Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4871/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X2 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4886/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə etdiyi müraciət, alıcı İddiaçı tərəfindən təqdim edilən sənədlərin araşdırması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənilməsi əsası ilə xx.xx.2024-cü il tarixli qərarla təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 9cu binasında, 9-cu blok, 12-ci mərtəbə, 5 №-li, 3 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka "xxxx" ASC-nin Şərifzadə Filialına ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2024-cü il tarixində qəbul edilmiş, **********861900 saylı imtina qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə, "xxxx" MTK üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, 07 oktyabr 2022-ci il tarixdə "xxxx" MTK ilə müqavilə bağlanılmış, "xxxx" yaşayış kompleksindən mənzil alınmış, pul məbləği MTK-nın hesabına mədaxil edilmişdir. Son ödəniş 02 oktyabr 2024-cü il tarixdə edildikdən sonra cavabdehə məlumatın müvəkkil banka ötürülməsi ilə əlaqədar müraciət edilmiş, müraciətinin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh özü də təsdiq edir ki, alıcı tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödənilmədiyinə istinad edilir. MTK tərəfindən də ƏDV məbləği ödənilmiş, hesabat təqdim edilmişdir. MTK tərəfindən ƏDV məbləği ƏDV-nin depozit hesabına köçürülmüşdür. ƏDV-nin yekun dəyəri tamamlandıqdan dərhal sonra güzəştlə əlaqədar müraciət edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Hazırkı halda yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4886/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətinin təşkil edilibedilməməsini, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin operator vəzifəsini tam düzgün icra edib-etməməsini, proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasının və idarə edilməsinin, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilib-edilməməsini İnzibati məhkəmə instansiyası araşdırmadığı üçün mövcud işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşin faktiki hallarını tam araşdırmamışdır. Məhkəmə qərarında ilk növbədə cavabdehin operator kimi ƏDV- nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkili və idarə edilməsi vəzifələrini əks etdirsə də cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qeyd olunan vəzifələrinin tam icra olunmasını və ya qismən icra olunmasını araşdırmamış, bir tək sadəcə portalın işlək vəziyyətdə olmasını deyil, sadəcə xx.xx.2022-ci il tarixdə elan edilməsini formal olaraq nəzərə almışdır. Amma tam əksinə iddiaçının hüquqlarının gerçəkləşməsi səbəbilə qaydanın cari məbləğin cari hesaba, ƏDV məbləğinin isə ƏDV deposit hesabına ödənilməsi müddəasını formal olaraq qəbul edib, “İnzibati İcraat” haqqında qanunun 15-ci maddəsinin tələblərini tətbiq etməli idi. Məhkəmə prosesi zamanı müxtəlif alıcılara məxsus rəsmi yazışmalar ilə sadəcə xx.xx.2022-ci il tarixdə portalın cavabdeh tərəfindən xətalı istifadəyə verilməsi, portalın proqram təminatı ilə vəhdətdə işlək halda olmaması təsbit olunmasına baxmayaraq, Bakı İnzibati Məhkəməsi qərarında hazırki iş üzrə iddiaçı bildirilən əsas dəlillərdən biri qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin guya işlək olması və texniki imkanın mövcud olması səbəbindən alıcının ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödəməsinin mümkünlüyü olmuşdur deyə bildirilir. Məhkəmə qərarında xx.xx.2022-ci il tarixində portalın elan edilmə anına önəm verməklə, ümumiyyətlə qeyd olunan portalın proqram təminatı ilə çalışıb-çalışmamasım araşdırmamışdır. İddiaçı qaiməsiz dövrdə mənzili alıb, ƏDV ödənişlərini etməyə başlamasına baxmayaraq, son ödənişin “portal” dan sonra edilməsinə istinad edilmişdir. Bu zaman alıcıya hər hansı şəraitin yaradılıb, yaradılmaması, ümumiyyətlə işin faktiki halları araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsi Qərarında yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV- siz) satıcının bank hesabına və ƏDV məbləği satıcının ƏDVnin depozit hesabına ödənilməmişdirsə, ƏDV-nin qaytarılmasının “yolverilməz” olduğunu bildirir. Bununla da bu istiqamətdə normativ-hüquqi aktın guya imperativ mahiyyət təşkil edildiyi qeyd edilməklə, qaydanın tam mahiyyətində maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Qaydada sadəcə qaydanın 5.3-cü maddəsinə əsasən “dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1ci bəndində nəzərdə tutulan müddətdən sonra (yəni 90 gün müddətindən sonra) müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Buradan tam aydın olur ki, imperativ yolverilməzlik prinsipi bir tək cavabdehə müəyyən edilmiş 90 gün müddət keçdikdən sonra müraciət etdikdə baş tutmuş olur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia tələbi qərarın ləğv edilməsi və vergi məbləğinin qaytarılması barədədir. Zahiri olaraq mübahisələndirmə kimi görünsə də, işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə nağdsız qaydada satıcının bank hesabına ödədiyi ƏDV məbləğinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Mübahisələndirilən qərarın ləğvi ilə iddiaçının bu məqsədinə çatması mümkün deyil. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçıya müvafiq ƏDV məbləğinin qaytarılması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia, eyni zamanda, cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur. Odur ki, iddiaçı məcburetmə növündə iddia irəli sürmüşdür. (Ali Məhkəmənin İnzibati kollegiyasının 2- 1(102)-2259/2024 nömrəli qərarı) İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 07 oktyabr 2022-ci il tarixli payçı müqaviləsindən görünür ki, iddiaçı və üçüncü şəxs arasında yaşayış kompleksində mənzilin tikilib payçıya təhvil verilməsi barədə müqavilə bağlanılmışdır. Ödəniş cədvəli və qəbzlərdən görünür ki, oktyabr 2024-cü il tarixdə əmlakla bağlı sonuncu ödəniş edilmişdir. “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, iddiaçının ƏDV-nin geri qaytarılması barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh 25 aprel 2025-ci il tarixli məktubda qeyd edir ki, portal 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmişdir ki, ƏDV depozit hesabına ödənişlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra “Qaydalar”): 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşayış sahəsinə dair müqaviləni 07 oktyabr 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Hazırkı iş üzrə isə müəyyən olunur ki, iddiaçı tərəfindən Qaydaların 5.1.2-ci bəndinin tələblərinə riayət olunmamış, hansı səbəblərə görə ƏDV məbləğinin üçüncü şəxs MTK-nin ƏDV depozit hesabına ödənilməməsinin əsasları göstərilməmiş, ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların mövcudluğu müəyyən olunmamışdır. Bu səbəbdən də, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması əsaslı olmuşdur. Oxşar işlər üzrə məhkəmə təcrübəsi onunl əlaqədardır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmişdir. Göründüyü kimi ƏDV məbləğinin ƏDV-nin depozit hesabına ayrıca ödəməsi mümkün olduğu halda hazırkı iş üzrə sonuncu ödəniş 21 noyabr 2022-ci il tarixdən sonra olduğundan iddianın təmin edilməsi istisna edilməkdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Hazırkı iş üzrə iddiaçı yaşayış sahəsinə dair müqaviləni 07 oktyabr 2022-ci il tarixdə bağladığından mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. İddiaçı sonuncu ödənişi xx.xx.2024-cü tarixdə etmişdir. Həmin tarixdən etibarən 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək hüququ yaranmışdır. Həmin tarixədək isə iddiaçının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olması işin mübahisəsiz halıdır. İddiaçı tərəf bununla bağlı xx.xx.2022-ci il tarixi qəbul etməsə belə, 2023-cü ilin fevral ayından bu imkanın mövcudluğunu təsdiq edir. İddiaçı belə imkanın mövcudluğu halında belə heç bir ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməmişdir. Belə olan halda, Qaydanın 5.1.2ci bəndi tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4886/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4886/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov