsi 102,4 kv.metr olan, 8 otaqlı fərdi yaşayış sahəsi evinin paylı mülkiyyət üzrə ona məxsus 1/12 hissəsini 37272 manat qiymətinə Bakı şəhəri Cavabdehnə satmışdır. Qiymətləndirmə hesabatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən ünvan 6 ünvanında yerləşən X5, İddiaçı Əliyulla oğluna məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla) 37272 manat məbləğində müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 38/18 saylı, 15 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşmiş (hazırda sökülmüş halda) fərdi yaşayış evinin İddiaçı məxsus 12/1 hissəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 1. Fərdi yaşayış evinin bazar qiyməti: 438 000 manat, 2. İddiaçı məxsus 12/1 hissəsinin bazar qiyməti 36 500 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifıkasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayınm 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.» «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar «Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi «Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.» kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında «Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə «Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 248.1-248.2-ci maddələrinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən Alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı 16 fevral 2018-ci il tarixli qərar qəbul etmişdir. Fərdi yaşayış evinin digər mülkiyyətçisi X5 ilə alqı-satqı müqaviləsi onun mülkiyyətində olan 1/12 pay hissəsinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evi üzərində iddiaçının 1/12 hissədə paylı mülkiyyət hüququ ayrıca qeydiyyata alınmışdır və buna dair mülkiyyətçiyə bu günədək kompensasiya ödənilməmişdir. Bununla bağlı paylı mülkiyyətin digər mülkiyyətçilərinə kompensasiya ödənilsə də, lakin iddiaçının söküntü aparılmış evdə yaşamadığı səbəbi ilə ona kompensasiya ödənilməsindən imtina edilmişdir. İddiaçı həmin ünvanda yaşamadığı əsası ilə ona bu günədək kompensasiya ödənilməməsi barədə cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, digər mülkiyyətçilər kimi iddiaçının da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yanız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.... Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləğini müəyyən edərkən artıq anoloji mübahisələr üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsinin tərəflərin mənafelərinə uyğun və ədalətli olacağı qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının icrası ilə bağlı anoloji mübahisələr üzrə çoxsaylı məhkəmə qərarları qəbul edilmiş və məhkəmə təcrübəsi formalaşdırılmışdır. Qeyd olunan işlər üzrə Cavabdeh qaldırdığı iddialarında həmin ərazi üzrə mülkiyyətçilərə ödənilməli olan kompensasiya məbləğinin yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat məbləğində ödənilməli olmasını əsaslandırmış və həmin ərazidə söküntü işləri aparılacaq mülkiyyətçilərə yaşayış sahəsinin hər kv.metri üçün 1500 manatdan bütün kompensasiya növləri nəzərə alınmaqla, habelə 20% əlavə olunmaqla ödənilməsi müəyyən edilmiş və buna dair çoxsaylı qərarlar qəbul edilərək, artıq məhkəmə presedenti formalaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki birinci instansiya məhkəməsi haqlı olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunmuş Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsində yerləşən 21 saylı evin 208,3 kv.metr ümumi sahəsindən digər mülkiyyətçilərin payları çıxıldıqdan sonra həmin fərdi yaşayış evinin İddiaçı məxsus olan 1/12 hissəsinin (17,3 kv.metr) hər kv.metr sahə üçün 1500 manatdan hesablanmaqla (17,3x1500 manat) ümumilikdə 25950 (iyirmi beş min doqquz yüz əlli) manat kompensasiya məbləğinin iddiaçıya ödənilməli olması nəticəsinə gəlmişdir. Cavabdeh dövlət orqanı tərəfindən verilmiş reyestrdən çıxarışı şübhə altına almağa çalışmış və “İnzibati icraat haqqında” qanunun 19-cu maddəsində qeyd edilən mötəbərlik prezumpsiyasını nəzərə almamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-659/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar