Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-487/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) “təhsil haqqında dövlət sənədi verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8023/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibb Universitetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Tibb Universitetində təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili rezidentura pilləsini (səviyyəsini) bitirən şəxs olaraq X1 qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı anası Azərbaycan Respublikası, atası isə İran İslam Respublikasının vətəndaşıdır. İddiaçı orta məktəbi İranda bitirib diplomunu aldıqdan sonra 2011-2012-ci ildə Cavabdeh hazırlıq kursuna qəbul olmuşdur. 2013-cü ildə Tibb Universitetinin stomatologiya fakültəsinin 1-ci kursunda təhsil almağa başlamışdır. İddiaçı qeyd etmişdir ki, Universitetə qəbul olanda Universitetin xarici tələbələr dekanlığına bütün lazım olan sənədləri təhvil vermişdir. Universitetdən ona bildirilmişdir ki, heç bir problem yoxdur, bu səbəbdən də o müqavilə əsasında (ödənişli) Universitetə qəbul edilmişdir. Universitetə sənədləri təhvil verdiyi zaman ondan oturuma aid olan sənədlərin də təhvil verilməsi tələb edilmişdir. O isə iki pasportunun olduğunu bildirmiş və hər iki pasportunu dekanlığa təqdim etmişdir. Dekanlıqda bildirmişlər ki, onun Azərbaycan pasportu olduğu üçün oturuma baş vurmağa artıq ehtiyac yoxdur. Hətta oturum üçün hazırladığı sənədləri və oturum haqqını, yəni 100 manat ödənişi də geri qaytarmışlar. İddiaçı oturumla bağlı bu gunə qədər heç bir problem olmadan təhsilini davam etdirmişdir. Oturumla əlaqəli və ya başqa sənədlə bağlı təhsil müddətində ona heç bir məlumat və bildiriş verilməmişdir. İddiaçı ailə qurduğu üçün təhsil müddəti uzadılmış və həmin müddət ərzində heç bir problem olmadan təhsil haqlarını ödəmişdir. Təhsil haqqları ilə birlikdə təhsil krediti ödənişlərini də etmişdir. 2022-ci ilin sonunda dövlət imtahanını verib təhsilini başa vurmuşdur. Sonradan diplom almaq üçün sənədləri toplayıb dekanlığın diplom şöbəsinə müraciət etdiyi zaman ona onun adının sistemə vurula bilinmədiyi, belə ki, onun oturumunun olmadığı bildirilmişdir. İddiaçıdan ilk dəfə diplom alanda oturum tələb etmişlər. Bundan sonra o, dəfələrlə diplom almaq üçün Universitetin dekanlığına müraciət etsə də, onun bu müraciətlərinə məhəl qoyulmamış və indiyə qədər o, diplomunu ala bilməmişdir. İddiaçı onun Azərbaycan Respublikası Tibb Universitetini bitirməyinə dair diplom verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənədi təqdim etmədiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparmaq mümkün deyildir. İddiaçı təhsil alma haqqında 199 saylı, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Tibb Universitetində təhsil almış və məzundur. Sonuncu ona məzun tələbə olduğuna, hər hansı təhsil haqqı və ya kredit borcunun olmadığına dair xx.xx.2023-cü il tarixli 92 saylı arayış da təqdim etmiş, lakin, qanunla ona verilməsi nəzərdə tutulmayan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin olmamasını əsas göstərərək, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədini verməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və bu barədə ona Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi verilmişdir. Vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq digər vətəndaşların vətəndaşlıqları ilə bərabərdir. Azərbaycan Respublikasının vətəndaşı olduğundan, Azərbaycan Respublikasının ərazisində, İran İslam Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Onun yaşayış yeri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olaraq xüsusi nümunəli vəsiqə ilə deyil, Azərbaycan Respublikası vətəndaşı olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 15 olaraq müəyyən edilir və onun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almağı qanunla nəzərdə tutulmur. Göründüyü kimi, cavabdehin Azərbaycan Respublikası vətəndaşından öz ölkəsində əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almasını tələb etməsi qanunsuzdur. Bundan başqa, iddiaçı hesab etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün ona oturum verilməsi nəzərdə tutulmur. Eyni zamanda oturuma zərurət olsaydı təhsil dövründə və dövlət imtahanlarına buraxılma zamanı bu sənədlər tələb olunardı. Təhsil aldığı müddətdə ondan belə tələb olmadığından diplom verilən zaman oturum tələb olunması əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8023/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh ilə əcnəbi tələbi olan X2 arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2016-cı il tarixli, 199 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında Ali təhsil səviyyəsinə uyğun “Stomatologiya” ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə tədris ili üçün müəyyənləşdirilmiş təhsil haqqının Cavabdehnə ödənilməsini öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda xx.xx.1993- cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətində hər hansı araşdırma aparılmadığı, İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə yoxlama zamanı İddiaçı ilk dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon polis idarəsi tərəfindən 10451117 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edildiyinin məlum olduğu, eyni zamanda İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin alınması ilə bağlı hər hansı müraciətinin qeydə alınmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cacavab məktubunda İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınmaqla ilk dəfə xx.xx.2004-cü il tarixdə AZE-10451117 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE-08764376 nömrəli, xx.xx.2018-ci il tarixdə AZE-17792560 nömrəli, xx.xx.2018-ci il tarixdə AA-0437389 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunduğu bildirilmişdir. -Cavabdeh ilə İran İslam Respublikasının vətəndaşı X3 arasında bağlanmış 14 sentyabr 2011-ci il tarixli 103 nömrəli Sazişə əsasən seçilmiş iştisas üzrə xarici ölkə vətəndaşının tədrisinin sazişdə qeyd olunan şərtlər əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı təhsil müəssisəsinə xarici vətəndaş kimi daxil olduğundan diplomun verilməsi üçün tələb olunan sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşayış icazəsinin olması haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqə olmadığından Cavabdeh tərəfindən diplomun verilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə, xarici vətəndaş kimi müqavilə əsasında daxil olub təhsil almışdır. Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı diplom verilməsi üçün qanunla tələb olunan sənədləri təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd olmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci bəndinə əsasən abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı kimi ödənişli əsaslarla 2013-cü ildə Tibb Universitetinin stomatologiya fakültəsinin 1-ci kursunda təhsil almağa başlamış, təhsil haqqları ilə birlikdə təhsil krediti ödənişlərini tam ödədikdən sonra 2022-ci ilin sonunda dövlət imtahanını verib təhsilini başa vurmuşdur. Lakin müvafiq diplomu almaq üçün sənədlərini dekanlığın diplom şöbəsinə müraciət etdiyi zaman Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəni təqdim etmədiyi üçün diplomunu ala bilməmişdir. İddiaçı onun Azərbaycan Respublikası Tibb Universitetini bitirməyinə dair diplom verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsi olması haqqında sənədi təqdim etmədiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin diplom təsdiqi sistemində diplom alınması üçün qeydiyyat aparılmasının mümkün olmadığı göstərilmişdir. Daha sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının təhsil müəssisəsinə əcnəbi vətəndaş (İran İslam Respublikasının) vətəndaşı kimi müqavilə əsasında daxil olması, həmin əsaslarla təhsil alması, təhsil haqqını ödəməsi və təhsilini başa vurması işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hal iddiaçının əcnəbi vətəndaş kimi müvəqqəti yaşayış icazəsi haqqında sənədin təqdim edilməməsi və buna görə də, Təhsilin İdarəolunmasının Məlumat Sistemində (TİMS) qeydiyyatın aparılmasının mümkünsüzlüyüdür. Kollegiya cavabdehin imtinasının qanunazidd olduğu qənaətindədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2- 1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (bundan sonra – TMİS) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir. Həmin müraciətlər TMİS-də qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər. Əcnəbi TMİS-nin Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir: 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda). Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilərin seçdikləri təhsil müəssisəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət etmələrini şərtləndirən müvafiq bənd xx.xx.2022-ci il tarixdən etibarən müvafiq Qaydalara daxil edilmişdir. Belə ki, həmin bəndin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, bu Qaydaların 3.1.1-3.1.6-cı yarımbəndlərində qeyd olunan əsaslarla Azərbaycan Respublikasında təhsil almaq üçün müraciət edən əcnəbilər seçdikləri təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: 3.4.1. seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər); 3.4.2. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri); 3.4.3. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış; 3.4.4. etibarlı sərhədkeçmə sənədi; 3.4.5. 3x4 ölçüdə 6 ədəd fotoşəkil; 3.4.6. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda); 3.4.7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 302 №-li Qərarının 5-ci bəndinə əsasən aşağıdakı məzmunda 3.4-1-ci, 3.8-ci və 4.2-1-ci bəndlər əlavə edilsin: “3.8. Əcnəbilər Azərbaycan Respublikasında peşə təhsili və ümumi təhsil müəssisələrinə, habelə əyani təhsilalma formasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində ölkə ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidirlər. .....” Göründüyü kimi iddiaçının cavabdehlə müqavilə bağladığı zaman onun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət etməsini şərtləndirən norma mövcud olmamış, o, müvafiq təhsil müddəti ərzində təhsil haqqını və kredit ödənişlərini tam ödəmiş, semestr imtahanlarını müvəffəqiyyətlə verərək, təhsilini başa vurmuşdur. Diplomun alınması zamanı cavabdeh tərəfindən iddiaçıya qarşı belə bir tələbin irəli sürülməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunsuz olduğundan iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8023/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8023/2024 saylı, 13 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Tibb Universitetində təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili rezidentura pilləsini (səviyyəsini) bitirən şəxs olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-487/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-487/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver