Məhkəmə qərarları › İş №2-1(103)-487/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-487/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-487/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-1907/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən X1 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və ölçüsünün X3 verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-1907/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 Bağlar sahəsindəki 152 nömrəli kooperativi tərəfindən X1 istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” sahəsinə dair çıxarışın, plan və ölçüsünün X3 verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, naturada göstərilən bağ sahəsi bağlar bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sxematik xəritəyə əsasən göstərilən ərazi 254 nömrəsi ilə başlayan bağlar sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli müraciəti zamanı göstərdiyi ərazinin 184.kv.m hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş Bakı şəhəri Binəqədi rayonu, Goradil kəndi 256e saylı bağ sahəsi ilə üst-üstə düşür. Mübahisəli ərazi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 256z saylı bağ sahəsi kimi X9 tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 302M saylı torpaq sahəsi kimi X8 tərəfindən idarəyə müraciətlər daxil olmuşdur. Həmçinin, naturada göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin həm imtina cavabının, həm də etirazının dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahənin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil etmiş, həmçinin bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin imtinasının qanuni olubolmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara cavab məktublarından məlum olur ki, iddiaçının adına 152 nömrəli BTK nəznində Göradil bağ massivində 321 m saylı bağ sahəsinin ayrılmasına dair b/s nömrəli order, həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1998-ci il tarixli, 1/16 nömrəli qərarı aşkar edilməmişdir. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində orderin surətini və tərtib olunmuş plansxemi təqdim edir. Təkzib olunmaz haldır ki, torpaq sahəsinin planı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən ərizə verən şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizəyə əlavə edilən texniki sənəddir. Hazırki mübahisə üzrə bağ sahəsinə münasibətdə tərtib olunmuş “torpaq sahəsinin planı” bilavasitə iddianın həllində mühüm rol oynayır. Çünki, torpaq sahəsinin planı məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsasında tərtib olunmuşdur ki, məhkəmə iddiaçının bağ sahəsinə münasibətdə orderə malik olduğunu müəyyən etmişdir. Birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq bağ sahəsi ilə bağlı orderin olub-olmaması istiqamətində zəruri araşdırma aparmış və müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin bağ sahəsinə münasibətdə cavabdeh tərəfindən “torpaq sahəsinin planı” verilmişdir. Məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 5741/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul olunmasının əsasında məhz Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 152 saylı kooperativinin notarial qaydada təsdiq olunmuş B/S saylı orderi əsas durur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən sərəncamın və orderin olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda mülki mübahisə zamanı qəbul edilmiş məhkəmə qətnaməsi qüvvədə olduğundan, həmçinin həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı iddiaçıya “torpaq sahəsinin planı”ı verildiyindən, o cümlədən də sözügedən orderin notarial qaydada təsdiq edilmiş nüsxəsi mülki iş materiallarında olduğundan, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən iddiaçının adıına verilmiş orderin mövcudluğu şübhə doğurmamalıdır. Belə olan halda, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-cı maddəsinin tələbləri baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərə sahib olmuşdur. Həmin dövrdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən mübahisəli bağ sahəsi ilə bağlı plan-sxeminin verilməsinə dair qətnamə qəbul edilərkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməyərək, bağ sahəsinin iddiaçıya ayrıldığını öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Həmçinin, cavabdeh hazırda orderin mövcudluğunu mübahisələndirsə də, mülki məhkəmə mübahisəsi zamanı bu məqama toxunmamış, əksinə məhkəmə qətnaməsini mübahisələndirməyək icra etmiş və plan-sxeminin verilməsini həyata keçirmişdir Məhkəmə sorğusu əsasında tələb olunmuş mülki icraat materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən notarial qaydada təsdiq olunmuş order aşkar edilmişdir. Binəqədi rayon Məhkəməsi tərəfindən məhkəmə mübahisəsi qiymətləndirilərkən sözügedən orderin mövcudluğuna istinad olunmuşdur. Bu istiqamətdə aparılmış zəruri araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin orderin surətinin təsdiq edilməsi Bakı şəhəri 11 saylı Notariat ofisi tərəfindən həyata keçirilmiş və müvafiq olaraq reyestr kitabında qeydə alınmışdır. (reyestr kitabından çıxarış təqdim olunmuşdur) Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırda mülki mübahisə zamanı qəbul edilmiş məhkəmə qətnaməsi qüvvədə olduğundan, həmçinin həmin dövrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qətnamə əsasında bağ sahəsi ilə bağlı iddiaçıya plan-sxem verildiyindən, o cümlədən də sözügedən orderin notarial qaydada təsdiq edilməsi ilə bağlı notarial iş mövcud olduğundan, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 152 saylı kooperativi tərəfindən iddiaçının adıına verilmiş orderin mövcudluğu şübhə doğurmamalıdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-cı maddəsinin, həmçinin də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinin tələbləri baxımından bağ sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərə sahib olmuşdur. Bununla yanaşı, cavabdehin bağ sahəsi ilə sxematik xəritə arasında olan uyğunsuzluğun olmasına dair irəli sürdüyü mülahizələr təkzib olunur. Çünki, məhz məhkəmə qətnaməsi əsasında cavabdeh tərəfindən plan-sxemin verilməsi həyata keçirilmişdir ki, bu da onu göstərir ki, cavabdeh inzibati orqan tərəfindən bağ sahəsinin ölçüsü və naturada yeri təhkim olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3- cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyət hüqunun qeydə alınmasından imtinanın əsası kimi bağ sahəsi ilə sxematik xəritə arasında uyğunsuzluğun mövcud olmaması xüsusi əhəmiyyət daşıyır. Çünki, baxılmış mülki mübahisənin nəticəsində qəbul edilmiş məhkəmə qətnaməsi əsasında iddiaçıya “torpaq sahəsinin planı”nın verilməsi qət edilmişdir ki, bu da həm orderin mövcudluğu, həmçinin sxematik xəritədə olan uyğunsuzluqlar ilə bağlı cavabdehin irəli sürdüyü mülahizələri aradan qaldır. Belə olan halda, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Kollegiya qeyd edir ki, orderin hazırki mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Belə ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5741/2011 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və təkrar sorğu zamanı təqdim edilmiş sənədlərlə orderin mövcudluğu müəyyən olunur. Bununla yanaşı, apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, “Ədalət” qəzetinin 28 avqust 2014-cü iyul tarixli buraxılışında elan verilmiş və həmin elanda X2 adına Goradil bağlar sahəsində 321 №-li Order itirildiyi üçün etibarsız sayılmışdır. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2014-cü il tarixli məktubda göstərilir ki, Goradil bağlar massivində yerləşən bağ sahəsinə verilmiş 321 saylı Orderin tapılması barədə Tapıntılar Bürosuna məlumat daxil olmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən sahəsi 0.12 hektar olan 321 “m” bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan göstərilən əraziyə digər fiziki şəxslərin müraciətlərinin olduğunu bildirsə də, cavabdehin qeyd etdiyi bağ sahələrinin nömrələrinin fərqli olduğu görünür, eyni zamanda bununla əlaqədar sübutları, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(112)-1907/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar